Daha bir rayonda Torpaqların Elektron Kadastr Uçot Sisteminin nəticələrinin praktiki tətbiqinə başlanılıb
Tarix: 20.04.2018 | Saat: 18:27:00 | E-mail | Çapa göndər


Azərbaycanın daşınmaz əmlak sektorunda artıq bir neçə ildir ki, həyata keçirilən mühüm layihə işə düşüb. Respublikada həyata keçirilən Torpaqların Elektron Kadastr işlərinin praktiki tətbiqinə başlanıb. Artıq kadastr işləri yekunlaşmış Salyan, Beyləqan rayonlarında görülən işlərin nəticələri xidməti istifadə üçün İcra Hakimiyyətinə elektron şəkildə təhvil verilib. Bu bölgələrin sırasına daha bir rayon Göygöl də daxil olub. Bununla əlaqədar aprelin 20-də “Göygöl rayonunun inzibati sərhədləri daxilində aparılmış torpaqların elektron kadastr uçotu işinin nəticələri və təhlili” ilə bağlı İctimai təqdimat keçirilib. Tədbirdə komitənin tabeli qurumlarının, aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının, rayon İcra Hakimiyyətinin nümayəndələri, eləcədə bələdiyyələr, müəssisə, idarə, təşkilat və media nümayəndələri iştirak ediblər.
Qeyd edilməlidir ki, Azәrbaycanda Torpaqların Elektron Kadastrı Sisteminin vә rәqәmsal xәritәlәrin yaradılmasına Prezident İlham Әliyevin «Azәrbaycan Respublikasında torpaq münasibәtlәrinin tәnzimlәnmәsi sahәsindә әlavә tәdbirlәr haqqında» 7 mart 2016-cı il tarixli fәrmanı ilә start verilib. Bu işlәrin hәyata keçirilmәsindә beynәlxalq tәcrübә öyrәnilib vә işlәrin icrası üçün isә xarici şirkәt cәlb olunub.
Tədbirin keçirilməsində başlıca məqsəd Göygöl rayonunda kadastr uçot işləri ilə bağlı görülən işlərin nümayişi, əldə edilən nəticələrin izahı və bu tədbirlərin gələcək perspektivləri ilə bağlı ictimaiyyəti məlumatlandırmaqdır.
Göygöl rayonunda kadastr uçot işləri aparılarkən torpaqların ümumi həcmində bələdiyyə, dövlət, özəl torpaqların payı müəyyənləşib, bələdiyyə, relyef, meyillilik xəritələri tərtib edilib, eləcə də torpaqların iqtisadi qiymətləndirilməsi və bonitirovkası ilə bağlı müvafiq elektron məlumat bazası yaradılıb.
Tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən görülən işlərə dair “Göygöl rayonunun inzibati sərhədləri daxilində aparılmış torpaqların elektron kadastr uçotu işinin nəticələri və təhlili” mövzusunda təqdimat edilib. Uçot Sisteminin rayon üçün iqtisadi səmərəsi və torpaq idarəçiliyində əvəzsiz rolundan, görülən işlərdən danışılıb. Bildirilib ki, torpaqların uçotu işinin nəticəsi olaraq hazırda Göygöl rayonunun bələdiyyə hüdudları daxilində 57439 hektar torpaq sahəsinin mövcudluğu müəyyən edilmişdir. Bunun 13667 hektarı (24%-i) dövlət, 29381 hektarı (51%-i) bələdiyyə, 14390 hektarı (25%-i) isə xüsusi mülkiyyətdə olan torpaqlardır. Bələdiyyə hüdudları daxilindəki torpaq sahələrinin 42 min hektara yaxını (72,8%-i) kənd təsərrüfatına yararlı torpaqlardır ki, bununda 12590 hektarını əkin sahələri təşkil edir. Həmçinin bəlli olmuşdur ki, rayonda 1 hektar sahəsi olan pay torpaqları ümumi parsellərin 86%-ni təşkil edir. Bu da pay torpaqlarının konsolidasiyasını zəruri edir.
Qeyd edilmişdir ki, rayon ərazisində torpaqların kəmiyyət göstəriciləri ilə paralel, həmçinin torpaqların keyfiyyət göstəricilərinə görə də uçotu aparılmışdır.
Torpaq və geobotaniki tədqiqatların nəticəsi olaraq, Göygöl rayonunun torpaq xəritəsi, rayonun yay otlaqlarının geobotaniki xəritəsi, rayonun torpaqlarının eroziya xəritəsi tərtib edilmiş, rayonun kənd təsərrüfatı yerləri üzrə torpaqların keyfiyyət qruplarına görə bölgüsü aparılmışdır. Layihə çərçivəsində həmçinin torpaq sahələrindən istifadənin səmərəliliyinin artırılmasına dair təkliflər də verilmişdir.
Uçot işi nəticəsində hazırlanmış Göygöl rayonunun bələdiyyə xəritələri isə hər bir bələdiyyə ərazisinin dəqiq sərhədlərini, təyinatını və keyfiyyət göstəricilərini müəyyənləşdirib. Reallığı əks etdirən bələdiyyə xəritələrinin mövcudluğu bələdiyyələr tərəfindən torpaq vergisinin toplanması işini sistemli şəkildə, qanunla müəyyən edilmiş çərçivələrdə aparmağa imkanlar yaradacaq. Bununla da torpaq idarəçiliyində əhaliyə göstərilən xidmət səviyyəsi, habelə şəffaflıq və operativlik daha da artırılacaq.
Rayonun torpaqlarının iqtisadi qiymətləndirilməsi və bonitirovkası ilə bağlı məlumat bazasının hazırlanması isə ərazilərin kənd təsərrüfatı məqsədilə daha səmərəli istifadəsinə imkanlar yaradır. Torpaqların keyfiyyәtinin müәyyәn edilmәsi bu әrazilәrdə hansı aqrokimyәvi vә meliorativ tәdbirlәrin aparılması ilә bağlı düzgün qәrar vermәyә imkan yaradır. Başqa sözlә, uçot işlәri, azyararlı torpaqların istifadә olunmasına vә rayonun aqrar potensialının artırılmasına kömәk edir.
Eyni zamanda rayonun tərtib edilmiş xəritələrində hüquqmüəyyənedici sənədlə təsdiq olunan ölçüdən artıq istifadə edilən ərazilərin sərhədləri müəyyən edilib ki, bu da istifadədəki uyğunsuzluqları aradan qaldırır, rayonun torpaq idarəçiliyi sahəsində nəzarəti daha da təkmilləşdirir.
Kadastr uçot işlərinin yekunlaşması ilə rayonun əkin, örüş, otlaq sahələrinin hüdudları, əraziləri tam olaraq dəqiqləşib. Müəyyən olunan yeni torpaqlar yenidən kənd təsərrüfatı dövriyyəsinə qaytarmaqla rayonun aqrar potensialının daha da artırılmasına zəmin yaradacaq. Bununla da torpaq fondu elmi əsaslarla istifadə və idarə olunur, münbitlik qatın korlanması amilləri aradan qaldırılır, torpaqların kateqoriyalarına uyğun iqtisadi sahələrə cəlb edilməsində effektivlik təşkil edilir.
Torpaqların uçotu işi müasir tələblərə uyğun Milli Məkan Məlumatları İnfrastrukturunun formalaşmasın zəmin yaradacaq. Çıxarışların və dövlət reyestrindən digər arayışların verilməsi işi daha sadə və çevik şəkildə həyata keçiriləcək. Bununla da müştəri məmnunluğu təmin ediləcək. Beləliklə sistemin istismara verilməsi ölkədə kadastr xidmətlərinin də elektron müstəviyə keçirilməsinə imkan verəcəkdir.
Təqdimatın sonunda forum iştirakçılarını maraqlandıran suallara aydınlıq gətirilmişdir.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info