“Dədə Ələsgərin malik olduğu dərin biliklər müqəddəs kitablardan və bəşəri düşüncədən qaynaqlanıb”
Tarix: 23.04.2018 | Saat: 23:31:00 | E-mail | Çapa göndər


Aşıq Ələsgərşünas, şair Loğman Babacanla olan müsahibəni təqdim edirik:

-Loğman müəllim ədəbiyyata gəlişinizdən, sizdə saza-sözə olan maraqdan söhbət açardınız. Daha sonra isə “Aşıq Ələsgər” kitabınızın çap olunması haqqında məlumat verərdiniz. Bu əsər ictimaiyyət tərəfindən maraqla qarşılandı. Şübhəsiz ki, ustad Aşıq Ələsgərin yaradıcılıq dünyası hər birimiz üçün əziz və maraqlıdır.
- Mən dünyaya gözümü sazlı-sözlü ocaqda, isti bir yuvada açmışam və bu işıqda bir pərvanə kimi saz-söz başına dolana-dolana böyümüşəm. Özümü dərkedəndən daim evimizdə atamın qımqımalarını, anamın saz üstündəki laylalarını dinləmişəm. Ata və ana köklərim ikisi də bu ulu, müqəddəs sənətə bağlı köklərdəndir. Ata köküm Şah İamayılın sarayda vəziri, Səfəvilər dövlətinin yaranmasında böyük əməyi olan övliya məqamlı şair, aşıq, filosof seyid Hüseyn-Miskin Abdalın şəcərəsindəndir. Zaman-zaman o nəsildən yüzlərlə aşıq və şairlər yazıb-yaratmışlar və mən də həmin yolun davamçılarındanam. Ana babam İrəvan xanı Əhməd xanın nəslindəndir, daim maarifpərvər, qurucu, yaradıcı, incəsənət və mədəniyyət davamçıları kimi, Azərbaycan tarixində məxsusi yerləri olmuşdur və hal-hazırda da var. Ana babalarım da aşıq, şair təbiətli insanlar olub və el-obada aşıq kimi tanınmışlar. Ona görə də bu sənətə bağlılıq kökdən, qandan, candan gəlir.
Aşıq Ələsgər yaradıcılığına gəlincə, ona sonsuz marağım elə uşaqlıq illərindən olub. Daim evimizdə rəhmətlik dayım, ömrünün çoxunu Şəmkir rayonunun Morul qəsəbəsində yaşamış və orada rəhmətə getmiş Aşıq Xanputanın sənət dostlarını - Aşıq Teymuru, Aşıq İmranı, Aşıq Əkbəri, Aşıq Valehi və bir çoxunu görmüşəm. Onların hamısı öncə Dədə Ələsgərdən oxuyar, ona rəhmət diləyər, sonra başqa dastanlar, söhbətlər danışardılar. Bəzən olardı ki, Dədə Ələsgərin şeirlərinə görə atam onlarla mübahisə edərdi ki, düz oxumursuz, çünki atam dini yaxşı bilirdi, atası Ağ Cəfər bütün aşıq dastan və şeirlərini əzbər bilən sinədəftər olmuşdu. Ona rəğmən də atam aşıqların səhvlərini tez tutardı. Düzəliş edər, bəzi sözləri isə onlar atamdan yazıb götürərdilər. Atam o şeirlərin hamısını və demək olar ki, Dədə Ələsgəri tamamilə əzbərdən bilirdi. Göyçədə belə adamlar çox idi, hətta ermənilər də var idi ki, Dədə Ələsgərin bütün şeirlərini bizim dildə əzbər bilirdilər. Bax buna görə də, Dədə Ələsgərə marağım sonsuz idi. Dəfələrlə atam o şeirlərin mənasını düşündüyü kimi mənalandırırdı, amma sonda etiraf edərdi ki, “Ay oğul, Dədə Ələsgər elə tilsim qurub ki, kimsə onu aça bilmir, deyilənlərin hamısı yozmalardı, hamı bildiyi kimi yozur, amma düzünü təkcə Ələsgər və Allah bilər”.
İlk şeirimi 42 yaşımda Həcc ziyarətində yazmışam və şeirə münasibətim o gündən dəyişib. Dədə Ələsgəri yenidən oxumağa başladım, sanki sahili görünməz bir ümmanda idim. Bir neçə məhəbbət şeirindən başqa, heç bir şeirini anlamaq olmurdu. Tanınmış şairlərdən Məmməd Aslanla, İlyas Tapdıqla, Nəriman Həsənzadəylə, Zöhrab Tahirlə, Zəlimxan Yaqubla dəfələrlə bu barədə söhbət eləmişəm, amma görürdüm ki, kimsə bu barədə daha mükəmməl bilmir. Məni maraq daha çulğadı. Bir gün Zəlimxan Yaqubdan soruşdum: “Şair, biz Aşıq Ələsgəri nə qədər əxz etmişik, öyrənmişik?”. Zəlimxan Yaqub dedi: “Hacı Loğman, biz nəinki Ələsgəri öyrənmişik, heç yel olub yanından da keçə bilməmişik”. Düzü, Zəlimxan kimi adamın belə səmimiyyəti məni daha da dərindən düşündürməyə başladı. Onda mənim Zəlimxan Yaqub şəxsiyyətinə hörmətim birə-beş artdı. Bu üzdən başladım o kitabı yazmağa və nəticə göz önündədir.
-Bizə ustad Aşıq Ələsgərin ailə üzvləri haqqında məlumat verərdiniz. Həmçinin aşığın ilk ərsəyə gələn kitabı nə vaxt çap olunub?
- Dədə Ələsgərin ata ocağında Ələsgər, Salah, Xəlil, Məhəmməd qardaşları və iki bacısı Fatimə, Qızxanım olmuşlar. Özünə gəlincə ustad 1861-ci ildə Kəlbəcərin Yanşaq kəndində Nağı kişinin qızı Anaxanımla ailə qurmuş, Bəşir, Əbdüləzim, Talıb adlı 3 oğlu, Nigar, Xeyransa, Gülnisə, Bəsti, Əsli, Zümrüd adlı 6 qızı olmuşdur.
Ustadın ilk kitabı 1937-ci ildə Hümbət Əlizadə tərəfindən toplanıb çap edilmişdir.
-Aşıq Ələsgər çar Rusiyası, AXC və Sovet dövründə yaşayıb. Aşığın bu dövrlərdə dövri mətbuatda şeirləri çap olunubmu?
- Düzünü desəm, mən onunla heç maraqlanmamışam, amma, sözsüz ki, olmamış olmaz. Məni cəlb edən ustadın şeirlərindəki bəşəri-fəlsəfi fikirlər, şeirin mənası və məzmunudur. Mənim missiyam şeirlərin məna dərinliklərinə varmaqdır.
-Bəs Aşıq Ələsgərlə həmin dövrün ziyalılarının görüşü olubmu? Mətbuat, arxiv sənədləri bu haqda nə deyir?
- Dədə Ələsgərin olduğu məclislərdə, sözsüz ki, dövrün ziyalıları iştirak ediblər. Deyilənlərə görə Dəli Alının bacısı oğlunun toyunda dövlət rəsmiləri belə qaçaqlarla bir arada toyda olublar. Sözsüz ki, dövrünün ən azman sənətkarları ilə qarşı-qarşıya gələn belə bir ustadın o dövrün ziyalıları ilə görüşü də olmamış olmazdı. Amma ustadın yaşadığı dövrün Azərbaycan tarixindəki ən keşməkeşli dövr olduğunu nəzərə alsaq, buna çox imkanlar da olmayıb. Erməni-müsəlman qarşıdurması, Rusiya inqilabları, I Dünya müharibəsi və s. görüşlər üçün münbit şərait yarada bilməzdi.
- Bu gün mədəniyyətimizi, ədəbiyyatımızı incələdikdə şahidi oluruq ki, şair və aşıqların yaradıcılığında, əksərən aşıq yaradıcılığında sufizm daha çox hiss olunur.
- Sualınız bir az sadə səslənsə də, çox maraqlıdır, əslində, şairlik və aşıqlıq elə sufizmdən qaynaqlanır. Çünki şeiriyyətin mənbəyi dini kitablardan qaynaqlanır və bizim şeiriyyətin kökündə öncə “Kitabi-Dədə Qorqud” və İslam dini və onun kitabı “Qurani-Kərim” durur. Bütün dinlərin mahiyyətini isə sufizm fəlsəfi-Allahın elmi əsaslarla dərk olunması təlimi təşkil edir. Aşıqlıq sənətinin də kökündə sufi-dərvişlik yolçuluğu dayanır. Bu, çox dərin mövzudur, bu barədə ayrıca danışarıq.
İslam dinini qəbul edənədək bizdə aşıqlara ozan deyirmişlər, İslam dinini qəbul etdikdən sonra bu ad aşıq adı ilə əvəzlənmişdir. Bunun da dərin və köklü səbəbləri var. Ozan sözü sazın, yəni alətin səslənməsinin adı ilə bağlıdır. Əlbəttə, qədimdə saz aləti bu qədər mükəmməl quruluşa malik olmamış və səslənən zaman “zan-zan-zan” kimi səslənmişdi. Bildiyimiz kimi, “o” hərfi “zan” səsinin əvvəlinə artırılaraq şəxsiyyəti ifadə etmiş və o ifacı “O-zan” adlanıb. İslamdan sonra isə sənətin sahibləri müəyyən dini qadağalara rəğmən “Qurani-Kərim”in hikmətlərini təbliğ etməklə aşıqlik etmişlər.
- Hər kəs Aşıq Ələsgərin yazıb-oxumaq bacarığının olmadığını deyir. Bəs Ələsgər bu qədər elmi bilikləri necə əldə edib? Onun şeirlərində Azərbaycan dilinin qrammatik normaları müfəssəl qorunub. Sizcə, bu biliyin mənbəyi nədir?
- Öncə onu deyim ki, Aşıq Ələsgərə savadsız demək olmaz. Əsl savad, ziya insana doğulan gündən verilir və insan onu böyüyüb dünyanı dərk etdikcə təkmilləşdirir. Dədə Ələsgər isə zatən istedadlı doğulmuş bir insan idi. Bu onun taleyindəki qədərdir. Belə ki, onun mədrəsə təhsili almaq yaşında Ələsgəri dövrünün ziyalısı sayılan Kərbəlayi Qurbanın evinə köməkçi vermişdilər. Amma Kərbəlayi Qurban ilə onun münasibəti zaman-zaman ata-oğul münasibətinə çevrilmişdi. Həmçinin balaca Əli-əsğər (Aşıq Ələsgərin uşaqlıq adı, mənası İmam Əlinin kiçiyi) Kərbəlayinin evində ibadət əhli kimi formalaşmış, müəyyən dini təlim və şifahi savad almış, sonralar isə o dövrün kamil dini təhsil almış ustad aşığı Aşıq Alıya düz 10 il şagird olmuşdur. Sözsüz ki, bu on il müddətində o Aşıq Alının ona verdiyi dini təhsili də şifahi qavramışdı. Ona görə də Ələsgər dil elminin bəlağətinə bələd idi. Kamil istedad sahibi olan Ələsgər də bu biliklərin əsasında öncə başına gələn ilk uğursuz eşqindən yaşadığı sarsıntını şeirlə dilə gətirmiş və bu müqəddəs yolun yolçusu olmuşdur. Nakam məhəbbətin qorunda aşiq öz təsəlləsini sazda, sözdə, dində axtarmışdı və buna nail olmuşdu. Dədə Ələsgər yazır:
Tutmuşam dəstimdə gözəl nizamı,
Firdovsi, Füzuli - gözəl Nizami.
Təqdiri-qüdrətin gözəl nizamı,
Mana dərdi verib, yara - dərməni.
Dədə Ələsgərin malik olduğu dərin biliklər də müqəddəs kitablardan, olmuş hadisələrə müdrik münasibətindən, bəşəri düşüncəsindən qaynaqlanır. O ki qaldı şeirə, Azərbaycan dilinin qrammatik qaydalarına, dediyim kimi, elm hər insanda fərdidir, kimi az, kimi çox qavraya bilir. Şeirlərindən göründüyü kimi, bu sahədə Aşıq Ələsgərin dil üslubu, deyim texnikası, dil mədəniyyətinin təbiət ahənginə, harmoniyasına köklənməsi təbiətin özü qədər harmonik və nizamlıdır. Buna isə səbəb dini biliklərin kamilliyidir.
Bu günə qədər dünya fatehlərinin dini istismar və idarəetmə mexanizminə çevirməsi dinin əsas elmi xəttini, kamil insan yetişdirmək ideologiyasından yan keçməsinə gətirib çıxarmışdır.
- Aşıq Ələsgərin tədqiqatçısı kimi onun haqqında yazılan əsərlərdən söhbət açardınız. Aşıq Ələsgərin çap olunan ilk kitabında Aşıq Hüseyn Bozalqanlı ilə olan deyişmə çap olunub. Bu gün isə bu deyişmənin olmadığını deyənlər də var. Siz əsərinizdə bu deyişməyə toxunubsunuzmu və buna münasibətinizi bilmək istərdik.
- Məni münaqişəyə sürükləməyin (gülümsəyir), mənim fikirlərim ədəbi və elmi mühitdə əks-sədaya malik olur, anlaya və qəbul edə bilməyənlər daha çoxdur, bu da təbiidir, axı ağıllı insanlar çox azdır...
O ki qaldı tədqiqatçılara, kimsənin adını çəkmək istəmirəm, bircə onu demək istəyirəm ki, aparılan tədqiqatlar və yazılan əsərlər eyni fikirləri bu və ya başqa şəkildə təkrarlayan pafoslu, ritorik cümlələrdən və Dədə Ələsgəri yaxşı aşıq kimi səciyyələndirən fikirlərdən savayı, başqa bir şey deyil.
Müfəssəl tədqiqat əsərləri yazılmasa da, Aşıq Ələsgər irsinin toplanıb üzə çıxarılmasında, ustada layiq şəkildə xalqa çatdırılmasında görkəmli alim və şairlərimizin - Hümbət Əlizadənin, Əhliman Axundovun, İslam Ələsgərlinin, Həmid Araslının, Mürsəl Həkimovun, Səttar Axundovun, Osman Sarıvəllinin, Hüseyn Arifin, İlyas Tapdığın, Vaqif Vəliyevin və digər insanların böyük və danılmaz xidmətləri olub. Xüsusən, Aşıq Ələsgər irsinin geniş şəkildə araşdırılmasında Hümbət Əlizadə və İlyas Tapdığın daha çox xidməti olub. Aşıq Ələsgərin sağlığında kitabı nəşr edilməyib. İlk nəşri 1937-ci ildə Hümbət Əlizadənin tərtib etdiyi “Aşıq Ələsgər” adlı kitab olub. Bu əsər yeganə əsərdir ki, aşıq ədəbiyyatına, Ələsgərşünaslığa tamam başqa mövqedən yanaşır və poeziyamızın açılmayan sirli, sehirli məzmununu ifadə edə bilir.
Aşıq Ələsgərlə Aşıq Hüseyn Bozalqanlı arasında, sözsüz ki, yaxşı münasibətlər olub. El içində dolaşan söhbətlərdən bəlli olur ki, onlar qarşılaşıblar və deyişmələri də olub. Bəlkə də, Aşıq Hüseyn Dədə Ələsgərdən təxminin 40 yaş kiçik olub. O dövrün ədəb-ərkan qaydalarına nəzər salsaq, deyə bilərəm ki, Aşıq Hüseyn indiki aşıqların rəvayət etdiyi kimi, heç zaman Dədə Ələsgərlə onlar danışan kimi davranmazdı, onun qarşısında ədəbsizlik etməzdi. Sadəcə, onlar bir-birilə ədəblə qarşılaşmış, çalıb-oxumuşlar. O ki qaldı deyişmələrə Aşıq Ələsgərlə Aşıq Hüseyn arasındakı oxunan deyişmələr məna və məzmun etibarilə tamam fərqli fikirlərdir. Sözsüz ki, şairlər, aşıqlar bir-birinin şeirlərinə nəzirələr yazır, eyni rədifli şeirləri qarşı-qarşıya oxuyurlar. Bu mənada da Dədə Ələsgərlə Aşıq Hüseyn arasındakı “Mərd”, “Qıj-qıj” kimi digər şeirlərin qarşı-qarşıya oxunması qəbul olunandır. Niyə də olmasın ki, axı o zamanlar həmin ellər bir-birilə dolanır, münasibətlər saxlayırdılar. Sözsüz ki, elin, obanın Dədə Ələsgər kimi, Aşıq Hüseyn kimi sayılan sənətkarları arasında olan münasibətlər danılmazdır.
Mahmud Əyyublu
AAB-nin üzvü




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Əfsanəvi İndoneziya batikaları
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info