“2018-ci ildə “BP Azerbaijan“ şirkəti kadr milliləşdirilməsini 90 faizə çatdıracaq”
Tarix: 23.04.2018 | Saat: 21:28:00 | E-mail | Çapa göndər


“Neft-kimya məhsullarının ixracı artacaq”

Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə SOCAR-ın III Beynəlxalq "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, Neft-kimya" forumu öz işinə başlayıb. Ötən il ilə müqayisədə bu il Forumda iştirak edən ölkələrin sayında artım müşahidə olunub. Ümumilikdə, bu il Forumda iştirak etməyə Azərbaycandan 72, Rusiyadan 49, Qazaxıstandan 32, Böyük Britaniya, Almaniya, Fransa, İsveçrə, İtaliya, İspaniya, Avstriya, Polşa və digər Avropa ölkələrindən 53, BƏƏ, İran, Türkmənistan, Özbəkistan və digər Asiya ölkələrindən 18, Kolumbiya və Sinqapurdan isə 2 nəfər neft-qaz sektoru üzrə müəssisələrin rəhbər nümayəndəsi qatılıb.
Qeyd edək ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunan “DOWNSTREAM Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı, Neft-kimya” adlı Forumun məqsədi Xəzər və Mərkəzi Asiya regionunda karbohidrogen ehtiyatlarının ticarəti və satışı məsələləri üzrə ən son tendensiyalar və inkişaf perspektivlərinin təhlil edilməsidir. Forum, həmçinin neft-qaz sənayesinin inkişafının əsas istiqamətləri haqqında strateji qərarlar vermək və gündəlik əməliyyatlar aparmaq üçün praktiki informasiyaların əldə edilməsinə imkan yaradan unikal platformadır.

“Uğurlu neft strategiyasının bütün dünyaya təbliğ olunmasında Forum səmərəli platformadır”
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, SOCAR-ın Beynəlxalq Forumu Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunub. E. Qasımov Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu neft strategiyasının bütün dünyada təbliğ olunmasında Forumun səmərəli platforma olduğunu bildirib: “SOCAR-ın III Beynəlxalq Forumunda iştirak üçün dünyanın 30-a yaxın ölkəsinin neft-qaz sektorunun aparıcı müəssisələrinin rəhbər nümayəndələrindən ibarət 230-a yaxın iştirakçı qatılıb. Bu göstərici Azərbaycanın adının dünya neft sektorunda önəmli mövqedə olmasından xəbər verir".
Tədbirdə çıxış edən SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə bildirib ki, Azərbaycan indiyədək “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarından 256 milyon ton mənfəət nefti əldə edib: “Artıq 19 ildir ki, “Azəri-Çıraq-Günəşli” layihəsinin iştirakçıları mənfəət neftindən gəlir əldə edirlər. 2018-ci il aprelin 1-dək dünya bazarında Azərbaycanın payına düşən 256 milyon ton mənfəət nefti satılıb. Bu da dünya bazarında realizə olunmuş bütün mənfəət neftinin 56,6 faizini təşkil edir". X.Yusifzadə əlavə edib ki, bu vaxtadək AÇG layihəsinə 43 milyard dollar xərclənib.

“BP Azerbaijan”: “Azərbaycandakı biznes BP-nin qlobal portfelində ən əhəmiyyətlilərdən biridir”
BP şirkətinin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, Azərbaycandakı biznes BP-nin qlobal portfelində ən iri və əhəmiyyətli bizneslərdən biridir. Onun sözlərinə görə, “Şahdəniz-2” layihəsi bu günə qədər dünyanın ən mürəkkəb layihələrindən biridir. “Bu yataq enerji təchizatı layihələrinin şaxələndirilməsi və yeni enerji bazarları yaratmaqla önəmli bir layihədir. 2017-ci il bu layihə üçün ən möhtəşəm il olub. Bu layihə Avropanın enerji təhlükəsizliyini də təmin edəcək,” - deyə B. Aslanbəyli qeyd edib.
O bildirib ki, 2017-ci ildə “Şahdəniz” platformasının hər iki fazasında tikinti işləri tamamlanıb: “Səngəçal” terminalında da tikinti işləri tamamlanıb. Yeni qazılmış quyuların bu il istismara verilməsi nəzərdə tutulub ki, bu da əlavə qaz həcmlərinin əldə edilməsi imkan yaradacaq. Bu illər ərzində “Azəri-Çıraq -Günəşli” yatağından 3,3 milyard barel neft hasil edilib, “Şahdəniz” yatağından bu illər ərzində 89 milyard kubmetr qaz hasil edilib. Kondensat hasilatı 176 milyon barel təşkil edib. Həm Şahdəniz, həm də AÇG-dən132 milyard dollar gəlir əldə edilib". Vurğulanıb ki, 2018-ci ildə "BP Azerbaijan" şirkəti kadr milliləşdirilməsini 90 faizə çatdıracaq. O bildirib ki, 2013-cü ildən bu zamana qədər 116 nəfər azərbaycanlı kadr xarici bazarlardan "BP Azerbaijan"a cəlb olunub. Bəxtiyar Aslanbəyli qeyd edib ki, BP və Azərbaycan Xəzər dənizinin Azərbaycan sektorunda Şimali Abşeron hövzəsindəki D230 blokuna dair saziş imzalayacaq. Saziş D230 blokunun geoloji-kəşfiyyatı və işlənməsini əhatə edəcək: "Bu sahədə əhəmiyyətli miqyasda neft ehtiyatları mövcud ola bilər. Artıq bütün lazımi işlər görülüb və sazişin imzalanmasının yaxın günlərdə baş tutması planlaşdırılır".
Energetika naziri Pərviz Şahbazov bildirib ki, Azərbaycan hazırda OPEC-lə sıx əməkdaşlıq edir: “Biz bu əməkdaşlıqdan çox razıyıq". Nazir qeyd edib ki, Azərbaycan bundan sonra da "OPEC+" formatında əməkdaşlığı davam etdirəcək.
P.Şahbazov əlavə edib ki, Azərbaycanın OPEC-ə qoşulması məsələsi gündəmdə deyil: "Bizi OPEC-lə bu gün mövcud olan əməkdaşlıq qane edir".
Nazir onu da vurğulayıb ki, Azərbaycanın reallaşdırdığı enerji siyasəti iri layihələr ilə iki regionu bir-biri ilə birləşdirir və bu layihələr hələ uzun müddət davam etdiriləcək. Onun sözlərinə görə, bu gün qlobal miqyasda böyük dəyişikliklər baş verir və bu dəyişikliklər enerji siyasətini əhatə edir: “Cənub Qaz Dəhlizi” regionun zəngin qaz resursları üçün geniş imkanlar açır. Asiyadan Mərkəzi Avropaya qədər uzanan və inkişaf edən enerji sisteminin aparıcı hissəsi kimi, Azərbaycan da aparıcı qlobal enerji bazarlarının inkişaf tendensiyalarını özündə əks etdirir. Azərbaycanın qlobal enerji təhlükəsizliyinə bu aspektdə yanaşır”.
Nazir bildirib ki, “Azəri-Çıraq-Günəşli” yataqlarının 2050-ci ilədək işlənməsi nəzərdə tutulur: "İndiyədək 454 milyon ton xam neft və 144 milyard kubmetr qaz hasilatı olub və 130 milyard 551 milyon dollar gəlir əldə olunub. Hazırda enerjinin hər üç növü üzrə istifadə mövcuddur. Azərbaycan hasilatın sabit saxlanılmasını və ixracını təmin edir".
Nazir bildirib ki, bu il “Şahdəniz-2”, Cənub Qafqaz Boru Kəməri və TANAP kimi iri layihələr istifadəyə veriləcək: “Cənub Qaz Dəhlizi”nin bir hissəsi olan TAP layihəsi Azərbaycan təbii qazının diversifikasiyasına imkan verəcək”.
P.Şahbazov deyib ki, emal sektorunun modernləşdirilməsi ölkənin inkişafı kimi qiymətləndirilir: "Yaxın onillikdə minik avtomobillərinə və neft-kimya məhsullarına tələbat olacaq. Bu isə o deməkdir ki, neft-kimya məhsullarının ixracı artacaq. Bu il “SOCAR Polymer” və Karmomid zavodu istifadəyə veriləcək. Bundan başqa, SOCAR-ın Türkiyədə inşa etdiyi STAR Neft Emalı Zavodu da istifadəyə veriləcək. Bu bir daha Azərbaycanın qardaş ölkədə ən iri investor olduğunu isbat edir".

"SOCAR Polymer" vergi və digər güzəştlər hesabına 100 mln. dollara qənaət edib
“SOCAR Polymer” MMC-nin maliyyə direktoru Fuad Əhmədov qeyd edib ki, "SOCAR Polymer" layihəsinin Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunan polipropilen istehsalı qurğusunun bu ilin iyun ayında, yüksək sıxlıqlı polietilen istehsalı qurğusunun isə ilin sonuna kimi istismara verilməsi gözlənilir.
Onun sözlərinə görə, ildə 180 min ton polipropilen istehsal edəcək qurğu üzrə işlərin 98,6%-i icra olunub: "Polipropilen qurğusunun detallı mühəndislik işləri 100%, satınalma 100%, tikinti işləri isə 96,7% yekunlaşıb. Qurğu bu ilin iyun ayında istismara veriləcək". O bildirib ki, illik 120 min ton istehsal gücünə malik yüksək sıxlıqlı polietilen qurğusu üzrə işlərin 91,1%-i icra olunub: "Qurğunun mühəndislik işləri 99,8%, satınalma 99,9%, tikinti işləri isə 80,1% yerinə yetirilib. Yüksək sıxlıqlı polietilen qurğusunun bu ilin III rübündə istismara veriləcəyi gözlənilir". F.Əhmədov Sumqayıt Kimya Sənayesi Parkında yerləşən zavodların geniş vergi güzəştləri, tam infrastruktur dəstəyi və digər güzəştlər əldə etdiyini və buna görə də 100 mln. dollara qənaət edildiyini bildirib.
Üç gün davam edəcək Forumun ilk günü dünya neft-qaz bazarı, Xəzər və Mərkəzi Asiya bazarı, nəqliyyat infrastrukturuna, ikinci günü neft emalı, neft və neft-kimya məhsullarının ticarəti, üçüncü günü isə neft-kimya bazarı, neftayırma zavodları və neft-kimya texnologiyalarına həsr olunacaq. Tədbir bitdikdən sonra tədbir iştirakçıları üçün texniki səfərlər təşkil olunacaq. Forumda iştirak edəcək şirkətlər arasında dövlət idarə və müəssisələri, neft-qaz şirkətləri (treyderlər, NEZ və neft çıxarma), nəqliyyat şirkətləri (limanlar, terminallar, boru kəmərləri və ekspeditorlar), banklar, hüquq və konsaltinq şirkətləri və avadanlıq istehsalçıları, yeni texnologiyalar hazırlayan müəssisələr də var.
Qeyd edək ki, ənənəvi olaraq artıq üçüncü ildir keçirilən Forumda ötən il İsveçrə, Türkiyə, Latviya, Litva, Danimarka, Belçika, Fransa, Avstriya, Almaniya, Böyük Britaniya, BƏƏ, ABŞ, Venesuela, Çin, həmçinin Mərkəzi Asiya və MDB ölkələrindən neft-qaz sektorunun nazirliklərinin və transmilli neft-qaz şirkətlərinin rəhbər nümayəndələri iştirak ediblər.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
20.08.2018
Sahibkarların müvafiq assosiasiyalarda birləşməsi dəstəklənəcək
20.08.2018
Gömrük Komitəsinə 1,5 milyon elektron müraciət daxil olub
20.08.2018
SOCAR Banqladeşdə fəaliyyətini genişləndirmək istəyir
20.08.2018
Stasionar nəqletmə vasitələri ilə 21 milyon tonadək məhsul ixrac edilib
19.08.2018
Azərbaycan Fars Körfəzi ölkələrinə ixracı genişləndirmək niyyətindədir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9908

1 Azərbaycan Xarkov və Odessada ticarət evləri açacaq
2 “İrəvanın Moskvaya olan borclarını Koçaryanla Sarkisyan qaytarmalıdır”
3 “Beynəlxalq Gənclər Günü gənclərin beynəlxalq aləmə inteqrasiyasına təkan vermək məqsədilə qeyd olunur”
4 Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib
5 Azərbaycandan keçən tranzit yüklərin həcmi artacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info