Paltaryuyan maşın alarkən diqqət edilməli məsələlər
Tarix: 05.06.2013 | Saat: 22:14:00 | E-mail | Çapa göndər


Paltaryuyan maşın tekstil məmulatlarını (paltar, yataq dəstləri və s.) yumaq, bəzi hallarda qurutmaq və ya təmizləmək üçün istifadə olunan elektromexaniki qurğudur. Bu maşınlar məişət və sənaye təyinatlı olub ən geniş yayılmış növləri barabanla işləyir. Paltar bu barabanın içərisində su və yuyucu maddələr vasitəsilə islanaraq yumşalır və onun tərkibində olan çirk barabanın üzərindəki çıxıntılara sürtünərək tədricən təmizlənir.
Paltaryuyan maşınlar işləmə tipinə, yükləmə qaydasına, avtomatlaşma dərəcəsinə, yüklənmiş quru paltarların həcminə, funksiyalarına və s. görə tiplərə bölünürlər.
İşləmə tipinə görə paltaryuyan maşınlar aktivator və baraban tipli olurlar. Baraban tiplilər daha sadə avtomatlaşdırma sisteminə malik olduğuna görə geniş yayılıb. Sadə avtomatlaşdırma sistemli bu maşınlar su və yuyucu vasitənin daha qənaətli istifadə edir, yuyulma zamanı paltarları etibarlı qoruyur. Lakin eyni zamanda onlar daha mürəkkəbliyi və az etibarlılığı ilə fərqlənirlər. Avtomatlaşmış paltaryuyan maşınlar əsasən baraban tipli olurlar. Aktivator tipli maşımlar isə bunlardan fərqli olaraq daha sadə və etibarlı sayılırlar.
Yükləmə qaydasına görə paltaryuyan maşınlar üfüqi və şaquli olurlar. Aktivator tipli maşınlar adətən üfüqi şəkildə yüklənirlər. Baraban tiplilər isə həm üfüqi, həm də şaquli formada yüklənir. Şaquli yüklənmiş maşınlarda yumaya nəzarət üçün kiçik lyuku olur.
Avtomatlaşma dərəcəsinə görə paltaryuyan maşınlar avtomatlaşmış və yarımavtomatlaşmış olurlar. Yarımavtomatlaşmışlarda yalnız yuma vaxtını təyin etmək üçün taymer olur, avtomatlaşmış maşınlar isə idarəetmə proqramına malik olurlar. Avtomat tipli maşınların fəaliyyətində insanın iştirakı minimaldır. Onun üçün də buraya yuyulacaq tekstil məmulatlarını yerləşdirmək, yuyucu vasitəni tökmək və proqramı seçmək kifayətdir. Bu tipli paltaryuyan maşınlarda avtomatlaşma müxtəlif dərəcələrdə ola bilər. Buraya verilmiş proqrama uyğun yumadan başlayaraq, suyun həcminin, yuyucu vasitənin, temperaturun, sıxma sürətinin avtomatik təyininədək əməliyyatlar daxildir.
Müasir paltaryuyan maşınlar əsasən avtomatik işləyirlər. Maşın daimi elektrik cərəyanı və soyuq su xəttinə bağlı olduğundan lazım olan miqdarda su nasosun köməyi ilə avtomatik olaraq barabana daxil olur. Maşında quraşdırılmış qızdırıcı suyun isidilməsinə xidmət edir. Yuma prosesi qurtardıqdan sonra çirkli su maşından avtomatik olaraq xüsusi borunun köməyi ilə xaric edilir. Paltar təmiz suda yuyulduqdan sonra son mərhələdə böyük sürətlə fırlanan baraban paltarda olan suyun sıxılıb çıxarılmasına şərait yaradır. Maşın bütün bu prosesləri parçaya mexaniki zədə yetirmədən həyata keçirməlidir. İş prosesində paltaryuyan maşınların davamlı və etibarlı olması onun üstün keyfiyyətlərindəndir.
Bugünkü gündə ən yüksək funksionallığa malik paltaryuyan maşınlar “premium”, “Maks” və s. sinflərə aiddir. Belə maşınlarda çoxlu yeni və əlavə funksiyalar vardır. Bu sinfə aid paltaryuyan maşınlar həm qiymətinə, həm də keyfiyyətinə görə ən yaxşı seçim ola bilər.
Seçim zamanı rastlaşdığınız maşınların tutumu da müxtəlif ola bilər. Belə ki, paltaryuyan maşınlar əsasən 3-11 kiloqram tutuma malik olurlar. Tək yaşayanlara daha kompakt və qənaətli modellər, 3-4 nəfərdən ibarət olan ailələrə 4-5 kiloqramlıq yük üçün nəzərdə tutulmuş, böyük ailələrə isə daha iri tutumlu maşınların seçilməsi məsləhətdir.
Hər bir paltaryuyan maşınlar enerji istifadəsi və yuyulma sinfinə görə də fərqlənirlər. Belə ki, ən yaxşı keyfiyyətlərə malik paltaryuyan maşınlar “A” yaxud “B” sinfinə, bir qədər zəif keyfiyyətləri olan paltaryuyan maşınlar isə “C”, “D”, “E” və s. siniflərə aid edilir. Ona görə də, paltaryuyan maşın alarkən onun sizə lazım olan funksiyaları yerinə yetirib-yetirmədiyini bilmək üçün markalanmasına diqqət edin.
Hər bir istehsalçı firma özünün zəruri bildiyi proqramı istehsal etdiyi maşına daxil edir. Lakin əsas istifadə edilən funksiyalar demək olar ki, bütün paltaryuyan maşınlarda vardır. Paltarların yuyulması zamanı əsasən bu funksiyaların 3-4-dən geniş istifadə edilir, digər funksiyalara isə nadir hallarda müraciət edilir.
Paltaryuyan maşınların quraşdırılması üçün düz və rahat sahə seçilməlidir. Əks halda yerin düzgün seçilməməsi iş prosesində maşının tez sıradan çıxmasına səbəb ola bilər. Eyni zamanda yer seçilərkən maşınların ölçülərini də nəzərə alın. Paltaryuyan maşınların hündürlüyü adətən 85 sm. təşkil edir, ona görə də onlar mətbəx texnikası ansamblına yaxşı daxil olurlar.
Paltaryuyan maşınlar ticarət şəbəkələrinə daşınarkən üstü bağlı nəqliyyat vasitəsinə şaquli yerləşdirilməli, hər hansı bir zərbədən, təsirdən qorunması üçün qablaşdırılmalıdır. Bu maşınlar mövcud standartlara uyğun olaraq karton yeşiklərə, daxildə kağız və ya digər yüngül bir materiala bürünmüş vəziyyətdə qablaşdırılır. Xüsusi qızdırılan anbarlarda saxlanmalıdırlar. Paltaryuyan maşınların ixtisaslaşdırılmış firma mağazalardan alınması məqsədəuyğundur. Hər bir istehlakçı paltaryuyan maşın alarkən qeyd olunanları nəzərə almalı və hüquqlarının müdafiəsində aktiv olmalıdır.
Paltaryuyan maşınların maksimal sürətinə diqqət yetirin. Çünki paltaryuyan maşınların dövriyyəsi yüksək olduqca qiyməti də qalxır. Lakin istehlakçılar bilməlidir ki, paltarın yuyulması zamanı bu göstərici demək olar ki, rol oynamır. Dövriyyə sürəti paltarların sıxılması və qurudulması zamanı əhəmiyyət kəsb edir. Nəzərə alın ki, barabanın sürəti dəqiqədə 800 dövrdən az olsa, paltarlarınız pis sıxılacaq. Eyni zamanda bilin ki, yüksək sürətli fırlanma paltarların korlanma etimalını da artırır. Paltarların çox əzilməsinin qarşısını almaq üçün maşında “yüngül ütüləmə” funksiyasının olması əsasdır. Bu rejimdə maşında paltarlar qısa fasilələrlə aşağı sürətdə sıxılır və hamarlanır. Ona görə də müxtəlif paltarların maşında sıxılıb qurudulmasını istehsalçının istismar qaydalarında göstərilmiş rejimə uyğun həyata keçirmək lazımdır. Paltaryuyan maşınınızın səssiz olmasını istəyirsinizsə, onda balans kontrolu sistemi olan paltaryuyan maşın alın.
Qeyd olunanlarla yanaşı, hər bir istehlakçı bilməlidir ki, ölkə qanunvericiliyində istehlakçıların satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal haqqında təqdim olunan məlumata cavab verməsini tələb etmək hüququ təsbit edilib. Yəni istehlakçı paltaryuyan maşın alarkən ilk növbədə onun keyfiyyəti ilə bağlı ticarət obyektindən zəruri məlumatları tələb edə bilər. Eyni zamanda istehlakçı aldığı paltaryuyan maşının keyfiyyətini, komplektliyini, ölçüsünü, qiymətini yoxlamaq, onun düzgün və təhlükəsiz istifadəsini nümayiş etdirmək hüququna malikdir. Satıcı isə istehlakçının bu tələblərini yerinə yetirməyə borcludur. Ticarət obyekti texniki cəhətdən mürəkkəb mal olduğuna görə paltaryuyan maşını satışa müvafiq qaydada hazırlamalı, onun yoxlanması təmin etməlidir. Ticarət şəbəkələrindən əldə edərkən diqqətli olmaq zəruridir. Malın hər hansı bir qüsuru olmamalıdır.
Eyni zamanda bilin ki, bu mallar zəmanət müddəti ilə satılmalıdır. Zəmanət müddəti malın pasportunda və ya mala əlavə olunan digər sənəddə göstərilməlidir. Mal zəmanət müddəti ilə satılarkən, satıcı məmulatın pasportunda malın bu obyektdən alındığını və malın satıldığı tarixi təsdiq edən ştamp vurur. Bu müddət ərzində alınan malda qüsur və ya saxtalaşdırma aşkar edilərsə, istehlakçı qanunvericiliklə müəyyən edilmiş hüquqlarını tələb edə bilər. Bu sırada isə istehlakçının zəmanət müddəti ərzində aldığı malı lazımi keyfiyyətli mala dəyişdirməyi, satış qiymətini uyğun məbləğdə azaltmağı, malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını, malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i.a.) mal ilə əvəz edilməsini, müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini tələb etmək hüquqları yer alır. Əgər satıcı, istehsalçı (onların funksiyalarını yerinə yetirən müəssisələr) malın qüsurlarının istehlakçı tərəfindən istifadə və ya saxlanma qaydalarının pozulması, üçüncü şəxslərin hərəkətləri və ya təbii fəlakət nəticəsində əmələ gəldiyini sübuta yetirərsə, istehlakçının tələbləri təmin olunmur.
Bu malları alarkən onun zəmanət talonu başda olmaqla bütün sənədləri tələb edin. Qeyd olunan məsələlərlə bağlı hər hansı qanun qozuntularına rast gəlsəniz, dərhal İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edin.
Təqdim etdi: İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info