ABŞ gəmiləri Xəzərdə peyda ola bilər: Pentaqon “Aktau”da baza yaradır
Tarix: 27.04.2018 | Saat: 01:35:00 | E-mail | Çapa göndər


Aleksandr Knyazev: “Qazaxıstanın iki limanının hərbi yük daşıması üçün Pentaqona verilməsi Xəzər dənizinin kövrək təhlükəsizlik arxitekturasını dağıda bilər”

Bir neçə gün əvvəl bəlli oldu ki, Qazaxıstan ABŞ hərbi qüvvələrinin ölkənin limanlarından istifadə ilə bağlı məsələyə son nöqtəni qoyub. İki gün əvvəl ABŞ hərbi qüvvələrinin “Aktau” və “Kurık” limanlarından Əfqanıstana xüsusi yüklərin daşınmasına icazə verilməsi ilə bağlı razılaşma Qazaxıstan Senatı tərəfindən ratifikasiya edildi. Yaxın vaxtlarda həmin sənədin dövlət başçısı Nursultan Nazarbayev tərəfindən təsdiqlənməsi gözlənilir. Ekspertlər bu razılaşmanı fərqli yöndə şərh edirlər. Qeyd edilir ki, xüsusi yüklərin daşınması üçün “tranzit məntəqəsi” adlandırılsa da, “Aktau”da avtomatik olaraq Pentaqon və onun müttəfiqlərinin bazası olacaq. “Nezavisimaya qazeta” yazır ki, ABŞ-ın təklifi ilə yüklər Gürcüstan və Azərbaycandan keçməklə Xəzər dənizi vasitəsilə Qazaxıstana çatdırılacaq, daha sonra dəmir yolu xətti ilə Özbəkistana, oradan Əfqanıstana çatdırılacaq. Qazaxıstanın xarici işlər naziri Karat Abdrəhmanov bildirib ki, müvafiq sənəd 2010-cu ildə imzalanıb. Sonradan ABŞ-ın istəyi ilə sənəddə dəyişiklik edilib və ora “Aktau” və “Kurık” limanlarının adları əlavə edilib. Nazir bunun Qazaxıstanın strateji maraqlarına uyğun olduğunu deyib. Nazir onu da bildirib ki, Nazarbayevin son Vaşinqton səfərindən sonra Qazaxıstanla ABŞ arasında münasibətlər daha da genişlənərək konkret mahiyyət alıb. Xatırladaq ki, Nazarbayev bu ilin yanvar ayında Ağ Evdə Donald Tramla görüşmüşdü. Həmin görüş vaxtı Nazarbayev “Bank of New York Mellon”da olan Qazaxıstana aid 22 milyard dolların üzərindən həbsin götürülməsinə nail olmuşdu. Xatırladaq ki, həmin aktivlərə moldovalı iş adamı Anatoliya Statinın qaldırdığı iş əsasında həbs qoyulmuşdu. Bunun müqabilində Astana iki limanını Pentaqon üçün açıq elan edib. Proseslərin bu istiqamətdə inkişafı Qazaxıstanda ABŞ bazasının yaradılması ilə nəticələnə bilər ki, Moskvanın buna münasibəti sərt ola bilər. Nazarbayev kimi təcrübəli siyasətçinin bunları hesablamaması mümkün deyil. “Aktau” limanının istifadə üçün ABŞ-a verilməsi məsələsi 2013-cü ildən müzakirə olunur. Rusiyalı ekspert Aleksandr Sobyanın “Nezavisimaya qazeta”ya açıqlamasına bildirib ki, əvvəlcə Rumıniya, Yunanıstan və İtaliyanın Qara dəniz limanlarından və Volqa-Don kanalı ilə Xəzər dənizinə çıxmaq marşrutu müzakirə olunurdu. Daha sonra Şimal istiqaməti kimi Almaniya, Baltik və Volqa-Xəzər marşrutu nəzərdən keçirilib: “Bu istiqamətlər Rusiyanın maraqlarına uyğun olmadığı üçün dərhal bloklandı. ABŞ çoxdandır ki, Volqa-Don kanalı ilə yük daşımasını məcburi hal kimi təqdim etməyə çalışır. Birləşmiş Ştatlar bununla Volqa-Don kanalına xüsusi status verilməsi ilə bağlı BMT və digər beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırmağı hədəfləyir. Həmin statusu bu gün Dunay və Mekonq daşıyır. Qazaxıstanın bu gedişi antirusiya formatı xarakteri daşıyır, amma Rusiyanın maraqlarını təhdid etmir. Amma bütün halda hərbi və ya qeyri-hərbi yüklü istənilən ABŞ gəmisinin Xəzərdə peyda olması Moskva üçün arzuolunan deyil”. Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı Aleksandr Vorobyev hesab edir ki, “Aktau” və “Kurık” limanlarının ABŞ-ın istifadəsinə verilməsində Astananın bir sıra maraqları var: “Birinci maraq kommersiya xarakterlidir. Tranzitə görə Qazaxıstana müəyyən vəsait ödəniləcək. İkincisi, Astanada hesab edirlər ki, bu yük daşınması ölkənin tranzit-logistika potensialının inkişafına səbəb olacaq. Onu da qeyd etmək lazımdır ki, Çin özünün “Bir kəmər, bir yol” layihəsi çərçivəsində “Kurık” limanından istifadə edir. Üçüncü məqam, bu məsələ Astanaya ABŞ-la əlaqələri möhkəmləndirməyə imkan verir ki, bu da bir sıra məsələlərin həllinə yardımçı ola bilər”. Ekspert hesab edir ki, situasiya Moskva üçün sərfəli olmasa da, hansısa təhdid yaratmır. Ekspert bildirib ki, həmin istiqamət üzrə yüklərin daşınmasında təkcə Qazaxıstan iştirak etmir. Buraya Gürcüstan, Azərbaycan, Özbəkistan da daxildir. Amma onların arasında KTMT üzvü olan təkcə Qazaxıstandır. Mərkəzi Asiya üzrə ekspert Aleksandr Knyazev hesab edir ki, iki limanın hərbi yük daşıması üçün Pentaqona verilməsi Xəzər dənizinin kövrək təhlükəsizlik arxitekturasını dağıda bilər: “İndiki ABŞ-Rusiya və ənənəvi ABŞ-İran qarşıdurmasını nəzərə alanda, adı “tranzit” olsa belə, ABŞ-ın Xəzərdə peyda olması Rusiya və İranı qıcıqlandıracaq”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub
22.09.2018
İranda hərbi parad zamanı terror aktı törədilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info