“Yalançı müxalifət ölkəmizlə bağlı ümumi işlərə ziyan vurmadan çəkilib kənarda durmalıdır”
Tarix: 05.06.2013 | Saat: 23:59:00 | E-mail | Çapa göndər


Mütəllim Rəhimli: “Siyasi varlığı idarə olunduğu ağasının puluna bağlı olan "müxalifət" tərəfindən daim müxalifətin birliyi təşəbbüslərinin qarşısı alınıb”

Dünya siyasətçiləri, başçıları və diplomatlarının Azərbaycana yönəlik təqdiredici fikirləri dövlətimizin beynəlxalq qüdrətinin getdikcə yüksəldiyini bariz göstərdiyi kimi, müxalifətin bu seçkidə də “xarici faktor”la bağlı ümidlərini də puç edir. Bu baxımdan dünya liderlərinin fikirlərini qeyd etmək yerinə düşər.

Beləliklə, xəbər verildiyi kimi, ABŞ Prezidenti Barak Obama Azərbaycanın təbii sərvətlərinin beynəlxalq bazarlara çıxarılması məqsədilə ötən dövr ərzində qoyulmuş iri həcmli investisiyaların qlobal enerji təchizatının sabitləşdirilməsi işinə xidmət etdiyini, Azərbaycanın müstəqilliyi və iqtisadi inkişafına töhfə verdiyini qeyd edib. Obama deyib ki, Azərbaycanın beynəlxalq tərəfdaşları ilə möhkəm münasibətləri sayəsində mühüm enerji layihələri həyata keçirilmiş və bu layihələr Azərbaycanı dünya bazarının önəmli neft təchizatçısına və regionun mühüm qaz mənbəyinə çevirib: “Qarşıdan gələn ildə “Şahdəniz” layihəsinin ikinci fazası və planlaşdırılan Trans-Anadolu qaz kəməri layihəsi Azərbaycanı, eyni zamanda, Avropanın mühüm qaz təchizatçısı mövqeyinə daha da yaxınlaşdıracaq. Azərbaycanın neft sərvəti şaxələndirilmiş iqtisadiyyatının inkişafına xidmət etmək, qanunun aliliyinin gücləndirilməsi və Azərbaycan xalqının həyat səviyyəsinin daha da yaxşılaşdırılması potensialına malikdir. Azərbaycan ABŞ-ın simasında sadiq tərəfdaşa malikdir və Sizinlə uzun illər əməkdaşlıq əzmindəyəm”.
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemeron da qeyd edib ki, ölkələrimiz arasında ticarət əlaqələri üzərində qurulmuş möhkəm, davamlı ikitərəfli münasibətləri alqışlayıram: “Qarşıdan gələn illər ərzində Azərbaycanın enerji ehtiyatları Avropa və dünya iqtisadiyyatında getdikcə daha mühüm rol oynayacaqdır. Azərbaycan bu ehtiyatların hər kəsin naminə istifadə edilməsi işində əsas rol oynamışdır. Bütün bunlar iqtisadi çağırışların davam etdiyi bir dövrdə daha çox əhəmiyyət kəsb edir. 2013-cü il dünya səviyyəli “Şahdəniz” yatağının istismarının davam etdirilməsi və Avropaya yekun kəmər marşrutu üzrə bir sıra mühüm qərarların qəbul edilməsi nəticəsində “Cənub qaz dəhlizi”nin reallaşması baxımından mühüm il olacaq. Azərbaycanın yaxın dostu və tərəfdaşı kimi, mən qarşıdan gələn uzun illər ərzində sabit enerji mənbəyinin təmin edilməsi istiqamətində səy göstərilməsində iştirak edənlərə yeni uğurlar arzulayıram”.
Göründüyü kimi, bu fikirlər dünyanın aparıcı dövlətlərinin Azərbaycana münasibəti, ölkəmizə verdiyi əhəmiyyətin bariz nümunəsidir. Azərbaycan öz inkişafının elə bir səviyyəsinə çatıb ki, həm bölgədə, həm də dünyada mühüm məsələlərin həlli və müzakirəsində onun rəyi öyrənilir, bəzi hallarda isə bu rəy həlledici olur. Önəmlisi hansısa xarici KİV-in, hansısa təşkilatın sifarişli materialları və hesabatları deyil, dünyada söz sahibi olan dövlətlərin rəhbərlərinin Azərbaycana və onun Prezidentinin fəaliyyətinə verdiyi qiymətdir. Bu qiymət Azərbaycan xalqının rəyi ilə üst-üstə düşür. Yalnız xalqına güvənən, onun maraqlarını qoruyan və bu maraqları qlobal siyasətin tələbləri ilə uzlaşdırmağı bacaran dövlət rəhbəri həm dünyada bir lider kimi qəbul olunur, həm də öz xalqının milli lideri statusuna yüksəlir.
Bununla isə müxalifət düşərgəsinin ən çox çeynədiyi tezislərdən birinin bir daha illüziya və cəfəngiyatdan ibarət olduğunu açıb göstərmiş olur. Onlar ictimaiyyətdə belə bir fikir formalaşdırmaq istəyirdilər ki, guya dünyanı yönləndirən dövlətlər Azərbaycanda hakimiyyəti dəyişmək qərarına gəliblər və növbəti prezident seçkilərində müxalifətə xaricdən güclü dəstək veriləcək. Lakin ABŞ səfərindən suyu süzülə-süzülə qayıdan AXCP sədrinin müavini Fuad Qəhrəmanlı pərtliyini gizlətmək üçün dedi ki, orada onlara güclü olmağı, xalqın dəstəyini qazanmağı tövsiyə ediblər. Buna görə də gedin başınıza çarə qılın. Ardınca ABŞ siyasi elitasının qaymaqlarının iştirakı ilə Bakıda yüksək səviyyədə keçirilən Azərbaycan - ABŞ Forumu hamıya göstərdi ki, ABŞ iqtidara alternativ ola biləcək qüvvə tanımır. Müxalifət ideoloqlarına vurulan bu “şapalaq”dan sonra düz üç gün müxalifət qəzetləri bu tədbir barədə heç nə yazmadılar. Sonra başladılar ki, ay nə bilim Bakıya gələn senatorlar, konqresmenlər və digərləri ABŞ Administrasiyasının mövqeyini göstərmir, ona təsir edə bilməz və s. Dünən təşkil edilən XX Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgisi və konfransı bu məsələyə də nöqtə qoydu. Bu gün bu cür güclü mövqeyə malik Azərbaycan iqtidarına alternativ olmaq iddiası ilə çıxış edən müxalifət dağınıq, zəif, qarşılıqlı didişmələrə meyilli bir haldadır. Müxalifətin bu seçki ərəfəsindəki durumu ilə bağlı qəzetimizə fikirlərini bildirən Ədalət Partiyası sədrinin müavini Mütəllim Rəhimli belə dedi: “Azərbaycan müxalifətinin prezident seçkilərində vahid namizədlə iştirak etməsi əslində tələbatdır. Baxmayaraq ki, indiyədək bu tələb reallığa çevrilə bilməyib. Ancaq bütün seçkilər qabağı vətənini sevən sağlam qüvvələr tərəfindən buna cəhdlər olur. Lakin siyasi varlığı idarə olunduğu ağasının puluna və təbliğati dəstəyinə bağlı olan "müxalifət" tərəfindən daim müxalifətin birliyi təşəbbüslərinin qarşısı alınıb. Bu ən azı təəssüf doğurur. Artıq elə bir zaman gəlib çatıb ki, hər bir şəxs birləşmək ideyasına öz töhfəsini verməlidir. Bunu bacarmayanlar isə ölkəmizlə bağlı ümumi işlərə ziyan vurmadan çəkilb kənarda durmalıdır. Bu, yalançı müxalifətə aiddir”.
M.Rəhimli onu da bildirdi ki, Azərbaycan müxalifəti beynəlxalq aləmdə iqtidarla yanaşı respublikamızın siyasi sifətini formalaşdırır: “Onun sıralarında çox ləyaqətli, vətənsevər, savadlı şəxslər də var. Ona görə də müxalif qüvvələri, uzun müddətdir ki, müxalifətdə olan şəxslər haqqında həmişə hörmətlə danışmaq lazımdır. Təbii ki, bura şəxsi ambisiyalarını və "sahiblərinin" maraqlarını bu ad altında təmin etməyə çalışan zümrənin bura heç bir aidiyyəti yoxdur. Söhbət əsl müxalifətdən - sözü ilə əməli uzlaşan, milli maraqları şəxsi istəklərindən üstün tutan, dövlətimizin varlığı üçün çalışan qüvvələrdən gedir”.
M.Rəhimliyə görə, milli maraqları üstün tutan müxalifətlə, ölkə mənafeyini satan “müxalifət”i fərqləndirmək lazımdır.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info