Brüssel Ağ Evin şantajına boyun əymək niyyətində deyil
Tarix: 04.05.2018 | Saat: 01:06:00 | E-mail | Çapa göndər


Baş nazir Şarl Mişel:
“Avropa NATO çərçivəsində müdafiə və təhlükəsizlik sahəsində muxtariyyətə sahib olmalıdır”


“Biz NATO çərçivəsində ümumavropa müdafiəsini təşkil etməyin tərəfdarıyıq. Müdafiə sahəsində Avropa proqramı irəli getmək üçün çox yaxşı alətdir. Operativ imkanlarımız ümumi dəyərlərimiz və geosiyasi maraqlarımızın qorunmasına xidmət etməlidir”


Donald Tramp polad və alüminiuma gömrük rüsumlarının tətbiq edilməsi ətrafında qızışan mübahisələri daha bir ay müddətinə uzatmaq qərarına gəlib. Avropa Komissiyasının fikrincə, Avropa İttifaqı Birləşmiş Ştatlar Prezidentinə tabe olmamalıdır. ABŞ Avropadakı ticarət tərəfdaşlarını polad və alüminiuma gömrük rüsumları tətbiq edəcəyi ilə hədələyir.
Bu məsələ ilə bağlı xoşagəlməz hadisələr artıq yeni şəkil alıb. Rüsumların tətbiqi üçün Donald Trampın özbaşına təyin etdiyi müddət başa çatandan bir az əvvəl ABŞ Prezidenti bu qeyri-müəyyən vəziyyəti daha dörd həftə müddətinə uzadıb. Belə ki, həmin müddətdə öz şərtlərinin yerinə yetirilməsinə nail olmaq istəyir. Gözlənilməz dəyişikliklər və gərgin sonluq vəd edən bu ticarət siyasəti Trampın uzun illər apardığı televiziya şousunun ssenarisinə bənzəyir. Hətta Fransa prezidenti Emmanuel Makronun və Almaniya kansleri Angela Merkelin bu yaxınlarda ona verdiyi mesajlar da nəticəsiz qalıb. Brüssel hesab edir ki, Avropa İttifaqı Ağ Evin şantaj cəhdlərinə əsla boyun əyməməlidir. Yolverilməz rüsumların tətbiq olunacağı ilə hədələməklə, öz iqtisadiyyatı üçün proteksionist kvotalar müəyyən etmək heç bir işə yaramaz. Ekspert Bernd Rigert isə “Deutsche Welle”yə müsahibəsində deyib: “Avropa İttifaqı, ilk növbədə vahid cəbhədən çıxış etməlidir. Əgər Trampın polad və alüminium planı işləyərsə, bu zirək prezident heç bir vicdan əzabı çəkmədən iqtisadiyyatın başqa sahələrində də, məsələn, avtomobil ticarətində də belə bir plan reallaşdırmağa cəhd göstərə bilər. Məhsulları amerikalılar tərəfindən alınmayan ABŞ-ın polad sənayesini kvotaların köməyi ilə qorumaq mənasız addımdır. Hətta ABŞ müəssisələri də Trampın gömrük siyasəti kötəyinin əleyhinədirlər”. Avropa İttifaqından ABŞ-a qarşı daha bir addım Belçika baş nazirindən gəlib. Baş nazir Şarl Mişel bəyan edib ki, Avropa NATO çərçivəsində müdafiə və təhlükəsizlik sahəsində muxtariyyətə sahib olmalıdır: “Təhlükəsizliyin təmin edilməsi ümumi məsuliyyətdir. Biz, mümkün olduğu qədər tez bir zamanda təhlükəsizlik sahəsində muxtariyyət əldə etməliyik. Eyni zamanda xarici sərhədlərdə təhlükəsizliyin təmin edilməsi istiqamətində işlər sürətləndirilməlidir. Belçika NATO çərçivəsində “etibarlı tərəfdaş” olaraq qalmaq istəyindədir. Biz NATO çərçivəsində ümumavropa müdafiəsini təşkil etməyin tərəfdarıyıq. Müdafiə sahəsində Avropa proqramı irəli getmək üçün çox yaxşı alətdir. Operativ imkanlarımız ümumi dəyərlərimiz və geosiyasi maraqlarımızın qorunmasına xidmət etməlidir”. Qeyd edək ki, Avropa Komissiyası təhlükəsizlik sahəsinə xərcləri 40 faiz artırmağı müzakirə edir. Eyni zamanda 13 milyard dollarlıq müdafiə fondu yaradılır. Xarici sərhədlərin idarə edilməsi, miqrasiya problemi ilə bağlı 12 milyard dollar dəyərində nəzərdə tutulan fond 33 milyard dollara yüksəldilib.
Anar Miriyev






 
Bölməyə aid digər xəbərlər
26.06.2019
Hulusi Akar Mark Esper ilə görüşüb
26.06.2019
Stefani Qrişam Ağ evin mətbuat katibi təyin edilib
26.06.2019
İtaliyada mafiyaya qarşı iri əməliyyat
26.06.2019
Ərdoğan səlahiyyətlərini təhvil verdi
26.06.2019
ABŞ-da Demokrat Partiyasından prezidentliyə namizəd olan siyasətçilərin ilk teledebatları keçiriləcək

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10816

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Əli Nağıyev DTX rəisi təyin edildi
3 Heydər Əliyev və bələdiyyələr
4 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info