“Heç bir ölkədə insan alveri problemi aradan qalxmayıb”
Tarix: 06.06.2013 | Saat: 23:13:00 | E-mail | Çapa göndər


Ramiz Alıyev: “İnsan alveri ilə məşğul olan cinayətkarlarla
bağlı cərimə və cəzaların daha da sərtləşdirilməsinə ümid edirik ”


İnsan Alverinə Qarşı Mübarizə Təşkilatının sədri Ramiz Alıyevlə müsahibəni təqdim edirik:

-QHT-lərin dövlət quruculuğu prosesində rolu nədən ibarətdir?
- Hər bir ölkənin müstəqil və demokratik bir ölkə olması üçün mütləqdir ki, həmin ölkədə fəaliyyət göstərən QHT-lər ölkənin ictimai fəaliyyətində aktiv olsun. Eyni zamanda da dövlətin idarə olunmasında QHT-lərin fikir və təklifləri diqqətə alınmalıdır. Dünyanın hər bir ölkəsində QHT-lər həm bir növ güzgü rolunu oynayır, belə ki, dövlətin görə bilmədiyi nöqsanları görüb aidiyyəti qurumlara göstərir, həm də dövlətlə vətəndaş arasında körpü rolunu da oynayır. Ancaq təəssüflər olsun ki, hərdən bəzi QHT-lər xarici kəşfiyyat orqanlarının ya bilərəkdən, ya da bilməyərərkdən alətinə çevrilir. Bəzi QHT-lər bilərəkdən və ya bilməyərəkdən öz dövlətinə elə bir zərbə vurur ki, o zərbəni heç bir xarici kəşfiyyat orqanı birbaşa özü etmək imkanında deyil. Ancaq əsl sağlam düşüncəli QHT-lər öz ölkəsi üçün həm güzgü, həm də körpü rolunda çıxış etməlidir. Əgər konkret olaraq sualınız bizim ölkəmiz üçündürsə, bildirim ki, ölkəmizdə kifayət qədər sağlam düşüncəli, dövlətini, Vətənini sevən QHT-lər var və dövlətin onlar üçün yaratdığı şəraitdən lazımınca istifadə edərək istər dövlətin idarə olunmasında, istərsə də müəyyən problemlərin aidiyyəti orqanların qarşısında qaldırılmasında və həll olunması istiqamətində aktiv iştirak edirlər. Dövlət orqanlarının hər birində QHT-lərlə əməkdaşlıq yüksək səviyyədə qurulub. Ancaq təbii ki, onu da deməliyik ki, ölkəmizdə fəaliyyət göstərən QHT-lərin heç də hamısı bu cür deyil. Ürək ağrısı ilə bildirməliyik ki, ölkəmizdə elə QHT-lər var ki, onlar ya bilərəkdən, ya da özləri də bilmədən Azərbaycana düşmən olan xarici ölkələrə xidmət edirlər və təbii ki, burada erməni diasporunun da əli var. Mən inandırım ki, bu cür QHT təmsilçiləri bilsələr ki, hansı xidmətlə ölkəmizə nə cür zərbə vururlar və nəyin müqabilində bunları edirlər onda onlar özləri haqqında ən qəddar cəzanı verərlər, təbii ki, damarlarında əsl azərbaycanlı qanı axırsa!
- Sizin fəaliyyətiniz hansı istiqamətdədir?
- Hər bir QHT kimi bizim də məqsədimiz istiqamətimiz üzrə fəaliyyət göstərməkdən ibarətdir. Əhali arasında İnsan alverinə qarşı mübarizə üzrə maarifləndirmə işləri aparırıq. Bunun üçün Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ilə, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorla, Daxili İşlər Nazirliyinin aidiyyəti idarəsi ilə, dövlətimizə və dövlətçiliyimizə zərbə vurmayan beynəlxalq təşkilatlarla əməkdaşlıq edirik.
Hazırda QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Xaçmaz, Biləsuvar və Yevlax rayonlarında “İnsan alverinə qarşı mübarizədə maarifçiliyin rolu” adlı layihə həyata keçiririk. Deyək ki, layihə çox da uğurla davam edir və əhalinin marağına səbəb olub. Eyni zamanda DİN-in İnsan alverinə qarşı mübarizə idarəsi ilə birlikdə regionlarda təhsil ocaqlarında və s. ictimai yerlərdə maarifləndirici tədbirlərdə iştirak edirik. Ümumiyyətlə, bu cür layihələrin həyata keçirilməsinin çox böyük əhəmiyyəti var. Region əhalisinin informasiya qəbulu ilə paytaxtın əhalisinin informasiya qəbulu eyni ola bilməz. Buna görə də bu cür maarifləndirmə tədbirlərinin regionlarda həyata keçirilməsi daha məqsədəuyğundur.
- Bu istiqamətdə hansı işləri görübsünüz?
- İnsan Alverinə Qarşı Mübarizə Təşkilatı 2004-cü ildən dövlət qeydiyyatına alınıb. Yarandığı ilk gündən istər paytaxtda, istərsə də regionlarda maarifləndirmə tədbirləri həyata keçirir, konfranslar təşkil edir, maarifləndirici çap məhsulları nəşr etdirir, beynəlxalq tədbirlərdə iştirak edir və s. Biz hər zaman özümüzü çox xoşbəxt insanlar sayırıq ki, atdığımız hər bir addımda dövlətimizi, Vətənimizi, xalqımızı, Azərbayacan qanunvericiliyini düşünmüşük və ona uyğun addımlar atmışıq. Elə işlərdə adımız olmayıb ki, ordan dövlətçiliyimizə zərbə olsun. Təbii ki, hardasa nöqsanlar görmüşüksə, bunu aidiyyəti qurumlar qarşısında qaldırmışıq və həll olunmasına da şahid olmuşuq.
- İnsan alveri ilə bağlı Azərbaycanda hansı problemlər var?
- İnsan alveri ilə bağlı təkcə Azərbaycanda deyil, dünyanın hər bir yerində müəyyən problemlər olub, var və yəqin ki, yaxın bir neçə onillikdə də olacaq. Bilirsiniz, bu elə bir problemdir ki, bu problemdən qaçmaq olmur. Neçə əsrlərdir ki, bu cinayətkarlıqla mübarizələr gedir, ancaq tam olaraq heç bir yerdə bu problem aradan qalxmayıb. Bunun üçün gərək cəmiyyət tam olaraq bu problemlə bağlı maariflənmiş olsun. Bu mübarizə yalnız hüquq-mühafizə orqanlarının apardığı mübarizə ilə kifayətlənmir. Gərək cəmiyyətin hər bir üzvü bu mübarizədə də aktiv iştirak etsin, təbii ki, hərə öz fəaliyyət və səlahiyyəti çərçivəsində. Ölkəmizdə insan alveri cinayətkarlığına qarşı mübarizə sahəsində dövlət əlindən gələni edir, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator qətiyyətlə mübarizə aparır, QHT-lərlə sıx əməkdaşlıq edir, ildə bir neçə dəfə onlarla gürüşür, qaldırılan problemləri dinləyir və aidiyyəti qurumlara öz tapşırıqlarını verir. DİN-in İnsan alverinə qarşı mübarizə idarəsi apardığı uğurlu fəaliyyəti ilə ildən-ilə daha da müsbət nəticələr əldə edir. Cinayətkarlıqla mübarizə aparmaqla yanaşı, QHT-lərlə birlikdə maarifləndirmə tədbirlərində yaxından iştirak edir. Bu sahədə fəaliyyət göstərən QHT-lər uğurlu maarifləndirmə tədbirləri həyata keçirirlər və xüsusən də bu tədbirlər regionlarda olur ki, bu da region əhalisinin böyük əksəriyyətinin insan alveri cinayətkarlığı haqqında məlumatlı olmasına gətirib çıxarır. Bütün bunlar hamısı sistemli olaraq Azərbaycan dövlətinə, xalqına, Vətənimizə olan xidmətdir. Hər kəs cəmiyyətdə tutduğu vəzifəyə və səlahiyyətə uyğun olaraq öz fəaliyyəti ilə insan alverinə qarşı mübarizə aparır. O ki qaldı konkret olaraq sizin verdiyiniz suala, bəli, hazırda dünyanın hər yerində olduğu kimi, bizim ölkəni də insan alveri cinayətkarlığı narahat edir və bunun böyük bir problem olduğunu bildirir. Bu yaxınlarda Cinayət Məcəlləsində insan alveri ilə bağlı müddəalarda bəzi dəyişikliklər oldu. Belə ki, insan alveri ilə məşğul olan cinayətkarla bağlı cərimələr və cəzalar daha da sərtləşdi. Mənə elə gəlir, bu addım vaxtında və yerində verilmiş bir qərardır. Ümid edirik ki, bu dəyişiklik öz müsbət nəticəsini verəcək.
- Çıxış yollarını nədə görürsünüz?
- Çıxış yolu ancaq birlikdə mübarizə aparmaq, dövlətə və aidiyyəti qurumlara bu sahədə öz fəaliyyət istiqaməti üzrə dəstək göstərməkdir. Aidiyyəti qurumlar isə daha da qətiyyətli addımlar atmalıdır. Ən əsas da insanların insan alveri haqqında məlumatlı olmasıdır. Əgər insanların bu cinayətkarlıqla bağlı lazımi məlumatı olsa, onda insan alverçiləri heç kimi öz toruna sala bilməyəcək. Çünki insan alverinin qurbanları aldanaraq insan alverçilərinin toruna düşür. Əgər məlumatlı olsalar, aldanmazlar. Buna görə də maarifləndirmə tədbirlərini daha da artırmaq lazımdır və maarifləndirici reklamların, filmlərin çəkilməsi istiqamətində işlərin aparılması mütləqdir və vacibdir.
- Bəs siz QHT-lərlə əməkdaşlığa görə hansı dövlət orqanından razı və ya narazısınız?
- Konkret olaraq demək çox çətindir ki, hansı dövlət orqanından razıyıq, çünki biz əməkdaşlıq etmək istədiyimiz və müraciət etdiyimiz dövlət orqanlarından hər zaman müsbət cavab almışıq. Ancaq söhbət məhz insan alverinə qarşı mübarizə sahəsindəki əməkdaşlıqdan gedirsə, mən və mənim kimi bu sahədə çalışan bütün QHT-lərin sədrləri tam əminliklə deyə bilərik ki, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatordan tam olaraq razıyıq və hər zaman öz davranış, münasibət və qətiyyəti ilə hər birimizin rəğbətini qazanıb. Eyni zamanda Daxili İşlər Nazirliyini xüsusi qeyd etmək lazımdır. Rəhbərlik başda olmaqla, İnsan alverinə qarşı mübarizə idarəsi daxil olmaqla hər bir səlahiyyətli əməkdaş QHT-lərlə və qeyd olunan problemlə bizim arzuladığımız səviyyədə məşğul olurlar. İnsan alverinə qarşı mübarizə sahəsində fəaliyyət göstərən QHT-lərlə sıx əməkdaşılq edirlər. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası demək olar ki, hər il, insan alverinə qarşı mübarizə sahəsində maarifləndirmə tədbirləri həyata keçirilməsi üçün maliyyə vəsaiti ayırır və bu da ölkədə maarifləndirmə işinə böyük təkan verir. Beləliklə, biz insan alverinə qarşı mübarizə sahəsində istər cinayətkarlıqla mübarizə aparan, istərsə də maarifləndirmə tədbirlərinə dəstək göstərən hər bir dövlət orqanından QHT-lərlə normal münasibətinə və yüksək səviyyəli əməkdaşılığına görə razıyıq. Çünki heç bir zaman bizim təkliflərimizə və iradlarımıza laqeyd qalmayıblar. Hər zaman diqqətdə olmuşuq. Buna görə də hələki hansısa dövlət orqanından insan alverinə qarşı mübarizə ilə və əməkdaşlıqla bağlı narazılığımız yoxdur. Gələcəkdə nə zamansa belə bir hal olarsa, təbii ki, çəkinmədən narazı qaldığımız dövlət orqanının adını çəkəcəyik.
Fuad HÜSEYNZADƏ




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb
13.11.2018
Külli miqdarda siqareti yanacaq çənində gizlətdi
13.11.2018
Yeni ildə yaxınlarınıza İSMA Bikes hədiyyə edin
13.11.2018
“Azərçay” və “Bizim Tarla” Lənkəran “Çay, çəltik, sitrus festivalı“nda
13.11.2018
Sığorta şirkətinin yığımları 12 mln. manata çatdı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10459

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info