“Orta məktəblərdə mütləq “Azərbaycan mədəniyyəti” fənni tədris olunmalıdır”
Tarix: 07.05.2018 | Saat: 23:23:00 | E-mail | Çapa göndər


Vüsalə Məmmədzadə: “Əgər gələcək nəslin vətənpərvər kimi yetişməsini istəyiriksə, onlara uşaqlıqdan mədəni dəyərlərimizi öyrətməliyik”

Ölkədə təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlərlə bağlı mütəxəssislərin fikir və təklifləri çox önəmlidir. Bu, təhsilin inkişafına, gənclərin daha yüksək biliyə yiyələnməsinə imkan verər. Müsahibimiz Azərbaycan Turizm və Menecment Universitetinin baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüsalə Məmmədzadədir:
- Müasir qloballaşma dövründə təhsil sferası da çağırışlarla üzləşib. Hazırda ölkədə təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirləri necə qiymətləndirirsiniz?
- Son illər ölkəmizdə təhsil sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində əsaslı tədbirlər həyata keçirilib. Ölkə başçısının təhsil sistemində apardığı islahatlar nəticəsində ölkədə yeni məktəblərin inşası, məktəblərin yeni və müasir avadanlıqlarla təchiz edilməsi sahəsində xeyli iş görülüb və bu istiqamətdə əsaslı uğurlar qazanılıb. Dövlət başçısı dəfələrlə bildirib ki, Azərbaycanda bir dənə də olsun köhnə məktəb qalmayacaq. Doğrudan da, son dövrlərdə təkcə paytaxt Bakıda deyil, ölkəmizin bütün regionlarında yeni məktəblər inşa edilir, köhnə məktəblərə yeni korpuslar tikilir, məktəblərimiz öz simasını dəyişərək Avropa standartlarına uyğunlaşdırılır. Bu gün Azərbaycanda məktəb tikintisi prioritet sahələrdən biridir və bu sahədə bir neçə Dövlət Proqramı qəbul olunub.
Məktəblərin infrastrukturunun yeniləşdirilməsi sahəsində birbaşa Heydər Əliyev Fondunun təşəbbüsü olub. Fondun təşəbbüsü ilə xeyli sayda yeni məktəb, uşaq bağçası, uşaq evi, internat məktəbi binası tikilib istifadəyə verilib, köhnə məktəblər əsaslı təmir və bərpa olunub, müasir avadanlıqlarla təchiz edilib. Son dövrlərdə Bakı Təhsil İdarəsinin tabeçiliyində olan məktəblərin uğurları, nailiyyətləri ilə də tez-tez qarşılaşıram. Məsələn, istedadlı şagirdlərin tez-tez sərgilərinin nümayişi olur, hansı ki, burada təsviri incəsənət, dekorativ-tətbiqi sənət, floristika, fauna, elmi texniki və dizayn sahələrindən ibarət əl işlərinin nümayişi sənətşünaslıq sahəsinin mütəxəssisi kimi məni məmnun edir. Daha sonra bu yaxınlarda sosial şəbəkələrdə maraqla izlədiyim Heydər Əliyev parkında “Oxu günü” kimi təşkil olunan, “Gəlin birgə oxuyaq!” şüarı altında keçirilən paytaxtın 40-dan artıq ümumtəhsil məktəb və liseyinin şagirdləri, məktəbdənkənar təhsil müəssisələrində məşğul olan uşaqların müxtəlif təqdimatlarla çıxış etmələrini, yeniyetmə və gənclər arasında mütaliəyə marağı artırmaq, oxu vərdişlərinin inkişafının motivasiya olunmasında əvəzsiz rolu olan tədbirlərdən biri kimi hesab edirəm. Bu kimi tədbirlərin mütəmadi olaraq davam etməsini həm valideyn, həm də ali təhsil məktəbinin müəllimi kimi dəstəkləyirəm. Daha sonra məntiq yarışlarının mütəmadi olaraq keçirilməsini və bu yarışlarda xeyli sayda şagirdin iştirakını orta məktəblərin uğurlarından hesab etmək olar. Son illər tez-tez qarşılaşdığım, sevindirici hadisələrdən biri də istər orta, istərsə də ali məktəb məzunlarının Avropanın və Amerikanın tanınmış universitetlərinə daxil olması xəbərləridir. Bu yaxınlarda xəbərlərin birində oxudum ki, Bakı məktəblisi İlkin Bayramlı yüksək bal toplayaraq Harvard Universitetində tam təqaüdlə təhsil almaq imkanı əldə edib. İstedadlı məktəbli topladığı balla Harvarddan əlavə, Amerikanın Kolqeyd, Çexiyanın Çarles və digər tanınmış universitetlərdə tam təqaüdlə təhsil almaq şansı qazanıb. Bu kimi uğurlu hadisələri təhsilin inkişaf istiqamətində aparılan nailiyyətlərindən hesab etmək olar. Lakin, bununla yanaşı, əsasən də bölgələrimizdə olan məktəblərin əksəriyyətində təhsil sistemi ilə bağlı bəzi problemlər var. Güman edirəm ki, yaxın gələcəkdə həmin məktəblərdə olan problemlər aradan qaldırılacaq (məsələn: coğrafiya ixtisası almış müəllimin ədəbiyyat, tarix fəninin tədris etməsi və yaxud da ibtidai sinif müəllimi kimi işləməsi hallarına rast gəlinməsini mövcud problemlərdən hesab etmək olar).
- Bir sıra inkişaf etmiş ölkələrin orta məktəblərində həmin ölkənin mədəniyyəti ilə bağlı ayrıca fənn tədris olunur. Bu gün bizim məktəblərdə buna ehtiyac varmı?
- Bu gün bizim məktəblərdə buna çox ehtiyac var. Belə ki, orta məktəblərdə mütləq “Mədəniyyət nəzəriyyəsi” “Azərbaycan mədəniyyəti” fənləri tədris olunmalıdır. Bu fənlər tədris olunsa, ən azından uşaqlar mədəniyyət anlayışından bixəbər olmazlar. Mədəniyyət bütün elmlərin açarıdır. Mədəniyyət anlayışı dedikdə əgər orada elm, təhsil, din, əxlaq varsa, deməli, bu fənnin orta məktəblərdə tədris olunması gələcək nəslin doğru, dürüst inkişafı və rifahı naminə labüddür. “Azərbaycan mədəniyyəti” fənninin tədris olunmaması orta məktəbdən şagirdlərimizin ölkəsinin zəngin tarixi mədəni irsindən bixəbər olmaları, öz vətəninin mədəniyyətindən daha çox, başqa xalqların mədəniyyətlərinə maraqlarının artmasına gətirib çıxarır ki, bu da şagirdlərə vaxtında mədəniyyətimizin doğru aşılaya bilməməyimizə gətirib çıxarır. Əgər gələcək nəslin vətənpərvər kimi yetişməsini istəyiriksə, onlara uşaqlıqdan mədəni dəyərlərimizi öyrətməliyik.
- Təhsilin uşaq və gənclərin mənəvi inkişafında rolunu necə dəyərləndirirsiniz?
- Təhsil, uşaq və gənclərin fikir və düşüncələrinin, həyata baxışlarının formalaşmasında, dəyişməsində müstəsna rol oynamaqla bütün cəmiyyətin şüurunda dəyişiklik yaratmaq gücünə malik olan bir sahədir.
Gələcək nəsillərin şəxsiyyət kimi formalaşmasında və inkişafında təhsilin rolu əvəzsizdir. Təhsilin səviyyəsinə, keyfiyyətinə uyğun olaraq cəmiyyət formalaşır. Bu gün ölkəmizin mədəniyyət siyasətinin əsas hədəflərindən birincisi təhsil sahəsində aparılan mədəni islahatlar olub ki, bu da gələcəyin işıqlı olması üçün düşünülmüş addımlardan biridir.
- Son vaxtlar ali məktəblərə yüksək balla daxil olan abituriyentlərin sayı getdikcə artır. Ali məktəbə daxil olduqdan sonra gənclər təhsilini bu cür davam etdirirmi?
- Bəli, doğru qeyd etdiniz, son 4-5 ildə ali məktəblərə yüksək balla daxil olan tələbələrin sayı xeyli artıb. Hər il tədris ilinin ilk semestrində auditoriyaya daxil olanda tələbələrə ilk verdiyim sual “Neçə balla daxil olmusunuz? Hansı orta məktəbi bitirmisiniz?” olur. Demək olar ki, ən yüksək bal toplayan tələbələrin əksəriyyəti Bakı şəhər orta məktəblərinin məzunları olurlar. Təbii ki, bu siyahıya bəzi bölgələrimizdən olan orta məktəblər də daxildir. Bu tələbələrin əksəriyyəti, necə ki, orta məktəblərdə uğur qazanırlar, eləcə də təhsillərini ali məktəblərdə bu cür davam edirlər. Təəssüf ki, bu tələbələrin arasında yüksək balla ali məktəbə daxil olub, çox sayda kəsirlərlə kursda qalanlar da olur. Buna səbəb odur ki,bəziləri yanlış olaraq düşünürlər ki, önəmli olan ali təhsili qazanmaq, onu qazandıqdan sonra istənilən yerdə işləyib rahatlıqla pul qazanıb arzularını gerçəkləndirə bilərlər. Həmin tələbələr bir müddətdən sonra, gec də olsa, yanlış düşündüklərini dərk edirlər.
- Hazırda təhsil ocaqları müasir texnologiyalarla təmin edilib. İKT-dən istifadə təhsil imkanlarının genişlənməsində hansı rol oynayır?
- XXI əsr texnologiya əsri kimi qeydə alınıb. İKT ən geniş yayılmış sahədir. Müasir dünyada insanların ən yaxın dostu olan kompüter texnologiyası, o cümlədən internetin insanlara təsiri ilə bərabər təhsilə, mədəniyyətə və s. təbəqələrə də təsiri danılmazdır. Diqqət etsək görərik ki, yaşlı nəsildən olanlar bildirirlər ki, kompüterin təhsilə xeyrindən çox zərəri vardır. Təbii ki, bu insanlar Sovet dövründə təhsil alanlardandır ki, hələ də Sovet təhsil sistemini dəstəkləyirlər. Orta və gənc nəsildən olanlar isə kompüterin təhsildə daha çox faydalı olduğunu düşünürlər. Əslində, mən də düşünürəm ki, kompüter texnologiyası təhsil sahəsində istifadə edilməyə başladıqdan sonra bir sıra yeni metodlar ortaya çıxıb və dərslərin tədrisinə müsbət təsir göstərir.
Artıq bir neçə ildir ki, ölkəmizin təhsil sahələrində kompüter texnologiyasından geniş istifadə edilməyə başlanılıb. Azərbaycanın Avropaya inteqrasiyasından sonra bu sahədə işlər daha da gücləndirildi. Bu, təxminən 15-18 ilə yaxın bir dövrü əhatə edir. İlk əvvəllər insanlarda kompüter sahəsində çox az biliklər var idi. Artıq illər keçdikcə bu sahədə geniş biliklər əldə edilməyə başlandı və bir çox nailiyyətlər əldə olundu.
Yaşadığımız dövrdə kompüter texnologiyasının təhsildə rolu çox genişdir. Beləliklə, dünyada, o cümlədən Azərbaycanda istər universitetlərdə, istərsə də orta məktəblərdə və digər təhsil ocaqlarında artıq bir çox dərslər kompüterlə idarə olunur. Bu sahədə ilk vasitə kimi internetdən istifadə olunur. Mənim özüm də ali təhsil məktəbinin müəllimi kimi 2006-cı ildən bu günə qədər tədris etdiyim fənlərin hər birini tələbələrə kompüter texnologiyaları vasitəsilə çatdırıram. Məsələn, Dünya mədəniyyəti, İncəsənət tarixi, Dünya memarlıq tarixi, Dünya muzeyləri və s. kimi fənləri tələbələrə audio-vizual təqdimatı olmadan necə çatdırmaq olar? Eləcə də tədris olunan fənlərin istər mühazirələri, istərsə də tezisləri elektron şəklində semestrin əvvəlində tələbələrə təqdim olunur.
Onu da əlavə edim ki, son illərdə daha çox internetə girişi olanların Azərbaycanda oturmaqla dünyanın bir çox ölkələrinin tələbələri, müəllimləri ilə söhbət imkanları olur. Bundan başqa, ehtiyacı olan kitabı oxumaq imkanı, dünya kitabxanalarına pulsuz baxış, istənilən informasiyanı tapmaq imkanı və s. imkanları var. İstənilən cəhətdən kompüterin-internetin təhsilə çox müsbət təsiri var. Bu gün müəllimlər tələbələrini internetdən bilik axtarmağa yönəldirlər. Bu, həmçinin tələbələrə də rahatdır. Məsələn, bir tələbə gedib kitabxanada axtaracağı kitabı evdə oturaraq internet vasitəsilə əldə edir. Bu həm tələbənin vaxtına qənaət edir, həm də maddi cəhətdən sərfəlidir. Amma, bəzən internetdən istənilən informasiyanı tapmaq mümkün olmur.
- Bu gün istər orta, istərsə də ali məktəb tələbələrinin bir çoxunun vaxtlarının əksər hissəsini kompüter, telefon kimi müasir texnologiyalara sərf etməsi, onların təhsildən yayınmasına gətirib çıxarmırmı?
- Bir az öncə İKT-nin təhsil sahəsinə verdiyi müsbət cəhətlərini sadaladım. Əslində, bundan doğru istifadə etməyi bacara bilməyən istər orta məktəb şagirdləri, istərsə də ali təhsil məktəblərinin tələbələri var. İnternetin əyləncəli saytlarından saatlarca ayrıla bilməyib günlərini boşuna keçirib, internetə əyləncə vasitəsi kimi baxanların sayı da az deyil. Bu da gənclərimizin psixologiyasına mənfi təsir göstərir, onların cəmiyyətdə aqressiv, xoşagəlməz və neqativ addımlar atmasına səbəb olur. Bunu son dövrlər istər orta, istərsə də ali məktəblərdə tez-tez müşahidə edirik.
- Orta məktəbdə baş verən hər hansı neqativ hadisəyə görə, sizcə, təhsil müəssisəsi, yoxsa valideyn məsuliyyət daşıyır?
- Hansısa orta məktəbdə baş verən neqativ hadisəyə görə, ümumilikdə, təhsil müəssisələrini hədəfə almaq nə hüquqi, nə də mənəvi ölçüyə sığır. Qeyd edək ki, orta məktəblərdə şagirdlərlə bağlı üzə çıxan bəzi xoşagəlməz faktlara görə təhsil müdiri hədəfə alınır. Hesab edirəm ki, uşağın təlim-tərbiyəsi təkcə məktəb mühiti ilə bitmir. Bu bir reallıqdır ki, hər bir uşağın, yeniyetmənin tərbiyəsinin formalaşmasında birinci ailənin üzərinə əsas məsuliyyət düşür. Burada, ilk növbədə valideyn məsuldur. Uşaq gününün 4-5 saatını məktəbdə olur, qalan vaxtı ailəsi ilə keçirir. Təəssüf ki, bizdə, bəzən hər şeyin məktəbdən asılı olduğunu deyirlər. Orduda da bu belədir. Məktəb, ordu müxtəlif tərbiyələrin, xarakterlərin daşıyıcısı olan ailələrin övladlarından ibarətdir. Müxtəlif dünyagörüşlü, müxtəlif xarakterli insanlara birgə nəzarət asan məsələ deyil. Hansısa uşağın əxlaqı ilə bağlı problem yaranıbsa, buna məktəb, yaxud müəllim nə edə bilər? Hesab edirəm ki, hər kəs öz övladının tərbiyəsi ilə xüsusi məşğul olmalıdır. Onların orta məktəbdə törətdiyi hər hansı bir yersiz hərəkətə görə məsuliyyəti müəllimlərin üzərinə atmaq düzgün deyil. Gəlin müəllimlərə qarşı ədalətsiz yanaşmayaq.

Nigar Abdullayeva







 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info