Səfir Kvelle geri çağırılıb
Tarix: 07.06.2013 | Saat: 00:06:00 | E-mail | Çapa göndər


Merkel Azərbaycana dostluq əlini uzadır

Rəsmi Berlin Azərbaycandakı səfiri Herbert Kvelleni geri çağırır. Cənab Kvelle diplomatik korpus tarixində Azərbaycan hökuməti ilə açıq mübarizə aparan üçüncü səfirdir. Nəticə göz önündədir - alman səfirinin mövqeyi və fəaliyyəti iki dövlət arasındakı münasibətlərə təsir göstərib. Özü də ki, necə...

Harnişdən Kvelleyə qədər
Azərbaycan bu praktika ilə artıq iki dəfə üzləşib. Səfir H.Kvellenin tarixçəsi ABŞ-ın keçmiş səfiri Rino Harnişin əhvalatından az fərqlənir. 8 il qabaq Harniş də öz hökumətinin iradəsinin əleyhinə gedərək “fərhadçılar” dəstəsi ilə möhkəm ittifaqa girmişdi. Bu tarixçə həmçinin Norveçin səfiri Steynar Gilin səs-küylü və kədərli hekayəsini xatırladır. Adıçəkilən hər iki keçmiş diplomatın əməlləri ABŞ və Norveçlə münasibətlərdə uzun müddət davam edən siyasi böhrana səbəb olmuşdu. Həm Harnişdən, həm də Gildən sonra gələn səfirlər iki ölkənin münasibətlərindəki problemləri aradan qaldırmağa xeyli əmək sərf etməli oldular...
O vaxtdan etibarən səfirin öhdəlikləri və onun ölkənin daxili məsələlərinə qarışmaq hüququnun ölçüsü barədə qızğın mübahisələr başladı. Cansıxıcı suallar atəşinə tutulan səfirlər Venesiya Konvensiyasına müraciət etdilər və real politics-in tələblərinə görə, məsələyə heç də aidiyyəti olmayan fundamental insan hüquqlarını müzakirəyə çıxardılar.
Bəs H.Kvellenin fəaliyyətində Azərbaycan hakimiyyətini qane etməyən məqamlar hansılar idi? Ta 2010-cu ilə qədərki dövrdə Azərbaycanın daxili problemlərinə tamamilə biganə olan, hətta insan haqları kimi həssas mövzuya da laqeyd yanaşan Almaniya səfirliyi uzun letargiya yuxusundan sonra qəfildən “ayıldı” və səfir Kvellenin timsalında Azərbaycan hakimiyyətinin başlıca tənqidçisinə çevrildi. Əgər Almaniya səfirliyi, eləcə də səfiri, bir anqlo-sakson elçisi olaraq və ya ən pis halda Fransa səfiri Qyunyutun dövründə olduğu kimi (fransızlar bir qayda olaraq insan haqlarına, xüsusilə də jurnalistlərə biganə qalmırlar) ölkənin siyasi problemlərinə həssas yanaşsaydı, çətin ki rəsmi Bakı sərt reaksiya verərdi. Lakin əvvəllər daha çox iqtisadi əməkdaşlığa maraq göstərən Almaniya səfirliyi birdən-birə problemlər haqqında danışmağa başladı. Bəs bir anda nə dəyişdi? Rəsmi Berlinin siyasətimi? Axı dünyanın hər yerində strateji tərəfdaşlığı genişləndirən, hətta teokratik imperiyalarda da öz iqtisadi mövcudluğunu gündən-günə gücləndirən Merkel hökuməti bu ölkələrdəki siyasi rejimlərin mahiyyəti haqqında heç vaxt danışmır! Almaniya nə Finlandiya, nə də ki İsveç deyil ki, siyasi sentimentallığa qapılıb Azərbaycanda öz iqtisadi maraqlarını təhlükə altında qoysun. Finlandiya və İsveçi başa düşmək olar, çünki onların Azərbaycanda strateji maraqları yoxdur.
Almaniya isə Azərbaycan kimi ölkələrlə münasibətlərində öz strateji maraqlarını heç vaxt əsassız yerə təhlükə altında qoymazdı. Deməli, nəsə qaydasında deyildi...

Bəs, bu kimə lazım idi?
Ənənəvi alman sualı ilə desək, Merk el hökumətinəmi? Çətin! Almaniyanın biznes elitasınamı? Buna yalnız sadəlövh adamlar inanar. Bəs onda niyə Almaniya 2010-cu ildə Azərbaycanla bütün münasibətləri korladı? “Eurovision” mahnı müsabiqəsi ilə bağlı informasiya və təbliğat imkanlarının genişlənməsindən istifadə edib Əliyev hakimiyyətinə qarşı total hücuma keçdi?
“Nə Almaniya cəmiyyəti, nə də elitası Azərbaycan haqqında demək olar ki heç nə bilmir” -deyə Bundestaqın insan hüquqları üzrə ekspertlərindən biri Hayko Lanqer mənimlə söhbətdə dedi. “Əgər belədirsə, nə üçün Almaniya KİV-lərində Berlində bu qədər az tanınan bir ölkəyə qara yaxırlar” dedim. Aparıcı ekspert çiyinlərini çəkdi. “Eurovision” mahnı müsabiqəsi ərəfəsində alman mətbuatında Azərbaycanla bağlı 400-dən çox tənqidi, bəzən hətta qərəzli məqalə dərc edilmişdi. Halbuki almanların böyük əksəriyyəti bu ölkənin harada olduğunu heç xəritədən də müəyyən edə bilmirlər. Görünür, burada başqa motivlər axtarmaq gərəkdir. Görünür, Almaniya hökuməti də öz səfirinin fəaliyyətinin ağır nəticələr verdiyini, nəhayət ki, anlayıb. Səfir H.Kvelle öz ambisiyalı layihələrinin gerçəkləsməsi naminə iki ölkəni yaxınlaşdıra biləcək ən əsas amili - iqtisadi maraqları təhlükə altında qoydu. Bununla da o, Almaniya-Azərbaycan tərəfdaşlığının qəbirqazanına çevrildi. Görünür, bunu Berlində də başa düşüb, xidməti araşdırma aparıb və nəhayət ki, səfirin avantürist siyasətinin bütün mənfi nəticələrini anlayıblar. Axı Avropa siyasətinin lideri olan Almaniyada da başa düşürlər ki, Azərbaycanla əməkdaşlıq olmasa, almanların bu regionda nüfuzunun güclənməsindən söhbət gedə bilməz. Berlində məhz bunu anladıqları üçün H.Kvelleni geri çağırmağı qərara alıblar.

London üsulu ilə
Almaniya təqribən bir ay əvvəl anqaje olunmuş “Sing for Art” layihəsinin dəstəyi ilə axmaq avantüraya cəlb olunmuş səfiri Piter Beytməni cəzalandıran Londonu özünə nümunə götürdü.
“Sing For Art” layihəsinin müəllifləri Almaniya səfirinin və bu yaxınlarda baş tutan “Eurovision”un köməyi ilə uğurlu siyasi texnologiya-“Sing for Democracy” layihəsini həyata keçirdilər. Azad incəsənətə dəstək adı altında praktiki olaraq təbliğat və ideoloji qərargah yaratdılar ki, həmin qərargah bütün gücünü Azərbaycan hökuməti və Prezidentinin dünya mətbuatında nüfuzdan salmağa yönəltdi. Daha dəqiq desək, yeni kampaniyanın təşkilatçılarının niyyəti, Bakıda böyük bayram ərəfəsində KİV-lərdə Prezident Əliyevi hədəfə alan qərargahı yaratmaq idi ki, belə də oldu. Belə bir planı prezident seçkiləri ərəfəsində də həyata keçirməyə qərar verdilər. Yenə də Azərbaycanı nüfüzdan salmaq istədilər... Həmin şəxslər, həmin texnologiya, həmin tapşırıqlar... bu layihəyə rəhbərliyi Piter Beytman öz üzərinə götürdü. Ancaq Dauninq-stritdə də Azərbaycanda Britaniyanın maraqlarına qarşı təhlükənin böyüklüyünü anladılar, təcili olaraq səfiri geri çağırdılar və pərdəarxası danışıqlar yolu ilə artıq baş qaldırmış münaqişəni yoluna qoydular. Berlin də London kimi müdriklik göstərərək səfiri Kvellenin sayəsində Azərbaycan hökuməti ilə Almaniya arasında yaranmış konfrantasiyadan imtina etdi. Və bu gün, son 3 ildə ilk dəfə olaraq Merkel və Əliyev hörümçək torundan qurtulmaq, anlaşılmazlıqlara son qoymaq üçün şans qazandılar. Almaniya Azərbaycana kapital qoymaq və öz siyasi təsir gücünü artırmaq şansını yenidən bərpa etdi. Əminliklə deyə bilərik ki, yeni səfir Bakıda Berlinin xoş niyyətini yerinə yetirmək missiyası ilə gələcək və dövlətlər arasında qarşılıqlı anlaşma çərçivəsində yeni səhifələr açılacaq. Belə görünür ki, qarşıdurmalar artıq arxada qalıb.
Almaniyanın yeni səfiri qarşısında duran vəzifələr öz missiyasını uğurla yerinə yetirən Norveç səfiri Erlinq Şensberqin vəzifələrinin eynisidir. Keçmiş səfir Gilin “xidmətləri” sayəsində Norveçlə Azərbaycan arasında yaranmış böhranın həlli ilk baxışdan mümkünsüz, kifayət qədər dərin görünsə də, Erlinq Şensberq bu çətin missiyanın öhdəsindən gələ bildi. O, situasiyanı xilas edərək Bakı ilə əvvəlki xoş münasibətləri bərpa etdi. Bu gün Norveçlə Azərbaycan biri-birilərini bir işarədən başa düşürlər. Almaniya ilə də əlaqələrin yeni mərhələyə qədəm qoyacağı günə az qalıb. Proses başlayıb belə....

Amma tarixə qayıdacağıq
Azərbaycanda öz ölkəsinin nüfuzunu qaytarmağa çalışan yeni təcrübəli alman diplomatına müvəffəqiyyət arzulamazdan əvvəl səfir Kvellenin harada və nədə səhv etdiyinə nəzər yetirək?
2010-cu ilin ortalarınadək reytinqli dünya agentlikləri və alman KİV-i Azərbaycan və Almaniya arasında əməkdaşlığı xüsusi qeyd edirdi. Almaniyanın hökumət dairələrinə yaxın “Salans” beynəlxalq hüquq şirkəti, DAF və başqa agentliklər dünyanın bir çox ölkələrində ümumdünya iqtisadi nəticələrini təhlil edərək, iqtisadi böhrandan az zərər çəkən Azərbaycana istiqamət alıblar. Onlar alman kapitalını məhz buraya yatırmağı üstün tutublar, çünki bu halda risk də minimal olacaq. İxrac kreditlərinin sığortası üzrə ixtisaslaşmış aparıcı dünya sığorta şirkəti “Euler Hermes” Azərbaycanla iqtisadi əməkdaşlığı genişləndirməyə çalışır.
Merkel hökumətinin təşəbbüsü ilə Azərbaycanda ixracat əməliyyatlarının artırılması məqsədi ilə Avropa Birliyi Azərbaycanda humanitar layihələrin hazırlanmasına subsidiya ayırıb. Onlardan biri kənd təsərrüfatı sahəsində peşə savadını artırmaq üçün nəzərdə tutulan “Tvining” layihəsidir. Bu layihənin Azərbaycan Təhsil Nazirliyi ilə birgə reallaşdırılması üçün Avropa Birliyi 1 milyon 200 min avro ayırıb. Layihə Almaniyanın Azərbaycandakı səfirliyi tərəfindən dəstəklənib. Layihənin rəhbəri Herbert Ştrobel olub.
Amma H.Ştrobelin və səfir Kvellenin günahlarına görə layihə reallaşmadı və planlar elə kağız üzərində qaldı. Səfir Kvellenin Azərbaycan hökuməti ilə ziddiyyəti məhz bu reallaşmayan layihədən başlayır. Hərçənd bu layihənin iflasa uğramasında Kvelle ilə Ştrobelin özü maraqlı idi - bu həyata keçirilməmiş “milyonluq” layihənin iflası deməkdir. Daha doğrusu, layihənin başçısı və səfir qəsdən hökumətlə ziddiyyəti dərinləşdirərək və dövlət məmurları ilə yaranmış şəxsi münaqişəni siyasiləşdirərək, sadəcə Herhard Şrederin ənənələrini davam etdirmiş oldular!
İlk toqquşma 2012-ci ilin yanvarında Berlində Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə təşkil edilmiş konfransda Ştrobelin gözlənilməz ifadə ilə Azərbaycan nümayəndələrini təhqir etməsi ilə baş verib. İqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov hücum edən almanın cavabını verib və bununla deyişmə sona çatıb. Maraqlıdır ki, Azərbaycan məmurları ilə Kvelle-Ştrobel duetinin toqquşmasında, “Bakı layihəsi”nin iflasında alman tərəfini ittiham edən Almaniyanın “Haynsler” şirkətinin prezidenti Azərbaycan tərəfini dəstəkləyib.
Nəticədə səfir Ştrobellə birgə 2012-ci ilin avqustunda qurtaracaq layihənin cəld keçən ilin aprelində bitdiyini elan edir. Avropa Birliyinin büdcəsindən ayrılmış 1 milyon 200 min avronun yox olması ritorik sual olaraq qalır. Layihə bitməyib, heç nə yerinə yetirilməyib. Amma Avropa Birliyinin pulu hələ də Avropa xəzinəsinə geri qaytarılmayıb. Səfir Kvelle Azərbaycan-alman ticarət palatası (DAF) ilə birgə “Avropa qrantı”nı tam mənimsəmək üçün Almaniya hökumətini və reytinqli agentlikləri Azərbaycanla əməkdaşlığı kəsməyə inandırmağa çalışaraq Almaniyada aktiv şəkildə antiazərbaycan təbliğatı aparıb. Məhz səfir Kvelle ilə Alman-Azərbaycan ticarət palatasının rəhbəri Şloyderin təşəbbüsü və onların tövsiyələrinə əsasən artıq 2012-ci ilin mayında alman bankları Azərbaycana kreditlərin verilməsini dayandırıb. Bununla yanaşı, aparıcı alman KİV-i də antiazərbaycan kampaniyasına qoşulub, Merkel hökumətini Azərbaycanla iqtisadi əməkdaşlıqdan imtina etməyə inandırmaq üçün səfir və palatanın rəhbəri hər şeyi onlardan asılı vəziyyətə salıb. Antiazərbaycan kampaniyası üçün alman KİV-inə ticarət palatasından kifayət qədər vəsait ayrılıb.

Səfirin uğursuzluğu
Beləcə mənasız, demək olar ki, əhəmiyyətsiz formal səbəblərdən, şəxsi ambisiya və maraqları, hətta təkcə öz mənfəəti üçün deyil, hansısa bir korporativ alman qruplaşmasının maraqları üçün səfir H.Kvelle öz hökumətini çaşdıraraq iki dövlətin münasibətlərini korlayıb. Herbert Kvelle öz hesablamalarında səhv edib, çünki o güman edirdi ki, təbliğat kampaniyasından sonra Azərbaycan hökumətinin nümayəndələri onunla danışıqlar aparacaq və ümumi dil tapmağa çalışacaqlar, kobud desək, təzyiqi dayandırmaq üçün razılaşmağa məcbur olacaqlar. Amma bunu anlamaq çətin deyil, çünki İlham Əliyev və onun komandası danışıqlar üçün heç bir halda təzyiq, ultimatum və müqaviməti qəbul etmir. Azərbaycan hökuməti gücləri və imkanları öz potensialından dəfələrlə böyük olan rəqiblə əsl qarşıdurmaya girişir.
Almaniya hökuməti faktiki olaraq öz səfirini ələ verdi. Ondan boyun qaçırdı. Öz ambisiyaları üçün çalışan səfir məğlub oldu.
Söz Berlində idi. Merkel hökuməti araqarışdıran səfiri geri çağırdı və dövlətlərin barışığı üçün addım atdı. İndi söz Əliyev hökumətindədir.
Eynulla FƏTULLAYEV
“Haqqin.az”




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Prezident İlham Əliyev: Azərbaycan üçün Belarus mehriban dost və etibarlı tərəfdaşdır
20.11.2018
Azərbaycan və Belarus arasında hərbi-texniki əməkdaşlığın kifayət qədər böyük həcmləri və genişlənməyə yaxşı meyli var
20.11.2018
Belarus və Azərbaycan həmişə etibarlı və strateji tərəfdaş olaraq qalacaqlar
19.11.2018
Qanunsuz aksiyalar heç bir ölkədə məqbul sayılmır
19.11.2018
Bu tarixi bilmək lazımdır və ya keçmişin dərsləri

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info