Uşaqları küçə həyatı yaşayan valideynlər cəzalanacaqlar
Tarix: 07.06.2013 | Saat: 14:50:00 | E-mail | Çapa göndər


Beynəlxalq Miqrasiya Təşkilatı "İnsan alverinə qarşı mübarizə aylığı" çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Milli QHT Forumu ilə birgə "İnsan alverinin qarşısının alınması kontekstində uşaq baxımsızlığının və hüquq pozuntularının aradan qaldırılması üçün proqramların hazırlanmasına beynəlxalq dəstək" mövzusunda dəyirmi masa keçirdi.

Valideyn məsuliyyətinin artırılması ilə bağlı
qanunvericilik paketi hazırlanıb


Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin proqram əlaqələndiricisi Səltənət Məmmədova uşaqların baxımsızlığına şərait yaradan səbəb və hallar, onların aşkar edilməsi və aradan qaldırılması, insan alverinin qurbanı olmuş və ya potensial insan alveri qurbanı olan uşaqlara yardımın təkmilləşdirilməsi, uşaq baxımsızlığının və hüquq pozuntularının profilaktikası üzrə sosial, hüquq və pedaqoji tədbirlər proqramının hazırlanması və həyata keçirilməsi məsələlərinin önəmli olduğunu bildirdi.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva Azərbaycanda uşaqların müdafiəsi ilə bağlı həyata keçirilən Dövlət proqramları barədə məlumat verdi. Onun sözlərinə görə, bu sahədə qanunvericilik bazası var və zaman keçdikcə təkmilləşdirilir: “Bu gün əsas məsələ profilaktika istiqamətində işlərin görülməsidir ki, komitə dövlətin uşaq siyasətini həyata keçirən bir qurum olaraq bu istiqamətdə iş aparır”. A.Sofiyeva qeyd etdi ki, Nazirlər Kabineti yanında Uşaq hüquqları ilə bağlı Komissiya da fəaliyyət göstərir. Uşaq baxımsızlığı və hüquq pozuntularının aradan qaldırılması istiqamətində görülən işlərdən danışan sədr müavini bildirdi ki, əsas vacib məsələlərdən biri uşaqlar arasında maariflənmənin aparılmasıdır. Valideyn məsuliyyətsizliyinə də toxunan A.Sofiyeva qeyd etdi ki, ümumiyyətlə, uşaqlarla bağlı bütün problemlərin kökündə valideyn məsuliyyətsizliyi müşahidə edilir: “Valideyn məsuliyyətinin artırılması istiqamətində Dövlət Komitəsi tərəfindən qanunvericilik paketi hazırlanıb və müvafiq qurumlara təqdim olunub. Müvafiq dövlət qurumlarının, QHT-lərin nümayəndələrinin iştirakı ilə Monitorinq Qrupu yaradılıb, regionlarda monitorinq aparılıb və müvafiq təkliflər hazırlanır".

Uşaqlar məhz internet, sosial şəbəkələr vasitəsilə qurbana çevrilirlər


A.Sofiyeva bildirdi ki, hazırda ən vacib məslələrdən biri kimi internet təhlükəsizliyi ilə bağlı işlər aparılmalıdır. AQUPDK uşaqların internet təhlükəsizliyi ilə bağlı təkliflər hazırlayır: "Bu gün uşaqlar məhz internet, sosial şəbəkələr vasitəsilə qurbana çevrilirlər. Burada söhbət internet klublarda vaxtını çox keçirən uşaqlardan gedir. Uşaqların internet klublara cəlb olunması, uşaqların erkən yaşda nikaha cəlb edilməsi ciddi problemdir. Burada valideynlərin məsuliyyətini xatırlatmaq, bu istiqamətdə maarifləndirmə işlərinin aparılması vacibdir". A.Sofiyeva internet təhlükəsizliyi ilə bağlı monitorinqlərin keçirildiyini də bildirdi: "Toplanan materialların araşdırılması aparılır. Bu araşdırmanın nəticələri əsasında təkliflər hazırlanacaq. Dövlət Komitəsi bu sahədə Türkiyə təcrübəsini də öyrənir. Dövlət Komitəsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə də əməkdaşlıq edir". A.Sofiyeva uşaqlarla bağlı problemlərin həllinə QHT-lərin cəlb edilməsini vacib saydığını bildirdi. Onun sözlərinə görə, bəzən QHT-lər uşaq hüquqlarının müdafiəsi ilə bağlı qrantlar alır, ancaq bu maliyyəni səmərəli xərcləmir, yerli icra qurumları ilə əməkdaşlıq etmirlər.
Bildirildi ki, bu gün küçə uşaqları ilə bağlı iş aparılmalıdır. Ümumiyyətlə, dövlət tərəfindən uşaqlarla bağlı mövcud problemlərin həlli istiqamətində mühüm işlər görüldüyünü deyən A.Sofiyeva bildirdi ki, bununla yanaşı, cəmiyyətdə adekvat cavab olmasa çətin olacaq: Məsələn, bəzi küçə uşaqları aşkarlanıb ailələrə verilir ki, sonra yenə həmin uşaqları küçədə görürük. Yaxud valideynlər erkən yaşda nikaha cəlb edirlər. Bununla yanaşı vacib məsələlərdən biri reabilitasiya mərkəzlərinin yaradılmasıdır ki, ƏƏSMN tərəfindən bu mərkəzlərin qurulması istiqamətində iş aparılır. Bu gün regionlarda 11 ailə və uşaqlara dəstək mərkəzlərimiz fəaliyyət göstərir. Bu mərkəzlərdə risk qrupundan, müəyyən sosial problemləri olan ailələrlə iş aparılır. Bu da mövcud problemin prafilaktikası məslələrində vacib məsələlərdir”. Erkən nikahlarla bağlı təklifimiz var ki, cinayət məcəlləsində xüsusilə valideynlər üçün cəza nəzərdə tutulur. Əgər erkən yaşda uşağı nikaha cəlb edirlərsə 2 ildən 4 ilə qədər cəza və 4 min manata qədər cərimə nəzərdə tutulur. Erkən nikahlardan doğulan uşaqların sayı ötən il təxminən 3-4 min olub.

Dünyada 800 mindən
çox uşaq insan alverinin qurbanıdır


Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbər əvəzi Serhan Aktoprak "İnsan alverinə qarşı mübarizə aylığı"nın son günü olduğunu, ancaq uşaqların hüquqlarının müdafiəsi sahəsində son gün olmadığını bildirdi. O, 2016-cı ilə kimi uşaqların insan alveri də daxil olmaqla, bir çox problemlərin aradan qaldırılması məqsədinin olduğunu vurğuladı. S.Aktoprak bildirdi ki, dünyanın bir çox ölkələrlə müqayisə edildikdə, Azərbaycanda bəzi müsbət məqamlar var: "Məsələn, uşaqlar silahlı münaqişələrə cəlb olunmur. Ancaq Azərbaycanda bəzi başqa problemlər var. Ümumiyyətlə bu gün dünyada 800 mindən çox uşaq insan alverinin qurbanıdır”. S.Aktoprak bildirdi ki, QHT-lərlə əməkdaşlıq nəticəsində Azərbaycanda da bəzi problemlərin olduğu məlum olub. Bu kimi tədbirlərin davam etməsini zəruri sayan S.Aktoprak gələcəkdə həyata keçirilməli olan fəaliyyətlərin onların hansı qurumlar tərəfindən həyata keçirilməli olduğunun müəyyənləşdirilməsini vacib hesab edib: "Bugünkü görüş çərçivəsində növbəti görüşün tarixi də müəyyən edilməlidir. Növbəti görüşdə o vaxta qədər atılacaq addımlar müzakirə olunmalıdır. Biz konkret fəaliyyətə keçməliyik. Beynəlxalq Miqrasiya Təşkilatı Azərbaycanda uşaqların hüquqlarının müdafiəsi, insan alverinə qarşı mübarizə sahəsində dövlət qurumları və QHT-lərlə əməkdaşlığını davam etdirəcək. Biz imkanlarımız çərçivəsində çalışmalıyıq".
S.Aktoprak isə bildirdi ki, rayon icra qurumlarının uşaqların problemlərini diqqət mərkəzində saxlamaları lazımdır. Onun sözlərinə görə, rayon icra qurumları bəzi məsələlərdən xəbərsiz olur, bu məsələlər barədə məhz QHT-lər məlumatlı olurlar: "Azərbaycanda QHT-lərə uşaq hüquqlarının müdafiəsi ilə bağlı hər hansı həcmdə qrant ayrılırmı? Bu qrantların statistikası aparılırmı? Digər tərəfdən, valideyn məsuliyyətsizliyi vurğulanır. Valideyn məsuliyyətsizdir, qəyyumluq məsələsi var".

“Dərs vaxtı məktəblilərin internet kluba daxil
olması qadağandır”


AQUPDK-nin nümayəndəsi Pərviz Əliyev bildirdi ki, uşaq alveri ilə bağlı şərait yaradan amillərdən ən önəmlisi uşaq baxımsızlığıdır. Ölkədə bu istiqamətdə kifayət qədər monitorinqlərin keçirildiyini deyən komitə yetkilisi bildirdi ki, bu sahədə əsas mühüm məqamlardan biri də uşaqların təhsildən yayınma hallarıdır: “Bu risk qrupuna aid olan ailələrdədir. Onlara daha çox şəhər yerində rast gəlinir. Uşağın məktəbə getməməsi ilə bağlı məktəb rəhbərliyi valideynə müraciət etsə də onlar yenə də internet klublara üz tuturlar. Orada yaşlarına uyğun olmayan saytlara daxil olurlar. Biz bununla bağlı internet klublara da müraciət etmişik. Burada internet klubların rəhbərləri də məsuliyyət daşıyırlar. Onlardan internet klublara “Dərs vaxtı məktəblilərin internet kluba daxil olması qadağandır” lövhəsinin vurulması tapşırılıb. O da vurğulandı ki, bütün bunlarla yanaşı, uşaqlarının məktəbdən yayınma hallarına etinasız yanaşan valideynlər də var.
Azərbaycan Milli QHT Forumunun icraçı direktoru Günel İbrahim sosial çarxların cizgi filmi halına salınmasını təklif edib. O qeyd edib ki, uşaqların cizgi filmləri personajlarına bənzəməyə çalışmaları da sirr deyil və bu məqam nəzərə alınmalıdır. Tədbir müzakirələrlə davam etdirildi.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info