Eldar Aslanov : “Müəllim adına layiq olmayan şəxsə müəllim diplomu verməməliyik”
Tarix: 14.05.2018 | Saat: 23:20:00 | E-mail | Çapa göndər


“Çünki o gələcək nəslə müəllimlik edəcək”

Bu gün ölkədə fəaliyyət göstərən ali təhsil ocaqları tələbələrin biliyini qiymətləndirmək üçün müxtəlif imtahan üsullarına üstünlük verir. Belə təhsil ocaqlarından biri də Azərbaycan Dövlət Pedaqoji Universitetidir. Bu ali təhsil müəssisəsində artıq bir müddətdir ki, tətbiq edilən imtahan üsulunun hansı üstünlükləri var?
Bununla bağlı ADPU-nun Tədris işləri üzrə prorektoru Eldar Aslanov bildirdi ki, adıçəkilən universitetdə əvvəllər imtahanlar daxili test imtahan sistemi əsasında olub və Cəfər Cəfərov universitetə rektor təyin olunduqdan sonra Təhsil Nazirliyi ilə aparılan geniş məsləhətləşmədən sonra I və II kurs tələbələri yazılı imtahan verirlər, onlar test imtahanı vermirlər: “Tələbələr gəlib bilet çəkirlər, kodlaşmış sistem əsasında 5 suala cavab verirlər. I kursda təhsil alan tələbələr ilk semestr imtahanında bir qədər çətinlik çəkdilər. Ali məktəbə hazırlaşarkən, sınaq imtahanlarını hamısını testlə veriblər. Artıq burada yazılı şəkildə fikirlərini ifadə etməlidirlər. Biz də bununla bağlı özümüz üçün yeni iş planı müəyyənləşdirdik. Belə ki, gələn il I kurs tələbələrinin semestr ərzində kollokviumlarını yazılı edəcəyik ki, onlar buna bir qədər alışsınlar. Qış imtahan sessiyasına girəndə onlar artıq yazılı imtahan vermiş olacaqlar. Ancaq yuxarı kurs tələbləri imtahanı testlə verəcəklər, onların qazanılmış vərdişlərini pozmaq istəmədik. Biz müraciət etmişik ki, kim yazılı imtahan vermək istəyirsə, onlara şərait yaradırıq. Bu bizi çox fərəhləndirir ki, yüzlərlə tələbələr müraciət edir və imtahanlarını yazılı verirlər. İki ildən sonra 4 kursumuzun hamısı imtahanları yazılı verəcək”. Prorektor onu da qeyd etdi ki, imtahanların hamısı yazılı olmayacaq. Yəni bəzi imtahanlarda test üsulu saxlanacaq: “Buna mütəxəssislər qərar verəcəklər ki, hansı fənlərdən ən optimal qiymətləndirmə üsulu testdir. Bəzi imtahanlarımızda köhnə qaydada, bilet çəkib 3 müəllim qarşısında şifahi cavablandırma üsuluna getmək fikrindəyik. O fənlərdə bunu edəcəyik ki, polemikaya açıq olmalıdır, fikirlər toqquşmalıdır, əlavə suallar verilməlidir, tələbənin biliyi buna əsasən qiymətləndirilməlidir”. E.Aslanov bildirdi ki, bəzi imtahanları final imtahansız etməyi planlaşdırırlar. Onun sözlərinə görə, dünyada belə bir təcrübə var ki, tələbə bir layihə götürür, semestr boyu bu layihəni işləyir, tədqiqat aparır, araşdırır, yəni praktiki bir işdir: “Məsələn, bir orta məktəbin strateji planını hazırlayır, o məktəbi necə inkişaf etdirmək olar. Yaxud, məsələn, fizika üzrə daha müasir tədris metodikası ilə bağlı tədqiqat aparır, sorğu keçirir, bir layihə, startap hazırlayır və bu, tələbənin final imtahan qiyməti olur. İstərdik ki, ümumiyyətlə, gələcəkdə müəyyən imtahanlar Keys üsulu ilə olsun. Tələbələrə stiuativ müəyyən fənlər verilə bilər. Məsələn, psixologiya və ya sosial psixoloji xidmət ixtisasında olan bəzi fənlərdə bunu tətbiq etmək olar. Tələbəyə verilmiş biliyi ondan təkrar tələb etmək vacib deyil. Biz tələbəni tədris prosesində müxtəlif cür qiymətləndirməliyik. Tələbə 50 bal kollokviumlarda toplayır, 50 bal isə finalda toplayır. Və tələbə prosesdə topladığı balların böyük bir hissəsini müəllimin verdiyi biliyi geri qaytardığı üçün alır. Həmin 100 balı müəllimin verdiyi biliyi geri qaytarması üçün qiymətləndirməməliyik, bu çox bəsit qiymətləndirmə olardı. Qiymətləndirmənin müəyyən halqalarında tələbənin əldə etdiyi biliyin onda hansı səriştə formalaşdırdığını öyrənməliyik, bu fəndən əldə etdiyi səriştəni necə tətbiq edəcəyini öyrənməliyik. Əgər onun tətbiqi ilə bağlı heç bir ideyaya malik deyilsə, o bilik nəyə lazımdır? Ona görə də ölkədə tələbə biliyinin qiymətləndirilməsi haqqında əsasnamənin verdiyi imkanlar çərçivəsində müxtəlif qiymətləndirmə üsulunun tətbiqi edilməsinin tərəfdarıyıq. Ancaq bunu edərkən müəyyən şərtimiz olur. Şəffaflıq, obyektivlik olmalıdır, yersiz humanizm olmamalıdır, biz humanizm göstərərək müəllim adına layiq olmayan şəxsə müəllim diplomu verməməliyik. Çünki o gələcək nəslə müəllimlik edəcək. Biz bu dəyərlərlə həmin prosesi aparırıq, antitestçi deyilik. Amma bu gün ölkə elmi ictimaiyyəti qəbul edir ki, test hər zaman doğru qiymətləndirmə üsulu deyil. Test bir çox hallarda obyektiv qiymətləndirmə üsulu kimi var və şükür edirik ki, var. Bu gün ali məktəblərə qəbul imtahanı məhz test üsulu ilə keçirilir. Ancaq vacib deyil ki, təhsilin bütün mərhələlərində test üsulu tətbiq edilsin. Əgər mütəxəssislər, metodistlər, universitetin tədris metodik şurası qərara gələrsə ki, hansısa fənndə test üsulu vacibdir, o zaman onu edəcəyik. Mövcud test mərkəzimizi bağlamayacağıq. Onu daha da fərqli bir missiyaya bürüyəcəyik, müəllimlərin işə qəbulu, abituriyentlər üçün sınaq imtahanlarını orada keçirəcəyik”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info