AXC və Rəsulzadə yapon alimlərinin gözü ilə
Tarix: 17.05.2018 | Saat: 17:57:00 | E-mail | Çapa göndər


23 ay ömrü olan Azərbaycan Xalq Cümhuriyyəti bir çox ölkələrin tarixçilərinin də araşdırma mövzudur. Müxtəlif ölkələrdə AXC ilə bağlı kitabların çap olunması buna misal ola bilər. Elə bir nümunə kimi AXC ilə bağlı yapon dilli ədəbiyyatda mövcud olan əsərlərdən danışmaq olar. Bu haqda bizə Yaponiya hökuməti təqaüdçüsü, konfliktoloq, diaspor fəalı Əlibəy Məmmədov ətraflı məlumat verib. Onun sözlərinə görə, Yaponiyada ən əsas bu mövzuda araşdırmacı Şizuoka Mədəniyyət və İncəsənət Universitetinin professoru Tokumatsu Katsumidir: “Onun elmi tədqiqat sahəsi Azərbaycanın müasir tarixi, mövzusu isə 20-ci əsrin birinci yarısında Azərbaycanın siyasi tarixi ilə bağlıdır. 1995-ci ildə “Dağlıq Qarabağ problemi və İran”, 1998-ci ildə “İran və Sovet arasında, Azərbaycan Milli Hökumətinin 1 ili”, 2008-ci ildə “Azərbaycan dili” adı altında elmi məqalələri çap olunub. Tokumatsu Katsumi olduqca maraqlı elm adamıdır. O, özü haqda və elmə gəlməsi haqda yazılarında qeyd edir ki, hələ orta məktəbdə oxuyarkən İranda baş vermiş inqilab, onda Yaxın Şərq regionuna və İslama qarşı böyük maraq oyatmışdır. Universitetə daxil olduqdan sonra Yaxın Şərq, xüsusilə İranı araşdırmağı qarşısına məqsəd qoymuşdu. Lakin magistraturaya daxil olduqdan sonra İranda olan azərbaycanlı əhalinin çoxluğu və onun tarixi mövqeyinin vacibliyini anlayaraq, Azərbaycan dilində danışan insanların yaşadığı regionun (Cənubi Azərbaycan) tarixini araşdırmaqla, millət və xalqla bağlı problemləri düşünən zaman hər hansısa bir çıxış yolu tapacağını düşünmüşdür. Onun Azərbaycan və azərbaycanlılarla bağlı elmi araşdırmaları da məhz bundan sonra başlamışdır. Cənubi Azərbaycanla bağlı araşdırmalar edərkən, əsas diqqət yetirdiyi şəxs, Rusiyada baş vermiş inqilabdan sonra Azərbaycanda yaranmış hökumətin rəhbəri, eyni zamanda İran və Türkiyədə aktiv fəaliyyət göstərmiş Rəsulzadə olmuşdur. O, Rəsulzadənin şəxsində bu regionda yaşayan millətin yaranması, xalq kimi formalaşması prosesini dərinliklərinədək tədqiq etmək qərarını verib”.
Əlibəy Məmmədov bildirib ki, Tokumatsu həm də Türkiyədə tələbə kimi təhsil alıb, mövcud dövlət sərhədlərini aşan insan şəbəkəsinin analizinin vacibliyinin fərqinə varıb: “O, qeyd edir ki, Şizuoka Mədəniyyət və İncəsənət Universitetində dərs deməyə başladıqdan sonra fərqinə varıb ki, yaponiyalılar Orta Şərq və İslamla bağlı, demək olar ki, heç nə bilmirlər. Qədim sivilizasiyaların yarandığı, hər zaman çoxmillətli, çoxdinli, qarışıq bir cəmiyyət formalaşdırmış Orta Şərqin hələ də sadəcə “islam dininə inanan ərəblərdən ibarət olması” kimi sadəcə bir rəngli görmələri onda dərin təəssüf hissi oyatmışdır.
Tokumatsu Katsumi 2010-cu ildə Məmməd Əmin Rəsulzadənin “Bir türk milliyətçisinin Stalinlə ixtilal xatirələri” əsərinin bir hissəsinin yapon dilinə tərcüməsini etmiş və Şizuoka Mədəniyyət və İncəsənət Universitetinin tədqiqat külliyatında çap etdirib”.
Tokumatsudan əlavə olaraq, Hokkaydo Universitetinin doktorantı olmuş Nakajima Teppeyin 2009-cu ildə qələmə aldığı “Müasir Azərbaycanda millətçilik, Məmməd Əmin Rəsulzadə (1884-1955) timsalında” (The nationalism in modern Azerbaijan: focusing on Mehmet Emin Resulzade (1884-1955)), İşihara Keniçinin yazdığı “Məmməd Əmin Rəsulzadə və İran” (2003), “Məmməd Əmin Rəsulzadə: Bir demoratiya fəalının həyatı və yaradıcılığı” (2005), “Rəsulzadə və İran inqilabı” (2006) elmi əsərlərini göstərmək olar.
Əlibəy Məmmədov deyib ki, İşiharanın 2005-ci ildə qələmə aldığı, Rəsulzadənin həyat və yaradıcılığından bəhs edən əsərində o, Rəsulzadənin həyatına diqqət yetirməklə yanaşı, onun qələmə aldığı əsərlərin tərkibi haqqında məlumatlar verib: “Bu əsərləri oxuyub analiz edən İşihara qeyd edir ki, Rəsulzadə bəzən jurnalist, bəzən siyasətçi, bəzən də elm adamı kimi çoxtərəfli və geniş fəaliyyət göstərmiş, yüksək intellektual bir şəxsiyyət olmuşdur. Rəsulzadənin həyatının son anlarına kimi var gücü ilə, durmadan-yorulmadan qələmə aldığı əsərlərdən də bunu görmək olar. İşihara əsərinin nəticəsində qeyd edir ki, sosial-demokrat təşkilatı olan “Hümmət”-də fəaliyyət göstərmiş Rəsulzadənin sonradan fikrini dəyişərək milliyətçi siyasi partiya olan “Müsavat”-a üzv olma səbəbini izah edə bilməmişdir. Bunun üçün əsas şərt “Hümmət” jurnalında olan Rəsulzadənin yazılarını oxumaqdır ki, təəssüflər olsun ki, İşihara bu yazıları əldə edə bilməmişdir.
İşiharanın 2006-cı ildə çap edilmiş elmi yazısında isə, Məmməd Əmin Rəsulzadənin jurnalist kimi Bakıda çap olunan elmi yazı və məqalələrini tarixi sənəd kimi istifadə etməklə, onun 1905-1911-ci illərdə baş vermiş İran inqilabını necə izləməsi, necə qiymət verməsi analiz olunur.
Qeyd olunur ki, fars dilli jurnalları oxuyub, İrandakı rejim haqda məlumatlar yayan Rəsulzadə, İranda baş vermiş inqilabın əsas düşməni kimi qubernator və nazirləri, rüşvətə bulaşmış hakim dairələri tənqid edirdi. O qeyd edirdi ki, ifadə azadlığı, əsərlərin çap olunması azadlığı əsas şərtdir. Rəsulzadənin Rəştə olan səfəri, burada qələmə aldığı tənqidi yazıları da İşiharanın diqqət mərkəzində olmuşdur”.


Fuad




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sağlamlıq imkanları məhdud gənc yazar Azərbaycan Gənclərinin VIII Forumunda çıxış edib
21.11.2018
“ASAN Məktub” layihəsinin üç yaşı qeyd olunub
21.11.2018
Oğuzun Muxas kəndinə təbii qaz verilib
21.11.2018
PAŞA Bank sərfəli şərtlərlə ipoteka krediti təklif edir
21.11.2018
Azərbaycanda qızları olan ailələrlə bağlı yeni təkliflər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info