“Azərbaycanın uğurlarını görməyənlərin ya fiziki, ya da əqli qüsurları var”
Tarix: 08.06.2013 | Saat: 00:25:00 | E-mail | Çapa göndər


“Milli şura”nın bəyannaməsinin mətni yayıldı. Bəyannamədə qərəzli fikirlər həddən artıq çoxdur. Lakin diqqətimizi çəkən əsas məqamlardan biri bəyannamədə Azərbaycanın son 20 ildə aparılan xarici siyasət nəticəsində “beynəlxaq aləmdə təklənməsi” ilə bağlı ifadə oldu. Əlbətt, bu yanaşma “milli şura” üzvlərinin ölkəmizin beynəlxalq imicinə zərbə vurmaq, ictimai rəyi çaşdırmağa nail olmaq üçün atılan addımlarına xidmət edir. Mövzu ilə bağlı ekspertlərin fikirlərini öyrəndik.

“Milli şura” adlı antimilli
qurumun bəyannaməsi qərəzli ifadələrlə zəngindir”

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru Elman Nəsirov məsələ ilə bağlı bunları dedi: “Özünü “milli şura” adlandıran antimilli qurumun bəyannaməsi kifayət qədər qərəzli ifadələrlə, yanaşmalarla zəngindir. İlk növbədə bunu beynəlxalq aləmə car çəkmək istəyirlər ki, guya son 20 ildə pozitiv heç bir dəyişiklik olmayıb. Bunlar hər şeyi ancaq qara rəngdə görürlər, ətrafa qara eynəklə baxırlar. Xüsusilə Azərbaycanın beynəlxalq aləmdə təklənməsi, eyni zamanda dostlarının olması ilə bağlı bəyannamədə qeyd olunan ifadənin kökündən yanlış olduğunu dərk etmək üçün siyasətçi olmağa ehtiyac yoxdur. Siyasətlə məşğul olmayan, siyasi proseslər haqqında o qədər də məlumatı olmayan azərbaycanlı da belə yalana inanmaz. Ən azı ona görə ki, bildiyimiz kimi BMT-nin 193 üzvü var. 193 dövlət BMT Baş Məclisində, 15 dövlət isə Təhlükəsizlik Şurasında təmsil olunur. Təhlükəsizlik Şurasında olan 5 üzv dövlət daimidir, 10-u isə qeyri-daimi üzv seçilib. Azərbaycan BMT TŞ-də təmsil olunan 15 dövlətin sırasındadır və 2 il ərzində dünyanın ən vacib sülh və təhlükəsizlik məsələlərinin həllində, müzakirəsində iştirak edir. Azərbaycan 155 dövlətin lehimizə səs verməsi ilə BMT TŞ-nin 2 il müddətinə qeyri-daimi üzvü seçilib. Bu, cənab Prezidentin də qeyd etdiyi kimi, müstəqilliyimizi bərpa etdikdən sonra dövlətimizin əldə etdiyi ən böyük nailiyyətlərdəndir. Kiçik bir dövlətin bu nailiyyəti çox böyük uğurdur. Bundan başqa Azərbaycan çox böyük beynəlxalq tədbirlərə ev sahibliyi edir. 2008-ci ildən Bakı prosesi başlayıb. Bakı prosesi özündə Avropa Şurası ölkələrinin mədəniyyət nazirlərini və İslam ölkələrinin mədəniyyət nazirlərini birləşdirir. Onlar Bakıda toplaşaraq hazırda mühüm əhəmiyyət kəsb edən mədəniyyət və sivilizasiya məsələlərini müzakirə edirlər. Azərbaycan Avropanın ən böyük mahnı müsabiqəsi “Eurovision”a ev sahibliyi edib. Avropanın tarixində ilk dəfə olaraq keçiriləcək Avropa Olimpiya Oyunlarına da 2015-ci ildə Azərbaycanın ev sahibliyi etməsinin çox böyük siyasi əhəmiyyəti də var. Belə ki, Ermənistan dövləti və dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən ermənilərin diaspor təşkilatları 2015-ci ildə qondarma “erməni soyqırımı”nın 100 illiyi ilə bağlı çox gizli planlar hazırlayır. Məqsəd qondarma soyqırımını beynəlxalq aləmə qəbul etdirməkdir. Lakin həmin ərəfədə Azərbaycanda Avropa Olimpiya Oyunlarının keçirilməsi o deməkdir ki, Avropa insanının diqqəti həmin vaxt ermənilərin bu aksiyasına yox, Azərbaycandakı oyunlara yönələcək. Azərbaycandakı Avropa Olimpiya Oyunları ermənilərin 2015-ci il kampaniyasına vurulan böyük zərbədir. Azərbaycan beynəlxalq aləmdə çox ciddi tərəfdaş kimi qəbul olunur. Bir neçə gün əvvəl 20-ci Beynəlxalq «Xəzər neft və qaz, neftayırma və neft kimyası» («Caspian Oil & Gas») sərgisinin Bakıda keçirilməsi münasibətilə ABŞ prezidenti Barak Obama, İngiltərənin baş naziri Devid Kemeron və digər böyük dövlətlərin yüksək vəzifəli rəsmi şəxsləri İlham Əliyevə təbrik məktubu göndərdilər və ölkəmizdə hazırkı siyasi kursu bir daha dəstəklədiklərini bəyan etdilər. Hesab edirəm ki, qazanılan bu uğurları görməyənlərin ya fiziki, ya da əqli cəhətdən qüsurları var”.

“Qaranlıq siyasi məqsədə
çatmaq üçün Azərbaycana qara yaxmasınlar, böhtan atmasınlar”


Milli QHT Forumunun prezidenti Rauf Zeyninin isə qəzetimizə verdiyi açıqlamada məsələyə yanaşması belə oldu: “Azərbaycan son on ildə ölkə rəhbərliyinin həyata keçirdiyi mütərəqqi daxili və xarici siyasət nəticəsində çox böyük uğurlara imza atıb. Mən bu uğurlar sırasında Azərbaycanın BMT TŞ-nin qeyri-daimi üzvlüyünə seçilməsini, Azərbaycanda dinlərarası dialoq forumunun keçirilməsini, Bakıda baş tutan digər beynəlxalq əhəmiyyətli forumları, 2009-cu ildə Bakının İslam Mədəniyyətinin Paytaxtı seçilməsini qeyd etmək istərdim. Əlbəttə ki, sadalananlar əldə olunan uğurların cüzi bir hissəsidir. Ölkəmizdə demək olar ki, bütün sahələrdə böyük uğurlar əldə olunub. Azərbaycan bu gün mühüm beynəlxalq əhəmiyyətə malik olan layihələrin həyata keçirilməsində Avrasiyada ən ciddi tərəfdaşlardan hesab olunur. Eyni zamanda Avropanın enerji təhlükəsizliyinin ən önəmli həlqəsini Azərbaycan təşkil edir. Dövlətimiz bütün digər çətinliklərə baxmayaraq, ehtiyacı olan dövlətlərə də yardımlar edir. Gürcüstanın iqtisadi cəhətdən dirçəldilməsi üçün Azərbaycanın bu dövlətə verdiyi dəstəyi dediyimizə misal gətirmək olar. Bununla yanaşı, Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və digər məsələlərdə dövlətimizin mövqeyini dəstəkləyən ölkələri beynəlxalq arenada dəstəkləməklə həm də özünün lobbiçilik siyasətini həyata keçirir. Son bir neçə ay ərzində Xocalı soyqırımının Çexiya və bir sıra digər ölkələrin parlamentində tanınması və ABŞ-ın bir neçə ştatının qanunverici orqanlarının Xocalı soyqırımını tanıyan qətnamələr qəbul etməsi xarici siyasət sahəsində qazandığımız ən böyük uğurlardandır. Həmçinin Azərbaycan tarixində ilk dəfə olaraq milli telekommunikasiya peyki “Azerspace”in fəzaya buraxılması ilə Azərbaycan kosmos dövlətlərinin sırasına daxil olub. Bütün bunlar Azərbaycanın hərtərəfli dinamik inkişafından xəbər verir. Bu gün bütün dünya Azərbaycandan danışır. Özünü “milli şura” adlandıran qurumun bəyannaməsində yer alan məlum ifadəyə gəldikdə isə “milli şura” üzvlərinə sözüm odur ki, hər şeyə ədalətsiz yanaşdıqları kimi, heç olmasa, beynəlxalq aləmdə qazandığımız uğurlara ədalətsiz yanaşmasınlar. Müstəqil Azərbaycan dövləti xalqımızın 200 illik arzusunun nəticəsidir. Hansısa qaranlıq siyasi məqsədə çatmaq üçün Azərbaycana qara yaxmasınlar, böhtan atmasınlar!”
Söhrab İSMAYIL




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Yaxın zamanlarda Slovakiyanın Azərbaycanda səfirliyinin açılması nəzərdə tutulur
13.11.2018
Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info