Rüstəm İbrahimbəyov İsa Qəmbərin başçısı oldu
Tarix: 08.06.2013 | Saat: 00:27:00 | E-mail | Çapa göndər


Sərdar Cəlaloğlu: “Milli şura”da təmsil olunanları guya “milləti təmsil edirlər” adı ilə cəmiyyətə təqdim etmək xalqın, millətin özünü təhqir etməkdir”

Asim Mollazadə: “Milli şura” ilə bağlı prosesi önəmli saymıram”

Arif Hacılı: “İsa Qəmbərin güzəştə getməsi müzakirə oluna bilər”

“Milli şura” adlı qurumun keçirdiyi yığıncaqda kinodramaturq Rüstəm İbrahimbəyov qurumun sədri seçilib. Onun sədrliyi məsələsi yığıncaqda səsə qoyularaq qəbul edilib. Beləliklə, Rüstəm İbrahimbəyov ənənəvi müxalifət partiyaları olan Müsavat, AXCP, ALP və sair qurumların təmsil olunduğu “milli şura”ya rəhbərlik edəcək, onların fəaliyyətini yönləndirəcək.
Bu isə həm də o deməkdir ki, indiyə qədər siyasətçi olmayan, siyasi proseslərdən başı çıxmadığını, ona siyasi proseslərlə bağlı verilən sualların qarşısında naçar qaldığını özü də etiraf edən Rüstəm İbrahimbəyov İsa Qəmbər, Əli Kərimli, Lalə Şövkət, Rəsul Quliyev kimi müxalif başçıları idarə edəcək. Bu başçılar Rüstəm bəyin dediyi ilə durub-oturacaqlar. Bu azmış kimi R.İbrahimbəyov həm də antimilli reputasiyaya malik bir şəxsdir. O antiazərbaycan və erməni mövqeli tərəflərə yaxın olduğunu Ermənistan-Azərbaycan münaqişəsi, ermənilərlə bağlı müsahibələrində dəfələrlə sübut edib. Deməli, R.İbrahimbəyovun hazırkı müxalifət “lider”i kimi daha bir neqativ cəhəti həm də onun antiazərbaycan mövqeli olmasıdır. Belə bir adam indi müxalifət başçılarına əmr verəcək, onların fəaliyyətinə nəzarət edəcək. Bu isə eyni zamanda ənənəvi müxalifətin mahiyyətini də açıb göstərmiş olur...
Sözügedən yığıncaqda başqa bir məsələ “milli şura”nın “vahid namizəd”inin seçilməsi ilə bağlı qalmaqal olub. Belə ki, “Sülh və Demokratiya İnstitutu” adlı Azərbaycan cəmiyyətinə və mənafelərinə zərbə vurmaqda ad çıxarmış bir QHT-nin başında duran Leyla Yunus R.İbrahimbəyovun həm də “milli şura”nın “vahid namizəd”i olmasını təklif edib. Bunun ardınca isə Müsavat tərəfi narazılığını ifadə edib və bu məsələni “sonraya saxlamağı” tələb edib. Ardınca isə ALP başçısı Lalə Şövkətin sözçüsü Əvəz Temirxan, “el” adlı qurumun başçısı Eldar Namazov kimi adamlar da R.İbrahimbəyovun namizədliyini irəli sürüblər. Amma təklif səsə qoyulsa da, hələlik qəbul edilməyib. Çünki Müsavatı təmsil edənlər və digərləri buna hələ ki razılıq verməyiblər.
Amma hər halda bu məsələdə bir məqam diqqət çəkir ki, R.İbrahimbəyovun namizədliyini irəli sürənlərin hamısı əslində rusiyameyillilər kimi tanınırlar. Məsələn, Leyla Yunus hələ AXC dövründən Rusiya tərəfə “işləyən” bir adam kimi tanınır. Eləcə də Eldar Namazovun, Eldəniz Quliyevin və digərlərinin Rusiyadakı bəzi dairələrə meyilli olduğu ictimaiyyət və müxalifət düşərgəsində də sirr deyil.
Müsavat Partiyası Mərkəzi İcra Aparatının başçısı Arif Hacılı isə bizə açıqlamasında qeyd etdi ki, “ümumi mənafelərə cavab verərsə, İ.Qəmbərin R.İbrahimbəyova namizədliyini güzəştə getməsu məsələsi müzakirə oluna bilər”. Buradan belə çıxır ki, Müsavat artıq bu məsələdə geri çəkilməyə meyillidir və yaxud da tərəddüd içindədir...
Amma hər halda bu barədə “şura”da heç bir konsensus yoxdur. Eləcə də “milli şura”nın açıqlanan 129 nəfərlik siyahısının özü də çox ironik bir təəssürat oyadır. Bu siyahı, həqiqətən də, dəhşətli mənzərədir. İranın təsiri altında çadra mübarizəsi aparan islamçılar və Avropa Liberal İttifaqına üzv olub eynicinslərin nikahını dəstəkləyənlər, Rusiyanın nəzarətində olanlar və Qərbin uşaqları, illərin uğursuzluğuna düçar olan ənənəvi müxalifət və bu müxalifətə nifrət edən digər müxalifət, siyasi riyakarlığın bariz nümunələri, yalançı “bozqurd”lar, hakimiyyətin istifadə edib atdıqları, ruspərəstlər, iranpərəstlər, qərbpərəstlər, emənipərəstlər... Aralarında bir tək rast gəlmədiklərimiz azərbaycanpərəstlərdir. Mahiyyətcə bu qurum həftəbecər, heç bir siması olmayan “birlikdir”. Bu reallığı başa düşənlər - Sərdar Cəlaloğlu, İqbal Ağazadə, Pənah Hüseyn, Rauf Arifoğlu, Zərdüşt Əlizadə, Ərəstun Oruclu, Səidə Qocamanlı, İlqar İbrahimoğlu, Rafiq Əliyev və digərləri nahaq yerdən onlara “yox” demədilər. Bu barədə “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyevin fikirləri də maraqlıdır: “Bu, doğrudan da, demokratik qüvvələrin Milli Şurasıdırsa, İslam Partiyasının orda nə işi var? İranın orda nə işi var?! Elə Rusiyanın özünün orda nə işi var?! Bu dövlətlər 1992-ci ildə inqilab və ardınca da seçki yolu ilə hakimiyyətə gəlmiş Xalq Cəbhəsinə cəmi bir il zorla dözdülər. Elçibəyin silahdaşları ruslardan “hakimiyyət almaq” illüziyasınamı qapılıblar? Avrointeqrasiya tərəfdarı olduqlarını bəyanladılar; özləri öz müsahibələrində açıq-açıq dedilər ki, bu qurumda rusiyameylli, iranmeyilli, qərbmeylli qüvvələr var. Rus, İran qüvvələri ilə avrointeqrasiya necə olur?! Özləri bunun “beynəlxalq layihə” olduğunu dedilər. Bir millətin taleyini belə qarmaqarışıq “beynəlxalq layihə”lərə bağlamağın analogiyaları Yaxın və Orta Şərqdə çox faciəli olmadımı? 21 il qabaq “doqquz dövlətin razılığı ilə” bir layihə işlədik və hakimiyyəti aldıq. Amma sonra həmin doqquz dövlət hakimiyyətqarışıq Qarabağı da aldı, Ermənistana verdi”.
Qeyd etdiyimiz kimi, “milli şura”nın siyahısında hətta milli azadlıq mübarizəsi dönəmində milli azadlığa qarşı o vaxt vəzifədə olarkən dirəniş göstərənlər də var. Məsələn, o zaman Naxçıvanda milli azadlığa qarşı dirənənlərdən biri indi “milli şura”nın siyahısında yer alan Nurəddin Mustafayevdir. Bu məqamla bağlı Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu “Palitra”ya açıqlamasında qeyd etdi ki, “milli şura”nın siyahısında tamamilə bir-birinə zidd fiqurlar var ki, onların bir arada təmsil olunacağı ilə bağlı çox əcaib bir situasiya alınır: “Məsələn, Emin Milli və İsa Qəmbər. Bu adamlar həmişə bir-birilərinə qarşı zidd mövqedə olublar. Onlar bir-birilərini qəbul etmirlər. İndi necə yola gedəcəklər?”
S.Cəlaloğlu bunu da əlavə etdi: “Milli şura”da təmsil olunan bəzi şəxsləri çıxmaq şərtilə oradakı çoxlarını guya “milləti təmsil edirlər” adı ilə cəmiyyətə təqdim etmək, xalqın, millətin özünü təhqir etməkdir. Belə bir halda onlar cəmiyyətin gözündən daha da düşəcəklər və “milli şura” heç bir məqsədinə çata bilməyəcək. Çünki indidən bu siyahı ilə özlərini tamam gözdən saldılar”.
“Palitra”ya fikirlərini bildirən Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə isə qısaca olaraq belə qeyd etdi: “Hansısa müxalif qrupların fəaliyyəti ilə bağlı danışmaq və onların fəaliyyətinə şərh vermək istəmirəm. Çünki mənim şərhim onlara qəzet vasitəsilə diqqət yönəltməyə, reklamına səbəb ola bilər. Bunu isə istəmirəm. Çünki mən “milli şura” ilə bağlı prosesi önəmli saymıram ki, ona şərh verim”.
Göründüyü kimi, digər müxalif partiyalar da “milli şura”nın əslində seçkidə “partlayacaq” qovuqdan başqa bir şey olmadığını qəti şəkildə bildirirlər...
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Liberman Azərbaycanın İsrail üçün strateji əhəmiyyətini və geosiyasi zəruriliyini etiraf edib
19.09.2018
Çin xarici işlər naziri: “Azərbaycan dünyada ciddi nüfuzu ilə seçilən dövlətə çevrilib”
19.09.2018
Omanın Dövlət Şurası sədrinin Azərbaycana səfəri başlayıb
19.09.2018
“Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”
19.09.2018
Nazirlər Kabinetinin rəsmi internet saytı yeni tərtibatda fəaliyyətə başlayıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info