“İsveçdə keçiriləcək parlament seçkilərində bir neçə azərbaycanlının namizədliyi irəli sürülüb”
Tarix: 19.05.2018 | Saat: 00:12:00 | E-mail | Çapa göndər


Turan Əliyev: “Bir qeyri-isveç əsillinin seçkilərdə namizəd olması bizim də bu cəmiyyətin bir hissəsi olmağımız deməkdir”
Xaricdəki soydaşlarımızın yerli cəmiyyətə inteqrasiya olunmasında onların ictimai-siyasi proseslərdə aktiv olması, hər hansı seçkilərdə iştirak etməsi vacib amildir. Müsahibimiz Turan Əliyev də hazırda İsveçdə Mərkəz Partiyasının üzvü olaraq, bu baxımdan, fəallıq göstərir. O, 2018-ci ilin sentyabr ayında İsveçdə keçiriləcək parlament, bələdiyyə və region seçkilərində iştirak edəcək. Onun namizədliyi İsveçdə 4-cü böyük partiya sayılan Mərkəz Partiyasından (Centerpartiet) irəli sürülüb. Qeyd edək ki, Turan Əliyev 1983-cü ildə Naxçıvanda anadan olub. 2004-cü ildə Naxçıvan Dövlət Universitetinin Yol hərəkətinin təşkili fakültəsini bitirib. Universiteti bitirəndən sonra İsveçə köçüb. Hazırda İsveçin Partille rayonunun bələdiyyəsində Mərkəz Partiyasının idarə heyətinin üzvüdür.
- Necə oldu ki, İsveçdə siyasi fəaliyyətlə də məşğul olmağa başladınız?
- Mən bacardığım qədər diaspor fəaliyyətində fəal olmuşam. Lakin ötən il xalqımıza, diaspora daha çox faydam olsun deyə, İsveç cəmiyyətindəki partiyalara üzv olub, bacardığım qədər fəal olmaq qərarına gəldim. İsveçdə yaşayan soydaşımız Aidə Kərimlinin dəstəyi ilə Mərkəz Partiyasını seçdim və fəaliyyətə başladım. Yeri gəlmişkən, Aidə xanım bu partiyanın fəallarındadır. Sentyabr ayında keçiriləcək parlament, bələdiyyə və region seçkilərində onun da namizədliyi irəli sürülüb.
Mərkəz Partiyasına üzv olandan çox qısa zaman sonra təklif etdilər ki, əyalət və ölkə parlamentində mən də namizədliyimi verim. Bir qeyri-isveç əsillinin siyasi partiyada fəallıq göstərməsi, seçkilərdə namizəd olması, bizim də bu cəmiyyətin bir hissəsi olmağımız deməkdir. Bizə gəlmələrin içindən bir azərbaycanlı kimi baxırlar. Biz nə qədər çox fəal olsaq, gəlmələrin içində daha aktiv bir qrup kimi də cəmiyyətdə öz sözümüzü deyə bilərik. Mərkəz Partiyasının namizədlərinin siyahısında ilk dəfədir ki, 2 qeyri-isveç kökənli namizəd yer alır. Mən də yeni olduğum üçün bacardığım qədər qısa müddətdə siyahıda gözə görünəcək qədər öndə olmağa çalışdım. Bir Azərbaycan əsillinin adını oxuyan seçici mütləq bu millət, dövlət haqqında maraqlanacaq. Mən öz adımdan bunu vacib bilirəm. Qeyd edim ki, bir çox azərbaycanlı başqa partiyalarda fəal mövqelərdə mühüm yerlər tutur. İsveçdə keçiriləcək parlament seçkilərində bir neçə azərbaycanlının namizədliyi irəli sürülüb. Bizim məqsədimiz gələcəkdə Azərbaycan və İsveç bələdiyyələri, eləcə də partiyaları arasında dostluq əlaqələrini gücləndirməkdir.
- İsveçdə əcnəbilərin siyasi fəaliyyətinə nə dərəcədə şərait yaradılır? Ümumiyyətlə, İsveç hökumətinin buna ehtiyacı varmı?
- İsveçdə bütün partiyalarda, demək olar ki, əcnəbilər aktiv fəaliyyət göstərirlər, əsasən də, solçu partiyalarda. Parlamentdə təmsil olunan partiyalardan, habelə qatı millətçi partiyalarda əcnəbi kökənli siyasətçilər və Yaşıllar partiyasından ibarət olan hökumət tərkibində 22 nazirdən 5-i əcnəbi kökənlidir. Hal-hazırda bu say 3-dür. Ölkə əhalisinin səs vermək hüququ olanların 11 faizi əcnəbidir. Bu səbəbdən hökumət maraqlıdır ki, əcnəbilər də siyasətdə olsun və buna da yüksək səviyyədə şərait yaradılır. Çünki əcnəbilər də bu cəmiyyətin bir parçasıdırlar. Mənim təmsil olunduğum Mərkəz Partiyası ən az əcnəbi olan partiya sayılır. Bu səbəbdən çox vaxt cəmiyyətdə qınağa səbəb olur.
- Bir əcnəbi olaraq partiya daxilində sizə necə münasibət göstərilir?
- Partiyada bizlərə münasibət çox ürəkaçandır. Onlar da çalışırlar ki, əcnəbilər partiyalara inteqrasiya olunsunlar. Təəssüf ki, indiyə qədər olan seçkilərdə əcnəbilərin səsvermədə iştirak etmək göstəricisi çox aşağıdır. Bunun da bir çox səbəbi var. Yəni həyat şəraitinin qurulması, iş, ev, dil öyrənmək, ali təhsil almaq və s. siyasi fəaliyyət axırıncı sırada yer alır. Hal-hazırda bu problemin həll olması üçün hökumət proqramları var.
- İsveçdəki yaşlı diasporun nə kimi ənənəsi qalıb?
- Başqa Avropa ölkələrindən fərqli olaraq İsveçə Azərbaycandan olan həmvətənlər 2000-ci ildən sonra gəliblər. Başqa millətlərlə müqayisədə azərbaycanlılar diaspor fəaliyyətində o qədər də geridə qalmırlar. İnteqrasiya tam olmasa da, bu proses sürətlə gedir. Yaşlı diaspor, əsasən, əlamətdar günlərlə bağlı tədbirlərin keçirilməsində fəal iştirak edirlər. Bir qrupu, dərnəklərin qurulmasında, Xocalı haqqında parlamentdə dinləmələrdə, kitabxanalarda Xocalı soyqırımı ilə bağlı məlumatlar verilməsində, aksiya və yürüşlər keçirilməsində çox faydalı işlər görüblər. Demək olar ki, hər il bir çox şəhərdə bu kimi tədbirlər keçirilir. Yaşlı diaspor da çox maraqlıdır ki, yeni nəsil İsveç cəmiyyətində, ictimai-siyasi proseslərdə aktiv olsun. Bu ölkəmiz üçün daha da faydalı olar. Milli problemlərimizi bir-birimizə yox, İsveç cəmiyyətinə və dünyaya çatdırmaq üçün vacibdir ki, siyasi partiyalarda, bələdiyyələrdə və parlamentdə təmsilçilərimiz olsun.
Qeyd edim ki, İsveç cəmiyyəti üçün Azərbaycan çox maraqlı ölkədir. Son zamanlar İsveçdən Azərbaycana turist kimi gedənlərin sayı artıb. “Formula 1” yarışları zamanı bu axın özünü daha çox büruzə verdi. Bir neçə dəfə olub ki, isveçlilər öz yaxınlarının şəkillərini mənə göstərib hazırda Azərbaycanda olduqlarını deyiblər. Bunu eşitmək, əlbəttə ki, mənə qürur verir.
- İsveçdəki diasporumuz nə dərəcədə şəxsi və milli maraqlara üstünlük verir?
- Bir çox ölkələrdəki diasporlarda olduğu kimi, burada da problemlər olur, amma sonra zamanla öz həllini tapır. Şəxsi yox, əsasən, milli maraqlara üstünlük verilir. Kimlər ki şəxsi maraqlara üstünlük verirlər, qısa zaman ərzində ifşa olunurlar. Onu da deyim ki, belələri az deyil…
- Orada diasporumuz öz aktivliyini hansı formada gücləndirə bilər?
- Diasporun daha da güclənməsi üçün İsveç cəmiyyətinə inteqrasiya olunmuş, şəxsi yox, milli maraqlara önəm verən, qrup şəklində işləməyi bacaran, birlik və bərabərliyə üstünlük verən həmvətənlərimiz olmalıdır. Bu prinsip nəinki İsveçdə, bütün dünyadakı diaspor nümayəndələrimizin daha aktiv olması üçün keçərlidir.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
10.12.2018
“Bu seçkilər ən utancverici seçkilərdən biri kimi Ermənistan tarixinə düşəcək”
04.12.2018
Sosial şəbəkə təxribatı: Fransanı qarışdıran “sarı jilet” və Honkonqda sınaqdan keçirilən “sarı çətir”
20.11.2018
“Sondakika.com”: “Sumqayıtda açılan zavod dünyada ən müasir müəssisə xüsusiyyətinə malikdir”
16.11.2018
Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
14.11.2018
Türkiyə mediası: “Star” zavodu satış üçün istehsala yanvarda başlayacaq”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”
5 OPEK-ə üzv ölkələr neft hasilatını azaltmaq barədə razılığa gəliblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info