“Bizim Qarabağa dönüşümüzün başlanğıcında Cocuq Mərcanlı durur”
Tarix: 21.05.2018 | Saat: 22:57:00 | E-mail | Çapa göndər


Ermənistan silahlı qüvvələrinin təxribatı davam edir. Xəbər verildiyi kimi, mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tatarov Adil Əli oğlu şəhid olub. Xarici İşlər Nazirliyi Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan sahəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusunun şəhid olmasına münasibət bildirib. XİN-in Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlamasında həlak olmuş hərbi qulluqçunun ailəsinə dərin hüznlə başsağlığı verdiklərini bildirib.
H. Hacıyev deyib ki, münaqişənin həlli üçün ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşmək əvəzinə Azərbaycanın işğal olunmuş ərazilərinə və Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsinə səfər edən Ermənistanın xarici işlər naziri vəziyyətin gərginləşməsini və təxribatların baş verməsini təşviq edir: "Bu, bir daha onu göstərir ki, Ermənistanın münaqişənin "yalnız sülh yolu ilə həlli" barədə açıqlamaları işğalçılıq siyasətini gizlətməkdən başqa, bir şey deyildir və cəfəngiyyatdır. Qəti şəkildə bildiririk ki, yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür".

“Bu gün Cocuq Mərcanlı çox gözəl günlərini yaşayır”

Yeri gəlmişkən, Dağlıq Qarabağ məsələsi hər bir azərbaycanlı üçün unudulmaz mövzudur. Azərbaycanda keçirilən istənilən tədbirlərdə bu mövzu haqqında ətraflı çıxışlar olur. Elə Azərbaycan Dillər Universitetinin (ADU) Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda respublika tələbə-şagird elmi konfransında da bu haqda danışılıb. Qeyd edək ki, öncə ADU-nun rektoru, konfransın təşkilat komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, professor Kamal Abdulla qonaqları salamlayaraq onları universitetdə görməkdən şad olduğunu bildirib. Ulu öndərin xatirəsinə həsr olunmuş “Heydər Əliyev və müasir Azərbaycan” adlı tələbə-şagird konfransının çox möhtəşəm başlandığını söyləyən rektor bu yaxınlarda ADU-nun “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı beynəlxalq konfrans keçirdiyini diqqətə çatdırıb. Konfransda Ağdam 1 nömrəli köçkün tam orta məktəbi, Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbi, Şamaxı rayon 2 nömrəli tam orta məktəbi, Binəqədi rayon 298 nömrəli məktəb, 92 nömrəli məktəb, E.Ağayev adına 198 nömrəli məktəb, 314 nömrəli məktəb, V.Əzizov adına 30 nömrəli məktəb, Nərimanov rayonu 36 nömrəli tam orta məktəb, 264 nömrəli məktəb-liseyi, Bakı Xoreoqrafiya Akademiyasının tam orta məktəbi, Yasamal rayon 225 nömrəli tam orta məktəb, Nizami rayon 227 nömrəli tam orta məktəb, Z.Məmmədov adına 171 nömrəli tam orta məktəb, E.Tağızadə adına 164 nömrəli tam orta məktəb, 204 nömrəli tam orta məktəb, Hüseynov adına tam orta məktəb, Nəsimi rayonu 46 nömrəli tam orta məktəb, Nəsimi rayonu 42 nömrəli tam orta məktəb, 299 nömrəli tam orta məktəb, Suraxanı rayonu 275 nömrəli tam orta məktəb, Binəqədi rayonu 260 nömrəli məktəb-liseyi, Ağdam rayon 47 nömrəli köçkün tam orta məktəbi, Kəlbəcər rayonu 1 nömrəli tam orta məktəb, Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktor, müəllim və şagirdləri iştirak ediblər. Rektor K.Abdulla onları universitetdə görməyin olduqca sevindirici və şərəfli olduğunu vurğulayıb: “Biz gərək elə edək ki, onların ikigünlük Bakı tətilləri və konfrans yadlarında əbədi qalsın”. Cocuq Mərcanlı kənd tam orta məktəbinin adını çəkdikdə qəhərlənən rektor – “Əlbəttə ki, bizim Qarabağa dönüşümüzün başlanğıcında Cocuq Mərcanlı durur” – sözlərini ifadə edib. N.Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktoru Zamin Həziyev 1993-cü ilin oktyabr ayında 12 yaşı olarkən ermənilərin torpaqlara soxulması nəticəsində Cəbrayıl rayonunu tərk etdiyi anları xatırlayıb: “Şükürlər olsun ki, 24 il sonra 37 yaşımda öz torpağımıza qayıtdım. Bu gün Cocuq Mərcanlı çox gözəl günlərini yaşayır. Xaraba halına salınmış kəndin yerində gözoxşayan məktəb binası, yaşayış yerləri tikildi, şərait quruldu. Cənab Prezident özü kəndin açılışında məktəbimizin qonağı olmuşdur. 1993-cü ildə yaşanan ağır vəziyyətdə ümummilli lider bir neçə il hakimiyyətə tez gəlmiş olsaydı, torpaqlarımız işğal olunmazdı. 1994-cü ilin uğurlu Horadiz əməliyyatında Füzuli rayonunun 22 yaşayış məntəqəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edildi. Lakin bir neçə ay erməni əsarətində qalan kənd viranə günə qalmışdı. Orada yaşayış mümkün deyildi, ermənilər yaxınlıqdakı yüksəkliklərin hamısına nəzarət edirdilər. Üstündən illər keçsə də, biz ordumuzun həmişə qələbəni əldə edəcəyi günü gözləyirdik, bu arzu ilə yaşayırdıq. Biz Lələtəpə yüksəkliyində gedən döyüşlər nəticəsində çoxlu şəhidlər verdik. Lakin ordumuz öz sözünü dedi. Ermənilər belə bir fikir yürüdürdülər ki, Lələtəpə istiqaməti 1994-cü ildə nə qədər cəhd olunsa da, alına bilməmişdi. Lakin 2016-cı ildə ermənilər layiqli cavablarını almışdılar”. Konfransın yüksək səviyyədə təşkil olunduğunu deyən və konfransın işinə uğurlar arzulayan Z.Həziyev qəlbində sözlərinin çox olduğunu bildirib: “Ümummilli lider haqqında bir saat, iki gün, aylarla danışsaq, azdır. Yaxşı ki, həyatımızda ümummilli lider kimi şəxs olub”.

Qaçqın və məcburi köçkün məktəblərinin direktor və şagirdlərinə hədiyyələr təqdim olunub

Kəlbəcər rayonu 1 saylı orta məktəbinin direktoru Fərqanə Əhmədova dünyanın bir sıra dövlət başçılarının dilindən dəfələrlə “Azərbaycan xalqı xoşbəxtdir ki, ona Heydər Əliyev kimi müdir siyasi xadim rəhbərlik edib” sözlərinin səsləndiyini qeyd edib. H.Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycanın əbədi müstəqilliyə, inkişafa, tərəqqiyə qədəm qoyduğunu söyləyən F.Əhmədova ulu öndərin bütün həyatını doğma xalqına sərf edən, milli dövlətçiliyin əsasını qoyan dahi lider olduğunu bildirib. Nərimanov rayonu 36 saylı tam orta məktəbin direktoru Emilya Səfərəliyeva konfransın təşkilinin böyük əmək tələb etdiyini qeyd edib: “Bu gün tələbələrlə yanaşı, məktəblilər də iştirak edir. Onlar üçün burada etdikləri çıxışlar gələcəkdə daha böyük kürsülərdə çıxış üçün böyük motivasiya, böyük şansdır”. Konfransın “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi”, “Müasir Azərbaycan beynəlxalq münasibətlər sistemində”, “Azərbaycan tarixi və mədəniyyəti”, “Dil və ədəbiyyat”, “Pedaqogika və psixologiya”, “Multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda bölmə iclasları ilə davam edib və iclaslarda tələbə-müəllim heyəti ilə yanaşı, məktəb şagirdləri də məzurələrlə çıxış ediblər. Konfransın bağlanış mərasimində rektor Kamal Abdulla tərəfindən qaçqın və məcburi köçkün məktəblərinin direktor və şagirdlərinə hədiyyələr təqdim olunub. Sonda Ağdam 1 nömrəli köçkün tam orta məktəbinin şagirdləri “Azərbaycan bayrağı” şeirini söyləyib və səhnəyə Azərbaycan bayrağı gətirilib.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
22.10.2018
“Biz erməni xalqının içərisindən çıxmış cinayətkarları dünyaya tanıtdırmaq istəyirik”
19.10.2018
ABŞ mətbuatı Ermənistanın işğalçılıq siyasətini ifşa edib
17.10.2018
“Ermənistanın dayanıqlı inkişafa nail olması mümkün deyil”
16.10.2018
“Ermənistan sülhə könüllü olaraq getmək istəmirsə, buna məcbur edilməlidir”
15.10.2018
“Ermənistan uğursuz şəkildə beynəlxalq ictimaiyyəti aldatmaq səylərini dayandırmalıdır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10303

1 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
2 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
3 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 Yunanıstan və Ukraynadakı diaspor üzvlərinin görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info