Müsəlman Şərqində ilk liberal milli iqtisadiyyat təcəssümü – AXC iqtisadiyyatı
Tarix: 21.05.2018 | Saat: 22:59:00 | E-mail | Çapa göndər


Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qısamüddətli fəaliyyət dövrü (1918-1920-ci illər) bütün dünyəvi və hürr dövlətlər üçün örnəkdir. Məhz Azərbaycan millətinin qurmaq şərəfinə nail olduğu müsəlman Şərqində ilk Cümhuriyyət, ölkəmizin istiqlalını görmək istəməyən xarici qüvvələrin, terrorçu Lenin Rusiyasının aqressiv silahlı basqını və bolşevik-daşnak talanları ilə süqut etsə də, özündən sonra bəşəriyyətə nümunə olacaq zəngin dövlətçilik iris qoymuşdur. Bu baxımdan, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət dövrünü tədqiq və dünyada təbliğ etmək böyük önəm daşıyır. Bu məqaləmizdə isə Cümhuriyyətin iqtisadi sahədə həyata keçirdiyi tədbirlər və nailiyyətlərdən yazacağıq.

Sosial ədalət və mülkiyyət plüralizmi
Öncə qeyd edilməlidir ki, mövcud olduğu 23 ay ərzində AXC bir sıra təsərrüfat və mədəniyyət məsələlərinin həllində böyük uğurlar qazandı. Neft sənayesi ağır vəziyyətdən çıxarıldı, dağıdılmış Bakı-Batum neft kəməri bərpa olundu, Bakı-Culfa dəmir yolu inşa edildi, Kür çayı üzərində körpü salındı, maarif və mədəniyyət, xaricdə yüksəkixtisaslı milli kadrlar hazırlanması sahəsində işlər yoluna qoyuldu. Azərbaycan Dövlət Bankı yaradıldı, milli pul nişanları buraxıldı, Xəzər dəniz gəmiçiliyi inkişaf etdirildi, Bakı Universiteti və bir çox ibtidai məktəblər açıldı və sair. Bütün bu nailiyyətlər Cümhuriyyətin modern iqtisadi bazaya əsaslanan azad cəmiyyət quruculuğunu barış şəkildə ortaya qoyurdu…
Azərbaycan Xalq Cümhuriyyətinin iqtisadiyyatında sosial ədalət və xüsusi mülkiyyətin toxunulmazlığı prinsipləri əfzəl idi. Burada dövlət mülkiyyəti, xüsusi, şəxsi, səhmdar, bələdiyyə mülkiyyəti formalarının və digər mülkiyyət formalarının inkişafı üçün bərabər imkanlar yaradılırdı, bu baxımdan əlverişli mühit tam təmin edilmişdi. AXC dövləti fabrik, zavod, torpaq və digər əsas istehsal vasitələri üzərində xüsusi mülkiyyəti qəbul edirdilər və bolşeviklərin onun aradan qaldırılmasına çağırışlarına qarşı çıxırdılar. Bununla belə, xüsusi mülkiyyətə malik olmada ifratçılıq zərərli hesab edilirdi. Qeyri-məhdud mülkiyyət hüququ mülkiyyətə malik olmamaq qədər təhlükəli hesab edilirdi. Belə bir prinsip irəli sürülürdü ki, xüsusi mülkiyyətin mövcudluğu mülkiyyətin tamamilə xüsusiləşməsinə aparmamalı, məsələn, fabrik və zavodlarda çalışan işçinin işdəki mövqeyi əməkhaqqı və işçi hüquqları ilə bağlı qanunların tətbiqi ilə təmin olunmalıdır. Cümhuriyyətin iqtisadi qanunvericiliyinə görə, dövlətin sərvət və gəlir qaynağını təşkil edən yeraltı mədənlər, həmçinin dəmir yolu, işıq, su, teleqraf və s. bu kimi ümumi istifadə sahələri dövlət və qismən də bələdiyyə mülkiyyətinə aid idi.
AXC öz dövrü üçün olduqca mütərəqqi olan aqrar islahatlar həyata keçirirdi. Cümhuriyyətin aqrar islahat proqramının məqsədi torpaqsız və aztorpaqlı əhalini torpaqla təmin etməkdən ibarət idi. Həm də xüsusi torpaq mülkiyyətini ləğv etmək deyil, torpağı xüsusi mülkiyyətə elə istehlak normaları üzrə vermək nəzərdə tutulurdu. Bununla bir tərəfdən kənd əhalisini gəlirlə təmin etmək, digər tərəfdən istifadəsiz və səmərəsiz xüsusi sahibkar torpaqlarını ləğv etmək məqsədi güdülürdü. Bu isə aqrar sahənin rentabelliyinə və gəlirliliyinə nail olmaq üçün düşünülmüşdü.

Valyuta siyasəti
Müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin milli valyutasının təsis edilməsi önəmli iqtisadi hadisələrdən sayılmalıdır. AXC-nin maliyyə siyasətinin mühüm tərkib hissəsi olan milli valyutanın buraxılması 1918-ci ilin əvvəlindən Bakıda yeni kağız əsginaslar - “Bakı bonları” ilə başladı. Milli pul vahidinin möhkəmləndirilməsi, onun alıcılıq qabiliyyətinin qorunub saxlanması hökumətin iqtisadi siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Çünki milli valyuta inflyasiya şəraitində dövriyyəyə buraxılmışdı. Əvvəlki dövrdən miras qalan inflyasiyaya qarşı mübarizə üçün müstəqil dövlətin maliyyə, vergi, bank-kredit sistemi yaradıldı; Dövlət Bankı açıldı, Maliyyə Nazirliyinin 20 iyul 1919-cu il tarixli qərarı ilə əmtəələrin sərbəst ixracı təmin edildi, AXC parlamentinin bu məsələyə həsr olunan 24 noyabr 1919-cu il tarixli iclasında müxtəlif fikirlər müzakirə olundu. Həmin iclasda qərar qəbul olundu ki, əsas diqqət xəzinənin doldurulmasına yönəldilməlidir. Xəzinəyə müəyyən rüsum keçirmək şərti ilə (ixrac olunan xammalın dəyərinin 25 faizi həcmində) xammal ixracına icazə verilməsinə dair qanun (11 dekabr 1919-cu il) qəbul edildi, xaricə gizli yolla gümüş, qızıl, platin aparılmasına görə məsuliyyət məsələsinə baxıldı və bu məsələ 20 oktyabr 1919-cu il tarixli qanunda öz geniş əksini tapdı. Bundan başqa, ölkə sərhədləri daxilində mal mübadiləsini tənzimləmək üçün 1919-cu ilin avqust ayından xaricdən Azərbaycana gətirilən bir sıra zinət əşyalarına müvəqqəti gömrük tarifləri tətbiq olundu. 9 fevral 1920-ci ildə isə daxili bazarı tənzimləmək məqsədilə Azərbaycandan ixrac edilən əmtəələr üçün yeni müvəqqəti gömrük qaydalarının tətbiq edilməsi haqqında qanun təsdiq edildi, həmçinin çevik vergi siyasəti, xərclərin ixtisar edilməsi istiqamətində işlər, xaricdən gömrüksüz gətirilən malların siyahısının müəyyənləşdirilməsi və sair tədbirlər bu sahədə vəziyyəti tənzimləmək məqsədi daşıyırdı. Qeyd etmək lazımdır ki, dövlət bu sahədə xeyli dərəcədə uğurlara nail ola bilmişdi. Bununla belə, yenicə yaranmış Cümhuriyyətin ilk vaxtlarında inflyasiyaya nəzarət çətin idi. İxracın olmaması, neft sənayesinin ağır durumu, milli pul vahidinin dünya birjasında Rusiya pul vahidi ilə bağlılığı milli valyutanın qiymətdən düşməsinin ən mühüm səbəbləri idi. Yeni kabinet iqtisadiyyatın sağlamlaşdırılmasına pulun sağlamlaşdırılmasından başlamağı məqsədəuyğun sayırdı. Bu baxımdan, hökumət inflyasiya şəraitində bir neçə dəfə (1919-cu ilin 5 may və 1 dekabrda) əlavə pul emissiyasına icazə vermək zərurəti qarşısında qaldı. Hökumətə görə, neft sənayesinin məhz bu yolla böhrandan qurtulması mümkün idi.

Uğurlu beynəlxalq iqtisadi münasibətlər
AXC dövrü iqtisadiyyatının əsas istiqamətlərindən biri uğurlu beynəlxalq iqtisadi münasibətlərin qurulmasına yönəlmişdi. Cümhuriyyətin İstiqlal Bəyannaməsində xarici ölkələrlə iqtisadi münasibətlər qurmaq zərurəti mühüm önəm kəsb edirdi. Ümumiyyətlə, AXC rəhbərliyi Azərbaycanın müstəqilliyi və inkişafında xarici faktorlara çox böyük önəm verirdi. Buna görədir ki, qısa zaman ərzində Azərbaycan Xalq Cümhuriyyəti 23 dövlət tərəfindən tanınmışdı. Bu məsələdə xarici ölkələrlə iqtisadi əməkdaşlığı təkmilləşdirmək, maneələri aradan qaldırmaq, həmçinin əməkdaşlığı dünya təcrübəsinə əsaslanmaqla yerinə yetirmək nəzərdə tutulurdu. Bundan başqa, AXC-nin iqtisadi platformasında respublikanın mövcudluğundan əvvəl formalaşmış iqtisadi əlaqələrə münasibət birmənalı idi. Bu əlaqələri kəsmək yox, müstəqil dövlətin iqtisadi əlaqələri kimi genişləndirmək məqsədəuyğun sayılırdı. Azərbaycanda mövcud olan xarici kapital nümayəndələri ilə münasibətləri yeni əsaslarda inkişaf etdirmək üçün konkret addımlar atılırdı. Məsələn, Azərbaycan hökumətinin 18 oktyabr 1919-cu il tarixində qəbul etdiyi qərarda Böyükşor gölünün bir hissəsinin “Nobel qardaşları birliyinə” icarəyə verilməsi haqqında vaxtı bitmiş müqavilənin bərpa olunması göstərilir, bu müqavilənin şərtlərinə yeni dəyişikliklərin edilməsi əsaslandırılırdı. Ümumiyyətlə, Azərbaycanda xarici kapital və konsessiya məsələsinə dair həm parlamentin, həm də xarici kapital nümayəndələrinin fikirləri uyğun gəlirdi. AXC parlamentinin 22 dekabr 1919-cu il tarixli iclasında hökumət rəhbəri Nəsibbəy Yusifbəyov tərəfindən elan edilmiş yeni kabinetin bəyannaməsində Azərbaycanın azad və müstəqil yaşamasının şərti kimi güclü iqtisadiyyatın yaradılması zərurəti qeyd edilib, bu məqsədlə xarici ticarət siyasətində köklü dəyişiklik etməsi nəzərdə tutulub, ixracı stimullaşdırmaq istiqamətində tədbirlərin həyata keçirilməsi mümkünlüyü və zərurəti vurğulanıb. Cümhuriyyət özünün xarici iqtisadi fəaliyyətində daim Azərbaycan xalqının mənafeyinə əsaslanan başlıca vəzifələri reallaşdırmaq məqsədini güdüb. Burada əhalini zəruri mallarla təmin etmək, xəzinə gəlirlərini artırmaq üçün əlavə mənbələr axtarıb tapmaq kimi tədbirlər xüsusi qeyd edilir. Bu və ya digər məhsulun xaricə satışına icazə verilməsi və ya onun qadağan edilməsi zamanı o məhsulun əhali üçün nə dərəcədə zəruri olması, hökumətə nə qədər gəlir gətirməsi halları diqqətlə nəzərə alınırdı. Azərbaycan hökumətinin 20 fevral 1919-cu il tarixli qanun layihəsi ilə xaricə konyak, üzüm və tut spirtlərinin ixracına icazə verilirdi. Halbuki Cümhuriyyətdən öncə xaricə spirtlərin satışı qadağan olunduğu üçün bəzi təsərrüfatlar və hökumət maliyyə baxımından zərər görmüşdü. Hökumət hesab edirdi ki, xaricə spirt satışında bütün əhali maraqlıdır. Çünki əhali öz təsərrüfat məhsulları olan üzümü və tutu şərab zavodlarına satmaqla qazanar, indiyədək heç bir qiyməti olmayan tullantılardan (məsələn, çürümüş meyvə qabıqları) istifadə sərfəli bir işə çevrilərdi. Bununla bağlı qanun layihəsində nəzərdə tutulurdu ki, əhali üçün spirt ancaq texniki və tibbi məqsədlər üçün zəruridir. Xaricə satışına icazə verilən 85 dərəcəli konyak spirti və 40-45 dərəcəyə qədər olan üzüm və tut spirti isə bu məqsəd üçün yaramır. Ona görə də onun xaricə satışından yalnız gəlir gələ bilər.
Parlamentin ölkədən xammal ixracının şərtləri haqqında qəbul etdiyi qanun da bu baxımdan maraqlıdır. Bu qanuna görə pambıq, yun, ipək, frizon, barama kimi xammal növlərinin azad şəkildə ixracına bu şərtlə icazə verilirdi ki, ixrac olunan xammalın dəyərinin 25 faizi əvəzsiz şəkildə xəzinənin hesabına köçürülsün. Məsələnin belə qoyuluşu xarici valyuta əldə etmək və ya əmtəə mübadiləsi ilə zəruri məhsulları almaq imkanı yaradırdı. Bundan əlavə, xarici-iqtisadi siyasət sahəsində mühüm addımlar atılırdı. Məsələn, xarici dövlətlərlə əmtəə mübadiləsini qaydaya salmaq üçün ağır maliyyə vəziyyəti şəraitində 20 milyon manatlıq fond yaradıldı və hökumətin 12 fevral 1919-cu il tarixli qərarı ilə bu fonddan ilkin ehtiyatlar üçün 10 milyon manat həcmində kredit verilməsi qərara alındı. Eyni zamanda, AXC-nin Ticarət, Sənaye və Ərzaq Nazirliyinin nəzdində Xarici dövlətlər və bir-birinə yaxın sahələrlə əmtəə mübadiləsi komitəsi fəaliyyət göstərirdi. Komitə haqqında təsdiq olunmuş əsasnamədə göstərilirdi ki, əmtəə mübadiləsi komitəsinin mühüm vəzifələrindən biri respublikanın iqtisadi və maliyyə vəziyyətinin əsasını təşkil edən xaricə neft ixracını və satışını təşkil etməkdən ibarətdir. Həmçinin Ticarət, Sənaye və Ərzaq Nazirliyinin ixraca dair qaydaları təsdiq etməsi nəticəsində ümumiyyətlə, ixracına icazə verilməyən əmtəələr siyahısına taxıl, un, bişirilmiş çörək, krupa, yem, at, iri və xırdabuynuzlu mal-qara, ət və onun bütün növləri, qənd, külçə və pul şəklində qızıl və gümüş, dəmir, soyuq silahlar və s. daxil edildi. Komitə tərəfindən xaricə satışına icazə verilən əmtəələrə düyü, makaron, hər cür toxum və tərəvəz, çay, qəhvə, bitki yağı, şərab, duz, sabun, meşə materialları, neft və neft məhsulları, qızıl və gümüş məmulatı, maşın və alətlər və s. aid idi. Əsasnamədə göstərilirdi ki, bu iki qrupa aid olmayan, yerdə qalan bütün əmtəələrin azad satışına icazə verilir.
Həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin əsas iqtisadi tənzimləmə vasitələrindən biri kimi çıxış edən gəlir vergisi müəssisə və təşkilatlarda yaradılan mənfəətin 30 faizini təşkil edirdi. Dolayı vergi kimi şərab, tütün və neft məhsullarına qoyulan aksizlər fəal iqtisadi tənzimləyici rolunda çıxış edirdi.
Ümumiyyətlə, AXC dövrünün iqtisadiyyatı milli dövlətçilik və mənafelərə əsaslanmaqla modern və o zaman üçün liberal iqtisadi münasibətlər prinsiplərini özündə əks etdirirdi, kənd təsərrüfatının, sənayenin, sahibkarlığın inkişafı üçün bütün əlverişli imkanlar yaradılmışdı. Cümhuriyyətin iqtisadi siyasətində başlıca hədəf əhalinin yüksək iqtisadi fəallığını və yüksək sosial rifahı təmin etmək idi. Bu baxımdan müasir Azərbaycan dövlətçiliyinin banisi olan ümummilli lider Heydər Əliyevin müəllifi olduğu, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən inkişaf strategiyası Cümhuriyyətin bu sahədə ideallarının həyata keçirilməsində böyük uğurlara nail olub. Bunun konkret göstəriciləri var və bu göstəricilər bir daha bariz şəkildə sübut edir ki, müasir Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin uğurlu varisidir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
23.10.2018
Ölkə üzrə pambıq qəbulu məntəqələrinə 158 min tondan çox məhsul təhvil verilib
23.10.2018
“BP Azerbaijan” İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə yeni layihəyə başlayır
23.10.2018
34 rayon və şəhər xərclərini özləri təmin edəcək
23.10.2018
Hərracda19 dövlət əmlakı özəlləşdirilib
23.10.2018
Azərbaycan ixrac missiyası Türkiyəyə gedib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10303

1 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
2 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
3 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 Yunanıstan və Ukraynadakı diaspor üzvlərinin görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info