Serbiya Prezidenti: “Serbiya Azərbaycan üçün dost ölkədir” (Yenilənib)
Tarix: 21.05.2018 | Saat: 19:55:00 | E-mail | Çapa göndər


Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycana rəsmi səfərə gəlib. Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Prezidenti Aleksandr Vuçiçi qarşılayıb.
Rəsmi qarşılanma mərasimindən sonra prezidentlərin təkbətək görüşü olub. Görüşdə Azərbaycan ilə Serbiya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Ölkələrimiz arasındakı əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirilib. Serbiya Prezidenti Aleksandr Vuçiçin Azərbaycana rəsmi səfərinin ölkələrimiz arasında əməkdaşlığın inkişafına töhfə verəcəyi diqqətə çatdırılıb. Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Təkbətək görüş başa çatandan sonra prezidentlərin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub. Azərbaycan Prezidenti İlham Əliyev əlaqələrimizin çox uğurla inkişaf etdiyini deyib: “Biz dostuq, tərəfdaşıq, strateji tərəfdaşıq. Son illər ərzində əldə edilmiş uğurlar deməyə əsas verir ki, Serbiya-Azərbaycan əlaqələri bundan sonra da uğurla inkişaf edəcəkdir. Biz beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik, iqtisadi sahədə əməkdaşlıq aparılır. Əminəm ki, bu gün aparılan danışıqlar nəticəsində bu sahəyə də yeni təkan veriləcəkdir. Humanitar sahədə çox gözəl əməkdaşlıq var. Əlbəttə, bölgədə gedən proseslərlə bağlı biz bu gün Sizinlə fikir mübadiləsi apardıq. Əminəm ki, belə məsləhətləşmələrin çox böyük əhəmiyyəti var. Biz gələcəkdə energetika, nəqliyyat sahələrində daha fəal əməkdaşlıq edə bilərik. Bu məsələlərlə bağlı bizim fikirlərimiz var. Belə olan halda bizim münasibətlərimiz yeni mərhələyə, yeni pilləyə qalxacaqdır. Bir sözlə, biz münasibətlərimizin inkişafı ilə bağlı bir fikirdəyik. Hesab edirəm ki, bu münasibətlərin çox böyük gələcəyi var. Serbiya bizim üçün dost ölkədir və əminəm ki, bu dostluq əlaqələri bundan sonra da davam etdiriləcək”.

“İqtisadiyyatımız gücləndikcə serb şirkətləri Azərbaycana cəlb oluna bilər”
Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təbriklərini çatdıraraq deyib: “Sizi əmin edirəm ki, Serbiya Azərbaycan üçün dost ölkədir. Biz burada - Azərbaycanda, Bakı şəhərində özümüzü ən yaxın dostlarımızın evində hiss edirik. Cənab Prezident, mən Sizin fəaliyyətinizə xüsusilə böyük önəm verirəm. Siz çox böyük səylər göstərirsiniz ki, ölkənizin suverenliyini və müstəqilliyini qoruyub saxlayasınız. Çünki hazırkı çox gərgin bir şəraitdə Siz ölkənizi firavanlıq yolu ilə irəli aparırsınız. Bununla yanaşı, Sizin siyasətinizi dəstəkləyən bütün ölkələrlə yaxşı münasibətlər qurmusunuz. Bu, olduqca çətin bir məsələdir. Biz Serbiya olaraq bu siyasətə böyük önəm verir və hörmət bəsləyirik. Hesab edirəm ki, bizim birgə görəcəyimiz işlər kifayət qədərdir. Azərbaycanın maraqları baxımından Serbiyada görüləcək bir çox işlər var. Eyni zamanda, bizim də burada görə biləcəyimiz işlər çoxdur. Düşünürəm ki, iqtisadiyyatımız gücləndikcə serb şirkətləri Azərbaycana cəlb oluna bilər. Məlumat vermək istərdim ki, bu il bizim iqtisadi artımımız 4,5 faizə bərabər olmuşdur. Məndə olan məlumata görə, Sizin də qeyri-neft sektorunda 3 faiz artım olmuşdur”.

Azərbaycan-Serbiya sənədləri imzalanıb
Geniş tərkibdə görüş başa çatandan sonra prezidentlərin iştirakı ilə sənədlərin imzalanması mərasimi olub. “Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı”nı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç imzalayıblar. Tərəflər arasında səhiyyə və tibb elmi sahəsində, ədliyyə sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumları, bitki karantini və mühafizəsi sahəsində, beynəlxalq avtomobil daşımaları haqqında və hava əlaqələri haqqında sazişlər imzalanıb.

“Gələn günlər ərzində biz artıq “Şahdəniz-2” layihəsinin başa çatmasını qeyd edəcəyik”
Sənədlərin imzalanması mərasimindən sonra prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər. Azərbaycan Prezidenti bəyanatında qeyd edib ki, səfərin nəticələri Serbiya-Azərbaycan dostluq və strateji tərəfdaşlıq əlaqələrinin inkişafı üçün yeni imkanlar açacaq: “Biz strateji tərəfdaşıq və bu gün imzalanan sənədlər arasında strateji tərəfdaşlıq üzə Birgə Fəaliyyət Planı imzalanmışdır. Bu, çox geniş və əhəmiyyətli sənəddir. Bu sənəddə bizim gələcək əməkdaşlığımızla bağlı bütün önəmli məsələlər öz əksini tapmışdır”. Prezident deyib ki, biz beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birimizi dəstəkləyirik: “Bütün önəmli məsələlərdə bir-birimizə dəstək göstəririk. Ölkələrimizin ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı ilə bağlı məsələlərdə bütün beynəlxalq təşkilatlarda bir-birimizi daim dəstəkləyirik. Üzləşdiyimiz münaqişələr beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkələrimizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri çərçivəsində öz həllini tapmalıdır. Bu məsələ ilə bağlı biz daim bir-birimizə qarşılıqlı dəstək göstəririk və bundan sonra da göstərəcəyik”. Prezident deyib ki, mövcud ticarət dövriyyəsi bizim iqtisadi potensialımızı əks etdirmir: “Artım var, ancaq mütləq rəqəmlər hələ də çox aşağıdır. Ona görə əminəm ki, səfər zamanı müzakirə olunan və olunacaq məsələlər gələcəkdə ticarət dövriyyəsinin artırılmasına gətirib çıxaracaq, bunun üçün yaxşı imkanlar var. Energetika sahəsində əməkdaşlıq üçün perspektivlər ümidvericidir. Bu məsələ imzalanan Fəaliyyət Planında öz əksini tapmışdır. Azərbaycan nəhəng enerji layihələrinin təşəbbüskarıdır və fəal iştirakçısıdır. Onların arasında “Cənub Qaz Dəhlizi” layihəsi xüsusi yer tutur. Gələn günlər ərzində biz artıq “Şahdəniz-2” layihəsinin başa çatmasını qeyd edəcəyik. Gələn ay TANAP layihəsi istismara verilməlidir. Beləliklə, “Cənub Qaz Dəhlizi”nin əsas layihələri artıq başa çatmış olacaqdır. Bu, enerji təhlükəsizliyi məsələlərinə Azərbaycanın növbəti töhfəsidir”.

“Serbiya ilə əlaqələr bizim üçün çox böyük əhəmiyyət kəsb edir”
Prezident deyib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyətə başlaması nəticəsində Asiya ilə Avropa Azərbaycan və digər ölkələr üzərindən bir-biri ilə bağlanır: “Bu, Asiyadan Avropaya və əks istiqamətə ən qısa yoldur. Yüklər artıq bu yol vasitəsilə daşınır və yüklərin həcmi getdikcə daha da artacaq. Əlbəttə ki, biz Serbiyanı bu dəmir yolunun fəal iştirakçısı kimi görürük”. Prezident qeyd edib ki, Serbiya ilə Azərbaycan arasındakı əlaqələrdə humanitar sahə çox önəmli yer tutur: “Cənab Prezident, bilirəm ki, Siz Azərbaycan Dillər Universitetində “Serb Dili və Mədəniyyəti Mərkəzi”nin açılışında da iştirak edəcəksiniz. Əminəm, bilirsiniz və görəcəksiniz ki, Sizin xalqınıza, xalqınızın mədəniyyətinə, ədəbiyyatına Azərbaycanda çox böyük maraq, böyük hörmət var”. Turizm sahəsinin qarşılıqlı şəkildə inkişaf etdirilməsinin həm ölkələrimizə gəlir gətirəcəyini, həm də insanların bir-birini daha yaxından tanıyacaqlarını deyən Prezident əmin olduğunu bildirib ki, səfərdən sonra əlaqələrimizə yeni dinamika, yeni təkan veriləcək: “Sizin ölkənizdəki işlərlə bağlı apardığınız siyasəti biz yüksək qiymətləndiririk. Siz Serbiyanın müstəqil siyasətini müdafiə edirsiniz, ölkənizi inamla idarə edirsiniz. Xalq Sizə böyük dəstək göstərir. Sizin siyasətiniz Serbiya xalqı tərəfindən yüksək qiymətləndirilir. Biz Sizin dostlarınız kimi buna sevinirik. Əminik ki, Serbiya-Azərbaycan əlaqələri bundan sonra da Sizin gündəliyinizdə önəmli yer tutacaqdır. Serbiya ilə əlaqələr bizim üçün çox böyük əhəmiyyət kəsb edir”.

“Azərbaycan ilə dostluq münasibətlərinin inkişafı bizim üçün çox vacibdir”
Serbiya Prezidenti Aleksandr Vuçiç bəyanatında deyib: “Mən Sizin Prezident seçilməyinizdən sonra ölkənizə səfər edən ilk dövlət başçısıyam. Bu, mənim üçün çox böyük şərəfdir. Azərbaycan ilə dostluq münasibətlərinin inkişafı bizim üçün çox vacibdir. Bu, bizim dövlətlərimizin və xalqlarımızın maraqlarına tam uyğundur. Bizim əməkdaşlığımız üçün çox böyük meydan var. Məhz bu səbəbdən də mən bizim hökumətimizin demək olar ki, tam yarısı ilə Azərbaycana səfərə gəlmişəm. Çünki biz Azərbaycan ilə bütün sahələrdə əməkdaşlığı inkişaf etdirmək əzmindəyik. Mənim ölkəmin müstəqilliyinin və suverenliyinin dəstəklənməsinə görə minnətdarıq. Biz də öz növbəmizdə Azərbaycanın müstəqilliyini və suverenliyini dəstəkləyirik. Hər iki ölkənin bu mövqeyi dəyişməz olaraq qalacaqdır”. Serbiya Prezidenti deyib ki, bu yaxınlarda bizim hökumətlərarası komissiyanın iclası olacaq: “Sonuncu iclas 2015-ci ildə olmuşdur. Düşünürəm ki, müxtəlif nəqliyyat layihələrinin icrasında fəal əməkdaşlıq edə bilərik. Azərbaycan şirkəti Serbiyada yol tikintisində uğurla fəaliyyət göstərir. Bununla yanaşı, müxtəlif kənd təsərrüfatı məhsullarının alqı-satqısı sahəsində, mədəniyyət, idman və digər sahələrdə daha böyük nailiyyətlər əldə edə bilərik. Təbii ki, bizim hərbi-texniki və hərbi təhsil sahələrində də böyük potensialımız var”. Azərbaycan Prezidentini Serbiyaya rəsmi səfərə dəvət edən Aleksandr Vuçiç deyib: “Bizim yaxşı münasibətlərimiz var. Artıq üç ildir ki, bizim büdcəmizdə artım müşahidə olunur. Bu da bizə daha yüksək səviyyədə qarşılıqlı sərmayə qoyuluşu baxımından yaxşı imkanlar yaradır”.






 
Bölməyə aid digər xəbərlər
19.06.2018
Ermənistanda hərbi avtomobil qəzaya uğrayıb, 5 hərbçi xəsarət alıb
19.06.2018
Müdafiə naziri Raket və Artilleriya Qoşunlarının cəbhə bölgəsində yerləşən hərbi hissəsinin açılışında iştirak edib
19.06.2018
Londonda azərbaycanlı qadın sahibkarların bizneslərinin təqdimat mərasimi keçirilib
18.06.2018
Yaponiyada zəlzələ
18.06.2018
Ukrayna Rusiya mallarının idxalını 31 faiz artırıb

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9428

1 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
2 Ötən il SOCAR-ın xalis mənfəəti 6 dəfə artıb
3 Putin Paşinyanı alçaldıb
4 Futbol üzrə Dünya Çempionatı başladı
5 İqtisadiyyat Nazirliyi ilin II yarımilliyi üzrə planı təsdiqləyib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info