“Hər il Azərbaycanda 100 mindən az olmayan yeni iş yeri yaradılmalıdır“
Tarix: 21.05.2018 | Saat: 20:17:00 | E-mail | Çapa göndər


Bakıda “Dayanıqlı İnkişaf Məqsədlərinə doğru davamlı inkişafın və layiqli əməyin təbliği” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransı açan əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev son illər Azərbaycanda yoxsulluğun ləğvi sahəsində həyata keçirilən tədbirlər və əmək bazarındakı mövcud vəziyyət barədə məlumat verib. Nazir bildirib ki, Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qeyri-qanuni məşğulluğun aradan qaldırılması və ölkə əhalisinin sosial rifahının daha da yaxşılaşdırılması üzrə işləri davam etdirəcək. O qeyd edib ki, Azərbaycan ötən illər ərzində məşğulluğun təmin olunması və əhalinin sosial rifahının yaxşılaşdırılmasında mühüm uğurlar əldə edib. Qısa müddət ərzində Azərbaycan yoxsulluğun və işsizliyin səviyyəsini azaltmağı və əməkhaqlarını artırmağı bacarıb: "Son 15 il ərzində ölkə ÜDM-i 3,2 dəfə artıb. Minimal əməkhaqqı 5,2 dəfə, orta əməkhaqqı isə 6,6 dəfə artıb. Ölkədə yoxsulluğun səviyyəsi 49 faizdən 5 faizədək azalıb. Bundan başqa, işsizliyin səviyyəsi 5 faizədək azalıb. Göstərilən dövrdə Azərbaycana 230 milyard dollardan çox investisiya yatırılıb, bunun da təqribən yarısı xarici sərmayələrin payına düşür".

"Son 15 ildə Azərbaycanda 1,9 milyon yeni iş yeri yaradılıb”

Baş nazirin müavini Əli Əhmədov çıxışında bildirib ki, son 15 ildə Azərbaycanda 1,9 milyon yeni iş yeri yaradılıb. Ə.Əhmədov qeyd edib ki, bu, iqtisadi əhalinin 40%-i deməkdir. O hər il 1,1-1,2 faiz əhali artımının qeydə alındığını bildirib: “Bu da o deməkdir ki, Azərbaycanın əmək bazarına hər il 100 mindən çox yeni iş qüvvəsi daxil olur. Bu, Azərbaycanın mövcud imkanları və Azərbaycanın bütövlükdə əhalisi baxımından yanaşıldıqda kifayət qədər böyük rəqəmdir. Qarşımızda duran əsas hədəflərdən biri budur ki, hər il Azərbaycanda 100 mindən az olmayan iş yeri yaradılmalıdır ki, Azərbaycanda insanlarımızın əmək fəaliyyəti məşğulluğunun təmin edilməsi istiqamətində hökumətin qarşıya qoyduğu məqsədə nail olmaq mümkün olsun. Azərbaycanda əhalinin 45 faizdən çoxu kənd yerlərində yaşayır və kənd təsərrüfatı ilə məşğul əhali bütövlükdə böyük çəkiyə malikdir”.
Baş nazirin müavinin sözlərinə görə, Azərbaycanla Ermənistan arasında olan münaqişə nəticəsində azərbaycanlılar etnik təmizləməyə məruz qalıb: "Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal olunub, bir milyondan artıq Azərbaycan əhalisi öz yaşadığı yerlərdən məcburi köçkün vəziyyətinə düşüb. Digər tərəfdən, işğal səbəbindən torpaqlarımızın 20 faizi istifadə olunmur. Kənd təsərrüfatı torpaqlarından istifadə olunma əmsalı 1/5 qədər aşağı düşüb".
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanda məşğulluğun təmin olunması istiqamətində ciddi problemlər yaradır”. Ə.Əhmədov bildirib ki, Dağlıq Qarabağ münaqişəsi nəticəsində azərbaycanlılar Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalıblar: “Bunun nəticəsində bir milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Bir milyondan artıq insanın layiqli əməklə təmin olunmasının nə qədər böyük vəzifə olduğunu bilirsiniz”.
Baş nazirin müavini qeyd edib ki, digər tərəfdən, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarının istifadə olunmaması problemlər yaradır: “Beləliklə, kənd təsərrüfatına yararlı torpaqların istifadə olunmaması faizi aşağı düşür”.

Məmməd Musayev: "Son 15 ildə əhalinin sahibkarlıq fəaliyyətindən gəlirləri 10,4 dəfə artıb"

Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev çıxışı zamanı bildirib ki, Azərbaycan müstəqillik qazandığı ilk illərdən etibarən müharibə ilə üzləşib, Ermənistanın ölkəmizə təcavüzü və apardığı etnik təmizləmə siyasəti nəticəsində bir milyona qədər soydaşımız öz torpaqlarından didərgin düşüb. M.Musayevin sözlərinə görə, həmin dövrdə Azərbaycan siyasi və iqtisadi cəhətdən nə qədər çətin vəziyyətdə olsa da, qaçqın və məcburi köçkünlərin, eləcə də bütün ölkə əhalisinin sosial təminatını həyata keçirib: “Hər şeydən əvvəl, yoxsulluq həddinin 50 faizdən 5,4 faizə, işsizlik səviyyəsinin təxminən 5 faizə endirilməsinə nail olunub. Son 15 il ərzində maaşlar orta hesabla 5 dəfə, pensiyalar 8 dəfə, əhalinin real gəlirləri orta hesabla 2,6 dəfə artıb. Bu baxımdan düşünürük ki, Qarabağ məsələsi də daxil olmaqla regional münaqişələrə daha həssas yanaşma olmalı, müharibələr nəticəsində bütün əmlakını, yaşadığı yeri itirən insanlara humanitar yardım göstərilməlidir. Ən önəmli məsələ isə qaçqınların öz torpaqlarına geri dönüşünün təmin edilməsidir. Bunun üçün isə gərək bu münaqişələr ədalətli həll olunsun, sülh bərpa edilsin. Düşünürük ki, bu istiqamətdə BMT-nin və Beynəlxalq Əmək Təşkilatının üzərinə çox ciddi məsuliyyət düşür. Əmək miqrasiyasını və qaçqınlığı doğuran digər bir səbəb isə ölkələr, müxtəlif əhali qrupları arasında dərinləşən iqtisadi bərabərsizlikdir. Bu məsələnin həlli üçün də beynəlxalq təşkilatlar istiqamətverici rol oynamalıdır. Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində yoxsul ölkələrin təhsil və səhiyyə sahələrinə investisiya edilməli, normal yaşayış üçün minimum infrastruktur təmin edilməlidir”.
M.Musayev əlavə edib ki, son 15 ildə ölkədə 1,4 milyon daimi olmaqla, 1,9 milyon yeni iş yerinin açılmasına imkan verib: "Bu müddətdə əhalinin sahibkarlıq fəaliyyətindən gəlirləri 10,4 dəfə, əmək ödənişlərindən gəlirləri isə 7,5 dəfə artıb, sosial müdafiə və təminat üçün dövlət büdcəsində nəzərdə tutulmuş xərclərin həcmində 10,3 dəfə artım qeydə alınıb. 2017-ci ildə ÜDM istehsalı 70,1 milyard manata çatıb, əhalinin hər nəfərinə 7 milyon 205 manat məbləğində əlavə dəyər istehsal olunub, muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 528,2 manat təşkil edib. Ölkəmizdə iş yerlərinin 75 faizi məhz özəl sektorun payına düşür".

Səttar Mehbalıyev: “İş yerlərindəki çatışmazlıqların 92 faizi aradan qaldırılıb”

Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyasının sədri Səttar Mehbalıyev bildirib ki, 2017-ci ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının əmək müfəttişləri tərəfindən əməyin mühafizəsi ilə bağlı 500-dən çox idarə və müəssisələrdə yoxlama aparıb. Onun sözlərinə görə, hazırda iş yerlərində mövcud çatışmazlıqların aradan qaldırılması üçün müzakirələr aparılır: “Aparılan yoxlamalar nəticəsində 3 mindən artıq qanun pozuntusu aşkar edilib. Bu və ya digər məsələlərdə çatışmazlıqlar olub. Çatışmazlıqların 92%-i aradan qaldırılıb".
Beynəlxalq Əmək Təşkilatının baş direktoru Qay Rayder tədbirin önəmindən danışıb, rəhbərlik etdiyi təşkilatın Azərbaycanla uğurlu əməkdaşlıq həyata keçirdiyini söyləyib.
Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyasının sədri Mixayil Şmakov, Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının prezidenti Aleksandr Şoxin, Özbəkistanın məşğulluq və əmək münasibətləri naziri Şerzod Kudbiyev və Əfqanıstanın əmək, sosial işlər, şəhidlər və əlillər naziri Faizullah Zaki öz ölkələrində əmək bazarında olan vəziyyət, əhalinin məşğulluq səviyyəsi, kənd təsərrüfatı, nəqliyyat və digər sahələrdə həyata keçirilən islahatlar barədə danışıb, layiqli əməklə bağlı planları barədə məlumat veriblər.
Konfransın sonunda “Baku Ekspo 2025” ilə əlaqədar videoçarx nümayiş olunub.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
16.06.2018
Bilik Fondu texniki kollecdə mühazirə təşkil edib
15.06.2018
Azərbaycanın müasir inkişaf tarixi 15 İyun – Milli Qurtuluş Günündən başlayır
14.06.2018
Daşkənddə Sona Vəliyevanın “Dünya gözlərimdə çəhrayı rəngdə” adlı kitabının təqdimatı olub
14.06.2018
Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində çox mühüm yer tutur
14.06.2018
KİV nümayəndələri məhkəmə binalarının yeni standartları ilə tanış olublar

Şərh əlavə olunmayıb



    ,    
İsa Həbibbəyli
Cavanşir Feyziyev
Hüseyn Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9428

1 Putin: “Bizim münasibətlərimiz çox uğurla inkişaf edir”
2 Ötən il SOCAR-ın xalis mənfəəti 6 dəfə artıb
3 Putin Paşinyanı alçaldıb
4 Futbol üzrə Dünya Çempionatı başladı
5 İqtisadiyyat Nazirliyi ilin II yarımilliyi üzrə planı təsdiqləyib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info