“Bəzən valideynlər övladlarının saatlarla cizgi filminə baxması ilə fərəhlənirlər”
Tarix: 22.05.2018 | Saat: 20:33:00 | E-mail | Çapa göndər


Ülviyyə Həsənzadə: “Bu, nəticədə uşağın televizordan asılılığına, assosiallaşmasına, valideyni ilə az vaxt keçirdiyi üçün lazımi qədər sevgi ala bilməməsinə gətirib çıxarır. Sonda isə uşağın həmyaşıdlarıyla oynamamasına, aqressiv olmasına, hətta psixi inkişaf cəhətdən uşağın yaşıdlarından geri qalması ilə nəticələnir”

Psixoloq peşəsini seçənlər, insanların normadan kənar davranışlarına təsir etməklə onların daha düzgün həyat tərzi keçirmələrinə şərait yaradırlar. Psixoloqlar qarşısındakının problemini həll etməklə insanları xoşbəxt görməkdən zövq alırlar. Son dövrlərdə psixoloq peşəsinə artan maraq bu ixtisası seçənlərin sayının artmasına gətirib çıxarır. Müsahibimiz bu peşəni sevdiyi üçün seçən gənclərdən biri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə sosial-psixoloji xidmət fakültəsinin tələbəsi Ülviyyə Həsənzadədir:
- Mən 1997-ci ildə Neftçala rayonu Xıllı qəsəbəsində neftçi ailəsində anadan olmuşam. Ailəmin son beşiyi olduğumdan ətrafımda daha çox böyüklər olub və mənim üçün onları daha yaxından tanımaq, onların fikirlərini öyrənmək, düşüncələrini bilmək hər zaman maraq dairəmdə olub. Buna görə də ali məktəbə ixtisas seçimi edərkən psixologiya öncəliyim oldu. 2015-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə sosial-psixoloji xidmət ixtisasına qəbul oldum. Hazırda 3-cü kurs tələbəsiyəm. Bu sahəni öyrənməyə olan marağımdan dolayı bu günə kimi bir çox təlim və seminarlarda iştirak edib, psixologiya ilə bağlı müxtəlif məqalələr yazmışam.
- Bu gün psixologiya dünyada geniş yayılmış bir ixtisasdır. Ölkəmizdə də son zamanlar bu sahəyə maraq artır. Psixologiya peşəsinin əhəmiyyətini necə izah edərdiniz?
- Günümüzdə psixologiyaya olan maraq birə-beş artıb. İnsanların ünsiyyətə olan tələbatı, gündəlik streslər, uşaqlıqdan yaranan travmalar, sosial şəbəkələrin həyatımızda böyük bir hissəni əhatə etməsi və s. bu kimi problemlər həmin artımı yaradacaq səbəblərdəndir. Psixologiya insanların daxili aləmini öyrənən, fikirlərini təhlil edən, problemini araşdıran bir sənətdir. Psixologiya insan sənətidir. İnsanı dediklərindən təhlil edən, adicə çəkdiyi rəsmdən belə, fikirlərini öyrənən bir sənətdir. Mənim üçün psixologiya bir dünyadır.
- Ancaq bəzi insanlar psixoloqa müraciət etməkdən çəkinirlər. Sizcə, bu nədən irəli gəlir?
- Günümüzdə psixoloqa müraciət edənlər sırasında istər böyüklərin, istərsə də azyaşlıların sayı artıb. Lakin hələ də psixoloqa müraciət etməyə çəkinən insanlar var. Bunun bir səbəbi el qınağıdır. Hansı ki, yanlış formalaşan düşüncə tərzidir. Psixoloqları “falçı” kimi qələmə verən və əslində, psixologiyanın nə olduğunu anlamayan insanların sayəsində bəzilərimiz psixoloqa müraciət etməyə çəkinirik. Bir digər səbəb isə elə “psixoloqlardır”. Hansılar ki, pasiyentə öz təcrübəsinə əsaslanaraq məsləhət verirlər, terapiyanı idarə edə bilmirlər. Və, beləcə, heç bir effekt olmur. Lakin əsl psixoloqun yanında pasiyent daha rahat olur, ruhən yüngülləşir, terapiya zamanı hətta, bəzən fərqində olmadığı problemlər belə üzə çıxa bilir. “Heç vaxt bacarmaram” dediyi fikirlərin, dünyanın sonu kimi gördüyü problemlərin öhdəsindən daha rahat gəlir.
- Hazırda psixoloq kimi çalışırsınız. Müraciət edən uşaqlarda, əsasən, hansı problemləri müşahidə edirsiniz?
- Hazırda həm tələbəyəm, həm də praktik psixoloq kimi işləyirəm. Mənim çalışdığım sahə uşaq psixologiyası sahəsidir. Psixologiyanın bu qolunu seçmək səbəbim uşaqlara olan sonsuz sevgimdən irəli gəlir. Onlarla oynamaq, nələrisə öyrətmək, birgə işləmək mənə zövq verir. Əvvəlki dövrlərə nisbətən son zamanlar psixologiyaya artan maraqdan dolayı valideynlərimiz də uşaqların psixoloji yaş xüsusiyyətləri ilə daha çox maraqlanırlar, maariflənirlər. Psixoloqlara müraciət edirlər. Ən çox müraciət olunan problemlər isə uşaqlarda ərköyünlük, aqressivlik, kaprizlər, hiperaktivlikdir. Bunlar, ümumilikdə davranış pozuntuları adlanır. Mən öz təcrübəmdə də davranış pozuntuları olan uşaqlarla işləmişəm. Bu cür uşaqlarda çox vaxt terapiyalar zamanı 2-3 seansdan sonra ilkin effektləri görmək olur. Növbəti seanslarda isə artıq pillə-pillə irəliləyişlər davam edir.
- Bəzi orta məktəb şagirdləri ali məktəbə daxil olmamağı faciə kimi qarşılayırlar. Sizcə, bu psixoloji problemləmi bağlıdır?
- Şagirdlər ali məktəbə qəbul imtahanına hazırlaşarkən istər öz həyəcanları, istərsə də ailədən, ətrafdan gələn təsir imtahan zamanı birbaşa stressə gətirib çıxarır. Şagirdin narahatlığı artır, bildiyi sualları belə cavablandırmaqda çətinlik çəkir. Gözünün qarşısına ona deyilən sözlər, “birdən az bal yığaram” düşüncəsi gəlir. Bəzən nəticə zəif olur və sanki şagirdin dünyası başına yıxılır. Özünə qapanma, depressiya, hətta, bəzən də intihar hadisəsi ilə belə, nəticələnə bilər. Buna ən bariz nümunə isə builki qəbul imtahanlarında zəif nəticə göstərən gəncin intihar etməsidir. Belə halların qarşısını almaq üçün isə həm valideynlər, həm də şagirdlərlə maarifləndirici söhbətlər aparılmalıdır. Mən bu mövzuda həm abituriyentlərə, həm də valideynlərə bir neçə tövsiyə vermək istəyirəm. Valideynlərimiz imtahan öncəsi uşaqlarının mümkün qədər həyəcanını azaltmağa çalışsınlar, onlara sonsuz güvəndiklərini göstərsinlər, nə olursa olsun, sevgilərinin azalmayacağını, bu il olmasa, gələn il də şansının olduğunu desinlər. Abituriyentlərimiz isə sevdikləri sahəyə yiyələnmək uğrunda mübarizə aparsınlar. Bu yolda həvəsdən düşməsinlər, vaxtlarını düzgün bölsünlər. İnsan istədikdən, əziyyət çəkdikdən sonra nail ola bilməyəcəyi heç bir şey yoxdur. Əsas olan hər şeyin çox gözəl olacağına inansınlar, imtahanda da, sadəcə, bunu düşünsünlər.
- Tərbiyə zamanı valideynlər hansı səhvlərə yol verirlər ki, sonra psixoloqa müraciət etmək məcburiyyətində qalırlar?
- Valideyn tərbiyəsindəki yanlışlar. Bu sualınıza Adrian Helvetsinin “Biz hamımız aldığımız tərbiyənin övladlarıyıq” cümləsi ilə başlamaq istəyirəm. Məqsədim isə tərbiyənin insan həyatında nə dərəcədə önəmli rolu olduğunu açıqlamaqdır. Düzgün tərbiyəli övlad böyütmək hər bir valideynin borcudur. Elə hər bir valideyn də qürur duyacağı övladı və ya övladları olmasını istəyər. Bəs bunun üçün nə etməli, tərbiyəyə nə zamandan başlamalı, valideynlərin, əslində, doğru bildiyi yanlışlar nələrdir? Tərbiyəyə uşaq ana bətninə düşdüyü gündən başlanılmalıdır. Ana sanki övladı onu duyurmuş kimi danışmalıdır. Övladın dünyaya gəlişilə valideyn dünyada cənnətin qoxusunu duyur. Uşaq dünyaya ağ kağız olaraq gəlir. Və başlanğıcda bu kağıza nələr yazılmasını valideynlər müəyyən edir. Ya sağlam psixologiyayla, düzgün tərbiyəylə o kağıza gözəl xatirələr yazılacaq, ya da, sadəcə, cızma-qaralar edilib, sonrasında heç istəmədiyimiz nəticələr əldə olunacaq. Ataların gözəl bir məsəli var: “Uşaq evin güzgüsüdür”. Bəlkə də, bu cümləni uşaq vaxtı eşidəndə o qədər də fərqinə varmırdıq, lakin illər keçdikcə, insanları tanıdıqca bu məsəlin tam da yerinə düşdüyünün fərqinə varırıq. Bizim məqsədimiz gələcəyə öz sözünü deyə bilən, öz ayaqları üzərində dayana bilən, milli- mənəvi dəyərlərə sadiq olan, əxlaqlı, vicdanlı, savadlı uşaqlar böyütməkdir. Bu yolda isə, bəzən valideynlər özləri belə, fərqinə varmadan müəyyən səhvlərə yol verirlər. Uşaqlarını ərköyün böyüdürlər, istədiyi hər şeyi edirlər, lazım olduğundan daha çox idarə etməyə çalışırlar və beləcə, uşaqlarda kaprizlər formalaşır, aqressivlik özünü göstərir, təlimata tabe olmurlar. Başqa bir aspektdən isə sosial şəbəkələrin həyatımızda aktiv olması və bəzən valideynlərin övladlarından çox, sosial şəbəkələrdə vaxt keçirdiyini də nəzərə alsaq, valideynin övladına az zaman ayırması, uşağın televizora çox baxması, virtual oyunlarla daha çox oynamasıyla nəticələnir. Hətta, bəzən valideynlər övladlarının saatlarla cizgi filminə baxmasıyla belə, fərəhlənirlər. Lakin bu, nəticədə uşağın televizordan asılılığına, assosiallaşmasına, valideyni ilə az vaxt keçirdiyi üçün lazımi qədər sevgi ala bilməməsinə gətirib çıxarır. Bu isə uşağın həmyaşıdlarıyla oynamamasına, aqressiv olmasına, hətta psixi inkişaf cəhətdən uşağın yaşıdlarından geri qalması ilə nəticələnir. Bu məsələdə deyəcəyim isə əziz valideynlərimiz , övladlarınızla bol-bol zaman keçirin, sevgi verin, onları dinləyin, suallarına aydınlıq gətirin, onlarla birgə yenidən uşaqlığınıza enib, birgə böyüyün. Onlardan gözlədiyiniz davranışı əvvəlcə siz onlara göstərin. Jozef Jubertonun da dediyi kimi, “uşaqların nəsihətdən çox, yaxşı nümunəyə ehtiyacı var”.
- Gələcək planlarınızla bağlı nə deyərdiniz?
- Mənim içində olduğum sahəylə bağlı hədəfim təhsilimə davam edib, savadlı, bacarıqlı bir mütəxəssis olaraq bacardığım qədər uşaqlara dəstək olmaq, onların dünyasını tam mükəmməl öyrənmək, onlara kömək etmək, mütəmadi olaraq valideynlərlə maarifləndirici görüşlər keçirməkdir. Psixologiya elə bir elmdir ki, o, öz mütəxəssisini özü seçir və mən də seçilmişlər sırasında olduğum üçün məqsədim daha çox əzmlə çalışaraq işimi daha da mükəmməl öyrənmək və tətbiq etməkdir.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
18.10.2018
Ermənistanın üzərinə düşən öhdəliklərin yerinə yetirilməsi təmin edilməlidir
17.10.2018
Beynəlxalq ictimaiyyət Azərbaycanın haqlı mövqeyini dəstəkləyir
15.10.2018
“Ermənistanın yeni hökuməti idarəçiliyə peşəkarları cəlb etmir”
08.10.2018
Ermənistanda maaş və pensiyalarda heç bir artım gözlənilmir
05.10.2018
Cocuq Mərcanlıda istehsal olunacaq suvenirlər ölkəmizlə yanaşı, xaricdə də satışa çıxarılacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10299

1 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
2 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
3 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 Yunanıstan və Ukraynadakı diaspor üzvlərinin görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info