Azərbaycan regionda elektrik enerjisinin ixracı üzrə mühüm ölkəyə çevrilir
Tarix: 24.05.2018 | Saat: 00:20:00 | E-mail | Çapa göndər


Yəhya Babanlı:
“Ən böyük nailiyyətimiz idxaldan asılılığın aradan qaldırılması və ixrac potensialının yaradılmasıdır”
Enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyinin mühüm tərkib hissələrindən biri kimi dəyərləndirilir. Azərbaycanda enerji təhlükəsizliyinin tam təmin edilməsi üçün daim müxtəlif tədbirlər görülüb, böyük layihələr həyata keçirilib. Ölkəmizin enerji təhlükəsizliyi siyasətinin əsasları, onun təmin olunması prinsipləri hələ öz əksini illər öncə «Əsrin müqaviləsi»nin imzalanması ilə başlanan və 1994-cü ildən həyata keçirilən yeni neft strategiyasında tapıb. Son illərdə Azərbaycanın enerji təhlükəsizliyinin təmin olunması məqsədilə ölkə daxilində bir sıra təşkilati-texnoloji tədbirlər həyata keçirilib və bu gün də keçirilməkdədir. Enerji təhlükəsizliyini təmin etmək üçün ötən illərdə Azərbaycan hökuməti həm də xarici siyasət sahəsində, transmilli və regional aləmlə sistemli işlər aparıb.
Ölkəmizin son illərdə nümayiş etdirdiyi dinamik iqtisadi inkişaf isə Azərbaycanın enerji ehtiyatlarına olan məxsusi tələbatını əhəmiyyətli dərəcədə artırıb. Bu mənada elektrik enerjisinə olan tələbat da çoxalıb. Bu gün də uğurla həyata keçirilən sənaye siyasəti, qeyri-neft sektorunun inkişafı strategiyası, regionların sosial-iqtisadi inkişafı ilə bağlı silsilə dövlət proqramları, geniş infrastruktur layihələri elektrik enerjisinə olan tələbatın artması ilə müşayiət olunur.

10 ildə regionlarda ümumi gücü 2000 meqavatta yaxın 17 elektrik stansiyası tikilib
Azərbaycanın enerji təhlükəsizliyinin əsas istiqamətlərindən biri də ölkənin elektrik enerjisinə olan daxili ehtiyacının fasiləsiz təmin edilməsindən ibarətdir. Mütəxəssislər deyirlər ki, Azərbaycanın milli elektrik enerji sistemini qurması ölkənin böyük uğurlarından saymaq olar. İqtisadçı ekspert Əli Əhmədovun sözlərinə görə, müstəqillik illərində, xüsusən də 2001-ci ildən başlayaraq Azərbaycanın milli elektrik enerji sistemi, enerji istehsal edən əksər strukturları yenidən quruldu, ölkə daxili və Azərbaycanı xarici ölkələrlə birləşdirən magistral elektrik xətləri yeniləşdirildi. Bu isə iqtisadiyyatın daha da inkişaf etməsinə müsbət təsir etdi: “Bundan başqa, elektroenergetika sisteminin inkişafı ilə bağlı Azərbaycanda həyata keçirilmiş silsilə tədbirlər nəticəsində elektroenergetikanın maddi-texniki bazası daha da möhkəmləndirildi, yeni müasir elektrik stansiyaları istifadəyə verildi. Əhalinin elektrik enerjisinə olan tələbatını təmin etmək istiqamətində son 10 ildə regionlarda ümumi gücü 2000 meqavata yaxın 17 elektrik stansiyası tikildi, 10 min km-dən çox elektrik verilişi xətləri və 1500-dən çox yarımstansiya tikildi və ya yenidən quruldu. Bununla da əhalinin elektrik enerjisi ilə təminatının gücləndirilməsi, ölkəmizin enerji təhlükəsizliyinin təmin olunması sahəsində ciddi nailiyyətlər qazanılıb. O da bəllidir ki, ölkənin sosial-iqtisadi tərəqqisi elektroenergetika sektorunun inkişafı ilə üzvü surətdə bağlıdır. Əhalinin və iqtisadiyyatın elektrik enerjisi ilə davamlı və etibarlı şəkildə təmin olunması ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. Təsadüfi deyil ki, Azərbaycanın enerji sistemi müasir zamanda qoyuluş gücünü həcminə, yeni istifadəyə verilmiş və yenilənmiş generasiya güclərinin xüsusi çəkisinin yüksəkliyinə görə MDB ölkələri və bir sıra Avropa dövlətləri arasında öncül yerlərdən birini tutur. Ümumilikdə isə Prezident İlham Əliyevin rəhbərliyi ilə elektrik enerji sistemində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində enerji sisteminin dayanıqlığı daha da möhkəmlənib və keyfiyyəti də əhəmiyyətli dərəcədə yaxşılaşıb”.
Mütəxəssis deyir ki, bu məqsədlə son illərdə qarşıya qoyulmuş əsas vəzifələr milli elektrik enerjisi sisteminin müasir texniki tələblərə uyğun şəkildə qurularaq Avropa standartları səviyyəsinə çatdırılması, daxili enerji tələbatının tam ödənilməsi və qonşu ölkələrə elektrik enerjisi satışının artırılmasından ibarət olub. Artıq sadalanan məqsədlərə də nail olunub.
Hazırda ən çox diqqətçəkən məsələ isə qonşu ölkələrə elektrik enerjisi satışının həyata keçirilməsidir. Əhalinin və iqtisadiyyatın elektrik enerjisinə olan tələbatı tam şəkildə ödənildiyi üçün yaranmış əlavə istehsal potensialı region ölkələrə sərf edilir, elektrik enerjisi qonşu ölkələrə ixrac edilir ki, bu da respublikanın iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edir.

İranın Muğan və Astara bölgələri üçün “Azərenerji” ASC-dən 180 MVt həcmində elektrik enerjisinin ixracı prosesinə başlanılacaq
Bu gün nəinki ölkənin elektrik enerjisinə olan tələbatı ödənilir, eyni zamanda qonşu ölkələrə daha çox enerji ixrac etməyə başlamışıq. Təkcə bununla bağlı bir misalı deyək ki, aprel ayında İranla elektrik enerjisinin alqı-satqısının təmin olunması, Azərbaycan-İran-Rusiya enerji sistemlərinin birgə fəaliyyətinin tənzimlənməsi və üçüncü ölkəyə elektrik enerjisinin tranziti məsələləri müzakirə edilərkən “Azərenerji” ASC ilə İranın “TAVANIR” Enerjinin İstehsalı, Ötürülməsi və Paylanmasını İdarəetmə Şirkəti arasında elektrik enerjisinin alqı-satqısı üzrə mühüm müqavilə imzalandı. Müqaviləyə əsasən, cari ilin iyun ayından etibarən təcrid olunmuş (ada rejimində) İranın Muğan və Astara bölgələri üçün “Azərenerji” ASC-dən 180 MVt həcmində elektrik enerjisinin ixracı prosesinə başlanılacaq.
Ümumiyyətlə, “Azərenerji” ASC haqqında söz açarkən onu da vurğulayaq ki, bu qurumun işi elektrik enerjisinin istehsalı və ötürülməsidir. Qurum, həmçinin elektrik verilişi xətlərinin yenidən qurulmasını təşkil edir. Eyni zamanda yuxarıda da qeyd edildiyi kimi, xarici ölkələrlə enerji mübadiləsi əməliyyatlarını aparır. “Azərenerji” ölkənin elektroenergetika sisteminin fəaliyyətini təmin etməklə, elektrik enerjisinin istehsalı və ötürülməsinin, vahid mərkəzdən idarə olunan elektrik stansiyalarının, yarımstansiyaların, sistemtəşkiledici yüksək gərginlikli - 110, 220, 330, 500 kilovoltuq elektrik verilişi xətlərinin və onların dispetçer idarəetmə vasitələrinin koordinasiyasını həyata keçirir. Yeni texnologiyalar tətbiq edərək, respublikamızda generasiya güclərinin artırılması və yüksək gərginlikli elektrik verilişi xətlərinin yenidən qurulmasını təşkil edir. Eyni zamanda xarici ölkələrlə enerji mübadiləsi əməliyyatlarını aparır. Belə bir mühüm, məsul işi öz üzərinə götürən energetiklərimizin öz vəzifələrinin öhdəsindən uğurla gəldiyini də deyə bilərik. Bu da bəllidir ki, ölkədə elektroenergetika sənayesinin inkişafı insanların sosial rifahının daha da yaxşılaşmasına xidmət edir. Həmçinin dünya energetika bazarında Azərbaycanın getdikcə artan rolu onun geosiyasi təsirini də artırır. Hətta bu amili və ümumilikdə ölkə iqtisadiyyatının inkişafında elektroenergetika kompleksinin vacibliyini nəzərə alan dövlətimizin başçısı “Azərbaycan Respublikasında yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) Dövlət Proqramı”nı təsdiq etmişdi. Prezident demişdi: “Vaxt var idi bizim bölgələrimizə elektrik enerjisi fasilələrlə verilirdi. Artıq o dövr tarixdə qaldı. Biz yeni gücləri yaratdıq. Hazırda biz alternativ enerji mənbələrinin tikintisi ilə məşğuluq”.

Ötən 4 ayda ixrac olunan elektrik enerjisinin dəyəri 47 milyon 303 min ABŞ dolları təşkil edib
“Azərenerji”nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı, haqqında söz açdığımız sahəylə bağlı son illərdə qazanılan uğurlardan danışaraq deyir ki, ən böyük nailiyyət, idxaldan asılılığın aradan qaldırılması və ixrac potensialının yaradılmasıdır: “Eyni zamanda enerji təhlükəsizliyinin təmin edilməsi, yeni generasiya güclərinin əldə edilməsi və müasir elektrik stansiyalarının istismara verilməsi kimi mühüm hadisələr də əsas uğurlardandır. Bu gün Gürcüstan vasitəsilə Türkiyəyə, oradan isə Yunanıstana, Bolqarıstana və bu tranzitlərlə Şərqi Avropa ölkələrinə enerji satışı ilə bağlı danışıqlar gedir. Bildiyiniz kimi, “Azərenerji” ASC-nin İstanbul ofisi açılıb və bu istiqamətdə də danışıqlar aparılır. O cümlədən, ölkə enerji sisteminin effektiv idarə olunması məqsədilə “Blockchain”nin tətbiq edilməsi kimi innovativ məsələ də gündəmdədir”.
Fəxr olunası haldır ki, Azərbaycanda elektrik energetikası sahəsində böyük potensial yaradılıb. Gələcək perspektivlərdə bu potensialı artırmaq üçün bir sıra işlərin, layihələrin həyata keçiriləcəyini deyən “Azərenerji” rəsmisi yeni stansiyaların inşası haqqında da söz açaraq bildirdi ki, Azərbaycanın regionda elektrik enerjisinin ixracı üzrə mühüm ölkəyə çevrilməsi iqtisadi qüdrətimizi daha da artıracaq:
“Davamlı şəkildə artan tələbatın ödənilməsi üçün həm mövcud müəssisələrin işlək vəziyyətdə saxlanılması, həm də yeni stansiyaların inşa edilməsi diqqət mərkəzindədir. Hazırda bir neçə kiçik su, eyni zamanda istilik elektrik stansiyalarının tikintisi aparılır. Bunlardan ən iritutumlusu, 400 MVt-lıq “Şimal-2” ES-sı və 16 MVt-lıq “Lerik” SES-dir.
Digər mühüm amillərə də toxunmaq istərdim. Əvvəla, “Azərenerji”nin funksiyasının elektrik enerjisinin istehsalını və ötürülməsini, vahid mərkəzdən idarə olunmasını həyata keçirən bir qurum kimi nəzər yetirəndə açıq şəkildə əhəmiyyətini görə bilərik. Mövzuyla bağlı danışdıqda bəzi mühüm statistik rəqəmləri xatırlatmaq istərdim. Dövlət Gömrük Komitəsinin rəsmi məlumatlarına nəzər yetirsəniz görəcəksiniz ki, təkcə cari ilin yanvar-aprel aylarında Azərbaycandan 987 milyon 949 min kilovat/saat elektrik enerjisi ixrac olunub. Ötən 4 ayda ixrac olunan elektrik enerjisinin dəyəri 47 milyon 303 min ABŞ dolları təşkil edib.
Müqayisə üçün qeyd edim ki, 2017-ci ilin müvafiq dövründə ölkədən 387 milyon 406 min kilovat/saat elektrik enerjisi ixrac edilib, ixracın dəyəri isə 16 milyon 535 min dollar olub. Beləliklə də, bu ilin yanvar-aprel aylarında Azərbaycandan elektrik enerjisinin ixracı keçən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. Bu, müsbət saldo həyati vacib əhəmiyyətli bir sahənin respublikamızın sosial-iqtisadi həyatında nə dərəcədə böyük rol oynadığını deməyə əsas verir”.
Müsahibim iyun ayından etibarən İranın Muğan və Astara bölgələri üçün “Azərenerji” ASC-dən 180 MVt həcmində elektrik enerjisinin ixracı prosesinə başlanılmasına da münasibət bildirdi. O qeyd etdi ki, belə razılaşmaların əhəmiyyəti böyükdür: “Məsələyə istənilən baxış bucağı ilə yanaşsaq, bu olduqca ciddi və yüksək nəticədir. Bu müqavilə iqtisadi dividentlər gətirməklə yanaşı, qarşılıqlı maraq doğuran digər əməkdaşlıq baxımından əlamətdar hadisədir və yeni perspektivlər açır”.
Bütün bunlardan belə qənaətə gəlmək olar ki, elektrik enerjisinin istehsalı və ötürülməsi, xaricə ixracı ölkə iqtisadiyyatına, insanların sosial rifahının yaxşılaşdırılmasına birbaşa təsir edir. Bu müsbət tendensiyanın yaranmasında isə “Azərenerji”nin rolu böyükdür və görünən odur ki, ölkə rəhbərliyi bundan sonra da elektroenergetika sektorunun inkişafı istiqamətində mühüm addımlar atacaq.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
21.10.2018
“Star“ NEZ-in açılışı Türkiyə və Azərbaycan üçün əlamətdar hadisədir
21.10.2018
Xocalıda törədilənlər Azərbaycan xalqına qarşı soyqırımıdır
20.10.2018
Azərbaycan “Star“ nefr emalı zavodu kimi layihələrlə iqtisadi gücünü daha da artırır
20.10.2018
Sovet İttifaqı dağılandan sonra tarixə düşən ən qanlı faciə Xocalı faciəsidir
20.10.2018
“Star” zavodu Azərbaycan və Türkiyə iqtisadiyyatına böyük fayda verəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10302

1 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
2 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
3 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 Yunanıstan və Ukraynadakı diaspor üzvlərinin görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info