Günay Reyhan: “Şeir mənim ruhumun səsidir və ruhu dindirən də Tanrıdır”
Tarix: 24.05.2018 | Saat: 00:51:00 | E-mail | Çapa göndər


İbrahimli Günay Məharət qızı 1995-ci ildə Gədəbəy rayonunun Çobankənd kəndində anadan olub. 2012-ci ildə Firdovsi Əliyev adına Çobankənd kənd orta məktəbinin məzunu olub. 2012-2015-ci illərdə Qazax Dövlət Sosial-İqtisad kollecində təhsil alıb. 2015-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olub. Hazırda universitetin III kurs tələbəsidir. Universitetdaxili keçirilən “Nə, harada, nə zaman” bilik yarışında fəal iştirakına görə diplomla, ”Mədəniyyət və İncəsənət Təşkilatlarında İKT-dən istifadənin aktuallığı” və “İnternet əsrində elektron nəşrlər və elektron kitabxanalar” mövzusularında tələbə elmi-praktiki konfranslarında məruzəsinə görə sertifikatla təltif olunub. Yaradıcılığa məktəb illərindən başlayıb. Günay Reyhan imzası ilə şeirlər yazır.
- Günay xanım, öncə ədəbiyyata gəlişinizdən söhbət açardınız. Ədəbiyyat bu yaşda sizə nələr bəxş edib?
- Ədəbiyyat mənə milli ruha bağlılığı, vətəni sevməyi, ən əsası, sözün qüdrətini aşılayıb. Həmçinin çiynimə çox böyük mənəvi yük qoyub. Çünki şifahi xalq ədəbiyyatı nümunələrini, N.Gəncəvini, M.Füzulini, M.P.Vaqifi, S.Vurğunu, B.Vahabzadəni və digər klassik şairlərin yaradıcılığını, eləcə də müasir dövrdə cəmiyyətin tanıdığı şairlərin əsərlərini oxumalıyam. Və bu şairlərin dediklərindən sonra yeni söz demək, həqiqətən, çətindir. Ədəbiyyata gəlmişəm demək böyüklük olardı. Sadəcə, bir ədəbi yolun yolçusuyam. İlk şeirimi hələ orta məktəb illərində yazmışam. Yaradıcılıq İlahinin sevdiyi insanlara verdiyi nidasıdır. Təbii ki, bu Allah payıdır. Şair, bəlkə də, Tanrının insana demək istədiklərini çatdıran müqəddəs vasitədir.
- Şair olan insanlar mütaliə ilə necə məşğul olmalıdırlar? Yoxsa onlar ilhamına söykənərək yaradıcılıq nümayiş etdirməlidirlər.
- Şairlər mütaliə ilə məşğul olmalıdırlar. Amma hər mütaliə edən şair ola bilməz. Ona görə də ədəbiyyat nəzəriyyəsini bilərək mütaliə etməyi daha məqsədəuyğun hesab edirəm.
- Bu gün bir gənc kimi ədəbiyyatımıza qədəm qoyan gənclərdən söhbət açardınız. Hazırda gənclərin ədəbiyyata axınını necə qiymətləndirirsiz?
- Etiraf edim ki, bugünkü gənclərin yaradıcılığını davamlı olaraq izləmirəm. Ona görə ki, mən ya oxuyuram, ya da oxumuram. Yəni tənqidçi kimi yanaşıram. Gənclər də tənqidi qəbul etmirlər. Onu da qeyd edim ki, sanki yaşlı nəslin ədəbiyyata axını daha çoxdur. Bu məqamda F.Sultanın şeirindən bir hissəni xatırladım:
Xoşbəxt o xalqdır, yoxdur şairi,
Dərdi böyük xalqın çoxdur şairi.
Sanki bu gün yazarlar öz dərdlərini sərgiləyirlər. Ona görə də axın, təbii ki, qəbul edilməzdir.
- Bizə şeirlərinizdən söhbət açardınız və bir şeirinizi oxucularımız üçün paylaşardınız.
- Şeir mənim ruhumun səsidir və ruhu dindirən də Tanrıdır. Ona görə də elə vaxt olur ki, heç nə yaza bilmirəm. Bəzən də bir gündə beş şeir yazıram. Bəllidir ki, hər bir şairin ilham mənbəyi fərqli olur. O da müxtəlif səbəblərlə bağlıdır. Buna ən başlıca səbəb mühiti misal göstərərdim.
Mənim ilham mənbəyim: təbiət, dağlar, bulaqlar, çöl, çəməndir. Çünki mən dağlar qoynunda böyümüşəm.
Adım Günay Reyhan, dağlar qızıyam,
Bir elin adına möhür, yazıyam.
Təbiətin əsrarəngiz gözəlliyi bir an olsun məni tək qoymayıb. Bizim kənd Göyçə mahalı ilə yaxın olduğundan elindən, obasından ayrı düşən insanların vətən nisgilini, torpaq həsrətini ürəkdən duymuşam.
“Dağların“ rədifli şeirimi oxucularınız üçün paylaşmaq istəyirəm.
Bulaq deyil, göz yaşıdı durulan,
Yaralıdı, zədəsi var dağların.
Düşmən gülləsiylə qəfil vurulan,
Qan ağlayan didəsi var dağların.

Pərvanə sevməsə, şama qalanmaz,
Keçilər olmasa, sular bulanmaz,
Namərd çox olsa da, yenə talanmaz,
Ürəyində Göyçəsi var dağların.

Xoşbəxt fidanlardı, ömrü bəyazdı,
Günay Reyhan, dövran şaxta, ayazdı.
Ondan sonra nə yazsan da dayazdı,
Ələsgər tək dədəsi var dağların.
- Mən bilən, siz hazırda ikinci təhsil alırsınız. Bu haqda da bir az söhbət edərdiniz.
- Bəli, 2012-2015-ci illərdə Qazax Dövlət Sosial-İqtisadi kollecində təhsil almışam. Tələbəlik illərində ali təhsil almağı qəti olaraq qarşıma məqsəd qoymuşdum. Qazaxda keçən illər mənim üçün həyati bir məktəb oldu. Çünki Qazaxın sözün beşiyi olduğu danılmazdı. Ən əsası, mən orada təhsilə nə qədər önəm verildiyini gördüm. Və qarşıma çıxan yaxşı insanların, müəllimlərimin sayəsində ali təhsil arzumu reallaşdıra bildim. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul oldum. Universitet mühiti də yaradıcılığıma təsirsiz ötüşmür. Sanki vahid bir yol cızılıb mənim üçün: Gədəbəydə başlayıb, Qazaxdan keçən, İncəsənətdə davam edən...
- Yaradıcı insanların təbiəti, xasiyyəti və istəklərindən söhbət açardınız. Şübhəsiz ki, bu timsalda özünüzü də təsvir edərdiniz.
- Təbiət, xasiyyət və istək zəncirvarı olan psixi amillər... Yaradıcı insanlar mülayim təbiətli, çətin xasiyyətli olurlar. Nə mənada çətin ... yəni hər kəs anlaya bilməz. Hərdən eşidirdim ki, şairlərə “dəli” deyirlər. Zənnimcə, şairin dəliliyi hamı kimi düşünməməyidir.
Şairin istəyi nə ola bilər ki, məncə, onun yaradıcılığına real qiymət verilməsi... Şair o vaxt xoşbəxt olar ki, oxucu onun şeirində özünü tapa bilsin.
- Şeirlərinizi hansı janrda yazırsınız? Bu baxımdan, yaradıcılığınızda janr məhdudiyyəti varmı?
- Mənim üslubum aşıq şeir üslubudur. Ona görə qoşma, gəraylı və bayatı yazıram. Janr deməzdim, söz məhdudiyyəti var. Nə mənada... Belə bir ifadə var: “Müəllif, sözünü düşünə bilməyən, ya da düşünmək istəməyən oxucuya ünvanlamır”. Dediyim söz məhdudiyyətini də özüm müəyyən etmişəm. Zamanından tez nəyisə demək doğru olmaz. Bu gün qoşma, gəraylı, bayatı yazıramsa, o demək deyil ki, belə də davam edəcək. Bəlkə də, zamanla digər janrlara da müraciət edəcəm. O da Allahın verdiyi ilhama, təbə bağlıdır.
- Günay xanım, sizin aşıq Altay Məmmədovla deyişməniz var. Bu deyişmə də oxucularımız üçün maraqlı olardı. Deyişmənin yaranmasından söhbət açardınız və həmin deyişməni bizimlə bölüşərdiniz.
- Bəli, Aşıq Altay Məmmədov sözünü demiş, sevilən sənətkarımızdır. Bilirsiz ki, qədim dövrdən bu günə kimi aşıq sənətində deyişmələr olub. Aşıqlar həmişə gözəllik vurğunu olublar. Onu da qeyd edim ki, deyişmə o qədər də asan deyil və həmin məqamda sözün uyğunluğu mütləqdir. Aşıqla deyişmək üçün gərək aşıq sənətini gücün çatan qədər öyrənməyə çalışasan. Ən əsası, sevib duya biləsən. İndi isə deyişməni təqdim edirəm:
Altay:
O qara gözlərin ağlımı başdan,
Neylim ilk baxışdan aldı, qadası.
Doymaq olmaz çöhrəndəki naxışdan,
Ləblərin şəkərdi, baldı, qadası.

Günay:
Aşiqlik sevənin köksünün üstə,
Sağalmaz yaradı, xaldı, qadası.
Gözlər süzüləndə dayanar qəsdə,
Varlığın önündə laldı, qadası.

Altay:
İnan asimana yetişibdi ün,
Rəsminə baxıram gileyli, küskün.
Qəlbimdə telini oxşaram hər gün,
Dilim qulluğunda laldı, qadası.

Günay:
Mən sevinc payıyam yarandığımdan,
Küskün dayanaram yar andığımdan.
Dağların suyunda darandığımdan,
Yanağım lalədi, laldı, qadası.

Altay:
İstərəm ki, görəm, görə bilmərəm,
Siyah tellərini hörə bilmərəm.
Sən növrəstə gözəl, dərə bilmərəm,
Bu düşdüyüm qilü-qaldı, qadası.

Günay:
Tanrı nişanısan cahanda haqsan,
Dəli bir şimşəksən ömrümə çaxsan.
Aynanın önündə gözucu baxsan,
Tellərin ağarıb çaldı, qadası.
- Oxucularımıza son olaraq nə demək istərdiniz?
- Mənim özüm də oxucu olduğuma görə onu deyə bilərəm ki, kəmiyyətə deyil, keyfiyyətə önəm vermək lazımdır. Hər bir xalqın özünəməxsus maddi mədəniyyət nümunələri olduğu kimi, bizim də ədəbiyyatımızın özünəməxsusluğu var. Ona görə də öz ədəbiyyatımızı, şairlərimizi, yazıçılarımızı düşünərək oxumağı tövsiyə edirəm.

Söhbəti qələmə aldı:
Mahmud Əyyublu
AAB-nin üzvü

















 
Bölməyə aid digər xəbərlər
13.12.2018
Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib
13.12.2018
“Siegen Universitetində istənilən vaxt dərsə gəlmək və getmək olur, icazə almağa da ehtiyac yoxdur”
10.12.2018
“Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
05.12.2018
“Özümü qərib ölkədə hiss etmədim”
05.12.2018
“Valideynlər övladlarının təhsilli, aktiv, istedadlı, sağlam yetişməsi üçün onlara kifayət qədər diqqət göstərməlidirlər”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”
5 OPEK-ə üzv ölkələr neft hasilatını azaltmaq barədə razılığa gəliblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info