“Mənim səhnədəki dünyam tamam başqadır...”
Tarix: 10.06.2013 | Saat: 22:33:00 | E-mail | Çapa göndər


Xalq artisti Nəzakət Teymurova: “Mənim üçün ən əsası Azərbaycan torpağı və dövlətimdir. Ona görə də Vətənini sevən bir insan kimi ölkəmizin inkişafı üçün əlimdən gələni edirəm”


Nəzakət Teymurova 4 iyul 1972-ci ildə Ağdam rayonunda dünyaya gəlib. Orta məktəbin 8-ci sinfini bitirdikdən sonra Bakı Baza Energetika Texnikumuna daxil olub. Ordan müsabiqə yolu ilə Asəf Zeynallı adına musiqi məktəbinə daxil olub və 1991-1995-ci illərdə Nəriman Əliyevin sinfində oxuyub.
1995-ci ildə ali təhsil almaq üçün Azərbaycan Dövlət Konservatoriyasına daxil olub, Xalq artisti, professor Arif Babayevdən dərs alıb. Elə həmin ildən də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. İlk rolu “Leyli və Məcnun”da Leyli olub. “Qərib”də Şahsənəm, “Gəlin Qayası”nda Gülbahar, “Natavan”da Xanəndə qız, “Vaqif”də Xanəndə qız, “Koroğlu”da Xanəndə qız rolları ilə çıxış edib.
Opera solisti kimi fəaliyyət göstərməklə yanaşı, Nəzakət Teymurova həm də muğam, xalq və bəstəkar mahnılarını da yüksək professionallıqla ifa edir. Dövlət səviyyəli tədbirlərdə, yubileylərdə tez-tez çıxış edir. Sənətçi Almaniya, ABŞ, Koreya, Yaponiya, Macarıstan, Fransa, Türkiyə, İran, İsveçrədə konsert proqramları ilə çıxış edərək milli muğam sənətini ləyaqətlə təmsil edib. Hazırda Opera və Balet Teatrının solistidir, Milli Konservatoriyada və Musiqi Kollecində muğam dərsi deyir.
2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2005-ci ildə Xalq artisti adlarına, 9 may 2012-ci ildə Prezident Mükafatına layiq görülüb. 2011-ci ilin avqust ayında Özbəkistanın Səmərqənd şəhərində keçirilən “Şərq təranələri” VIII Beynəlxalq musiqi festivalında YUNESKO-nun “Ən gözəl səs” xüsusi mükafatını alıb.


Müsahibim muğam dünyamızın böyük avazı, səhnəmizin gözəl Leylilərindən biri olan, Prezident mükafatçısı, Xalq artisti Nəzakət Teymurovadır.
-Nəzakət xanım, şübhəsiz ki, muğam sənətinin inkişafında əvəzsiz rolunuz var. Bir muğam ustası kimi incəsənətimizin, xüsusilə muğamımızın dünyada təbliğ olunması sizdə hansı hisslər yaradır?
- İlk öncə bir faktı qeyd etmək istəyirəm ki, mən ümummilli lider Heydər Əliyevin sərəncamı ilə Əməkdar artist adına və Prezident mükafatına layiq görüldüm. Bu bizim milli musiqimizə və mənə göstərilən qayğıdır. Biz qarşılıq gözləmədən çalışırıq. Mən tələbələrimə də deyirəm ki, əsas öyrənməkdir. Pul, var-dövlət sonra gələcək. Bu son illər ərzində Heydər Əliyev Fondunun və ümumiyyətlə, dövlətimizin qayğısı nəticəsində Azərbaycan musiqisi, xüsusilə, muğamımız zirvələrə qalxıb. Azərbaycan musiqisinin təbliğinə gəldikdə isə biz fərəhlənirik ki, musiqimizin varlığı bütün ölkələrə bəllidir. Ümumiyyətlə, sovetlər dövründə bizim musiqimizin inkişafına imkan verməyiblər. Ona görə vaxtilə yaxşı təbliğ olunmayıb. Amma indi müstəqil olduqdan sonra bizim musiqimiz dünyaya yayılıb ki, bu da Azərbaycan musiqisinin uğuru deməkdir.
- Siz özünüzdə muğama olan həvəsi bu gün dərs dediyiniz gənclərdə də görürsünüzmü?
- İndi informasiya dövrüdür. Əgər bizim dövrümüzdə musiqini beyinə köçürürdülərsə, indi onu telefona köçürürlər. Bunlar bambaşqa şeylərdir. Bu baxımdan bir az çətinlik yaranır. İstəyən öyrənir, istəməyən isə burada sadəcə illərini keçirir. Ona görə heç olmasa, keçmiş ustadlarımızdan bəhrələnmək lazımdır. Çünki onlar gələcəyə çatdırırlar. Amma indi bir az səhlənkarlıq var.
-Bir pedaqoq kimi sizin fikrinizcə, gələcəkdə sizin davamçılarınız olacaqmı?
- Bizdən əvvəl olub, biz də varıq və bizdən sonra da olacaq. Kiminsə müəyyən çatışmazlığı ola bilər. Bu sənət heç vaxt kiminləsə bitmir. Mən ada görə çalışmağı sevmirəm. Ad altında yaşayan insanları da sevirəm. Hər xanəndənin sənətə qarşı öz yanaşma tərzi var. Xanəndə hərtərəfli inkişaf etməlidir. Bir muğam oxumaqla, ya da bir rolu ifa etməklə kifayətlənməməlidir. Azərbaycan operasında nə varsa, onu da ifa etməlidir. Mən musiqi dünyasına tamam başqa cür baxıram. Çünki mənim iş qrafikim aktivdir. Mən bir ay işləməyəndə depressiyada oluram.
-Leyli obrazını yaradan xanəndələrimizdən birisiniz. Bəs siz hansı Leyli obrazını yaradan sənətkarın rolunun vurğunu olmusunuz?
- Yenə deyirəm, bütün sənətkarlarımızdan bəhrələnmək lazımdır. Onlara qulaq asıb nəsə götürmək, nəticə çıxarmaq lazımdır. Ona görə ki, onlar bu musiqini xalqımıza çatdırıblar. Mən onların qarşısında baş əyirəm. Onlar olmasaydı, təbii ki, biz də olmazdıq. Mən ustadlarımızı müzakirə etməyi sevmirəm.
-Leyli obrazı oynadığınız zaman əsl Leylini içinizdə hiss etmisinizmi?
- Mən səhnədə süniliyi sevmirəm. İstəyirəm ki, hər şey təbii olsun. Biri var rejissor nə deyirsə, aktyor da onu edir. Biri də var ki, hər sözü, frazanı ürəkdən hiss edəsən. Ona görə də mənim səhnədəki dünyam tamam başqadır. Mən kimisə təqlid etməyi sevmirəm. Ustadlarımız toxunulmazdır. Onların əvəzsiz ifaları və tərzləri olub. Biz Rübabə xanım, Sara xanım, Səkinə xanım, Qəndab xanım kimi sənətkarlara baxıb bu sənətə gəlmişik.
-Muğam dedikdə, Nəzakət Teymurovanın fikrində hansı sözlər ifadə olunur?
- Bilmirəm. Onu siz deyə bilərsiniz.
-Hansı muğamla səsinizin gücünü göstərmək istəmisiniz?
- Muğamı sevməsən, onu ifa edə bilməzsən. Mən bütün muğamlarımızı sevirəm və onları sevə-sevə ifa edirəm.
-Tələbələrinizin səs diapazonunu rahatlıqla hiss edə bilirsinizmi? Onların hansısa yöndə çalışması üçün səy göstərirsinizmi?
- Biz əsas meyar kimi səs diapazonunu götürürük. Təbii ki, ümidverici tələbələr də var. Səsləri olub öz üzərlərində işləməyən tələbələr də var. Mən həmişə deyirəm ki, xanəndə zaman-zaman yetişir. Elə olur ki, muğam müsabiqələrində yer tuturlar, amma bunun ağırlığına dözməyib gedirlər.
- İndiki gənclərin əsas meyarı xarici musiqilər və dünya səhnəsidir. Sizin fikrinizcə, onların maraqlarını milli musiqiyə yönəltmək və dünya səhnəsində milli musiqimizlə təmsil olunmaq üçün hansı işlər görülməlidir? Ən əsası, bugünkü gəncliyin meyarlarından razısınızmı?
- Müəyyən qismi ilə razıyam. Onlar öz üzərlərində çalışırlar. Artıq 8 ildir ki, muğam müsəbiqələri keçirilir və indi onlar konsert verməlidirlər, püxtələşməlidirlər.
-Opera səhnəsində obraz yaratmaq sizə çətinliklər yaradır?
- Mən 1995-ci ildən orada çalışıram və işimdən zövq alıram. Oynadığım ilk rolum da Leyli olub. Bu rol mənə teatrda oxumağa başladıqdan yeddi ay sonra verildi. Bizim baş rejissorumuz Hafiz Quliyev, Mənsum İbrahimov, Məlahət İsmayılova, tarzən Elxan Mansurov və bütün heyət mənimlə birlikdə bu rol üzərində çalışdı. Mən o dövr üçün nə isə etməyə çalışmışam və tamaşaçı kütləsi məni bəyənib. Amma mən bütün bunları zaman keçdikcə qazandım.
-Teatra gələn tamaşaçılar sizi qane edirmi? Sizcə, müasir dövrdə “Leyli və Məcnun” tamaşasına tələbat varmı?
- Tələbat olmasaydı, “Leyli və Məcnun” operasının səsi YUNESKO-dan gəlməzdi. Bu yaxınlarda mən, Mənsum İbrahimov, Məlahət İsmayılova, dirijor Yalçın Adıgözəlov, baş rejissor Hafiz Quliyev Tacikistana qastrol səfərinə getmişdik. Üzeyir bəyin əsərlərini dünyanın hansı ölkəsinə aparsan, onu beşəlli alqışlayarlar. Ona görə ki, bizim musiqimizdən, muğamımızdan, incəsənətimizdən, ümumiyyətlə, Azərbaycanımızdan heç bir yerdə yoxdur. Demək olar ki, dünyanın hər yerini gəzmişəm. Amma mənim üçün ən əsası Azərbaycan torpağı və dövlətimdir. Ona görə də Vətənini sevən bir insan kimi ölkəmizin inkişafı üçün əlimdən gələni edirəm.
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info