“Azərbaycan və Türkiyə diaspor təşkilatları daim əməkdaşlıq çərçivəsində fəaliyyət göstərirlər”
Tarix: 11.06.2013 | Saat: 00:27:00 | E-mail | Çapa göndər


Elmir Səfərli: “Türkiyədə yaşayan tələbələr, həqiqətən,
bacardıqları qədər fəallıq göstərməyə çalışırlar”
Müsahibimiz Türkiyədə yaşayan azərbaycanlı gənc diaspor fəalı, iqtisad elmləri üzrə doktorant Elmir Səfərlidir


Müsahibimiz Türkiyədə yaşayan azərbaycanlı gənc diaspor fəalı, iqtisad üzrə doktorant Elmir Səfərlidir.

- Elmir müəllim, ilk olaraq özünüz haqda məlumat verərdiniz...
- Qeyd edim ki, mən Elmir Səfərli Novruz oğlu 1987-ci ildə Cəbrayıl rayonunda anadan olmuşam. 2004-cü ildə Xətai rayonu 27saylı ingilis dili təmayüllü orta məktəbi yüksək qiymətlərlə bitirmişəm və elə həmin il də Azərbaycan Dövlət İqtisad Universiteti ilə Türkiyə İstanbul Universiteti Türk Dünyası Araştırmaları Vakfının anlaşmalı şəkildə birgə fakültəsi olan Türk dünyası işlətmə fakültəsinə daxil olmuşam. Universitetdə təhsil aldığım müddətdə respublikanın bir sıra universitet və fakültələrində “Azərbaycan Respublikasının 2005-2007 ci illərdə büdcə analizi”, “Comparison of economic system in CIS countries”, “Corporate finance and economy”, “Network deciding models-short way problems” mövzularında, o cümlədən marketing, statistik proqramlar və tətbiqi, beynəlxalq finans və inteqrasiya sahələri üzrə seminar və təlimlər vermişəm. Fakültədə oxuduğum müddətdə bir sıra beynəlxalq və yerli konfranslarda, o cümlədən Amerika Dövlət Departamenti Yardım Fondunun və Beynəlxalq Respublikaçılar İnstitutunun birgə layihəsi olan “Liderlik” layihəsində, Türkiyənin İstanbul şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının gənclər üzrə “İstanbul İnternational Model of United Nations-Free trade zones” layihəsində, Almaniyanın Fridrix Nauman Fondunun təşkil etdiyi Dünya Ticarət Təşkilatı layihəsində iştirak edərək Azərbaycan Respublikasını təmsil etmiş və müvafiq sertifikat və diplomlarla təltif olunmuşam. Eyni zamanda Gənclər və İdman Nazirliyinin, Mədəniyyət və Turizm Nazirliyinin və Təhsil Nazirliyinin dəstəyi ilə “Azərbaycan Respublikası Universitetlərində Bolonya prosesinin tətbiqi” layihəsində aparıcı koordinator-trener olaraq fəaliyyət göstərmişəm. Bunlarla yanaşı, “ANS” telekanalında Britaniya Konsulluğunun dəstəyi ilə yayımlanan “Avropa İttifaqı və Mən” verilişinin aparıcı iştirakçısı olmuşam. Universitet illərində həmçinin tədris və sosial fəaliyyətlərlə yanaşı, Amerika Dövlət Departamenti, Beynəlxalq Mətbuat İnstitutu, Avropa Qaçqınlar Şurası, Amerika Dövlət Departamenti İqtisadi və Sosial İnkişaf Şurası, ən əsası Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərən Beynəlxalq Avrasiya Mətbuat Fondunda maliyyə departamentində çalışmışam. 2008-ci ildə təhsil aldığım fakültəni müvəffəqiyyətlə başa vuraraq Təhsil Nazirliyinin Xaricdə təhsil üzrə Dövlət Təqaüdü ilə Türkiyə Respublikası İzmir Şəhəri Dokuz Eylül Universitetinin İngiliscə işlətmə fakültəsinə-MBA-ya (Master of Business Administration) daxil olmuşam. 5 illik təhsilimi 1 il 8 aya başa vuraraq Böyük Britaniya və Şimali İrlandiya Krallığında doktorantura pilləsini qazanmışam. Lakin bəzi səbəblərdən dolayı təhsilimi dondurub 2010-cu ildə Azərbaycana geri dönmüşəm. Döndüyüm günlərdən etibarən YapıKredi Bank Azərbaycan QSC genel müdirliyində kredit departamentində çalışmağa başlamışam. 2011-ci ildə Təhsil Nazirliyinin Xaricdə təhsil üzrə Dövlət Təqaüdü ilə yenidən Türkiyə Respublikası İzmir şəhəri Dokuz Eylül Universitetində İngiliscə işlətmə və finans fakültəsində doktrantura (İqtisadi elmlər üzrə fəlsəfə doktorluğu) pilləsinə daxil olmuşam. Hazırda elmi işçi olaraq fəaliyyətimi davam etdirirəm.
- Sizin hansı elmi araşdırmalarınız var?
- Doğrusu, orta məktəb illərimdə və eləcə də bakalavr dərəcəsində təhsil zamanı akademik sahədə fəaliyyət göstərəcəyimi və elmi araşdırmalarla məşğul olacağımı çox da düşünmürdüm. Universitet müəllimlərimiz bizə müəyyən mövzuları araşdırmağı tapşıranda Azərbaycanın elm sahəsində digər ölkələrə nəzərən nisbətən geridə olduğunun fərqinə vardım. Beynəlxalq elmi platforma və məlumat topluluqlarına nəzər yetirsəniz, bunu açıq şəkildə görə bilərsiniz. Və elə o gündən etibarən bacardığım qədər Azərbaycan elm sektoruna öz töhfəmi verəcəyimə söz verdim.
Hazırda “The effect of macroeconomic factors on the performance of Azerbaijan Banking System” adlı elmi məqaləm “Eurojournals” elmi jurnallar silsiləsindən olan “Journal of Money, İnvestment and Banking” jurnalında dərc olunub. Bu məqalə bir çox ölkələrin və məşhur universitetlərin elmi platformlarında istifadə olunur. Daha sonra isə eyni mövzuda və daha böyük bir şəkildə yazdığım “Azerbaijan Banking System: The effect of macroeconomic factors on the performance of banking system” adlı kitabım Almaniyanın “Lambert Publishing” nəşriyyatı tərəfindən dərc olunaraq 45-ə yaxın ölkənin kitab satış nöqtələrində və eləcə də internet səhifələrində (“Amazon.com” daxil olmaqla) satışa çıxarılıb. Bununla yanaşı, bir çox yerli, beynəlxalq qəzet və jurnallarda çap olunan yazıların müəllifiyəm.
- Xaricdəki azərbaycanlıların birliyi və həmrəyliyini necə dəyərləndirirsiniz?
- İstər Türkiyə olsun, istər Avropa, Amerika olsun, istərsə də Uzaq Şərq ölkələri olsun, xaricdə yaşayan həmyerlilərimiz arasında müxtəlif fikirdə olanlar var. Amma önəmli nöqtə odur ki, Azərbaycanla bağlı hər hansısa bir tədbir, bir göstəriş, nümayiş və ya toplantı olanda bu insanlar fikirlərindən asılı olmayaraq bir arada toplanmağı bacarırlar. Çünki önəmli olan vətən həqiqətlərinin dünyaya tanıdılmasıdır. Çünki önəmli olan haqq səsimizin dünya ictimaiyyətinə çatdırılmasıdır.
- Türkiyədəki azərbaycanlı tələbələr fəaldırlarmı?
- Xaricdə təhsil alan Azərbaycanlı tələbələrin böyük əksəriyyəti Türkiyədə təhsil alır. İstər İstanbulda, istər İzmirdə, istər Ankarada və eləcə də, Türkiyənin digər şəhərlərində yaşayan tələbələr, həqiqətən, bacardıqları qədər fəallıq göstərməyə çalışırlar. Universitetlərdə, beynəlxalq tədbirlərdə, səfirliklərdə, sivil və dövlət təşkilatlarında müxtəlif tədbirlər həyata keçirərək Azərbaycan həqiqətlərini, Qarabağ problemini, önəmli strateji məsələləri qabardaraq dünya ictimaiyyətinin nəzərinə çatdırmağa çalışırlar. Məsələn, bu il Xocalı soyqırımı ilə əlaqədar İzmirdə təhsil alan azərbaycanlı tələbələr olaraq şəhərin mərkəzi olan Cümhuriyyət meydanında insanlardan ibarət Hocalı sözünü yazdıq. Bu bütün Türkiyə mediasında əks-səda doğurdu. Kənardan gəlib keçən insanların marağını o qədər çəkmişdi ki, özləri könüllü olaraq bu aksiyaya qatılaraq dəstək olurdular.
- Türkiyədəki diasporumuzu güclü hesab etmək olarmı?
- Əksər ölkələrdə lobbiçilik və diaspor fəaliyyətləri səfirlikliklər, diaspor təşkilatları və o ölkədə yaşayan həmvətənlərimiz tərəfindən milli bayramlar, Azərbaycan adət-ənənələri, millətin, dövlətin unudulmaz yarası olan Qarabağ problemi və eləcə də dövlətlər arasında olan iqtisadi, siyasi, sosial və ictimai münasibətlərin gücləndirilməsi yönündə müxtəlif üsullarla tədbirlər şəklində həyata keçirilir.
Bəzən insanlar elə düşünürlər ki, Türkiyə dili, dini, adət-ənənəsi bir olan qardaş ölkədir və burda diaspor və lobbiçilik fəaliyyətlərinə o qədər də önəm vermək lazım deyil. Amma mən bu fikirlə qətiyyən razılaşmıram. Əksinə, bizim Türkiyədə göstərdiyimiz fəaliyyətləri bir neçə dəfə artırmağımız lazımdır. Digər ölkələrə nəzərən təbii ki, Türkiyədə diaspor daha güclüdür. Amma bu, hələ tam demək deyil. Türkiyə Respublikası böyük dövlətdir və bu dövlətdə onlarla xalq yaşayır. Bu xalqların nümayəndələrinə Azərbaycanla bağlı həqiqətləri çatdırmaq üçün mütləq şəkildə fəaliyyətimizi daha da gücləndirməliyik.
- Azərbaycan və türk diaspor təşkilatlarının erməni məsələsinin qabardılmasında fəaliyyəti yetərincəmidir?
- Bu bir faktdır ki, Türkiyədə Osmanlı imperiyasının dövründən çoxsaylı ermənilər yaşayır. Onlar da daim təşkilatlanmış şəkildə uydurma həqiqətlərini Türkiyədə gündəmə gətirməyə çalışırlar. Məsələn, tez tez “Hepimiz ermeniyiz”, “Ermeni soykırımını tanı” kimi şüarlarla yürüşlər, mitinqlər keçirərək ictimaiyyətin nəzərini cəlb etməyə çalışırlar. Amma mən deyərdim ki, türk xalqı bunu qəbul etmir. Əksinə, belə hadisələrlə rastlaşdıqda o dəqiqə Qarabağda, Xocalıda, Şuşada, Ağdamda həlak olan minlərlə şəhidimizin haqqını tələb edir, bu hadisələrin məhz ermənilər tərəfindən törədildiyini qabardırlar. 2012-ci ildə İstanbulda keçirdiyimiz 400 min nəfərlik böyük mitinq “Hepimiz ermeniyiz” deyənlərə bir cavab oldu. Bütün dünya anladı ki, türkün gücü nədir. Qeyd etmək istəyirəm ki, Azərbaycan və Türkiyə diaspor təşkilatları daim əməkdaşlıq çərçivəsində fəaliyyət göstərirlər. Müxtəlif regionlarda tədbirlər, aksiyalar keçirərək birliyimizin gücünü ortaya qoymağa çalışırlar.
- Diaspor təşkilatlarımızla əməkdaşlıq edirsinizmi?
- Həm Türkiyədə, həm də dünyanın bir çox ölkələrində çalışan diaspor təşkilatları ilə əməkdaşlıq edirik. Bir çox ölkələrdə, eləcə də Türkiyədə silsilə tədbirlər həyata keçiririk. Çalışırıq ki, bacardığımız qədər yeni insanları özümüzə tərəf çəkə bilək. Çalışırıq ki, həqiqətləri, tarixi faktları olduğu kimi qanun çərçivəsində insanların diqqətinə çatdıra bilək.
- Siz Azərbaycan diasporunun birləşməsi, ölkəmizin tarixinin və mədəniyyətinin təbliği istiqamətində hansı işlər görürsünüz?
- Qeyd edim ki, təşkilatlar vasitəsilə fəaliyyətdən başqa, həmişə çalışmışam ki, özüm ölkəmizin tarixinin və mədəniyyətinin təbliği istiqamətində nə isə edim. Elmi işçi olaraq fəaliyyət göstərdiyim və təhsil aldığım universitetdə hər zaman araşdırmalarımı Azərbaycan üzərində etməyə çalışmışam. Bununla bir növ professorların, universitetin müəllim-tələbə heyətinin diqqətini cəlb etməyi hədəfləmişəm. Demək olar ki, istədiyimə nail oluram. Mən hər dəfə hansısa bir araşdırma edəndə, universitetdə o araşdırmanın mühazirəsinin təqdimatını edirəm. Bu zaman akademik fəaliyyət göstərən insanların böyük maraqla o araşdırmanı oxuyub Azərbaycanı daha yaxından tanımağa çalışdıqlarının şahidi oluram.
Bundan başqa, Xocalı soyqırımı ərəfəsində mən özüm şəxsən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana və Türkiyə Böyük Millət Məclisinin 550 millət vəkilinə Xocalı soyqırımının parlamentdə tanınması üçün öz yaşadığım səmimi hisslərimi məktub şəklində ünvanlamışdım. Bu məktub da Türkiyənin və Azərbaycanın demək olar ki, bütün mətbuat orqanlarında çap olunub. İnanırsınız, mənə bununla bağlı o qədər dəstək məktubları gəldi ki, özüm bir daha bu tip fəaliyyətlərin diaspor və lobbiçilikdə nə qədər önəmli olduğunun şahidi oldum.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
“Azərbaycandan kənarda yaşayan soydaşlarımız öz qüvvələrini toplamalıdırlar”
26.09.2018
“Biz Ukraynada Yuri Qaqarin də olsaq...”
26.09.2018
Millət vəkili: Azərbaycan dünya kosmik sənayesində mövqelərini möhkəmləndirir
26.09.2018
Əli Laricani: Azərbaycan Prezidenti İlham Əliyev uğurlu xarici siyasət aparır
25.09.2018
FAO-nun Romadakı baş ofisində “Azərbaycan otağı”nın açılışı olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info