Cənub Qaz Dəhlizinin açılışı Türkiyə mətbuatının gündəmi oldu
Tarix: 01.06.2018 | Saat: 01:58:00 | E-mail | Çapa göndər


Akşam.com.tr”: “Türkiyəyə ən ucuz qaz TANAP-la gələcək”

Ölkəmiz müstəqillik əldə etdikdən sonra onun qarşısında duran ən mühüm məsələlərdən biri də neft və qaz ehtiyatlarının hasilatı və enerji daşıyıcılarının dünya bazarlarına çıxarılması idi. Bu istiqamətdə ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan layihələr Prezident İlham Əliyev tərəfindən uğurla icra edilib və yeni-yeni nailiyyətlər qazanılmaqdadır. Azərbaycanın liderliyi və təşəbbüskarlığı ilə reallaşdırılan qlobal enerji layihələri həm də ölkəmizə olan inam və etibarın bariz nümunəsidir. Bu layihələr, eyni zamanda, milli iqtisadiyyatın inkişafına öz əhəmiyyətli töhfəsini verir. Dünyanın tanınmış liderləri də digər layihələr kimi, Cənub Qaz Dəhlizi və onun bir qolu olan TANAP-ın rolunu yüksək qiymətləndirir və onu “əsrin layihəsi” adlandırırlar. Bildirirlər ki, yenicə fəaliyyətə başlayan Cənub Qaz Dəhlizi Azərbaycanın siyasi və iqtisadi çəkisini xeyli artıracaq və bu layihə Türkiyə ilə Azərbaycan arasında strateji bağları daha da gücləndirəcək.

“Cənub Qaz Dəhlizi Avropanın enerji xəritəsini yenidən tərtib edən layihədir”

Bu günlərdə Prezident İlham Əliyev Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində çıxışı zamanı bildirib ki, Cənub Qaz Dəhlizinin rəsmi açılışı bizim qarşımıza qoyduğumuz bütün hədəflərə çatdığımızı göstərir və bu gün ölkəmizin həyatında neft-qaz sənayesinin inkişafında yeni dövr başlayır: “Cənub Qaz Dəhlizi nəhəng infrastruktur layihəsidir. Bu layihənin icra edilməsinə 40 milyard dollardan çox sərmayə qoyulub və qoyulur. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir. Əminəm ki, bundan böyük həcmdə resurslarımız var. Gələcək kəşfiyyat və istismar işləri, əminəm ki, bunu təsdiqləyəcək. Cənub Qaz Dəhlizi enerji resurslarının şaxələndirilməsi işində də çox önəmli layihədir və hesab edirəm ki, əvəzolunmaz layihədir. Azərbaycan qazı yeni mənbədir və Cənub Qaz Dəhlizi yeni enerji damarıdır, Avropanın enerji xəritəsini yenidən tərtib edən layihədir”.
Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovun Cənub Qaz Dəhlizi ilə bağlı geniş məqaləsində də layihənin əhəmiyyətinə toxunulur. Burada qeyd edilir ki, Cənub Qaz Dəhlizi qarşıdan gələn 100 il ərzində Azərbaycan xalqına xidmət edəcək və milli iqtisadiyyatın inkişafında mühüm faktor olacaq: “Azərbaycanın regionda və Avropada əhəmiyyətinin artmasını, Azərbaycanla Qərb arasında münasibətlərin daha yüksək pilləyə qalxmasını şərtləndirəcək. Azərbaycanın təkcə enerji ixrac edən ölkə kimi deyil, həm də onu nəql edən və tranzit ölkə kimi əhəmiyyəti artacaq. Avropanın enerji təchizatının şaxələndirilməsində ciddi faktora çevriləcək. Region ölkələrinin öz enerji resurslarını dünya bazarına çıxarmaq üçün yeni mənbə rolunu oynayacaq. Regionun və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində böyük rol oynayacaq. Dövlətlər və xalqlar arasında qarşılıqlı əməkdaşlığın, işgüzar əlaqələrin inkişafına töhfə verəcək. Regionda təhlükəsizliyin və sabitliyin təmin olunmasına ciddi təsir göstərəcək. Layihədə iştirak edən bütün ölkələr, şirkətlər mənfəət əldə edəcək, yeni iş yerləri yaradılacaq və insanların rifahının yüksəlməsinə pozitiv təsir göstərəcək”.

Cənub Qaz Dəhlizinin açılışı dünya mətbuatının gündəmi oldu

Qeyd edək ki, Cənub Qaz Dəhlizinin açılışı dünya mətbuatının da gündəmindədir. Türkiyənin “Akşam.com.tr”, “haberler.com”, “ekonomihaber.com”, “sondakika.com”, “guneş.com” və digər qəzet və saytlarında “Cənub Qaz Dəhlizi açıldı” başlıqlı xəbər və yazılar dərc edilib. Bu məqalələrdə Prezident İlham Əliyevin iştirakı ilə Cənub Qaz Dəhlizinin açılış mərasimi, eləcə də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkə başçımıza və açılış mərasiminin iştirakçılarına məktubu öz əksini tapıb. Məktubda qeyd edilir ki, istər Azərbaycan ilə ikitərəfli, istərsə də regional əməkdaşlıq baxımından örnək bir layihə olan TANAP-ın tamamlanması hamımız üçün qürur mənbəyidir: “Bundan əvvəl uğurla həyata keçirdiyimiz Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru kəmərləri və nəqliyyat sahəsində Bakı-Tbilisi-Qars dəmir yolundan sonra TANAP da bölgənin taleyini dəyişdirəcək əhəmiyyətə malik əməkdaşlığımızın bir başqa bəhrəsidir.
İyunun 12-də Eskişəhərdə böyük bir mərasimlə kəmərin açılışını edəcəyik.
Bu tarixi anın şahidi olmaq üçün sizləri də Eskişəhərdə qarşılamaqdan böyük məmnunluq duyacağıq”.

“Gazetevatan.com”:“En ucuz qaz TANAP-la Qardaşdan gələcək”

Bundan başqa, “Akşam.com.tr”də: “Türkiyəyə ən ucuz qaz TANAP-la gələcək”, “Yenisafak.com” və “Sabah.com.tr”də: “En ucuz təbii qaz TANAP-la gələcək”, “Aa.com.tr”də: “Türkiyənin ən ucuz qazı TANAP-dan gələcək” başlıqlı yazılar dərc edilib.
Bu yazılardan biri də “gazetevatan.com”da dərc edilən “En ucuz qaz TANAP-la Qardaşdan gələcək” başlıqlı məqalədir. Yazıda qeyd edilir ki, SOCAR Türkiyənin icraçı direktoru Vaqif Əliyev BOTAŞ-ın TANAP ilə alacağı qazın idxal etdiyi digər qazlar arasında ən ucuz qaz olacağını deyib. V.Əliyev Səngəçal Terminalından Türkiyə sərhədinə qədər gələn boru xətti ilə gətirilən təbii qazın Gürcüstan-Türkiyə sərhədində Trans Anadolu Qaz Kəmərinə(TANAP) bağlandığını qeyd edib.

İlk qaz 30 iyunda olacaq
Cənub Qaz Dəhlizi layihəsi ilə bağlı investisiya qərarının 2013-cü ilin sonunda alındığını və 2014-cü ilin sentyabr ayında təməli qoyulduğunu deyən V.Əliyev 3 il 8 aylıq bir müddətdə Azərbaycan-Gürcüstan arasındakı 820 kilometrlik hissəsinin tamamlandığını bildirib. O, TANAP üzərindən ilk qaz ticarətinin 30 iyunda BOTAŞ sisteminə veriləcəyini və ilk il üçün 2 milyard kubmetr olan qaz həcminin 2020-ci ildə 6 milyard kubmetrə çatacağını vurğulayıb.

11,7 milyard dollarlıq maliyyə vəsaiti 8-ə endi

TANAP-ın xaricdəki ən böyük layihə olduğuna diqqət çəkən V.Əliyev 2013-cü ilin sonunda investisiya qərarı verildiyində, ortaqlarının SOCAR, BOTAŞ və BP olduğunu xatırladıb. Layihənin investisiya qərarının 11,7 milyard dollar maliyyə vəsaiti ilə nəzərdə tutulduğunu, hazırda isə investisiya həcminin 8 milyard dollara qədər endiyini söyləyib. Maliyyə vəsaitinin aşağı düşməsinin müxtəlif səbəbləri olduğunu deyən V.Əliyev bildirib ki, birincisi, burada layihənin yaxşı idarə olunması qeyd edilməlidir: “2011-2012-ci illərdə neft qiymətləri düşmüşdü və onunla bağlı polad boru istehsalı və iş dəyərləri də daha aşağı qiymətə idi”. Bu ilin SOCAR Türkiyə üçün çox önəmli olduğunu deyən V.Əliyev 3-4 il öncə aldıqları investisiya qərarlarının hazırda uğurla icra olunduğunu bildirib. O, TANAP-la yanaşı, İzmirin Əliağa məntəqəsində inşa edilən STAR neft emalı zavodunun da son mərhələdə olduğunu deyib.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Yaxın zamanlarda Slovakiyanın Azərbaycanda səfirliyinin açılması nəzərdə tutulur
13.11.2018
Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info