“Gənc alimlərə qrantlar vasitəsilə dəstək olmağa çalışırıq”
Tarix: 11.06.2013 | Saat: 23:50:00 | E-mail | Çapa göndər


Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev: “Nanotexnologiyalar sahəsində tədqiqatlar aparmaq üçün Yaponiya, Avropa, Amerika, Kanada istehsalı olan elmi cihazlar alınaraq alimlərin istifadəsinə verilib”

Elmin inkişafı respublikanın tərəqqisində mühüm rol oynayır. Ölkə başçısı da bidlirib ki, elmin inkişafı ümumi inkişaf templəri ilə uzlaşmalı, elm, təhsil, iqtisadiyyat birliyi yaradılmalı, bunun üçün prioritetlər düzgün seçilməli və onun üzərində işlər aparılmalıdır: “Bizim üçün elmin inkişafı ilə bağlı əsas məsələ prioritetlərin düzgün seçilməsidir. Bütün dövrlərdə alimlərimiz Azərbaycanın müxtəlif istiqamətlərdə inkişafına dəyərli töhfələrini veriblər. İndiki şəraitdə, müstəqilliyimizin inkişafı və möhkəmlənməsi şəraitində, elmi potensialın güclənməsinə böyük ehtiyac var”. Bu gün ölkədə elmin inkişafı istiqamətində öz töhfəsini verən qurumlardan biri Prezident yanında Elmin İnkişafı Fondudur. Müsahibimiz Prezident yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayevdir:

-Ölkə başçısının qeyd etdiyi kimi, artıq Azərbaycan keçid dövrünü uğurla başa vurub və inkişafının yeni mərhələsinə daxil olub. Bu inkişaf bütün sahələrdə olduğu kimi elm və təhsilin də inkişafını əhatə edir. Konkret olaraq, elmin inkişafı istiqamətində xeyli böyük tutumlu işlər yerinə yetirilib. Bunların sırasında elmin inkişafı üzrə Milli Strategiyanın qəbul olunmasını xüsusilə qeyd etmək lazımdır. Digər bir mühüm məsələ kimi isə hazırda müzakirəsi gedən “Elm haqqında qanun”u göstərmək olar. AMEA-da son aylar aparılan islahatlar da diqqəti cəlb edir. Milli Strategiyaya uyğun olaraq 2009-cu ildə Prezident tərəfindən Elmin İnkişafı Fondu yaradılıb və bu Fondun qarşısına ölkədə elmin inkişafı üzrə konkret vəzifələr qoyulub. Artıq Elmin İnkişafı Fondu bir püxtələşmiş quruma çevrilib. Ötən dövr ərzində fond özünün bir neçə qrant müsabiqəsini elan edərək keçirib. Bu müddət ərzində fond müsabiqələrin formatının zənginləşməsinə də çalışıb. Klassik qrant müsabiqələri ilə yanaşı, məqsədli və beynəlxalq xarakterli müsabiqələr də təşkil olunaraq keçirilib.
Ölkə başçısı elmin bütün istiqamətlərinin inkişafına xüsusi maraq göstərir və bu proseslərin gedişini bilavasitə izləyir. Bu yaxınlarda Şamaxı Astrofizika Rəsədxanasında aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olarkən cənab Prezident əslində Azərbaycanda elmin inkişafı üçün bir növ prioritetlər müəyyənləşdirdi və mühüm bəyanatlar verdi. Bunların sırasında Azərbaycanın regional elmi mərkəzə çevrilməsi kimi ideyanı, məqsədi qeyd etmək lazımdır. Digər məsələ isə ölkədə elmin inkişafına daim ən yüksək səviyyədə dəstək göstəriləcəyi fikrinin bir daha bəyan edilməsi və bunun üçün isə lazım olan bütün vasitələrdən istifadə ediləcəyi fikrinin bir daha səsləndirilməsi oldu. Artıq ölkədə elmin inkişafı da yeni bir mərhələsinə qədəm qoyub. Bu prosesdə elmlə məşğul olan, elmin inkişafına cavabdeh olan bütün qurumlar və müəssisələr birgə fəaliyyət göstərir və Elmin İnkişafı Fondunun da bu inkişafa xüsusi töhfəsi var. Fondun strategiyasına görə ölkədə bütün elm sahələri paralel olaraq dəstəklənməlidir, prioritetlər nəzərə alınmalıdır.
- Bu sahədə alimlərə dəstək olaraq hansı istiqamətlər müəyyənləşdirilib?
- Ölkədə fəal çalışan alimlər həm də alternativ şəkildə - qrantlar yolu ilə dəstəklənməlidir. Bu dəstək tək fundamental tədqiqatları əhatə etməməlidir. Eyni zamanda tətbiqi, axtarış-innovasiya xarakterli layihələr də yüksək səviyyədə dəstəklənməlidir. Fondun iri maliyyə həcmli pilot layihələri isə qurum və alimlərin ən modern elmi cihaz və avadanlıqlarla təchiz olunmasını, bu cihazlarla işləyə biləcək kadr hazırlığını nəzərdə tutur. Fond elmi-tədqiqat layihələri ilə yanaşı, müxtəlif xarakterli xüsusi layihələrin və tədbirlərin də maliyyələşdirilməsinə yardımçı olur. Bunların sırasında Azərbaycanda beynəlxalq və regional səviyyəli elmi tədbirlərin təşkil olunaraq keçirilməsini, alimlərimizin elmi əsərlərinin nəşrinin dəstəklənməsini, alim və mütəxəssislərin xaricdə keçirilən yüksək səviyyəli elmi tədbirlərdə, yəni, konfrans, simpozium, seminarlarda iştirakının təmin olunmasını, onların xaricdə qısa müddətli elmi təcrübəkeçmədə iştirakının fond tərəfindən maliyyələşdirilməsini, ekspedisiya-çöl işləri, maddi-texniki təminat üzrə layihələri qeyd etmək mümkündür.
Ölkədə elmin inkişafı artıq yüksələn xətlə gedir. Bu sahədə müxtəlif qurumlarda aparılan islahat işləri, yeni elmi istiqamətlərin, aktual və dinamik prioritetlərin müəyyənləşdirilməsi və bu prioritetlər əsasında elmin maliyyələşdirilməsi yaxın zamanda öz bəhrəsini verəcək. Bu işdə eyni zamanda kadr hazırlanması məsələsi önəmli yerlərdən birini tutur. Xüsusilə də gənc alimlərə olan qayğını qeyd etmək lazımdır. Fond tərəfindən keçirilən gənc alim və mütəxəssislərin qrant müsabiqələrini qeyd etmək istərdim. Artıq I müsabiqə üzrə yerinə yetirilən elmi-tədqiqat işlərinin əksəriyyəti tamamlanmaq üzrədir. Birinci müsabiqədə 25 layihə qalib olub. Hazırda isə gənc alim və mütəxəssislərin II qrant müsabiqəsinə daxil olan layihələrin ekspertiza işi aparılır və yaxın müddət ərzində onların da nəticələri açıqlanacaq. Həm pilot qrant layihələr, həm gənc alim və mütəxəssislər üçün keçirilən müsabiqələr, həm də mobillik qrantları vasitəsilə biz gənc elmi kadrların hazırlanmasına diqqət yetiririk.
Digər bir vacib məsələ Azərbaycanda alınmış elmi nəticələrin xaricdə tanıdılmasıdır. Qrant layihələri üzrə yerinə yetirilmiş işlərin nəticələrinin məhz xaricdəki nüfuzlu jurnallarda və digər nəşrlərdə çap olunması fond tərəfindən təkidlə tövsiyə olunur. Artıq bu, öz müsbət nəticəsini verməkdədir. Fondda hətta qrantların dəstəyi ilə çap olunmuş çap işlərinin sərgisini də açmışıq.
- Ölkə başçısı bildirib ki, Azərbaycan bölgənin elm mərkəzinə çevrilməlidir. Bunun reallaşması üçün hansı zəruri addımların atılmasını vacib hesab edirsiniz?
- Azərbaycanın regionun elm mərkəzinə çevrilməsi üçün artıq ölkədə bazis də, şərait də, stimul da var. Həm əvvəlki illərdən, sovet dövründən qalan əqli və elmi-texniki miras, həm də son illərdə daha böyük vüsət almış kadr hazırlığı məsələsi bizə imkan verir ki, Azərbaycan digər sahələrdə olduğu kimi, elm sahəsində də liderə çevrilsin. Xüsusilə də fundanmental və tətbiqi elmlər sahəsində rəqabət apara biləcək nəticələr alınması üçün elmi-tədqiqatların maddi-texniki bazası gücləndirilməlidir. Əksər hallarda isə tamamilə inqilabi şəkildə yeniləndirilməlidir. Bu məqsədlə fond yuxarıda adıçəkilən xüsusi layihələrə dəstək verir. Böyük maliyyə həcmli pilot layihələr adlandırılan bu layihənin məbləği ən azı yarım milyon manatdan başlayır. Məqsəd isə elmi-tədqiqat institutlarını ən müasir parametrlərə malik və dünyada tanınmış elmi cihaz, avadanlıq və qurğular istehsal edən xarici şirkətlərin məhsulları ilə təmin etməkdir. Onları alıb-gətirmək, quraşdırıb-istifadəyə vermək, onlarda çalışa biləcək kadrların hazırlanması məsələsi məhz bu pilot layihələr vasitəsilə fond tərəfindən həyata keçirilir. Artıq bu sahədə bizim uğurlarımız var. Bir neçə pilot layihəsi uğurla reallaşdırılıb. Bunların sırasında AMEA-nın Fizika İnstitutunda reallaşdırılan pilot layihələri qeyd etmək olar. Bu layihələr çərçivəsində nanotexnologiyalar sahəsində tədqiqatlar aparmaq üçün Yaponiya, Avropa, Amerika, Kanadanın istehsalı olan ən müasir və bahalı elmi cihazlar alınaraq gətirilib, quraşdırılıb, sazlanıb və alimlərin istifadəsinə verilib. Artıq Fizika İnstitutunda bu cihazların bazasında innovasiyalar mərkəzi yaradılıb. İlkin tədqiqatlar aparılıb, çox gözəl nəticələr alınıb. Xüsusilə qeyd edim ki, Fizika İnstitutunda aparılan tədqiqatlar o qədər əhəmiyyətlidir ki, hətta Yaponiyadan gənc mütəxəssislər gəlib burada hazırlıq mərhələsi keçir və birgə elmi-tədqiqat işləri aparırlar. Digər bir pilot layihəmiz isə Geologiya İnstitutunda reallaşdırılıb. Orada Yaponiya istehsalı olan və ən müasir parametrlərə malik skanedici elektron mikroskop quraşdırılıb. Nüfuzedici elektron mikroskop isə başqa bir pilot layihə əsasında Tibb Universitetində istifadəyə verilib. Bundan başqa Aşqarlar Kimyası İnstitutunda müasir elmi-tədqiqatlar aparılması üçün maddi-texniki cihaz bazası tamamilə yenilənib. Bu cür layihələr davam etməkdədir. Yaxınlarda belə bir layihə Botanika İnstitutunda reallaşdırılacaq. Başqa bir pilot layihə Genetika İnstitutunda həyata keçirilmək üzrədir. Bu institutda gen kodlarını oxuya biləcək müasir sekvenzer alınaraq quraşdırılacaq. Bu pilot layihələrin gələcəkdə daimi əsaslarla davam etdirilməsi nəzərdə tutulub. Hesab edirik ki, yaxın bir neçə il ərzində həm maddi-texniki bazanın yenilənməsi, həm də kadr hazırlığı ölkədə elmin inkişafına güclü təkan verəcək. Elmi-tədqiqaat layihələri fondun fəaliyyətində hər zaman dəstəklənir və bu layihələr çərçivəsində aktiv işləyən alimlərimizə stimullaşdırıcı əməkhaqqı verilir. Onlar elmi müzakirələrin aparılması üçün xarici ölkələrə ezamiyyətə göndərilir. Onlar üçün İKT avadanlıqları, xüsusi elmi cihazlar, məmulatlar alınır və bunların hamısının məqsədi fəal çalışan alimlərimiz üçün əlavə müvafiq işçi şəraitin yaradılması, elmi əlaqələrin qurulması, beynəlxalq əməkdaşlığın inkişafı kimi ülvi məqsədlərdir.
Nigar ABDULLAYEVA




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info