“Hər bir gənc öz potensialını üzə çıxarmaqda sərbəstdir”
Tarix: 12.06.2013 | Saat: 21:51:00 | E-mail | Çapa göndər


Vüsal Qurbanov: “Xaricdə təhsil alan hər gənc Azərbaycanın gənc səfiridir”

Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu (ASAIF) uzun bir tarixi inkişaf dövrünə malikdir. Belə ki, bu təşkilat 2001-ci ildən başlayaraq Azərbaycanın xaricdə təhsil alan gənclərini bir araya toplamaq məqsədi ilə illik yay forumları keçirməyə başlayıb. Təşkilatın ilk yarandığı gündən müxtəlif adları olub. Lakin 2010-cu ildə artıq 8-cisi keçirilən illik yay forumunda təşkilatın adı “ASAIF - Azerbaijani Students and Alumni International Forum” olaraq qərarlaşdırılıb. ASAIF-in baş katibi Vüsal Qurbanovla həmsöhbət olub təmsil etdiyi təşkilat və dövlətin apardığı gənclər siyasəti ilə bağlı fikirlərini öyrəndik.


-Hazırda ASAIF-in üzvlərinin sayı neçə nəfərdir?
- Hər zaman xaricdə təhsil alan və məzun olmuş gəncləri bir araya toplamaq, onları ortaq azərbaycançılıq dəyərləri ətrafında birləşdirmək məqsədi daşıyan ASAIF-in bu gün 10 mindən çox üzvü var. Artıq dünyanın 50-dən çox ölkəsində təmsil olunan ASAIF hər zaman xaricdə təhsil alan və məzun olan gəncləri bir çətir altında toplamaq məqsədi daşıyır. Bu gün ASAIF artıq Azərbaycanda beynəlxalq forumlar keçirən təşkilatlardan birinə çevrilib. ASAIF sıralarında gənc həkimlər, politoloqlar, iqtisadçılar, psixoloqlar, hüquqşünaslar, genetiklər, mühəndislər, riyaziyyatçılar, bioloqlar, jurnalistlər və bir çox digər ixtisaslara malik peşəkar gənclər var. Bu gənclər təhsillərini dünyanın ən qabaqcıl ali təhsil ocaqlarında tamamlamış, bir qismi isə hazırda davam etdirməkdədirlər. Hər bir ASAIF nümayəndəsinin düşüncəsində dünyanın ən qabaqcıl bilikləri və təhsili ilə yanaşı, Azərbaycanın təmsili, Vətənin inkişafı və çiçəklənməsi var. ASAIF-çilər Azərbaycanı sevən və onun gələcəyini öz əllərilə inşa etməyə hazır olan gənc peşəkar mütəxəssislərdir. Bu gün ASAIF-çilərin səsi Uzaq Şərqin, Kanadanın, Avstraliyanın, Avropanın ən qabaqcıl universitetlərindən gəlir.
- Bu gün dövlətin apardığı gənclər siyasətini necə qiymətləndirirsiniz?
- Bu gün Azərbaycan azsaylı dövlətlərdən biridir ki, gənclərə bu qədər şərait yaradılıb. Təkcə son dövrdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın qəbulu, “Gənclər siyasəti haqqında” qanun, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının Prezident tərəfindən təsdiqi Azərbaycan dövlətinin gənclərə olan qayğısının bariz nümunələridir. Gənclik hər zaman tələbkardır. Bu gün Azərbaycan gənclərinin sorağı dünyanın ən qabaqcıl universtetlərindən, təhsil ocaqlarından gəlir. Bəzən bizlər məhz həmin ölkələrdə gördüyümüz şəraiti öz ölkəmizdə də istəyirik. Bu çox normal haldır. Mən inanıram ki, bizim dövlətimiz hər zaman gənclərə xüsusi qayğı ilə yanaşacaq, bu yönümdəki uğurlu siyasətini davam etdirəcək.
- Dövlətin tutduğu gənclər siyasəti kursu gənclərə öz potensialını üzə çıxarmağa hansı imkanlar verir?
- Hər bir gənc öz potensialını üzə çıxarmaqda sərbəstdir. Bu gün Azərbaycan gənci üçün hər cür şərait yaradılır, desək, yanılmarıq. Bütün şəhərlərimizdə Gənclər evləri tikilir və istifadəyə verilir. Ancaq bütün bunlarla yanaşı, bir şeyi unutmayaq ki, potensiallı gənc özünü istənilən şəraitdə göstərə bilən gəncdir. Bu gün Azərbaycanda bütün internet imkanları sərbəstdir. Gənclər öz potensiallarını bu yolla da göstərə bilərlər.
- Gənclərin xaricdə təhsilinin Azərbaycanın gələcəyi üçün hansı perspektivi var?
- Öncəliklə qeyd edim ki, azərbaycanlı tələbələrinin xaricdə təhsil məsələsi bizim üçün yeni deyil. Əsrin əvvəllərində Cümhuriyyət dövründə azərbaycanlı gənclər xaricə göndərilməyə başlanıldı. Qısa müddət ərzində xaricə göndərilmiş tələbələrimiz Avropanın qabaqcıl universitetlərində təhsillərini davam etdirdilər. Cümhuriyyətin süqutu həmin tələbələrin çoxunun taleyinə təsir etdi, ancaq onların çoxları xaricdə Azərbaycan ideologiyasını sönməyə qoymadılar. Sovet dönəmində Heydər Əliyevin rəhbərliyi dövründə bu məsələ yenidən aktuallaşdı və çox sayda tələbələr xaricə göndərildi. Təbii ki, o zaman xaric dedikdə keçmiş Sovet İttifaqının sərhədləri nəzərdə tutulurdu. Nəhayət, müstəqillik əldə etdikdən sonra bu proses daha da genişləndi.

Bəli, bu gün Azərbaycana İlham Əliyev kimi dövlət maraqlarını qoruyan, milli məsələlərdə qətiyyət göstərən bir lider lazımdır ki, biz gəncləri də arxasınca aparsın

Məhz İlham Əliyevin imzaladığı “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” nəticəsində bu gün Azərbaycan tələbələrinin səsi dünyanın dörd bir yanından gəlir. Xaricdə təhsil alan gənc ilk öncə peşəkar kadr kimi formalaşır ki, bu da Azərbaycanın inkişafına hər cür töhfə verməyə hazır olan gənclərin yetişməsi deməkdir. İkincisi, təhsil alan hər gənc Azərbaycanın gənc səfiridir. Məhz onlar xaricdə təhsil aldıqları müddətdə müsbət imic formalaşdırsalar, bu, Azərbaycanın gələcəkdəki uğurlarına təsirsiz ötüşməyəcək. Belə bir nümunə deyim, bu gün xarici universitetdə təhsil alan gənc məhz həmin ölkənin gələcək elitasını formalaşdıracaq insanlarla bir universitetdə təhsil alır, artıq bir neçə illər sonra onlar həmin ölkədə söz sahibi olan zaman, təbii ki, Azərbaycan haqqında kifayət qədər dolğun informasiyaya malik olacaqlar. Bu baxımdan hər zaman qeyd edirik ki, xaricdə təhsil Azərbaycanın bu günü üçün deyil, gələcəyinə qoyulmuş ən yaxşı sərmayədir.
-Azərbaycan gəncliyi bu gün nə dərəcədə dövlət qayğısı ilə əhatə olunub?
- Bu gün Azərbaycanda həyata keçirilən dövlət siyasətində əsas meyarlardan biri də gənclərə olan dövlət qayğısıdır. Azərbaycan son illərdə bu istiqamətdə çox sayda müsbət işlər görüb. Bu gün gənclərin doğma hesab etdikləri Gənclər və İdman Nazirliyinin biz gənclərə qayğısı hər zaman hiss olunub. Xüsusilə qeyd etmək istərdim ki, bu günə qədər ASAIF-in keçirdiyi bütün tədbirlərdə biz bu qayğını hiss etmişik. Bununla yanaşı, gənclərlə bağlı dövlət proqramlarının həyata keçirilməsi, bu proqramların kifayət qədər çox sahəli olması dövlətin gənclərə qayğısının bariz nümunəsədir. Xüsusi olaraq Prezident yanında Gənclər Fondunu qeyd etmək istərdim. Bu gün Azərbaycanda keçirilən dövlət siyasətinin tərkib hissəsinə çevrilmiş gənclər siyasəti ölkədə və ölkədən kənarda yaşayan bütün gəncləri əhatə edir. Bir məqamı xüsusi qeyd edim ki, ölkədən kənarda olan zaman Vətən daha fərqli bir anlam qazanır və bütün qüvvə ilə Vətəni layiqincə təmsil etmək haqqında düşünürsən. Sevindirici haldır ki, bu gün xaricdə təhsil alan hər bir gəncimiz də Vətəndən uzaqda olsalar belə, bu qayğını hiss edirlər. Bu gün dünyanın ən nüfuzlu təhsil ocaqlarında təhsil alan hər bir gəncimiz əmin olmalıdır ki, onların arxasında Azərbaycan dövləti dayanır.
-Azərbaycan gəncliyi bu qayğının cavabını öz əməli fəaliyyəti ilə verə bilirmi?
- Bilirsiniz, bu gün bu prizmadan yanaşmaq yanlış yoldur. Artıq cəmiyyətdə bu gün kimsə mənə nəsə etdisə, mən onun mütləq qarşılığını verməliyəm deyə bir ideya formalaşmamalıdır, xüsusən də dövlət qayğısı məsələsində. Gəlin baxaq, bu gün Azərbaycan dövlətinin qayğısı ilə xaricdə təhsil alan bir gənc məcburi sevmədiyi bir işə gətirilsə, daha faydalı olacaq, yoxsa xaricdə qalıb və ya sevdiyi işi görüb, bir gün gözlənməz bir anda o qayğıya cavab verən bir gənc? Təbii ki, ikinci gəncin faydası daha çox olacaq. Bir məqamı da qeyd etmək istərdim ki, hər bir gəncin öz peşəsində uğurunu, təhsilində nailiyyətini onun dövlət qayğısına öz cavabı kimi qiymətləndirmək lazımdır.
-Bildiyiniz kimi, 250-ə yaxın gənclər təşkilatı oktyabr ayında keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevin namizədliyini dəstəklədiyini bəyan edib. Azərbaycan gəncliyinin Prezidentə bu cür inamla etimad və dəstək göstərməsinin səbəbi nədir?
- Bilirsiniz, hər bir gənclər təşkilatı müəyyən sahələr üzrə formalaşıb. Mən öz təşkilatımız adından, eyni zamanda Ukraynada fəaliyyət göstərən UAGB təşkilatı adından deyə bilərəm ki, bəli, biz bu gün İlham Əliyev siyasi kursunu dəstəkləyirik. Yuxarıda qeyd etdiyim kimi, bu gün 2007-2015-ci illər xaricdə təhsil proqramının mövcud olması, hər il yüzlərlə gəncin xaricdə təhsil alması, bununla yanaşı, Azərbaycanda ADA, Ali Neft Məktəbi kimi Avropa universitetləri ilə rəqabətə girəcək təhsil ocaqlarının olması məhz İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir. Mən əminliklə deyə bilərəm ki, çox çətin geosiyasi regionda yerləşən Azərbaycan bu gün dünyada müstəqil siyasət aparan, regionda lider ölkəyə çevrilmiş bir dövlətdir ki, bunun da səbəbi məhz İlham Əliyevin uğurlu siyasətidir. Mən bir fakt deyim ki, ölkəmizin BMT-nin Təhlükəsizlik Şurasına seçilməsini Azərbaycanın xarici siyasətinin zirvəsi hesab etmək olar. Həmin seçim ərəfəsində mən xaricdə təhsil alırdım. Seçimdən sonra dostlarımın, müəllimlərimin məni təbrik etməsi məni çox qürurlandırdı. Mən o zaman əmin oldum ki, bu gün Azərbaycanın siyasəti uğurla davam etdirilir. Təbii ki, hər bir azərbaycanlı kimi biz gənclərin də ən böyük arzusu ən qısa zamanda işğal olunmuş torpaqlarımıza qayıtmaqdır. İnanırıq və məhz bu baxımdan hər zaman cənab Prezidentimizi dəstəkləyirik ki, istənilən halda biz bu torpaqlara qayıdaq. Fürsətdən istifadə edərək bütün gənclərimizi Prezidentimizin ətrafında birləşməyə, Azərbaycanın uğurlu siyasətinə öz töhfəmizi verməyə səsləyirəm.
Bu gün Azərbaycanın ən öndə gedən gənclər təşkilatları və onların ətrafında olan gənc dostlarımız Prezidentin ətrafında toplaşıblar. Biz Prezidentin ətrafında daha da sıx birləşməli, Azərbaycanın uğurlarına daha da yaxından töhfə verməli və ən əsası Ali Baş Komandanın göstərişi ilə işğalda olan torpaqlarımızı azad etməyə hazır olmalıyıq. Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Ceyhun Osmanlının fikirlərini burda xüsusi qeyd etmək istərdim. “Nə qədər ki, İlham Əliyev siyasətdə olacaq, biz də hər zaman onunla olacağıq. Mən hazırda Azərbaycan üçün daha milli, daha müdrik, daha təcrübəli və Azərbaycan müstəqilliyi və dövlətçiliyi naminə heç kimə güzəştə getməyəcək bir lider tanımıram”. Bəli, bu gün Azərbaycana İlham Əliyev kimi dövlət maraqlarını qoruyan, milli məsələlərdə qətiyyət göstərən bir lider lazımdır ki, biz gəncləri də arxasınca aparsın.
-Sizcə, gənclərin daha da maariflənməsi və ictimai fəallığının artırılması istiqamətində hansı tədbirlər görülməlidir?
- İctimai fəallıq insanın daxilindən gələn bir iş olmalıdır. Mən bir daha o fikirin üzərinə gəlirəm ki, bu gün bizə hər şeydən öncə peşəkar, yüksək intellektuallı, dünya görüşü, xarici dil səviyyəsi yüksək olan və Vətənini sevən gənclər lazımdır. Məhz bu gənclər təhsil aldıqları ali məktəblərdə təhsilləri ilə yanaşı, ictimai işlərdə fəal olmalıdırlar, cəmiyyətdə fəallıq göstərməlidirlər. Əgər biz cəmiyyətimizin inkişafını istəyiriksə bu gün cəmiyyətdə gedən proseslərin içərisində olmalıyıq. Yalnız belə olan halda cəmiyyət inkişaf edə bilər.
-Gələcək üçün hansı planlarınız var?
- Gələcəkdə ASAIF-in maraqlı tədbirləri olacaq. Qarşıdan yay tətili gəlir, xaricdə təhsil alan gənclərimiz ölkəyə qayıdacaqlar. Onlar üçün ənənəvi yay forumu nəzərdə tutulur, hansı ki, bu il çox fərqli bir formatda olması nəzərdə tutulur. Bununla yanaşı, yay tətilində xaricdə təhsil alan gənclərimizlə Azərbaycanda təhsil alan gənclərimizi görüşdürmək, fikir mübadiləsi aparmaq planlarımız da var.
Fuad HÜSEYNZADƏ




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir
08.11.2018
“Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info