KİV nümayəndələri məhkəmə binalarının yeni standartları ilə tanış olublar
Tarix: 14.06.2018 | Saat: 18:13:00 | E-mail | Çapa göndər


Ədliyyə Nazirliyi "Elektron məhkəmə" İşçi Qrupu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) ilə birlikdə kütləvi informasiya vasitələri nümayəndələrini "Elektron məhkəmə" informasiya sisteminin tətbiqi və məhkəmə binalarına dair yeni standartlarla tanış edib.
İİTKM-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanda fiziki və hüquqi şəxslərin məhkəmələrə əlçatanlığını asanlaşdırmaq, sistem daxilində şəffaflığın artırılmasını təmin etmək, məhkəmə proseslərini sürətləndirmək, mülki işlərə baxan hakimlərin iş yükünü əhəmiyyətli dərəcədə azaltmaq üçün mühüm işlər görülüb. Bütün bu proseslər məhkəmə sisteminin səmərəliliyinin artırılmasına xidmət edib.
Məlumat verilib ki, görülən işlər çərçivəsində yeni yaradılan 1,3 milyon əhaliyə xidmət göstərən Sabunçu Məhkəmə Kompleksi Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə 2015-ci il oktyabrın 21-də açılıb. Kompleksdə 2 saylı Bakı İqtisadi-İnzibati Məhkəməsi və Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi, habelə Sabunçu rayon icra və probasiya şöbəsi fəaliyyət göstərir. Binada 21 hakim, 30 icra məmuru və 100-dən çox məhkəmə aparatı işçiləri üçün iş şəraiti qurulub.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi "Elektron məhkəmə" İşçi Qrupunun rəhbəri, hakim Ramin Qurbanov bildirib ki, Azərbaycanın məhkəmə sisteminin tarixində ilk dəfə olaraq məhkəmə binalarına dair mütərəqqi standartlar yaradılaraq bu kompleksdə tətbiq olunub. Həmin qaydalardan biri kimi – bina daxilindəki zonalaşdırılma prinsipi (inzibati və ictimai zonalar) göstərilə bilər və bu yanaşma nəticəsində hakimlərin məhsuldarlığı 15 faiz artıb və onların vətəndaşlarla qeyri-prosessual münasibətləri məhdudlaşdırılıb. Bununla yanaşı, bir neçə məhkəmə və ədliyyə qurumunun bir binada yerləşdirilməsi tikintiyə qoyulan sərmayələrin qənaətinə və sonradan bu binaların saxlanılmasına xərclənəcək vəsaitlərin azalmasına səbəb olub.
Yeni məhkəmə binalarında gözdən və ya fiziki cəhətdən əlil olan vətəndaşların sərbəst hərəkəti üçün bütün şərait yaradılıb, o cümlədən döşəmədə xüsusi örtük salınıb, ictimai zonada bütün otaqların adlarını əks etdirən lövhələrdə xüsusi yazılar həkk olunub. Müasir elektron məlumat daşıyıcıları vətəndaşlara məhkəmə prosesləri və onların keçiriləcəyi tarix, vaxt, məhkəmə zalı, hakim və digər məsələlərlə bağlı informasiyanı maneəsiz əldə etməyə imkan yaradır.
Diqqətə çatdırılıb ki, məhkəmə kompleksində "Elektron məhkəmə"nin tətbiqi üçün bütün zəruri infrastruktur yaradılıb, məhkəmə zallarında proseslərin daha dəqiq və sürətlə protokollaşdırılmasına xidmət edən və audio-video yazıları aparan "AZ-Femida" sistemi, videokonfransların, təqdimatların keçirilməsi, elektron sənəd dövriyyəsi və məhkəmə işlərinin idarəetmə sistemi üçün qurğular quraşdırılıb, həbsdə olan, təqsirləndirilən şəxslər üçün zalda beynəlxalq standartlara uyğun xüsusi ayrılan şüşə otaqlar qurulub, onların vəkillə birbaşa əlaqə saxlamaları üçün müvafiq vasitələr yaradılib, habelə məhkəmə zalında əcnəbi şəxslərin iştirakı ilə işlərə baxılan zaman tərcümə xidmətlərinin göstərilməsi üçün xüsusi yer ayrılıb.
Ədalət mühakiməsinin həyata keçirilməsində şəffaflığın, insan və vətəndaş hüquq və azadlıqlarının səmərəli müdafiəsinin təmin edilməsi məqsədilə Azərbaycan Prezidentinin 2014-cü il 13 fevral tarixli Sərəncamına əsasən "Elektron məhkəmə" informasiya sisteminin yaradılması üzrə qısa müddətdə irihəcmli işlər görülüb.
Belə ki, məhkəmə sisteminin vahid veb portalı, proses iştirakçılarının "Şəxsi kabineti", məhkəmə rüsumlarının elektron ödəmə sistemi və vahid reyestri, məhkəmə qərarlarının vahid bazası, hakimlərin elektron imzası, məhkəmə işlərinin elektron idarəetmə sistemi, məhkəmə qərarlarının elektron icra sistemi, məhkəmə işlərinin hakimlər arasında avtomatlaşdırılan qaydada bölgüsünə dair sistem, "Elektron əmr icraatı" sistemi yaradılaraq istifadəyə verilib.
Nəticə etibarilə ötən il sentyabrın 1-dən bu günədək "Elektron əmr icraatı" sistemi vasitəsilə təkcə Sabunçu Rayon Məhkəməsinə elektron (kağızsız) qaydada müxtəlif banklar, kredit təşkilatları, mobil operatorlar və digər şəxslərdən "Elektron kabinet" vasitəsilə 4.000-nə yaxın e-iddia ərizəsi daxil olub. Bununla yanaşı, məhkəmə ilə icra qurumları arasında tamamilə kağızsız mübadilə təmin olunub.
Tanışlıq turu zamanı xüsusi vurğulanıb ki, Prezident İlham Əliyevin apardığı uğurlu iqtisadi islahatlar nəticəsində Dünya Bankının "Doing Business 2018" hesabatına əsasən Azərbaycan 2017-ci il ilə müqayisədə, 2018-ci ildə 8 pillə irəliləyərək 190 ölkə üzrə aparılan reytinq dəyərləndirməsində 57-ci yerə yüksəlib və Avropa, Mərkəzi Asiya regionunda ən islahatçı üç ölkədən biri kimi qiymətləndirilib. Son illər ərzində davamlı olaraq həyata keçirilən iqtisadi islahatlar, "Doing Business" hesabatına uyğun olaraq, "Müqavilələrin İcrası" indikatoru üzrə əhəmiyyətli dəyişikliklərin və mühüm irəliləyişlərin də əldə olunmasına yol açıb. Belə ki, qeyd olunan yeniliklərə əlavə olaraq, hazırda 61-dən çox hüquqi şəxs və sahibkar müqavilə öhdəliklərinin yerinə yetirilməməsindən irəli gələn mübahisələr üzrə ümumi yurisdiksiya məhkəmələrinə elektron qaydada müraciət edir ki, bu da elektron idarəetmə sistemində tətbiq olunan məhkəmələrin icraatındakı mülki işlərin 50 faizdən çox hissəsini təşkil edir. Həmçinin artıq bütün inzibati-iqtisadi məhkəmələrin qərarların elektron portalda açıqlanması mexanizmi işə salınıb. Nəticədə, qeyd olunan bütün bu dəyişiklər "Doing Business 2019" reytinq qiymətləndirməsində "Müqavilələrin İcrası" indikatoru istiqamətində, "Məhkəmə proseslərinin keyfiyyəti" indeksi üzrə Azərbaycanın mövqeyinin daha da irəliləməsinə səbəb ola bilər.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info