Ziyalı ömrünün akkordları
Tarix: 22.06.2018 | Saat: 00:25:00 | E-mail | Çapa göndər


(Həsən Bayramov – 65)

Hər bir insan üzləşdiyi, müasiri olduğu mühitdən əvvəl məhz ailə ocağında yetişir, formalaşır, gələcək həyat yolunu müəyyənləşdirməyə çalışır. İnsan xarakterinin formalaşmasında onun doğulub boya-başa çatdığı, suyunu-çörəyini daddığı, havasını udduğu ana təbiətin də rolu az deyil. Müdriklərimiz əbəs yerə “ot kökü üstə bitər” deməyiblər. Hələ yetkinlik yaşından Həsən Bayramovun boya-başa çatdığı halal ailə, əhatə olunduğu saf mühit onu məhz ciddi yaşamağa, ömrü ləyaqətlə başa vurmağa, daim haqqa, ədalətə tapınmağa, mübariz olmağa məhkum edib. 1953-cü il mayın 1-də qədim yurd yerimiz olan Qərbi Azərbaycanın Göyçə mahalının Toxluca kəndində qulluqçu ailəsində anadan olan Həsən Bayramovun cəmiyyət üçün layiqli vətəndaş və şəxsiyyət kimi yetişməsində, ilk növbədə valideynlərinin böyük rolu olub. Atası Bayram kişi el arasında mərdliyi, sözünə bütövlüyü, yüksək insani keyfiyyətləri ilə seçilən təşkilatçı olub. Ermənistanda ilk sovxoz təsərrüfatlardan olan kəndlərində qoyunçuluq sovxozunun kompleks müdiri kimi tanınıb. El arasında təşkilatçılığına görə ona “Təşkilat Bayram” deyiblər. Əslən İrəvandan, - bəy nəslindən olan anası Gülsüm xanım isə Azərbaycan qadınına xas isməti, namusu, ailəcanlılığı nəcib xarakterində cəmləyib. Gülsüm xanım rusdilli, geniş dünyagörüşlü xanım olaraq əhalinin tibbi-sağlamlığına məsul insan kimi, yeni doğulan körpələrin mənəvi anası olub.
Milli təfəkkür, milli kök, ulularımızdan ərmağan qalmış əsl azərbaycanlı adət-ənənələri üzərində qərar tutan saf ailə mühitində aldığı tərbiyə ziyalı ailəsi olaraq valideynlərinin xeyir-duası daxilindəki humanizm, elə məhəbbət, vətənpərvərlik və fitri istedadla çulğaşaraq Həsən Bayramovu şərəfli mübarizələrə hazırlayıb. Sadə olduğu qədər də zəngin və mənalı ömür yolu, erkən yaşlarından məqsədə çatmaq uğrunda göstərdiyi prinsipiallıq, çətinliklərə mərdliklə sinə gərmək bacarığı onu yaxından tanıyanlarda xoş hislər doğurur. Hələ uşaq yaşlarında ikən ata itkisi kimi acı taleyi yaşamalı olsa da, həyat yolunu düzgün müəyyənləşdirən balaca Həsən əzmlə məqsədlərinə doğru addımlayıb, iti və parlaq zəkası, kamil və bütöv xarakteri ilə yaşadığı illərin fırtınalarından üzüağ çıxıb. Düzünü deyək ki, atasının el-obada nüfuzu və hörməti, kənd rəhbərliyinin daim ona qayğı göstərməsi bu ailənin firavan yaşamasına səbəb olsa da, Həsən qələm taleyinin akkordlarını yaxşı oxumaqla tamamlayıb.
Yaşa dolduqca həyatın qəribəlikləri, bəzən də haqsızlıqları ədalət axtarışında olan nəcib insanlar kimi, onu da dünyanın əbədi sualları ilə üz-üzə qoyub. Bu sualların cavabını humanitar elmlərdə axtaran Həsən Bayramovun gələcək həyat yolu, peşə seçimi də məhz onun Azərbaycanın dünəni, bu günü və gələcəyi ilə bağlı saf və təmiz düşüncələrindən yaranıb. Orta məktəbi uğurla başa vuraraq 1971-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun Filologiya fakültəsinə daxil olub, oranı fərqlənmə diplomu ilə bitirdikdən sonra aspiranturada saxlanmağı üçün Elmi Şuranın qərarının olmasına baxmayaraq, təyinatla doğma rayona qayıtmış, müəllim, direktor müavini, raykom hüquqlu sovxoz komsomol komitə katibi, qəsəbə sovetinin sədri vəzifələrində çalışmış, həm də qiyabi olaraq Azərbaycan Pedaqoji İnstitutunun (İndiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) aspiranturasında oxumuşdur. Kənddə çalışdığı illərdə o, rayon komsomol komitəsinin büro üzvü, rayon Sovetinin deputatı kimi çox geniş yenilikçi fəaliyyəti ilə seçilmiş, Sovet dövründə “Sovet Ermənistanı” və “Dostluq” qəzetlərində məqalələrini Həsən Bayramoğlu imzası ilə çap etdirmişdir.
Ali təhsil ocağında pedaqoji fəaliyyətə böyük həvəslə girişən, öz üzərində ciddi şəkildə işləyən, biliklərini günü-gündən zənginləşdirən Həsən Bayramov pedaqogika sahəsində yeni söz deməyə də ehtiyac duyub. Daxilindən gələn bu tükənməz enerji gənc pedaqoqun taleyini bu dəfə elm sahəsi ilə sıx şəkildə bağlayıb – Həsən müəllim yuxusuz gecələrinin, gərgin zəhmətinin bəhrəsi kimi üzərində səylə çalışdığı “Azərbaycanda Sovet Pedaqoji Elminin təşəkkülü və inkişafı (1920-1931-ci illər)” mövzusundakı dissertasiya işini 1989-cu ildə müdafiə edərək pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. Sonralar müsabiqə yolu ilə Naxçıvan Dövlət Pedaqoji İnstitutuna (indiki Naxçıvan Dövlət Universitetinə) müəllim təyin edilmiş, 1990-cı ilədək orada çalışmışdır. 1991-ci ildən Azərbaycan Pedaqoji İnstitutunda (ADPU) müəllim və dosent işləmişdir. Elmi işini əzmlə davam etdirərək müxtəlif arxivlərdə milli təhsil tariximiz üçün son dərəcə dəyərli faktları, sənədləri üzə çıxarıb. Bunların əsasında 1 monoqrafiya, 100-dən artıq elmi məqalə qələmə alıb. Düzgün və obyektiv qənaətlərə, dərin mühakiməyə, tədqiqatçı fəhminə əsaslanan əsərləri həm də onun yüksək vətənpərvərliyindən, pedaqogika elminə dəyərli töhfə vermək istəyindən irəli gəlib. 2017-ci ildə isə “Çar Rusiyasının Azərbaycandakı təhsil siyasətinin əsas istiqamətləri” mövzusunda yazdığı doktorluq dissertasiyasını müdafiə edərək pedaqoji elmlər doktoru elmi dərəcəsini alıb. Bütün bunlar onun peşəkar pedaqoq alim olmağından xəbər verir.
1975-ci ildə məzunu olduğu Azərbaycan Pedaqoji Universitetində pedaqoji fəaliyyətə başlayaraq qəlbinin odunu və hərarətini, ömrünün ən qaynar illərini gənc nəslin yüksək ali təhsil almasına, təlim-tərbiyəsinə, maariflənməsinə həsr edib. Onun universitetin Ümumi pedaqogika kafedrasının aparıcı dosenti olaraq pedaqogikanın nəzəriyyəsi və tarixi, eləcə də təhsil menecmenti ixtisası üzrə 10-dan artıq proqramı, “Təhsili idarəetmənin əsasları” (bakalaviatura və magistratura üçün), “Nitq mədəniyyəti”, “İdarəetmənin pedaqogikası və psixologiyası” adlı dərs vəsaitləri hələ də aktuallığını saxlamaqdadır. İndiyədək 100-dək elmi, bir o qədər də publisistik məqalələrin müəllifi olması onun elmi məhsuldarlığından xəbər verir.
Həsən Bayramov əsl ziyalı vicdanlı və vətənpərvər şəxsiyyət kimi milli “mən”i şəxsi “mən”dən hər zaman uca tutur, özünə hörməti şəxsi iddialarda deyil, uğurlu əməllərdə axtarır. Tanınmış pedaqoqun ürəyinin hərarətindən, gözünün nurundan, zəkasının kamilliyindən neçə-neçə tələbəyə, tədqiqatçıya pay düşüb. O, yüksək əxlaqi keyfiyyətləri, təmənnasızlığı, insanlara qayğıkeş münasibəti, sadəliyi, təvazökarlığı, prinsiplərinə sadiqliyi ilə daim ətrafındakıların yüksək rəğbətini, ehtiramını qazanıb. Siyasi dəyərlərin zamanla harmoniyasını vaxtında duymaq bacarığı milli-mənəvi dəyərlərə bağlılıq, alicənablıq, mərhəmətlilik kimi keyfiyyətlər onun ictimai obrazını tamamlayır.
Əsl ziyalı üçün vacib sayılan mühüm keyfiyyətlərdən biri də onun aydın mövqeyə sahib olması, taleyüklü məqamlarda xalqının mənafeyi baxımından ən doğru, dürüst olanı seçməsi, lazımi anda qətiyyət, cəsarət nümayiş etdirməsidir. Mənəvi dünyasının, vicdanının səsi Həsən Bayramovu yalnız özü üçün yaşamağa, əhatə olunduğu dövrün, mühitin nöqsanlarına, qüsurlarına göz yummağa, etinasız yanaşmağa qoymayıb. O, ətrafda baş verən hadisə və proseslərə münasibətdə passiv müşahidəçi mövqeyindən çıxış edərək biganəlik, laqeydlik nümayiş etdirməyib. Əsl ziyalılara xas tərzdə dövrünün ictimai-siyasi hadisələrinə laqeyd olmayıb, fəaliyyətinin bütün mərhələlərində məhz Azərbaycanın gələcəyini düşünüb.
Həsən Bayramovun pedaqogikanın tarixi və nəzəriyyəsi, təhsilşünaslıq, peşə ixtisas təhsili ilə bağlı, eləcə də milli-müstəqillik dövrü, xüsusilə, onun Heydər Əliyev mərhələsinin təhlilinə həsr edilmiş çoxsaylı elmi-pedaqoji və ictimai-publisistik məqalələri həmişə yenilikçi mahiyyəti ilə seçilməkdədir.
Elmi-pedaqoji fəaliyyətinin son illərini peşə-texniki təhsilində islahatlara həsr etmiş Həsən müəllim Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru kimi, son illər peşə təhsili sahəsinin modernləşməsinə də öz töhfəsini verməkdə, tədqiqatları ilə bu prosesdə yaxından iştirak etməkdədir. O, həm də respublikanın ictimai-siyasi həyatında fəal iştirak edir. Binəqədi rayonunda Dairə Seçki Komissiyasının sədri olaraq demokratik cəmiyyət quruculuğu prosesində fəal iştirak edir. Bunu onun müxtəlif vaxtlarda nüfuzlu qəzet və jurnallarda nəşr edilmiş ictimai-siyasi yönümlü nəzəri məqalələri də sübut edir.
İbrahim Bayramov
Azərbaycan Dövlət Pedaqoji Universiteti,
filologiya elmləri doktoru, professor




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info