İmtahan fənlərinin sayı azaldılır
Tarix: 22.06.2018 | Saat: 00:49:00 | E-mail | Çapa göndər


Təhsil Nazirliyinin 2017-ci ildə gördüyü işlərə həsr olunmuş hesabat tədbiri keçirilib. Tədbirdə Baş nazirin müavini Əli Əhmədov, Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, dövlət qurumlarının rəhbərləri, millət vəkilləri, ali məktəblərin rektorları, media kapitanları və QHT təmsilçiləri iştirak ediblər.

Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin maaşı açıqlandı

Təhsil Nazirliyinin şöbə müdiri, Təhsil İnstitutunun direktor əvəzi Emin Əmrullayev təhsilin keyfiyyətinin yüksəldilməsi, əhatəliliyi və əldə olunan nailiyyətlərlə bağlı iştirakçılara məlumat verib.
E.Əmrullayev bildirib ki, 2014-2017-ci illərdə Azərbaycanda 134136 müəllim diaqnostik qiymətləndirmədən keçib. Şöbə müdiri qeyd edib ki, diaqnostik qiymətləndirmədən keçən müəllimlərin 23,5 faizi 300 manat, 35,9 faizi 300-500 manat, 27,1 faizi 500-700 manat, 10 faizi 700-900 manat, 3,5 faizinin maaşı 900 manat və daha çoxdur.
E.Əmrullayev qeyd edib ki, 2020-ci ilədək məktəbəhazırlıqda əhatəliliyin 90 faizə çatdırılması nəzərdə tutulub. O bildirib ki, dövlət büdcəsi hesabına məktəbəhazırlığın təşkili 5-6 yaşlı uşaqların 65 faizini əhatə edib. Şöbə müdirinin sözlərinə görə, 2012-ci ildə 6 yaşdan yuxarı uşaqların məktəbə gec başlaması halları 12 faiz təşkil edirdisə, 2017-ci ildə bu rəqəm 6 faiz olub. E. Əmrullayev qeyd edib ki, ötən illə müqayisədə təmayülləşmə üzrə məktəb sayı 6 dəfə, sinif və şagird sayı isə 4 dəfə artıb. Şöbə müdiri onu da qeyd edib ki, 2017-ci ilin qəbul imtahanlarında məzunların 44 faizi 200 baldan az toplasa da, bu göstərici əvvəlki illərdə məzun olmuş abituriyentlərdə 65 faiz olub: "2017-ci ildə ali məktəbə qəbul imtahanında orta bal 2012-ci ilə nisbətən 62 bal yüksələrək 177-dən 239-a çatıb".

Nazir: "Ali məktəblərə qəbulda iki dəyişiklik nəzərdə tutulub"

“Təhsil sistemi-vəzifələr və hədəflər” mövzusunda təqdimatla çıxış edən təhsil naziri Ceyhun Bayramov bildirib ki, müəllim peşəsinin nüfuzuna təsir edən tədbirlər davam etdiriləcək. C. Bayramovun sözlərinə görə, 5 il əvvəlki dövrlə müqayisədə bir sıra sahələrdə əsaslı nailiyyətlər əldə olunub. Nazir deyib ki, 2020-ci ilə qədər məktəbəhazırlığın əhatəlilik səviyyəsinin 90 faizə çatdırılması nəzərdə tutulub.
C. Bayramov qəbul imtahanlarının yeni modelindən danışaraq qeyd edib ki, hazırda bu istiqamətdə Dövlət İmtahan Mərkəzi ilə sıx əməkdaşlıq edilir: “Ali təhsil müəssisələrinə qəbul üzrə, əsasən, 2 dəyişiklik nəzərdə tutulur”. Onun sözlərinə görə, dəyişikliklər beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin müəyyən edilmiş şərtlər yerinə yetirilməklə, təhsil aldıqları dildə tədris olunan ixtisaslar üzrə, beynəlxalq fənn olimpiadaları qaliblərinin istənilən ixtisaslar üzrə, respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qaliblərinin müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunması ilə bağlıdır.
C. Bayramov yeni qəbul modelinin üstünlüklərini də açıqlayıb. Nazir qeyd edib ki, buraxılış imtahanlarının nəticələri ali məktəbə qəbulda nəzərə alınacaq, məzunlar daha az sayda fəndən imtahan verəcəklər, imtahan fənlərinin sayı 5-dən 3-ə düşəcək.
Nazir onu da qeyd edib ki, orta məktəblərdə şagirdlərin dərs və imtahan yükünü azaltmağı nəzərdə tutan yeni məktəbdaxili qiymətləndirmə qaydaları 2018-2019-cu tədris ilindən tətbiq ediləcək. Onun sözlərinə görə, məktəbdaxili qiymətləndirmə ilə bağlı təhlillər aparılıb: "Yaxın aylarda bununla bağlı qərar veriləcək. Məktəbdaxili qiymətləndirmədə, xüsusilə ibtidai təhsil pilləsində yüngülləşmə olacaq".
Təhsilin inkişafının ölkəmizin tərəqqisi baxımdan vacib amil olduğunu vurğulayan nazir bildirib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” sənədinin qəbulundan ötən müddət ərzində təhsil sahəsində müsbət dinamika müşahidə olunub, 5 il bundan əvvəllə müqayisədə bir sıra sahələrdə əsaslı nailiyyətlər əldə edilib. Bu nailiyyətlərin həm əhatəliliyinin artması, həm də keyfiyyətin və ya bərabər imkanların yaxşılaşması ilə nəticələndiyini vurğulayan nazir təhsilimizin daha əlçatan, keyfiyyətli olmasının gələcəkdə iqtisadiyyatımızın güclü və vətəndaşlarımızın rifah səviyyəsinin yüksək olmasına zəmin yaratdığını vurğulayıb.

Əli Əhmədov: “Azərbaycanda özəl məktəblər şəbəkəsini artırmaq lazımdır”

Baş nazirin müavini Əli Əhmədov bildirib ki, Azərbaycanda özəl məktəblər şəbəkəsini artırmaq lazımdır. Məhz bununla yuxarı təhsil pillələrində əlçatanlılığın artırılması mümkün olar. Onun sözlərinə görə, Azərbaycanda təhsil iqtisadiyyatın inkişafına, dövlətin iqtisadi gücünün artmasına kömək etməlidir: "Bunlara necə nail olunmalıdır? Təhsil universal sahədir. Təhsil sahəsinin inkişafını yalnız təhsil qurumlarından gözləmək lazım deyil. Cəmiyyətin təhsilə olan münasibəti dəyişməlidir. Dövlətin təhsilə olan diqqət və qayğısının artmasına ehtiyac var. Dövlətin qarşısına qoyduğu əsas məsələ də təhsilin inkişaf etdirilməsidir".
Ə.Əhmədov bildirib ki, Azərbaycanda orta təhsil əlçatanlılıq baxımından təmin edilib: "Yuxarı təhsil səviyyələrinin də əlçatanlılığının artırılmasına ehtiyac var. Azərbaycan əhalisinin 1,3 faizi tələbədir".
Baş nazirin müavini qeyd edib ki, Azərbaycanda universitetlərə sərbəstliyin verilməsi sahəsində cəsarətli addımlar atılmalıdır.
Ə.Əhmədovun sözlərinə görə, son illər Azərbaycanda təhsil islahatları dərinləşməkdə davam edir və bu istiqamətdə görülən işlər öz bəhrəsini verir: "Azərbaycanda dərin islahatlar həyata keçirilir - iqtisadiyyatdan tutmuş digər sahələrə kimi. Biz həyatımızı islahatlardan kənarda təsəvvür etmirik. Təhsil sferası da islahatlar məfhumundan kənarda qala bilməz. İqtisadiyyatla, təhsillə bağlı hədəflərimiz tamamilə aydındır".
Baş nazirin müavini əlavə edib ki, Azərbaycanda elm, təhsil məhsuldar qüvvənin tərkib hissəsinə çevrilməlidir: "Təhsilin inkişafı Azərbaycan cəmiyyətinin mədəni səviyyəsinin, iqtisadiyyatının daha yuxarı pilləyə qalxmasına, dövlətin qüdrətinin artmasına gətirib çıxarmalıdır".

Akif Əlizadə: “Ali məktəblərin statusları bir-birindən fərqlənməlidir”

AMEA-nın prezidenti, akademik Akif Əlizadə Azərbaycanın ali məktəblərinin statuslarının bir-birindən fərqləndirilməsini təklif edib: “Ali məktəblərin statusları bir-birindən fərqlənməlidir. Bunun üçün xarici ölkələrin təcrübəsi nəzərə alınaraq təhlillər aparılmalıdır”. A.Əlizadə qeyd edib ki, Azərbaycanın ali məktəblərində bir qədər orta təhsil davam etdirilir: "Bu sahədə dəyişikliklərin edilməsi üçün AMEA ilə birlikdə müzakirələr aparmaq lazımdır".
Akademiyanın prezidenti bildirib ki, AMEA-da magistratura və doktorantura imtahanlarında TOEFL və IELTS-dən istifadə olunur:
"Hesab edirəm ki, ali təhsil müəssisələrində də TOEFL və IELTS-dən imtahan keçirilməlidir. Bununla da gənclərin ingilis dili biliklərinin artırılmasına nail olmaq mümkündür".
Tədbirin sonunda “Təhsil” televiziyasının 2017-ci ildə təhsil sahəsində həyata keçirən tədbirlərə və yeniliklərə dair hazırladığı videoxronika nümayiş olunub.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info