: “Ermənistan ilə Azərbaycan arasında hərbi balans bizim xeyrimizə əhəmiyyətli dərəcədə dəyişib”
Tarix: 22.06.2018 | Saat: 23:47:00 | E-mail | Çapa göndər


“Ölkəmizin təcavüzdən, silahlı hücumdan müdafiəsinin təmin edilməsi üçün Azərbaycan Ordusunda əsas diqqət qoşunların döyüşə hazırlıq və səfərbərlik tədbirlərinə yönəldilib”

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi qeyd olunur. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov yubiley münasibətilə Ordumuzun əsas prioritetləri, aparılan uğurlu islahatlar, əldə olunan nailiyyətlər və qarşıda duran vəzifələr barədə fikirlərini bölüşüb. Nazir vurğulayıb ki, bu gün 100 yaşını qeyd etdiyimiz Milli Ordumuzun yaradılması, formalaşması və döyüşlərdə bərkiməsi hələ keçən əsrin əvvəllərinə AXC-nin fəaliyyəti dövrünə təsadüf edir.
Tarixi ənənələrin, varislik prinsiplərinin yaşadılması baxımından ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı Fərmanla 26 iyun tarixi ilk ordu hissəsi Əlahiddə Azərbaycan Korpusunun təşkil olunduğu gün əsas tutularaq Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edilib. Bu tarixin Silahlı Qüvvələr Günü elan edilməsi Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpası və tarixilik baxımından böyük əhəmiyyətə malikdir. “Qeyd etdiyimiz bayram təkcə hərbçilərin deyil, ümumilikdə bütün Azərbaycan xalqının bayramıdır. Bu səbəbdən də xalqımızı əlamətdar gün münasibətilə təbrik edirəm. Xüsusilə qeyd etmək istəyirəm ki, Ordumuz bu yubileyi konkret uğurlar, qələbələr və böyük yeniliklərlə qarşılayır.
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan hərbi quruculuq prosesi ölkəmizdə bu gün də uğurla davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, ordu quruculuğu dövlətimiz üçün ən başlıca məsələdir. Azərbaycan Ordusunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, o cümlədən hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi bu siyasətin prioritet istiqamətlərindəndir”, - deyə müdafiə naziri qeyd edib.
General-polkovnik Zakir Həsənov vurğulayıb ki, islahatların kompleks şəkildə həyata keçirilməsi Ordumuzun aparıcı dövlətlərin orduları səviyyəsinədək yüksəlməsinə şərait yaradıb. Ölkə rəhbərliyinin həyata keçirdiyi uğurlu iqtisadi islahatlar ölkəmizin bütün sahələrdə inkişafına təkan verdiyi kimi, hərbi büdcəmizin də qısa müddətdə dəfələrlə artmasına imkan yaradıb: “Fəaliyyətimizi Azərbaycan Respublikasının Konstitusiyası, qanunları, Silahlı Qüvvələrin Ali Baş Komandanının fərman və sərəncamları, habelə digər normativ hüquqi aktlarını rəhbər tutaraq həyata keçiririk. Əməliyyat və döyüş hazırlığı tədbirləri, hərbi qulluqçuların mənəvi-psixoloji hazırlığı, hərbi təhsilin inkişafı, kadrların hazırlanması, maddi-texniki təminat məsələləri və hərbi qanunvericilik aktlarının təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlər planlı şəkildə davam etdirilir”.
Qeyd edilib ki, 2018-ci il orduda komandir hazırlığı və bütün səviyyədə olan komandirlərin real döyüş şəraitində qoşunların və silahların idarə edilməsi üzrə bacarıq və vərdişlərinin təkmilləşdirilməsi ili elan olunub.
Ölkəmizin təcavüzdən, silahlı hücumdan müdafiəsinin təmin edilməsi üçün Azərbaycan Ordusunda əsas diqqət qoşunların döyüşə hazırlıq və səfərbərlik tədbirlərinə yönəldilib. Müasir təhdidlərə, risklərə və çağırışlara cavab vermək məqsədilə qoşunların döyüş qabiliyyətinin artırılması istiqamətində hərtərəfli kompleks tədbirlər icra edilir.
General-polkovnik Zakir Həsənov bildirib ki, ordumuzun silahlanmasına yüksək texnologiyaların tətbiqi ilə hazırlanmış ən müasir, geniş ərazidə dəqiq məhvetmə qabiliyyətinə malik silah-sursat və döyüş texnikası qəbul edilib. Bu da ordumuzun qüdrətinin artmasına əvəzsiz töhfələr verib. Ali Baş Komandanın tapşırığına əsasən bu proses mərhələlərlə, davamlı surətdə həyata keçirilir.
Son illər ərzində hərbi potensialımız xeyli dərəcə artaraq Ermənistan ilə Azərbaycan arasında hərbi balansı bizim xeyrimizə əhəmiyyətli dərəcədə dəyişib.
Məhz 2016-cı ilin aprel ayında Ağdərə, Füzuli, Cəbrayıl istiqamətlərində və cari ilin may ayında Naxçıvanda həyata keçirilən əks-həmlə əməliyyatlarında qazanılan uğurlar Ali Baş Komandanın diqqət və qayğısı ilə Orduda həyata keçirilən kompleks islahatlar nəticəsində mümkün olub. Qeyd etdiyim hər iki tarixi məqam Azərbaycan Ordusunun döyüş hazırlığı, ruh yüksəkliyi, mənəvi-psixoloji durumu və peşəkarlıq baxımından Ermənistan ordusundan qat-qat üstün olduğunu əyani şəkildə sübut etdi.
“Biz müxtəlif ölkələrdən müasir tipli döyüş təyyarələri, döyüş və hərbi nəqliyyat helikopterləri, artilleriya qurğuları, zirehli texnika, rabitə vasitələri, pilotsuz uçuş aparatları alırıq. Eyni zamanda Ordumuz Müdafiə Sənayesi Nazirliyinin müəssisələri tərəfindən istehsal edilən hərbi təyinatlı məhsullarla da təchiz olunur. Rusiya, Belarus, Ukrayna kimi tərəfdaşlarımızla yanaşı, qardaş Türkiyə, o cümlədən İran, Pakistan, İsrail, Cənubi Afrika Respublikası və digər inkişaf etmiş dövlətlərlə qarşılıqlı əməkdaşlıqda hərbi imkanlarımızı genişləndiririk.
Ordumuzun arsenalında olan əksər döyüş texnikası, silah və sursatın Rusiya istehsalı olduğunu nəzərə alaraq, iki ölkənin müdafiə qurumları nümayəndələrinin birgə işçi qrupları daim qarşılıqlı fəaliyyət göstərir”, - deyə general-polkovnik Zakir Həsənov bildirib.
Şəxsi heyətin döyüş, mənəvi-psixoloji hazırlığının təkmilləşdirilməsi, hərbi intizamın və hüquq qaydalarının möhkəmləndirilməsinin də Müdafiə Nazirliyi rəhbərliyinin əsas prioritetlərindən olduğunu vurğulayan Zakir Həsənov qeyd edib ki, müharibə şəraitində yaşayan bir ölkə üçün ən vacib məqamlardan biri Ordunun şəxsi heyətinin və ümumiyyətlə, vətəndaşların sağlam mənəvi-psixoloji duruma, ruh yüksəkliyinə, özünəinama və vətənpərvərlik hislərinə hakim olmalarıdır. Bu gün Azərbaycan cəmiyyətində, Ordumuzda məhz belə bir əhvali-ruhiyyə mövcuddur. Bütün bunların nəticəsidir ki, xalqımız Ordumuza istənilən döyüş tapşırığını yerinə yetirməyə qadir bir qüvvə kimi böyük inam bəsləyir. 2016-cı ilin aprel ayında cəbhədə baş verən gərginlik zamanı yüzlərlə, minlərlə gənc, eyni zamanda xarici ölkələrdə yaşayan azərbaycanlı vətəndaşlarımız Müdafiə Nazirliyinə müraciət edərək erməni işğalçılarına qarşı döyüşə hazır olduqlarını bildirdilər. Bu döyüş ruhunu yüksək səviyyədə saxlamaq məqsədilə Ordumuzda ümummilli liderimiz Heydər Əliyevin zəngin həyat yolu və fəaliyyəti, dövlət və ordu quruculuğu, iqtisadi islahatlar, milli şüurun dirçəlişi, milli ideologiyanın inkişafı, gənclərin hərbi vətənpərvərlik tərbiyəsi və digər sahələrdəki siyasi irsi dərindən öyrənilir və hərbi qulluqçular arasında təbliğ edilir.
Müdafiə naziri bildirib ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dövlətimizin müstəqilliyinin və suverenliyinin qorunub saxlanması, qüdrətlənməsi uğrunda apardığı daxili və xarici siyasət, Ordunun qüdrətli bir qüvvəyə çevrilməsi üçün fəaliyyəti, öz xalqına, torpağına məhəbbəti, ərazilərimizin erməni işğalından azad olunması naminə apardığı mübarizə daim təbliğ edilir, Azərbaycan Ordusunun qarşısında qoyduğu tapşırıqlar Ordu rəhbərliyi və şəxsi heyətə çatdırılır.
“Bir sözlə, Ordumuzun hərbi potensialını gücləndirmək üçün nə lazımdırsa, Azərbaycan dövləti onu edir. Biz müharibə şəraitində yaşayırıq və müharibə şəraitində yaşayan ölkə, ilk növbədə ordu quruculuğuna diqqət göstərməlidir. Bu gün Azərbaycanın dövlət büdcəsində hərbi xərclər birinci yerdədir. Ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi və silahların modernləşdirilməsi üçün 2014-cü ildən başlayaraq hər il bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilir və bundan sonra da dövlətimizin dəstəyi ilə bu addımlar davam etdiriləcək.
Məhz bu səbəbdən bu gün tam əminliklə deyə bilərik ki, ən müasir silah-sursat və döyüş vasitələri ilə təchiz edilmiş, yüksək vətənpərvərlik ruhuna malik, mənəvi-psixoloji cəhətdən hazırlıqlı Azərbaycan Ordusu Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hər bir əmrini dərhal və yüksək peşəkarlıqla yerinə yetirməyə hazırdır və qadirdir.
Əmin edirəm ki, Azərbaycan Ordusunun bütün şəxsi heyəti göstərilən etimadı daim doğrultmağa, torpaqlarımızı işğaldan azad edərək ərazi bütövlüyümüzün təmin edilməsinə tam hazırdır. Qələbə əzmi ilə xidmət edən Ordumuz xalqımızı gələcəkdə də əldə edilən uğurlar və nailiyyətləri ilə daim sevindirəcək”, - deyə Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov bildirib.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Regionda gərginliyin artmasında tam məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
“Qaregin Njdenin Hitlerin nasist ideologiyasının tərəfdarı olması ilə bağlı danılmaz sübutlar var”
19.09.2018
“Ermənistan indi çox ağır vəziyyətə düşüb”
18.09.2018
Rumıniyanın “AGERPRES” agentliyi: “Dünya ictimaiyyəti Dağlıq Qarabağ bölgəsini Azərbaycanın ərazisi kimi tanıyır
17.09.2018
Ukrayna KİV-ləri: “Ermənistan silahlı qüvvələri Azərbaycanın mülki əhalisini atəşə açır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info