“Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir”
Tarix: 25.06.2018 | Saat: 23:46:00 | E-mail | Çapa göndər


Azərbaycanda səfərdə olan əksər rəsmi qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında da məlumat verilir və bu mövzuda fikir mübadiləsi aparılır. Ötən gün Milli Məclisin sədri Oqtay Əsədovun Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə də bu haqda danışılıb. Oqtay Əsədov bu səfərin Azərbaycanın və Rusiyanın dövlətlərarası və parlamentlərarası münasibətlərinin genişlənməsinə töhfə verəcəyini qeyd edib. Bildirib ki, ikitərəfli münasibətlərin inkişafında dövlət başçılarının rəsmi səfərləri və görüşləri böyük rol oynayır. Rusiya-Azərbaycan münasibətləri dərin köklərə malikdir. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Rusiya onu tanıyan ilk ölkələrdən olub. Sevindirici haldır ki, bu müddət ərzində ölkələrimiz arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə gəlib çatıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Milli Məclisin sədri qeyd edib ki, ATƏT-in Minsk qrupu bu məsələdə hələ heç nəyə nail ola bilməyib. Biz Rusiya dövlətinə bu münaqişənin həllinə göstərdiyi diqqətə görə minnətdarıq. Əminik ki, prezident Vladimir Putin bu münaqişənin həlli üçün bütün səylərini göstərəcək. Biz bu münaqişənin sülh yolu ilə həllinin tərəfdarıyıq.
Vyaçeslav Volodin deyib ki, Rusiya və Azərbaycan strateji tərəfdaşlardır. Ölkələrimiz arasında münasibətlər uğurla inkişaf edir. Dövlət Dumasının sədri iqtisadi əməkdaşlığın genişləndiyini məmnunluqla vurğulayaraq bildirib ki, ticarət dövriyyəsinin 34 faiz artımı bunun çox yaxşı göstəricisidir. Keçən il Rusiyadan Azərbaycana gələn turistlərin sayı 850 minə qədər yüksəlib. Bu gün Azərbaycanda hər üçüncü turist Rusiya vətəndaşıdır. Rusiya vətəndaşları Azərbaycana gələrkən təhlükəsizliyi, rahatlığı, tarixi seçirlər. Bu, böyük nailiyyətdir.
Parlamentlərarası əməkdaşlıq məsələsinə toxunan Vyaçeslav Volodin bildirib ki, bu sahədə də əlaqələrin uğurla inkişaf etməsi xalqlarımızın bir-birinə daha da yaxınlaşması işinə xidmət edir. Ölkələrimizin prezidentləri arasında dostluq münasibətləri və daimi təmas mövcuddur. Onlar əlaqələrimizin inkişafı üçün böyük işlər görürlər. Beynəlxalq arenada bir çox məsələlərdə birgə qərarların verilməsində Azərbaycan tərəfdən dəstək görürük.
V.Volodin, həmçinin bildirib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir: "Dağlıq Qarabağ məsələsi bizi narahat etməyə bilməz. Siz bilirsiniz ki, Rusiya bu münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır”.
V. Volodin bildirib ki, münasibətləri pisləşdirmək istəyən, insanların sülh şəraitində yaşamaq arzusuna əhəmiyyət verməyənlər gərginlik istiqamətində irəliləyir: “Bu yolun qarşısını almaq üçün hər şey etməliyik. Azərbaycan həmişə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı doğru və konstruktiv mövqe nümayiş etdirib”.
Görüşdə iştirak edən Milli Məclisin deputatı, Azərbaycanda Rus İcmasının sədri Mixail Zabelin deyib ki, ölkəmizdə 120 mindən çox rus yaşayır. Azərbaycandakı rus diasporu Cənubi Qafqazın ən böyük diasporudur. Burada rus dili ikinci dildir. Azərbaycanda rus dili geniş yayılmış dildir və burada yaşayan ruslar Azərbaycan dilini də gözəl bilirlər. Azərbaycanda rus xalqına, dilinə, tarixinə böyük hörmət var.
M.Zabelin qeyd edib ki, ATƏT-in Minsk qrupunun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə olan münasibəti bütün Azərbaycan xalqı kimi, bizi də narahat edir. Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda ruslar da döyüşüblər. Onlar müharibəyə könüllü gediblər. Biz istəyirik ki, bu münaqişə tez bir zamanda sülh yolu ilə həll olunsun.

“Etisalat”ın işğal olunmuş ərazilərimizdə qanunsuz fəaliyyət göstərən “Karabakh Telecom” ilə rominq razılaşması ləğv edilib
Məlum olduğu kimi, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində bir neçə ölkənin qurumları qanunsuz fəaliyyət göstərirlər. Zaman-zaman Azərbaycanın aidiyyəti qurumları tərəfindən buna etirazlar edilir. Və bunun da müsbət nəticələri olur. XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki Səfirliyi tərəfindən görülmüş tədbirlər nəticəsində bu ölkənin mobil operatoru olan “Etisalat”ın Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində qanunsuz fəaliyyət göstərən “Karabakh Telecom” ilə rominq razılaşması ləğv edilib. Onun sözlərinə görə, Ermənistan Beynəlxalq Telekommunikasiya İttifaqının təlimat və qaydalarına zidd olaraq, onun üçün ayrılmış +374 beynəlxalq kodunu Azərbaycanın işğal olunmuş ərazilərinə də şamil edir və bununla Azərbaycanın radio-telekommunikasiya məkanına, radio tezliklərinə qanunsuz müdaxilə edir.
“Həmçinin Beynəlxalq Telekommunikasiya İttifaqı ölkələr üzrə mobil kodlar (MCC) və mobil şəbəkə kodlarının (MNC) ayrılmasına məsul olduğu halda, “Karabakh Telecom” BTİ-nin E.212 saylı təlimatını pozaraq, “283” ölkə üzrə mobil kodunu və “04” mobil şəbəkə kodunu Azərbaycanın işğal olunmuş ərazilərində tətbiq edir.
Hazırda Ermənistanda aparılan korrupsiya tərkibli cinayət işlərində “Karabakh Telecom” şirkətinin də adı hallanır.
Beynəlxalq hüququn norma və prinsiplərini, Beynəlxalq Telekommunikasiya İttifaqının təlimat və qaydalarını, həmçinin korporativ biznes etikası qaydalarını əsas tutaraq, ölkəmizin işğal olunmuş ərazilərində qanunsuz fəaliyyət göstərən “Karabakh Telecom” şirkətinin digər beynəlxalq mobil operatorlarla rominq əməkdaşlığı bundan sonra da dayandırılacaq”, - deyə o əlavə edib.

Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir

Yeri gəlmişkən, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprakla görüşüb. Bu barədə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Dövlət Komitəsinin sədri qaçqınlar və məcburi köçkünlər məsələsinin qlobal problemə çevrildiyini vurğulayıb, Azərbaycanın da 30 ildir bu problemlə üz-üzə qaldığını, Ermənistanın təcavüzkar siyasəti nəticəsində bir milyondan çox soydaşımızın doğma yurdlarından didərgin düşdüyünü xatırladıb. Bildirilib ki, qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli Azərbaycan dövlətinin prioritetlərindən biri kimi Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bu istiqamətdə irihəcmli proqramlar icra edilir. Ağır və qəzalı şəraitdə yaşayan məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.
Dövlət Komitəsinin sədri BMqT-nin Azərbaycanda qaçqın və məcburi köçkünlərlə bağlı icra etdiyi layihələrə görə təşəkkür edib.
Serhan Aktoprak Azərbaycanın məcburi köçkünlərin sosial problemlərinin həlli ilə bağlı atdığı addımları yüksək qiymətləndirib. Vurğulayıb ki, BMqT Azərbaycanda məcburi köçkünlərlə bağlı həyata keçirilən layihələrin iştirakçısı olmaqdan məmnunluq duyur.
Görüşdə Dövlət Komitəsi ilə BMqT arasında mövcud və gələcək tərəfdaşlıq məsələləri, qarşılıqlı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
“Ermənistan indi çox ağır vəziyyətə düşüb”
18.09.2018
Rumıniyanın “AGERPRES” agentliyi: “Dünya ictimaiyyəti Dağlıq Qarabağ bölgəsini Azərbaycanın ərazisi kimi tanıyır
17.09.2018
Ukrayna KİV-ləri: “Ermənistan silahlı qüvvələri Azərbaycanın mülki əhalisini atəşə açır”
14.09.2018
İspaniya mediası: “BMT qətnamələrinə uyğun olaraq Ermənistan qoşunları işğal edilmiş Azərbaycan ərazilərini tərk etməlidir”
13.09.2018
“Washington Times“: “Azərbaycanla sülh Ermənistanda demokratiyanın ilkin şərtidir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info