Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə Abşeron Rayon İcra Hakimiyyətinin “N” saylı hərbi hissədə keçirdiyi tədbirdə rayon rəhbərliyi, hüquq mühafizə orqanlarının rəhbərləri iştirak ediblər. Əvvəlcə qonaqlar ulu öndər Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılan abidəsi önünə gül dəstələri düzüblər. Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə müdafiə naziri, g
eneral-polkovnik Zakir Həsənovun Azərbaycan Silahlı Qüvvələrinin 100-cü ildönümü münasibətilə şəxsi heyətə ünvanladığı məktubu oxunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova Silahlı Qüvvələrin inkişafı tarixində ümummilli lider Heydər Əliyevin müstəsna xidmətindən danışıb.
Qeyd olunub ki, Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən iyunun 26-sı Silahlı Qüvvələr Günü Azərbaycanda ümumxalq bayramı kimi qeyd edilir. Ulu Öndərin siyasi kursu Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezidentin orduya diqqət və qayğının nəticəsi olaraq Azərbaycan Silahlı Qüvvələri say tərkibi, hərbi-texniki vəziyyəti, hazırlığı və silahlanma keyfiyyətinə görə regionun digər ölkələrindən, xüsusilə düşmən Ermənistandan qat-qat yüksəkdir. Ordu quruculuğuna yönəldilən ümumi büdcə miqdarına görə Azərbaycan Cənubi Qafqazın lider ölkəsidir. Silahlı Qüvvələrimiz Cənubi Qafqazda ən güclü və hazırlıqlı ordu hesab olunur.
Qeyd olunub ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi dövlətçilik və ordu tariximizin yenidən öyrənilməsi və təbliği məsələsini gündəmə gətirib. “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalının təsis edilməsi hərbçilərimizə və ordumuza göstərilən diqqətə daha bir nümunədir. Bu gün Azərbaycan Ordusu müstəqilliyimizin, dövlətçiliyimizin qarantına çevrilib.
Xatırladılıb ki, 2016-ci ilin Aprel döyüşlərində Azərbaycan Ordusu gücünü bir daha göstərib.
Tədbirdə çıxış edən hərbi hissənin komandanı ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işlərdən danışıb.
Sonra xidmətdə fərqlənən əsgər və zabitlərə rayon rəhbəri tərəfindən qiymətli hədiyyələr təqdim olunub.
Tədbir Abşeron Rayon Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivlərinin maraqlı musiqi nömrələri ilə davam edib. Gənc müğənnilərin ifasında xalq və bəstəkar mahnıları, rayon məktəblilərinin ifasında Vətənə və Orduya həsr olunmuş şeirlər, bədii kompozisiya alqışlarla qarşılanıb.
|