Güclü diaspor güclü Azərbaycan deməkdir
Tarix: 13.06.2013 | Saat: 23:12:00 | E-mail | Çapa göndər


Hər millət diaspor ola bilməz. Bunun müxtəlif səbəbləri var. Müəyyən dövrlərdə öz ana Vətənindən xarici ölkələrə köç etmiş insanların bir qismi geri dönmüş, bir qismi isə həmin ölkələrdə qalaraq zamanla immiqrant xalq və ya diaspor statusu almış, daha doğrusu, bunu qazanıb.
Diaspor olmaq hər xalqa nəsib deyil, çünki hər xalq güclü etnik kimliyi və milli-mənəvi dəyərləri qürbət eldə nəinki qoruya bilmir, hətta onu bir nəsil sonra, ümumiyyətlə, itirir. Növbəti nəsil dalğası bir yerə toplanıb hər hansı özəl günü belə, qeyd edəndə-onları ataları filan ölkədən gələn immiqrant nəsillər adlandırırlar. Ancaq diaspor olmaq anlayışında fərqli aspektlər var. Burada bir etnik qrup çox güclü milli-mənəvi dəyərləri və özünə xas mədəniyyəti xaricdə başqa toplumlar içərisində qoruyub saxlamalı və tarixi ana Vətən ilə sıx bağlantı qurmalıdır. Xüsusi ilə qeyd etmək istərdim ki, diaspor dedikdə xarici ölkədə yaşayan, o ölkənin vətəndaşı olan, həmin dövlətə rəsmi vergilər verən və atalarının bağlı olduğu Vətənin mədəniyyətinin, mövqeyinin təbliğatını aparan insanlar nəzərdə tutulur. Diaspor dedikdə ilk ağla dünyada bir neçə millətlərin adları gəlməkdədir-yəhudi, irland, çin, hind, yunan, yapon, çərkəz, türk, rus, erməni və s. Bəli, bu adlarını sadaladığım etnik qruplar, həqiqətən də tarixin müxtəlif dövrlərində istər kilsə ətrafında, istər isə ana vətənlərinin siyasi və iqtisadi dəstəyi ilə ayaqda qalan etnik kimliklərdir. Dünya diasporları insanlar üçün köklərinin bağlı olduqları dövlətlərin müsbət imicinin formalaşması üçün çox güclü mexanizm vasitəsidir. Araşdırmalar göstərir ki, Azərbaycan diasporu da dünyada gənc-diaspor kateqoriyasına artıq daxil edilib. Bu, çox sevindirici haldır. Milli diasporumuzun dünyanın müxtəlif coğrafiyalarında səpələnmə tarixçəsi bizlərə artıq məlumdur. Digər güclü diasporların necə operativ və tarixi vətənləri ilə vəhdət halında olması mexanizmi də dünya diaspor praktikasında mühümdür. Belə ki, bir sıra xalqların kimlik kimi formalaşdığı torpaqlarda artıq müstəqil dövlətlər mövcuddur və o ölkələrdə diasporla mütəmadi işləyən nazirliklər, şuralar, Xarici İşlər nazirlikləri nəzdində soydaşlarla iş, miqrasiya şöbələri və komitələr yaradılıb. Gəlin nəzərə alaq ki, dünyanın 70 ölkəsində bizim soydaşlarımız yaşamaqdadır. Məlumdur ki, xarici siyasətdə diaspor və lobbiçilik çox güclü təsir elementidir. Bu istiqamətdə Azərbaycan Respublikasında ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 2002-ci ildə Diasporla İş üzrə Dövlət Komitəsi yaradılıb. Günümüzədək hər beş ildə bir dəfə olmaqla, toplam üç böyük miqyaslı Dünya Azərbaycanlılarının Qurultayı keçirilib. Bəli, xaricdəki soydaşlarımız Azərbaycanımızın bir parçasıdır. Uzaq ölkələrdə azərbaycanlı məktəblərinin açılması və dolğun təbliğatın aparılması istiqamətində dayanmadan işlər görülməkdədir.
Xaricdə yaşayan soydaşlarımız ilə mütəmadi işlərin aparılması zəruriliyi prioritet amilə çevrilib. Digər xalqlarla müqayisədə lobbiçilik istiqamətində qısa zaman ərzində böyük yol qət etməyimizin başlıca səbəbi də xaricdəki azərbaycanlılarla bir başa işləyən belə bir qurumun uğurla fəaliyyət göstərməsidir.
Müstəqillik öncəsi dağınıq, bir-birindən xəbərsiz dünyanın müxtəlif bölgələrində Azərbaycan naminə çalışan xaricdəki soydaşlarımız indi bir-birilə hər zaman əlaqə saxlayır. Ana Vətən Azərbaycanın güclü dəstəyi ilə koordinativ şəkildə çalışırlar. Azərbaycanın müstəqillik əldə etməsi, zamanla güclü dövlətə çevrilməsi özlüyündə milli diasporumuza təsir etməyə bilməz. Diasporla İş üzrə Dövlət Komitəsi qürbət ellərdə həmyerlilərimizin azərbaycanlı kimliyinin yaşadıqları toplumlar içərisində uğurla inteqrasiya etməsini hədəf alaraq, yeni formalaşan nəslin də Vətənlə sıx bağlantı qurmasını başlıca hədəf götürməkdədir.
Unutmayaq ki, diaspor olmaq kriteriyalarından biri də budur ki, istənilən diasporun tarixi ana Vətəni olmalıdır. Bu mövzuda çox nümunələr sadalamaq olar. Bir nümunəni vermək istərdim: hind diasporu 1947-48-ci illərədək ABŞ-da böyük problemlərlə üzləşirdi. Daim sıxışdırılırdı, hətta arzuolunmaz xalq siyahısına da salınmışdı. Ancaq Hindistanın müstəqillik əldə etməsi və Asiya regionunda öz sözünü deməsi ilə ABŞ-da hindlilərin zamanla gözəl status almasından yan ötmədi. Eyni nümunəni yapon diasporu üçün də verə bilərik, çalışqanlıqlarına görə istər ABŞ, istər Latın Amerikası ölkələrində onlara hər zaman qısqanclıqla yanaşılıb. Hələ Yaponiyanın 1941-ci ildə ABŞ-ın Havay adalarındakı hərbi bazalarına olan hücumu və şiddətli İkinci Dünya müharibəsinin acısını müttəfiq ölkələrin yapon diasporundan çıxdığının şahidi olmuşuq. ABŞ-dakı yapon diasporu beş fərqli ştatda gettolarda saxlanılır və ordan çıxmaqlarına belə icazə verilmirdi. Ancaq müharibə sonrası qısa zaman kəsimində Yaponiyanın yenidən dünya iqtisadiyyatında öz sözünü deməsi nəinki ABŞ-da, hətta Latın Amerikası coğrafiyasında bütün yapon diasporunun ən güclü sektorlar sayılan bank, sənaye və siyasətə təsir edəcək böyük yapon əsilli holdinqlərin imtiyaz almasına səbəb oldu.
Bir az da mənfur erməni diasporunu müqayisə edək. Tarixin hər səhifəsində bizim mədəniyyətimizin təsiri altında yaşamış ermənilər Birinci Dünya müharibəsindən də öncə istər Avropa, istər Amerika qitələrinə mühacirət etmiş bir etnik qrupdur. Bəli, onların da diasporu və parazitar lobbiçilik fəaliyyəti kifayət qədər məşhurdur. Ancaq beynəlxalq diaspor araşdırmaçılarına müraciət etdikdə görünür ki, hər diasporun formalaşma prosesinin ya dürüstcə, ya da xəyali amilləri var. Misal üçün, irland diasporu XVIII-XIX əsrlərdən Amerika və Avstraliya coğrafiyasına mühacirət etmişlərin övladlarıdır. Yüz illərlə əziyyət və zəhmət bahasına ABŞ, Kanada və Avstraliyada öz sözünü demiş bir etnik millətdir. Digər xalqlarla müəyyən nikah qarışıqları olsa da, öz zəngin mədəniyyət və adətlərini yaşadıqları ölkələrin xalqlarına sevdirməyi bacarıblar. Hətta irland mədəniyyəti, folkloru həvəskarlarına yumoristik üslubda “keltomaniya” olmuş” da deyirlər. Məsələn, İngiltərə ilə Şimali İrlandiya problemində ABŞ-da güclü lobbiçilik sərgiləyərək rəsmi Londonu sərt mövqe tutmaqdan vaz keçirə biliblər. Gələk erməniləri diaspor edən açar-amilə. Burada zəhmət və yüz illərin çətin adaptasiyası yox məhz “əzilmiş”, “yazıq” faktoru önə çıxmaqdadır. Bəli, kimisi zəhmətlə və assimilyasiyaya tap gətirərək immiqrantdan-diaspora çevrilmiş, kimisi isə hazır siyasi oyunlara alət edilərək əzilmiş-yazıqlar maskası taxaraq zamanla güclü lobbiçilik mövqeyi əldə ediblər. Beynəlxalq diaspor araşdırmaçıları xarici ermənilərin məhz bu kriteriya əsasında diaspor kimi formalaşdığını əsas tuturlar.
Müasir gənc və dinamik diasporlar dedikdə isə türk, Ukrayna, Əlcəzair, Mərakeş, Qazax, Pakistan, Azərbaycan diasporları nəzərdə tutulur. Təbii ki, bizim milli diasporumuzun yüzdən çox yaşı var. Ancaq görünən odur ki, müasir diasporçuluq kriteriyalarına görə bizlər də öz sözünü demiş gənc diasporlar sırasındayıq.
Bu uğura güclü Azərbaycan dövlətinin diasporçuluq siyasəti və xaricdə fəal təşkilatlanmış soydaşlarımızın birgə imza atdıqlarını unutmayaq. Beynəlxalq müstəvidə güclü Azərbaycan, güclü diasporumuz deməkdir...!
Əbülfəz Şeydabəyov




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info