Türkiyə mediası: “Bakıda möhtəşəm hərbi parad təşkil olundu”
Tarix: 28.06.2018 | Saat: 00:43:00 | E-mail | Çapa göndər



“Azərbaycan Ordusunun qüdrətlənməsi qardaş ölkələrimiz və xalqlarımızın qürur mənbəyidir”


Azərbaycanın son illər əldə etdiyi uğurlar davamlı olaraq xarici ölkə mediasında işıqlandırılır. Qonşu Türkiyənın KİV-lərində də ölkəmizlə bağlı çoxsaylı yazılar dərc edilir. Buna misal olaraq son vaxtlar ardıcıl olaraq TANAP layihəsi ilə bağlı dərc olunan yazıları göstərmək olar. Ölkəmizin müxtəlif sahələrdə inkişafını işıqlandıran bu məqalələr sırasında Azərbaycan Ordusu ilə bağlı yazılar da var. Bu yazılardan biri kimi qəzetimizdə yer alan “Habertürk”ün “Azərbaycan orduya ən çox vəsait ayıran ölkələr sırasındadır” adlı yazı idi. Yazıda qeyd edilirdi ki, Stokholm Beynəlxalq sülh Araşdırmalar İnstitutu (SIPRI) tərəfindən Qlobal Hərbi Xərclər Hesabatı adlı hesabat yayımlanıb. Araşdırma nəticəsində 172 ölkədən əldə edilən nəticələr əsasında ötən il ordusuna hansı ölkənin nə qədər vəsait xərclədiyi məlum olub. İllik 1 milyard dollardan çox orduya vəsait ayıran ölkələr müəyyənləşib. İllik xərci 1 milyard dollardan artıq olan ölkələr sırasında 1.528 milyard dollarla Azərbaycan da yer alıb.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə iyunun 26-da Bakının Azadlıq meydanında keçirilən təntənəli hərbi parad da qardaş Türkiyənin kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın, dövlət və hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, xarici ölkələrin respublikamızdakı səfirlərinin, hərbi attaşelərinin, beynəlxalq təşkilatların əməkdaşlarının, yubiley tədbiri ilə əlaqədar ölkəmizə gələn nümayəndə heyətlərinin rəhbərlərinin, müharibə veteranlarının və paytaxt ictimaiyyətinin nümayəndələrinin hərbi parada baxmasının da əks olunduğu informasiyalarda günbəgün qüdrətlənən Azərbaycan Silahlı Qüvvələrinin hərtərəfli inkişaf edərək qüdrətli orduya çevrilməsinə diqqət çəkilib. Qardaş ölkənin geniş tərkibli heyətlə paradda iştirakı, o cümlədən Türkiyə istehsalı olan hərbi texnika və məhsulların ordumuzun təchizatına daxil edilməsi və s. maraqlı məqamlar informasiyalarda xüsusi vurğulanıb.


“Milliyet.com.tr” saytında “Milli raket SOM-B1 Azərbaycan Ordusunun paradında” başlıqlı yazı dərc edilib. Yazıda göstərilir ki, Azərbaycan Silahlı Qüvvələr Günü və Azərbaycan Ordusunun 100 illiyi, paytaxt Bakının məşhur Azadlıq meydanında quru, hava və dəniz qüvvələrinin iştirakı ilə təşkil olunan hərbi paradla qeyd olundu: “Azərbaycan müstəqillik qazandıqdan sonra beşinci dəfə təşkil olunan bu mərasimə Prezident İlham Əliyev və müdafiə naziri Zakir Həsənov, Pakistan, Belarus, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, İran, İsrail, Qazaxıstan, Özbəkistan, Səudiyyə Ərəbistanı, Rusiya, Ukraynanın siyasi və hərbi vəzifəli şəxsləri qatılıblar. Mərasimdə Türkiyəni Milli Müdafiə naziri Nurettin Canikli və Baş qərargah rəisi General Hulusi Akar təmsil edib.
Mərasim Prezident İlham Əliyevin əsgərləri salamlaması və Azərbaycan milli marşının oxunması ilə başlanıb. İlham Əliyev çıxışında ölkə torpaqlarının bir qisminin Ermənistanın işğalı altında olduğunu, müharibə şəraitində olduqlarını və ordunun güclənməsinə böyük əhəmiyyət verdiklərini söyləyib”. Əsas vəzifələrinin ölkənin ərazi bütövlüyünü təmin etmək olduğunu vurğulayan İlham Əliyev sözlərini belə davam etdirib: “Dağlıq Qarabağ tarixi Azərbaycan torpağıdır. Azərbaycan heç vaxt işğalı qəbul etməyəcəkdir. Ordumuz ən müasir silah və texnologiya ilə təchiz olunmuşdur. Bu gün burada bu silahların yalnız bir neçəsi nümayiş olunacaq. Bundan sonra da ən müasir silahlardan istifadə edəcəyik. Azərbaycan Ordusu düşmənin bütün hədəflərini məhv etmək gücünə malikdir. Ermənistan bizimlə heç cür rəqabət edə bilməz və edə bilmir”. İlham Əliyevin çıxışından sonra mərasim, sıra ilə Müdafiə Nazirliyinə bağlı birliklər, xüsusi təyinatlılar, dəniz piyadaları, sərhəd gözətçiləri, Fövqəladə Hallar Nazirliyinə tabe əsgərlər, Milli Təhlükəsizlik Xidmətinin əsgərləri və hərbi məktəb şagirdlərinin keçidi ilə davam edib. Paradda Türk Quru Qüvvələrinin hərbi qüvvələri də iştirak edib. Əsgərlərdən sonra Azərbaycan Ordusunun malik olduğu tanklar, zirehli nəqliyyat vasitələri, raket sistemləri və toplar da nümayiş olunub.
Hərbi paradda Azərbaycanın ABŞ-dan aldığı Bell 412 vertolyotları, Türkiyədən alınan və “Roketsan”ın istehsal etdiyi SOM B1 raketləri, Belarus istehsalı “Polonez”, İsrail istehsalı “Lora” uzun mənzilli raketləri, yenə İsrail istehsalı Heron TP və Hermes 450 insansız hava vasitələri ilk dəfə nümayiş olunub.
Yazıda qeyd edilir ki, bundan əvvəlki mərasimlərə nisbətən daha möhtəşəm təşkil edilən mərasimə 4 min əsgər, 240 zirehli vasitə və raket sistemləri, 70-dən çox təyyarə və vertolyot qatılıb. Mərasimdə Azərbaycan Hava Qüvvələrinə məxsus təyyarə və vertolyotların Bakı səmalarında nümayiş etdirdiyi şou böyük maraqla qarşılanıb. Vertolyotların manevrləri, Azərbaycan bayrağının rənglərini səmada təsvir etmələri vətəndaşlar tərəfindən uzun müddət alqışlanıb.
Anadolu Agentliyinin hərbi paraddan yaydığı 45 fotoşəkil Silahlı Qüvvələrimizin qüdrətini, ordumuzun hərbi hazırlığını və yüksək təchizatını dolğun əks etdirir. Agentliyin 22 foto ilə təqdim etdiyi ikinci fotosessiya isə “Türk Ulduzları” və “Solo Türk” aviasiya qrupları Bakı səmasında” sərlövhəsi ilə oxucuların diqqətinə çatdırılıb. Bu fotosessiyalar onlarla nüfuzlu xəbər portalında da yayımlanıb.
Türkiyənin nüfuzlu “Axsam”, “Star”, “Yeni Şəfəq”, “Sabah” və digər qəzetlərində də Azadlıq meydanındakı hərbi parad barədə geniş informasiyalar dərc edilib. Yazılarda Azərbaycan Ordusunun qüdrətlənməsi qardaş ölkələrimizin və xalqlarımızın qürur mənbəyi kimi təqdim olunub.
Azərbaycan Ordusunun yaradılmasının 100 illik yubileyi münasibətilə keçirilən hərbi parad Türkiyənin televiziya kanallarında da geniş işıqlandırılıb.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir...
18.09.2018
Çində Azərbaycan haqqında daha çox informasiya veriləcək
17.09.2018
Azərbaycanlılar Avropada yeni media orqanı təsis ediblər
17.09.2018
“Türkmənistan TANAP-a iqtisadi böhrandan çıxmaq üçün yeganə çıxış yolu kimi baxır”
17.09.2018
Azərbaycan Cümhuriyyətinin ədliyyə nazirləri

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Əfsanəvi İndoneziya batikaları
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info