Maliyyə yardımı kəsilən müxalifətin ianə yalvarışları...
Tarix: 28.06.2018 | Saat: 19:48:00 | E-mail | Çapa göndər


Əvvəl “Meydan”TV, indi də Tural Sadıqlı sosial şəbəkələr vasitəsilə xalqa yalvarırlar ki, onlar üçün ianə toplansın

Son günlər xaricdə yaşayan bir qrup mühacir öz siyasi fəaliyyəti, sosial şəbəkələr üzərindən həyata keçirdiyi layihələr üçün maliyyə toplamağa başlayıb. Bununla bağlı artıq ötən sayımızda bir yazı dərc etmişdik. Məsələ burasındadır ki, bu kimi ianə fırıldaqçılarının sayı get-gedə artır. Ötən məqaləmizdə “Meydan”TV-nin rəhbəri Emin Millinin milyon yarımlıq büdcə formalaşdırmaq üçün insanlardan minimum 10 dollardan pul toplanması ilə bağlı çağırışı haqqında yazmışdıq. İndi isə Tural Sadıqlı videogörüntü ilə sadə azərbaycanlılara müraciət edərək “Xalqın layihəsi” adlı layihəsini artıq həyata keçirməyə başlaması diqqətimizi çəkdi. Məsələnin ən gülməli tərəfi isə odur ki, cəlbedici olsun deyə və sadə, avam adamların diqqətini çəkmək üçün adına “Xalqın layihəsi” qoyulmuş bu layihənin reallaşdırılması üçün camaatdan pul yığmağa çalışırlar. Adam rəsmən bəyan edir ki, ona maddi dəstək göstərilsin. Yəni sual yaranır, seçkilərdən öncə göbələk kimi bir-bir ortaya çıxan bu adamlar, mənbəyi bəlli olmayan vəsaitlər hesabına, gah Amerikaya uçanda, gah Avropada müxtəlif şəhərlərdə peyda olanda, küçələrdə keçirdikləri səviyyəsiz aksiyaları üçün minlərlə plakatlar çap etdirəndə və s. kimi maliyyə tələb edən işlər görəndə niyə belə “ağlaşma” qurmurdular? O zaman niyə insanlara müraciət edib “bizə yardım edin” demirdilər? Çünki həmin vaxtlarda Azərbaycan hökumətinin, ümumilikdə dövlətçiliyimizin əleyhinə aparılan istənilən kampaniyaya külli miqdarda vəsait ayrılırdı. Görünür, seçkilər bitdikdən sonra bu adamların Azərbaycanda ictimai fikrə zərrə qədər də təsir imkanlarının olmadığını görən həmin antiazrəbaycan qüvvələr artıq pul kisəsinin ağzını bağlayıblar. Ümumiyyətlə sosial şəbəkələrdə onlarla TV verilişlərin, gecə-gündüz ayrı-ayrı məmurların, mənəvi dəyərlərimizin, dövlətimizin əleyhinə paylaşımlar edən səhifələrin birdən-birə çoxalması və əksəriyyətini də xaricdəki söyüşcül gənclər və onları dəstəkləyənlərin idarə etməsi şübhəli məqamlardan xəbər verirdi. Zatən həmin dövrdə də yazıb bildirirdik ki, belə fəaliyyətlərin bir məqsədi olur, o da ayrılan yardımlardan daha çox yararlanmaq... Göstərmək ki, biz daha yaxşı fəaliyyət göstəririk, bizə daha çox pul ayırın. Bu səbəbdən də hətta Azərbaycandakı müxalifət qüvvələrinin bir qismi ilə xaricdə formalaşan mühacir qruplar arasında ciddi narazılıq, qalmaqal da yaranmışdı. Uzun sözün qısası, indi də Tural Sadıqlının quyruğunun qapı arasında qalması yazdıqlarımızı bir daha təsdiqləyir ki, bu düşərgədə işlər heç də yaxşı deyil. Hətta iş o yerə gəlib çıxıb ki, daim “cici-bacı” olmuş Emin Hüseynovla Xədicə İsmayıl da sosial şəbəkələr üzərindən qırğına çıxmağa başlayıblar.


Emin Hüseynov Xədicəyə zəng etdiyini və Xədicənin də ona “səninlə danışmaq istəmirəm” deyərək, telefonu qapatdığını yazaraq hiddətlənib ki, köhnə dostu onun haqqında birdən birə müəmmalı şəkildə pis düşünməyə başlayıb. Uzun-uzadı izahatlar verən Emin Hüseynov deyib: “Bu gün maraqlı bir hadisə baş verdi. Xədicə İsmayılovaya zəng vurdum, səsimi eşidən kimi kinli-kinli mənə dedi:” Səninlə danışmaq istəmirəm” və telefonu qapatdı. Mənə, bu çox qəribə gəldi. Yenidən yığdım, dedim, nə məsələdir ? Cavabı isə belə oldu:” Sən mənim və digər adamların adları ilə pul qazanmaq istəyirsən, mən isə buna imkan verməyəcəm”. Mən öz növbəmdə ondan soruşdum:” Xədicə anlamadım, nə demək istəyirsən, zəhmət olmasa izah elə”, o isə izah etmədən telefonu yenidən qapatdı”.
Xədicə İsmayıl isə bu davaya belə cavab verib: “Mən danışmaq istəmədim, sən israr etdin. Dedim ki, xaricdə oturub, burada əziyyət çəkənlərin hesabına pul qazanmaq istəyinə yardımçı olmaq istəmirəm. Xüsusilə də, bu qazancı əldə etmək üçün bütün təşkilatlara yerli hüquq müdafiəçiləri, ölkədə qalıb, əziyyətlərə qatlaşanlar haqqında böhtan donosları yazmağından sonra. Sizin orda nə davanız var, bilmirəm, amma o davanın insan haqları ilə heç bir əlaqəsi yoxdur. Bundan artıq deyib, özümün də, camaatın da ürəyini bulandırmaq istəmirəm. Sənə dedim, məni rahat burax. Nə qədər ki, ölkədəydin, əziyyətlərə qatlaşırdın, sənin bütün əyər-əskiyinə dözürdük. İndi daha nə qədər çalışsan da dissidentə oxşamırsan. Zənglərinə cavab verməyəndə, bir şeyi yaddan çıxarmışdım. Onu da indi edim, səhifəni blok edim ki, daha belə postlarla məni narahat etməyəsən”.
Emin də az aşın duzu olmadığını göstərərək cavabında deyib: “Əgər əksiklərimizi tərəziyə çıxarası olsaq, səninkilər mənimkindən 10 qat pis olar. Ayıb sübut olmadan sənin müdafiənə ömrünün 5 ilini həsr etmiş, həyatını təhlükəyə atmış adamı şər-böhtanla ləkələməkdir”.
Bu, onların arasında olan dialoqdan və Emin Hüseynovun xaricdəki bəzi mühacirlər və Xədicə haqqında gözlənilməz kəskin fikirlərindən bir hissə idi.
Təsəvvür edin ki, bu adamlar eyni düşərgədə olsalar da, bir-birini ən ağır formada ittiham edirlər. Ümumiyyətlə, nə qədər qeyri-ciddi adamlar təsiri bağışlayırlar, deyilmi? Xaricdən maliyyələşən, pul azalanda isə ianə, yardım axtarışına çıxanlar son hədd kimi indi də dostlarının “ətini didir”lər... Ən pisi də odur ki, mənimsəmək üçün hesablanan ianələri sadə, avam azərbaycanlılardan qazanmaq istəyəsən... Prosesləri izlədikcə hələ çox iyrənc və anormal hadisələrin şahidi olacağıq. Hər halda nə yaxşı ki, bu adamları-xaricdə və daxildə olan müxalif qüvvələri xalq özünə yaxın buraxmır.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək
25.09.2018
Prezident İlham Əliyev Avropa İnvestisiya Bankının vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
25.09.2018
Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib
25.09.2018
Azərbaycanın XİN rəhbəri GUAM-Yaponiya Nazirlər görüşündə iştirak edib
24.09.2018
XİN yayılan məlumatı araşdırır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10140

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info