“Dağlıq Qarabağda Azərbaycan bayrağı dalğalanacaq”
Tarix: 28.06.2018 | Saat: 23:49:00 | E-mail | Çapa göndər


Azərbaycan Ordusunun yaradılmasının 100 illik yubileyi münasibətilə Bakıda keçirilmiş təntənəli hərbi paradda Prezident İlham Əliyevin çıxışının əsas istiqamətlərindən biri də Qarabağ məsələsi və Ermənistanın işğalçılıq siyasətinin ifşa olunması idi. "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri, professor Elçin Əhmədov bildirib ki, Ermənistanın təcavüzkar siyasətinin ifşa olunması istiqamətində Azərbaycan dövləti çox mühüm işlər aparır: “Xüsusilə də Azərbaycan Prezidentinin qəti və prinsipial mövqeyi, hər zaman Ermənistanın təcavüzkar siyasətinin ifşası istiqamətində çıxışları təcavüzkar Ermənistanı və onun Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaratdığı, heç bir dövlət tərəfindən tanınmayan qondarma “DQR” rəhbərlərini də hər zaman təşvişə salır”.
E. Əhmədov Prezident İlham Əliyevin çıxışlarının hər zaman həm tarixə, həm hüquqa, həm də ədalətə əsaslandığını vurğulayıb: “Prezident İlham Əliyevin Azərbaycanın tarixi torpaqlarına, o cümlədən Zəngəzura və Göyçəyə qayıtmaqla bağlı verdiyi bəyanatlar, eləcə də iyunun 26-da Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı keçirilən hərbi paradda çıxışı düşməni təlaşa salır və gülünc bəyanatlar verməsinə gətirib çıxarır. Prezident doğru olaraq vurğuladı ki, Azərbaycan müharibə aparan dövlət olaraq hər zaman öz torpaqlarını işğaldan azad etmək üçün güclü orduya malikdir. Azərbaycanın bu güclü ordusu Ermənistanın ianələr hesabına yaratdığı ordusu ilə müqayisə oluna bilməz. Bu ordu istənilən zaman nəinki Qarabağda, Ermənistanın özündə ən strateji obyektləri məhv etməyə qadirdir. Dağlıq Qarabağdakı qondarma rejimin nümayəndələrinin ayrı-ayrı vaxtlarda sərsəm bəyanatlar verməsi gülüş doğurur. İlk növbədə qeyd etmək lazımdır ki, “DQR” adlı qurum yoxdur, bu qurum heç bir dövlət tərəfindən tanınmayıb. Aprel hadisələri göstərdi ki, “Dağlıq Qarabağ ordusu” bir mifdir. Çünki aprel hadisələri zamanı məhv edilən əsgərlərin içərisində bir nəfər belə Dağlıq Qarabağ ermənisi yox idi. Məhv edilənlər Ermənistandan Qarabağa göndərilən hərbçilər idi. Hazırda Qarabağda 1992-ci ilə qədər yaşayan ermənilər çox az qalıb. Hazırda Dağlıq Qarabağdakı ermənilərin əksəriyyəti Ermənistandan, Suriyadan olanlardır. Həmin imkanı olmayan erməniləri də şirnikləndirərək ora yerləşdiriblər. Onların da sayı 20-30 mindən artıq deyil. Prezident İlham Əliyev hər zaman vurğulayıb ki, Dağlıq Qarabağ tarixi Azərbaycan ərazisi olub və orada azərbaycanlılar aborigen əhali kimi yaşayıb yaradıblar. Hazırda Dağlıq Qarabağda yaşayan ermənilərin sayı digər yerlərdən köçürülən ermənilərin hesabına süni surətdə artırılıb”.
Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri deyib ki, Ermənistanın cinayətkar rejiminin rəhbərləri, eləcə də qondarma “DQR”-in rəhbərləri unutmamalıdırlar ki, Azərbaycan nəinki öz ərazi bütövlüyünü bərpa edəcək, Dağlıq Qarabağda, Xankəndidə, Susada Azərbaycan bayrağı dalğalanacaq, Azərbaycan xalqı Xocalı və Qaradağlıda, ümumiyyətlə, Dağlıq Qarabağda qanı tökülən azərbaycanlıların qisasını alacaq: “Bunu onlar unutmasınlar. Ona görə də Prezident İlham Əliyev hər zaman vurğulayır ki, biz nəyin bahasına olursa olsun, ərazi bütövlüyümüzü bərpa edəcəyik və Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağda Azərbaycanın bayrağı dalğalanacaq. Bunu David Balayanlar heç zaman unutmasınlar. Bu, tezliklə baş verəcək. Onların verdikləri bəyanatlar isə daxili auditoriyaya hesablanıb və insanları təsir altında saxlamağa çalışmaqdan başqa bir şey deyil. Prezidentin hər zaman verdiyi bəyanatlar həm tarixə, həm də hüquq və ədalətə əsaslanır. Bu, Azərbaycan dövlətinin, prezidentinin və xalqının qəti və prinsipial mövqeyidir”.

“Etimad əsasında davamlı sülhü təmin etmək lazımdır”

Yeri gəlmişkən, Polşanın xarici işlər naziri Yatsek Kşiştof Çaputoviç “Trend”ə açıqlamasında deyib ki, Polşa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə bütün səyləri dəstəkləməyə hazırdır.
Nazir bildirib ki, Dağlıq Qarabağ münaqişəsi xüsusi təşviş yaradır, çünki qoşunların təmas xəttində insidentlər olur.
Onun sözlərinə görə, beynəlxalq hüquqa uyğun nizamlanmalı olan münaqişənin sülh yolu ilə həllinə alternativ yoxdur:
"Etimad əsasında davamlı sülhü təmin etmək lazımdır. Polşa münaqişənin hər iki tərəfinə sülh yolu ilə nizamlanmaya nail olmaqda kömək etmək məqsədilə bütün səyləri dəstəkləməyə hazırdır".
Y.K.Çaputoviç qeyd edib ki, Polşa ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçilik səylərini yüksək qiymətləndirir:
"Baxmayaraq ki, onlar tərəflərin yaxınlaşmasında böyük irəliləyiş əldə etməyiblər. Biz Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin 2018-ci il yanvarın 18-də Krakov şəhərində görüşünün təşkilinə dəstək verdiyimizə görə şadıq. Həmin görüşün məqsədi qarşılıqlı etimadın möhkəmləndirilməsinə yardım idi ki, bu da sülh prosesində tərəqqiyə xidmət edən mühüm amildir. Polşa gələcəkdə də təşkilatları, strukturları və tərəfdaşları nizamlanma prosesinə praktiki və siyasi töhfə verməyə çağıracaq".
Xarici işlər naziri deyib ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və onun komandası ATƏT-in bu regionda münaqişələrin qarşısının alınması üzrə səylərinə mühüm töhfə verir:
"Onlar qoşunların təmas xəttində monitorinq keçirir və zorakı insidentlərlə bağlı problemlərin həllinə kömək edirlər. Onlar yerlərdə vahid beynəlxalq nümayəndələr qismində etibarlı informasiya mənbəyidirlər. Biz şadıq ki, bu prosesə polşalı diplomat rəhbərlik edir".

Azərbaycanın təşəbbüsü ilə BMT-də səsləndirilən Birgə Bəyanatda silahlı münaqişə qurbanlarına xüsusi yer ayrılır

Bu arada BMT-nin İnsan Hüquqları Şurasının bu günlərdə davam edən 38-ci sessiyası çərçivəsində Azərbaycanın təşəbbüsü, BMT-yə üzv olan 126 dövlətin, o cümlədən Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatının bütün üzvlərinin həmmüəllifliyi ilə Birgə Bəyanat səsləndirilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Bəyanat BMT-nin İnsan Hüquqları Şurası üzvlərinin üçdə ikisi tərəfindən dəstəklənib.
Azərbaycanın BMT-nin Cenevrə Ofisi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Vaqif Sadıqov tərəfindən səsləndirilən bəyanatda cari ilin avqust ayında BMT-nin baş katibi tərəfindən təyin edilməsi gözlənilən BMT-nin İnsan Hüquqları üzrə yeni Ali Komissarından quruma üzv dövlətlərin gözləntiləri əksini tapıb.
Bəyanatda silahlı münaqişə qurbanlarına xüsusi yer ayrılır və təyin olunacaq yeni Ali Komissar silahlı münaqişələr nəticəsində yurd-yuvalarından didərgin düşmüş şəxslərin pozulmuş hüquqlarına xüsusi diqqət yetirməyə çağırılır. Təyin olunacaq Ali Komissardan öz fəaliyyəti müddətində BMT Nizamnaməsini rəhbər tutmağa və BMT-yə üzv dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşmağa dair gözlənti ifadə olunur.
Fuad Hüseynzadə





 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“Antropoloji dəlillər ermənilərə yox deyir”
14.11.2018
Qarabağa qanunsuz səfər edən Avropa Parlamentinin üzvü Albaniyada ifşa olunub
13.11.2018
“Ermənistan KTMT-yə etibarsız, hörmətdən düşmüş üzv kimi qəbul olunur”
12.11.2018
“Ermənistan beynəlxalq hüququn fundamental prinsiplərini pozub”
08.11.2018
“Ermənistanın qeyri-konstruktiv mövqeyi danışıqlarda tərəqqinin əldə edilməsinə əsas maneədir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info