“Xocalı aeroportunun təmiri də narkomafiya ilə bağlıdır”
Tarix: 14.06.2013 | Saat: 00:01:00 | E-mail | Çapa göndər


Anar Xəlilov: “Ərazilərimizin işğalda qalması artıq böyük dövlətlərin vətəndaşları üçün təhlükə mənbəyinə çevrilib”

Milli Təhlükəsizlik Nazirliyinin bu yaxınlarda keçirdiyi əməliyyat nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələrin daşınması ilə məşğul olan 12 nəfər ifşa edilib, onlardan ümumilikdə 40 kiloqram 500 qrama yaxın narkotik vasitə aşkar edilərək götürülüb. Burada diqqət çəkən ən əsas məqam odur ki, qanunsuz dövriyyədən çıxarılmış həmin narkotik vasitələrin bir hissəsinin kultivasiyası, yəni əkilməsi, yetişdirilməsi və toplanılması Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində təşkil edilib və sonradan həmin narkotik vasitələr İrana, oradan isə Azərbaycana gətirilib.
İşğal olunmuş ərazilərimizin cinayətkar, terrorist qrupların məskəninə çevrilməsi ilə bağlı dəfələrlə beynəlxalq təşkilatlara müraciətlər olsa da, nəticə olmayıb. Beynəlxalq ictimaiyyət isə məsələyə biganə yanaşır və Ermənistana heç bir təzyiq vasitəsindən istifadə etmirlər. Məsələ ilə bağlı ekspertlərin fikirlərini öyrəndik.

“Dağlıq Qarabağda narkotiklərin becərilməsi və tranziti ilə yanaşı, həm də
terrorçular hazırlanır”

“Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin sədri Anar Xəlilov mövzu ilə bağlı aşağıdakı məqamlara toxundu: “Azərbaycan ərazisinin 20 %-nin Ermənistan tərəfindən işğal olunması nəticəsində ölkənin 132 km-lik sərhədi nəzarət olunmayan əraziyə çevrilib. Son günlərdə MTN tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələrin daşınması ilə məşğul olan dəstə ifşa edilib. Bu hadisə ilk deyil və artıq dəfələrlə sübut olunub ki, narkotik maddələrin yetişdirilməsində, MDB ölkələri və Avropaya daşınmasında Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş əraziləri xüsusi mövqeyə malikdir. Dağlıq Qarabağ ərazisindən narkomafiya səmərəli istifadə edir. Narkotik maddələrin tranzitində əsas marşrutlardan biri işğal altında olan Dağlıq Qarabağ-İran-Ermənistan-Gürcüstan-Avropadır. Dağlıq Qarabağda narkotik laboratoriyaların da fəaliyyəti haqında məlumatlar var. Beləliklə də, işğal altında olan ərazilərdən ermənilər narkotik vasitələrin həm tranziti, həm də istehsalı kimi istifadə edirlər. ABŞ, Avropa İttifaqı isə bu münaqişənin həll olunmasında qətiyyətli mövqe ortaya qoymamaqla bütün bunlara göz yummuş olurlar. Dəfələrlə şahid oluruq ki, bu marşrutlar BMT-nin hesablamalarından da kənarda qalır. Görünür separatçılar əldə olunan qanunsuz gəlirlərdən xəsislik etmədən səmərəli istifadə etməyi bacarırlar...
Ermənilərin nəzarəti altında olan Dağlıq Qarabağda narkotiklərin becərilməsi və tranziti ilə yanaşı, həm də terrorçu təşkilatlar hazırlanır. Azərbaycan tərəfi bu məsələni dəfələrlə qaldırıb. Amma nədənsə dünyanı idarə edən böyük dövlətlər bunu görmək istəmir və torpaqlarımızın azad olunmasında bizə əməli dəstək nümayiş etdirmirlər. Bu ərazilərin işğalda qalması artıq onların da vətəndaşları üçün təhlükə mənbəyinə çevrilib.
İşğal olunmuş ərazilərimizdə yaradılan separatçı qurum həmin əraziləri Ermənistanın himayəsi ilə nəzarətsiz zonaya çevirib. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı yeddi rayonunun ərazisi də məhz belə nəzarət olunmayan zonaya daxildir. Daxil olan əməliyyat məlumatları və sübut olunmuş faktlar israrla söyləməyə əsas verir ki, bu ərazidən narkotik vasitələrin istehsalı, silah və insan tranziti və alveri, qeyri-leqal miqrasiya, terrorçuların göndərilməsi və gizlədilməsi, qanunsuz pul vəsaitlərinin leqallaşdırılması və transmilli cinayətkarlığın digər təhlükəli növləri üçün fəal istifadə olunur. Narkotiklərin qeyri-qanuni dövriyyəsindən gələn gəlir faktiki olaraq dünyada ən çox qazanc verən üç sahədən biridir. İrandan işğalda olan Dağlıq Qarabağ və digər ərazilərimizə narkotiklərin daxil olması çox rahatdır. Çünki həmin ərazilər Azərbaycanın nəzarətindən kənarda qaldığından oradakı erməni narkobaronlar öz dəstəkçiləri ilə birgə prosesdə fəal rol oynayır. Dağlıq Qarabağ istisna olmaqla digər ərazilərimizdən narkotiklər keçiriləndə Azərbaycanın müvafiq qurumları həmin narkotik daşıyıcılarını zərərsizləşdirməyə nail olur. Problem yalnız işğal olunmuş ərazilər ətrafındadır. Orada da nəzarət olmadığından narkotik tranziti üçün əlverişli şərait yaranıb. Digər bir maraqlı fakt isə son zamanlar ermənilərin Xocalı aeroportu ətrafında yaratdığı hay-küydür. Əslində mən deyərdim ki, bu aeroportun yaranmasında da narkobaronların əməyi vardır. Baxın ağır iqtisadi şəraitdə yaşayan Ermənistan birdən-birə Xocalı aeroportunu yüksək səviyyədə təmir etdirib beynəlxalq uçuşları qəbul etmək səviyyəsinə çatdırır. Ortada sual yaranır Ermənistanın ən böyük aviaşirkəti bankrot olduğu halda, İrəvan aeroportu acınacaqlı vəziyyətdə olan bir zamanda nədən Xocalıda müasir aeroport tikilir və vəsait hardandır? Dağlıq Qarabağda yaşayan bir ovuc erməni əhalisinə gorə? Yox təbii ki, orada ağır iqtisadi şəraitdə yaşayan əhalinin aviabillet almağa pullarının olması və ya hansısa xarici ölkəyə getmək imkanının olması heç də ağlabatan deyil. Separatçı rejimin və Ermənistanın rəsmiləri isə onsuz da Xocalı aeroportunun imkanlarından istifadə edirdilər. Burada məqsəd işğal olunmuş ərazilərdə yetişdirilən narkotiklərin, hazırlanan terroristlərin, silah satışının və s. qanunsuz əməllərin bu aeroport vasitəsilə MDB, Avropa, Asiya ölkələrinə daşınmasını həyata keçirtməkdir. Hətta bu faktlara biganə yanaşıb göz yumsalar belə, məhz bu faktlar beynəlxalq qurumlar qarşısında qaldırılmalı və bu qanunsuz aeroportun nə məqsədlə tikildiyi onların diqqətinə çatdırılmalıdır.
YAP GB-nin Şura üzvü Daşqın Qənbərov isə mövzu ilə bağlı bunları dedi: “Hesab edirəm ki, ABŞ narkotik maddələrin qanunsuz dövriyyəsi ilə geniş ictimaiyyətə çatdırdıqları kimi mübarizə aparmır. Qaldı ki, Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə Ermənistan generalitetinin əksəriyyət təşkil etdiyi erməni narkobaronların əməllərinə göz yumulması məsələsinə, hüquqi cəhətdən ABŞ bu ərazini munaqişə zonası adlandırır və dövlətimizin verdiyi məlumatları obyektiv dəyərləndirmirlər. Ona görə ki, onlar Ermənistan dövlətinin və separatçı rejimin yaşamasında sözügedən regionda narkotiklərdən əldə olunan gəlirin də əhəmiyyətli rol oynadığını bilirlər”.

“İşğal olunmuş ərazilərdəki narkotika plantasiyaları ilə bağlı beynəlxalq nəzarət mexanizmi həyata keçirilməlidir”


“İnsan Hüquqları və Maarifçilik” İctimai Birliyinin sədri Niyaməddin Orduxanlının məsələyə münasibəti belə oldu: “İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə xeyli sayda narotik maddələrin daşınması faktları çoxdur. İl ərzində onlarla belə faktlar ortaya çıxır. Milli Təhlükəsizlik Nazirliyi müxtəlif cinayətkar qrupları ifşa edərək bunun qarşısını alır. Azərbaycanın işğal olunmuş ərazılərində naroktik plantasıyalarının saxlanılması ilə bağlı bir neçə dəfə beynəlxalq təşkilatlara müraciət olunub. Hazırda həmin ərazilər nəzarətsizdir. Ancaq beynəlxalq təşkilatlar burada nəzarət mexanizmi həyata keçirmirlər. Amerikanın və Avropa dövlətlərinin bu məsələ ilə bağlı tutduğu mövqe narazılıqla qarşılanır. və bölgənin gələcəyini təhlükə altına salır . Buna görə də bu sahədə təcili tədbirlər həyata keçirilməlidir ”.

Söhrab İSMAYIL




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
XİN yayılan məlumatı araşdırır
24.09.2018
Azərbaycan ilə Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
24.09.2018
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
24.09.2018
“Milliyet.com.tr”: “Müdafiə sənayesi gücünü Azərbaycanda göstərəcək”
24.09.2018
Monqolustan Prezidenti Azərbaycana işgüzar səfərə gəlib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info