Avronest PA-da erməni təxribatlarının qarşısı alınıb
Tarix: 29.06.2018 | Saat: 23:42:00 | E-mail | Çapa göndər


Azərbaycanın nümayəndə heyəti tərəfindən Avronest Parlament Assambleyasında (Avronest PA) erməni təxribatlarının qarşısı alınıb. Nümayəndə heyətindən verilən məlumata görə, Azərbaycan Respublikasının Milli Məclisinin Avronest PA üzrə nümayəndə heyətinin təşkilatın VII Plenar Sessiyasında iştirak etmək məqsədilə 25-27 iyun tarixlərində Belçika Krallığına səfəri başa çatıb. Milli Məclisin Avronest PA üzrə nümayəndə heyətinin rəhbəri Sahibə Qafarovanın başçılığı ilə baş tutan səfərdə millət vəkilləri Cavanşir Feyziyev, Azər Kərimli, Məlahət İbrahimqızı, Rasim Musabəyov və Tahir Mirkişili iştirak ediblər.
Plenar Sessiyadan əvvəl keçirilən komitə iclasları çərçivəsində qətnamə layihələrinin müzakirəsi baş tutub. Siyasi komitədə hazırlanan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən qətnamə layihəsinin müzakirəsi, xüsusilə gərgin keçib. Avropa Parlamentinin İsveçdən olan üzvü Günnar Hökmar və Gürcüstan parlamentinin üzvü Tamar Xuroldovanın birlikdə hazırladığı qətnamə layihəsində Avropa İttifaqı tərəfindən bütün Şərq Tərəfdaşlığı ölkələrinin, o cümlədən Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hərtərəfli dəstəyin bildirildiyi maddə öz əksini tapıb. Azərbaycanın ərazi bütövlüyünə dəstəyin ifadə olunduğu bəndin sənəddən çıxarılması üçün çoxsaylı düzəlişlər təklif edən Ermənistanın Avronest PA üzrə nümayəndə heyəti millət vəkillərimizin səyləri nəticəsində istəklərinə nail ola bilməyib.

Avronest PA-da Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə tam dəstəyin ifadə olunduğu qətnamə qəbul edilib
Daha sonra Ermənistan nümayəndə heyətinin "təxirəsalınmaz qətnamə" proseduru altında ölkəmizə qarşı yönəlmiş qətnamə layihəsi təklifinin qarşısı alınıb. Siyasi korrupsiya və siyasətdə etik davranış adı altında təklif edilən layihənin məqsədi Qərb mətbuatında Azərbaycanla bağlı səsləndirilən ittihamların Avronest çərçivəsinə gətirilməsi olub. Buna görə də Azərbaycan nümayəndə heyətinin rəhbəri Sahibə Qafarova Büro iclasında bunun qəti əleyhinə çıxıb və qətnamə layihəsinin geri götürülməsini təmin edib.
Bundan əlavə, Azərbaycanın millət vəkili Tahir Mirkişilinin həmməruzəçi olduğu qətnamə Plenar Sessiyada qəbul edilib.
Təşkilatın sosial komitəsinin iclasında isə Azərbaycanın “ASAN xidmət”inin təqdimatı baş tutub. Avronest PA-nın sosial komitəsinin həmsədri Məlahət İbrahimqızının təşəbbüsü ilə baş tutan təqdimatı “ASAN xidmət”in rəsmisi Kamran Ağası edib. Avronest PA-nın Plenar Sessiyası çərçivəsində keçirilən digər bir mühüm tədbir Qadın Forumu olub. Nümayəndə heyətimizin qadın üzvləri Sahibə Qafarova və Məlahət İbrahimqızının iştirak etdiyi forumda millət vəkillərimiz tərəfindən Azərbaycan Respublikasında qadın hüquqlarının təmin edilməsi ilə bağlı həyata keçirilən siyasət və tədbirlər haqqında məlumat verilib. Təşkilatın İqtisadi komitəsinin iclasında millət vəkili Azər Kərimli iştirak və çıxış edib, ölkəmizin iqtisadi siyasəti haqda komitə üzvləri və iştirakçılara məlumat verib.
Plenar Sessiyanın sonuncu iclas günündə keçirilən dinləmələrdə Azərbaycan nümayəndə heyətinin üzvləri Rasim Musabəyov və Cavanşir Feyziyev çıxış ediblər. Millət vəkili Cavanşir Feyziyev Avropa qurumlarında lobbiçilik fəaliyyətlərinin bu qədər geniş vüsət almasını pisləyib. Millət vəkili Avropa qurumlarının qərarlarının bəzən müxtəlif qrupların marağına görə verildiyini, qərarların verilməsində heç də ümumbəşəri dəyərlərin deyil, şəxsi mənfəətin ön planda olmasının arzuolunmaz nəticələr doğurduğunu vurğulayıb. Avronest PA-nın VII Plenar Sessiyası iyun ayının 27-də öz işini başa vurub.

İşğalçı dövlət tərəfindən 403 tarixi dini abidə, 67 məscid, 144 məbəd, 192 ziyarətgah dağıdılıb
Yeri gəlmişkən, Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov AŞPA-nın sessiyasında “Mədəni irsin məqsədli şəkildə dağıdılması və qeyri-qanuni dövriyyəsi” adlı məruzənin müzakirəsi zamanı da ermənilərin vandalizm əməllərindən danışıb. O bildirib ki, mədəni irs nümunələrini ayrı-ayrı xalqlar yaradır: “Lakin həmin sərvətlər yalnız konkret xalqlara mənsub olmaqla qalmır, bəşəriləşir. Azərbaycanın Ağdam rayonunun Boyəhmədli kəndində 2 min yaşı olan heykəl var. Hələ 1970-ci illərdə həmin abidə araşdırılıb, kitablarda əksini tapıb. Azərbaycan xalqının ən qiymətli mədəni sərvətlərindən biri kimi qiymətləndirilən həmin abidə, eyni zamanda bütün bəşəriyyətə aiddir. Çünki 2 min yaşı olan mədəni irs abidəsi hansı coğrafiyada yerləşməsindən asılı olmayaraq bəşəri irs abidəsi kimi qiymətləndirilir”.
Qeyd edib ki, həmin abidə və onun ətrafındakı digər qədim daş heykəllər bu gün Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindədir. Bu ərazilər işğalçı tərəfindən dağıdılıb, mədəni irs nümunələri məhv və ya qəsb edilib.
“Azərbaycanın Ermənistan və ona havadarlıq edən dövlətlər tərəfindən zəbt edilmiş ərazilərində 22 muzey, 6 rəsm qalereyası var idi. Bu muzeylərdə qədim və orta əsrlərə aid minlərlə qiymətli sənət nümunəsi qorunurdu. Onların bəziləri müharibə atəşləri ilə dağıdılaraq məhv edilib, böyük əksəriyyəti isə oğurlanıb və ya erməniləşdirilib. Son 26 il ərzində erməni işğalı altında olan Şuşa şəhəri Azərbaycanın əsas klassik mədəniyyət mərkəzlərindən biri idi. Şuşaya abidə, muzey şəhəri deyilirdi. Təkcə bu şəhərdə Azərbaycanın 9 nadir muzeyi vardı. Lakin həmin muzeylərdən əlavə ayrı-ayrı insanların mənzillərində xalq sənətinin gözəl nümunələri olan minlərlə Azərbaycan xalçası vardı. Həmin xalçalar oğurlandı, dünya bazarlarına çıxarıldı, ən yaxşı halda isə hansısa xarici muzeylərdə erməni xalçası kimi qeydiyyata salındı. İşğalçı dövlətin mədəni irsə münasibətdəki ən qəbuledilməz fəaliyyətlərindən biri də dini abidələr və məzarlıqlarla bağlıdır”, - deyə R.Hüseynov diqqətə çatdırıb.
Deputat bildirib ki, işğalçı dövlət tərəfindən 403 tarixi dini abidə, 67 məscid, 144 məbəd, 192 ziyarətgah dağıdılıb, yüzlərlə qəbiristanlıq yerlə-yeksan edilib, hətta qəbir daşları belə oğurlanıb. Mədəni irsə münasibətdə işğalçı Ermənistanın uzun illərdən bəri apardığı dağıdıcılıq, qəsb və həmin sərvətləri qeyri-qanuni ticarətə yönəltmək xəttindən başqa bir təhlükəli əməli olduğunu bildirib. “Mədəni irslə bağlı sistemli saxtalaşdırma siyasəti! Bu, ilk növbədə qədim tarix göstəricisi olan abidələrə yönəlib. Həm də bu gedişatda ermənilər yalnız sırf Azərbaycan abidələrini deyil, tarixən Azərbaycan ərazisində yaşamış digər xalqların da abidələrini, hətta qəbirlərini özününküləşdirməyə çalışıblar. Məqsəd, guya, bu torpaqlarda çoxdan yaşadıqlarını sübut etmək üçün mənbələr yaratmaqdan ibarətdir. Həm də bunu ermənilər yalnız işğal dövründə deyil, elə ardıcıl şəkildə həmişə davam etdiriblər. Məsələn, Azərbaycanın Gəncə şəhərinin yaxınlığında XIX əsrdən etibarən alman icmasının kompakt yaşadığı Yelenendorf şəhəri var idi. Həmin ərazidəki kəndlərdə almanlarla yanaşı, azərbaycanlılar, ermənilər də yaşayırdı. İndi Göygöl adlanan o şəhərin müxtəlif kəndlərində xeyli tarixi qəbiristanlıqlar var. Oraya köçüb gəlmiş ermənilər, sən demə, xəlvəti olaraq bu ərazilərdəki alman məzarlarını erməniləşdirməklə məşğul olurmuşlar”, - deyə Milli Məclisin deputatı vurğulayıb.
Qeyd edib ki, 1980-ci illərin sonlarında Ermənistandan 300 mindən artıq azərbaycanlı deportasiya edildikdən sonra Göygöl rayonundakı erməni ailələri də Azərbaycandan getmək zəruriyyəti ilə üzləşib. Onları ifşa edən əcaib faktlar ortaya çıxıb. Tam erməniləşdirməyə imkan tapdıqları alman qəbirləri çox idi. Bir sıra alman qəbirləri də vardı ki, məzar daşının bir tərəfində almanca yazılar pozularaq erməni mətni ilə əvəz edilib. Lakin daşların digər üzündə hələ dəyişdirilməyə imkan tapılmamış alman səliqəsi ilə yazılmış köhnə mətnlər qalır. Yalan, saxtakarlıq, oğurluq, dağıdıcılıq dünyanın hər yerində qəbuledilməzdir. Amma bu arzuolunmaz əməllər mədəni irsə tətbiq ediləndə ikiqat, üçqat dözülməzdir. Ona görə də biz hamımız mədəni irsə qarşı belə hallarla mübarizəni müştərək və daha qətiyyətlə aparmalıyıq.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“Bako Saakyanın Fransaya və ABŞ-a səfər etməsi ATƏT-in Minsk qrupunun fəaliyyətinə ləkədir”
16.11.2018
Natali Qule: “Fransa çox ehtiyatlı olmalıdır”
15.11.2018
“Antropoloji dəlillər ermənilərə yox deyir”
14.11.2018
Qarabağa qanunsuz səfər edən Avropa Parlamentinin üzvü Albaniyada ifşa olunub
13.11.2018
“Ermənistan KTMT-yə etibarsız, hörmətdən düşmüş üzv kimi qəbul olunur”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info