Azərbaycan Polisi yaranmasının 100-cü ildönümünü qeyd edir
Tarix: 03.07.2018 | Saat: 01:01:00 | E-mail | Çapa göndər


2 iyul Azərbaycan Polisinin peşə bayramı günüdür. Azərbaycan Polisi builki peşə bayramı günündə həm də yaranmasının 100 illik yubileyini qeyd edir. Azərbaycan Polisinin yaranmasının 100 illik yubileyi münasibətilə Daxili İşlər Nazirliyinin Polis Akademiyasında təntənəli mərasim keçirilib. Tədbirdə Prezidentin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əlamətdar yubiley münasibətilə polis orqanlarının şəxsi heyətinə təbrikini çatdırıb. Prezidentin təbrikində deyilir: “Hörmətli polis əməkdaşları və veteranları! Sizi Azərbaycan polisinin yaranmasının 100 illik yubileyi münasibətilə təbrik edirəm. Bu tarix yalnız ölkəmizin daxili işlər orqanları üçün deyil, bütünlükdə müstəqil Azərbaycan dövləti üçün əlamətdar hadisədir. 1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə ilk polis orqanları yaradılmış və bununla da Azərbaycan polisinin əsası qoyulmuşdur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1969-cu ildə respublikaya rəhbər seçildikdən sonra Daxili İşlər Nazirliyi əməkdaşlarının vətənpərvərlik ruhunda təlim-tərbiyəsinə və peşəkarlığının artırılmasına xüsusi önəm vermişdir. 1991-ci ildə yenidən dövlət müstəqilliyini bərpa etmiş respublikamızda baş verən dağıdıcı proseslər, yaranmış hakimiyyət böhranı və idarəolunmaz vəziyyət dövlətçiliyin əsas sütunlarından olan polis orqanlarına da mənfi təsir göstərmişdi. Ölkədə cinayətkarlıq kəskin şəkildə artmış, kriminogen durum nəzarətdən çıxmışdı. Yalnız 1993-cü il iyunun 15-də xalqın təkidi ilə ümummilli lider Heydər Əliyevin Azərbaycana siyasi rəhbərliyə qayıtması dövlətçiliyimizi uçurumdan xilas etdi. Ulu Öndərin rəhbərliyi ilə ölkədə ictimai-siyasi sabitlik təmin edildi, daxili işlər orqanlarının fəaliyyətində əsaslı dönüş yaradıldı və onun sıraları dövlətinə və xalqına sədaqətli şəxsi heyətlə komplektləşdirildi. Bu gün Heydər Əliyev siyasəti uğurla davam etdirilir. Ulu Öndərin qoyduğu təməllər üzərində güclü dövlət qurulmuşdur. Ölkəmizdə siyasi sabitlik, əmin-amanlıq hökm sürür, qanunun aliliyi təmin edilir, insan hüquqları ədalətli şəkildə qorunur. Hazırda Azərbaycan polisi güclü nizam-intizama, yüksək peşəkarlığa malik, müasir maddi-texniki imkanlarla təchiz edilmiş, dövlətçiliyimizin qorunması işində önəmli xidmətləri olan mühüm dövlət təsisatıdır. Dövlət tərəfindən daxili işlər orqanları əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində daim kompleks tədbirlər həyata keçirilir və bu sahədə dövlət qayğısı gələcəkdə də davam etdiriləcək. Öz növbəsində, Azərbaycan polisi fəaliyyətini müasir tələblərə uyğun təkmilləşdirməli, cinayətkarlığa qarşı mübarizəni daha böyük əzmlə və qətiyyətlə aparmalıdır. Əminəm ki, daxili işlər orqanlarının şəxsi heyəti bundan sonra da vəzifələrini şərəflə yerinə yetirəcək”. Daxili işlər naziri, general-polkovnik Ramil Usubov ötən 100 ildə Azərbaycan Polisinin keçdiyi şərəfli yol, xüsusən ulu öndər Heydər Əliyevin respublikamıza hər iki rəhbərliyi dövründə daxili işlər orqanlarının fəaliyyətinin təşkili, peşəkar kadr özəyinin yaradılması, həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə hüquq mühafizə, o cümlədən daxili işlər orqanlarında həyata keçirilən islahatlar, struktur dəyişiklikləri, maddi-texniki bazanın möhkəmləndirilməsi, iş şəraitinin yaxşılaşdırılması, şəxsi heyətə ali diqqət və qayğısı barədə geniş məruzə ilə çıxış edib. Nazir asayiş keşikçilərinin şanlı yubileylərini böyük qürur hissi və xidmətdə qazandığı uğurlarla qeyd etdiklərini, bu münasibətlə ünvanladığı təbrikdə Prezident, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Polisinin 100 illik əzmkar missiyasına dolğun, keçdiyi şərəfli yola yüksək qiymət verməsinin bütün şəxsi heyətin hədsiz sevincinə, ruh yüksəkliyinə səbəb olduğunu deyib. Ramil Usubov bu günlərdə Azərbaycan Prezidentinin imzaladığı sərəncamlarla 49 əməkdaşın dövlət mükafatlarına, 2 rəhbər vəzifəli şəxsin isə ali xüsusi rütbəyə layiq görüldüyünü vurğulayıb. Qeyd edilib ki, şəxsi heyətin milli dövlətçilik ideyası ruhunda formalaşmasının nəticəsində 1988-ci ildən başlayaraq, Ermənistanın hərbi təcavüzünə qarşı Vətənin müdafiəsinə ilk olaraq qalxan və uzun müddət rəşadətlə döyüşən yeganə silahlı qüvvə məhz polis, sonralar isə Daxili Qoşun hissələri idi. Həmin döyüşlərdə DİN-in 1695 əməkdaşı və hərbi qulluqçusu şəhid olub, 1710-u yaralanıb. Müstəqillik illərində xidməti vəzifələri yerinə yetirərkən isə 99 əməkdaş həyatını itirib, 2640 nəfər xəsarət alıb. Göstərdikləri fədakarlığa görə daxili işlər orqanlarının 67 əməkdaşına Azərbaycanın Milli Qəhrəmanı adı verilib, 1143 nəfər müxtəlif orden və medallarla təltif olunub. Bildirilib ki, müasir dövrün çağırış və təhdidləri nəzərə alınmaqla şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılmasına da böyük önəm verilir. Belə ki, son 15 ildə beynəlxalq qurumların təşkil etdiyi forum, müşavirə və treninqlərdə 6 mindən çox əməkdaş iştirak edib, təcrübə mübadiləsi aparılıb. Hər il onlarla gənc müxtəlif ölkələrin Polis akademiyalarına, hüquq universitetlərinə təhsil almağa göndərilir. Müstəqilliyin ilk illərində hüquqşünas ixtisası tələb olunan zabit heyəti vəzifələrinin yalnız 16 faizini müvafiq təhsilli əməkdaşlar təşkil edirdisə, hazırda bu göstərici 100 faizə çatıb, kiçik rəis heyəti vəzifələrində xidmət edən əməkdaşların isə təxminən 20 faizi ali təhsillidir. Nazir Ramil Usubov xidməti vəzifələrin icrasında yaxından köməyinə görə vətəndaşlara, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Nazirlər Kabinetinin, hüquq mühafizə, xüsusi xidmət və digər dövlət orqanlarının əməkdaşlarına, Milli Məclisin deputatlarına, kütləvi informasiya vasitələrinin, ictimai təşkilatların rəhbərlərinə və nümayəndələrinə minnətdarlığını bildirib. Ramil Usubov əminliklə qeyd edib ki, Azərbaycan Polisi inkişafın və rifahın rəhni olan sabitliyin qorunub saxlanılması, qanunçuluğun, fundamental insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün bundan sonra da qüvvə və bacarığını əsirgəməyəcək, andına sadiq qalaraq Azərbaycan Respublikasına ləyaqətlə xidmət edəcək, dövlətimizin başçısının inam və etimadını hər zaman layiqincə doğrultmağa çalışacaq. Təntənəli mərasim nazirliyin ayrı-ayrı struktur qurumlarının şəxsi heyətinin, həmçinin xidməti nəqliyyat vasitələrinin və süvarilərin tribuna önündən keçidi ilə başa çatıb.




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info