“Muxtar respublikada işğal altındakı torpaqlarımızı hər an azad etməyə qadir olan güclü ordu formalaşıb”
Tarix: 04.07.2018 | Saat: 23:10:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikasında ordu, birləşmə və hissələr üçün nümunəvi xidmət şəraiti yaradılıb. Güclü maddi-texniki təminat, yüksək xidmət şəraiti və xalq-ordu birliyi hərbi qulluqçuların döyüş əzmini daha da artırır. Ordumuz tərəfindən nəzarət altına götürülən Günnüt kəndində də etibarlı müdafiə sistemi qurulub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirilib ki, iyulun 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Günnüt kəndindəki hərbi hissədə olub, burada xidmət keçən əsgər və zabitlərlə görüşüb.
Əlahiddə Ümumqoşun Ordunun komandanı, general-leytenant Kərəm Mustafayev Ali Məclisin Sədrinə raport verib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri əsgərləri salamlayıb, Azərbaycan Xalq Cümhuriyyəti və Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə şəxsi heyəti təbrik edərək deyib: “Ulu öndər Heydər Əliyev deyirdi: “Hər bir dövlət öz dövlətçiliyini qüdrətli etmək istəyirsə, onun güclü ordusu olmalıdır”. Ümummilli liderimizin ordu quruculuğu sahəsində müəyyənləşdirdiyi tədbirlər bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan inkişaf etdikcə, ordumuzun da qüdrəti artır. Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə keçirilən hərbi parad da ordumuzun gücünün və qüdrətinin daha bir nümayişi oldu.
Ali Məclisin Sədri deyib: “Ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər Naxçıvan Muxtar Respublikasında da ardıcıl və sistemli şəkildə icra olunmaqdadır. Əlahiddə Ümumqoşun Ordu və Silahlı Qüvvələrimizin muxtar respublika ərazisindəki birləşmə və hissələri böyük təşkilatlanma və inkişaf yolu keçmiş, şəxsi heyət peşəkarlığını artırmışdır. Keçirilən hərbi əməliyyatlar onu deməyə əsas verir ki, muxtar respublikada torpaqlarımızı etibarlı müdafiə edən və hər an işğal altındakı torpaqlarımızı azad etməyə qadir olan güclü ordu formalaşıb. Bu yaxınlarda Əlahiddə Ümumqoşun Ordu tərəfindən Günnüt kəndi və ətraf ərazilərin nəzarət altına alınması bir daha göstərdi ki, əsgər və zabitlərimiz qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirmək əzmindədirlər. Prezident İlham Əliyevin dediyi kimi: “Naxçıvanın 1990-cı illərin əvvəllərində ermənilər tərəfindən zəbt edilmiş 11 min hektar torpağı Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tərəfindən aparılmış uğurlu əməliyyat nəticəsində azad edildi. Çox böyük mühəndislik və kəşfiyyat işləri aparıldı. Naxçıvan əməliyyatı yüksək məharətlə, peşəkarlıqla həyata keçirildi. Azərbaycan hərbçisi bir daha qəhrəmanlıq, rəşadət göstərmişdir. Naxçıvan əməliyyatı bir daha onu göstərdi ki, Azərbaycan Ordusu güclü ordudur”.
Ali Məclisin Sədri bu əməliyyatların həyata keçirilməsində iştirak edən hərbi hissələrin şəxsi heyətinə təşəkkür edib, onlara xidməti fəaliyyətlərində uğurlar arzulayıb.
Əlahiddə Ümumqoşun Ordunun komandanı, general-leytenant Kərəm Mustafayev çıxış edərək deyib: “Şərur rayonunun mühüm strateji əhəmiyyətə malik olan Günnüt kəndi 1992-ci ildə işğal edilmişdi. Lakin Əlahiddə Ümumqoşun Ordu tərəfindən Günnüt kəndi və ətraf ərazilər işğaldan azad olunub. Şəxsi heyət əməliyyatlar keçirilən zaman rəşadət göstərərək böyük bir ərazini nəzarətə götürmüşdür. Qazanılan uğur Silahlı Qüvvələrin Ali Baş Komandanı tərəfindən “Uğurlu Naxçıvan əməliyyatı” adlandırılmış, bu əməliyyatda xidməti olanlar təltif olunmuş və onların göstərdikləri qəhrəmanlıqlar yüksək qiymətləndirilmişdir”.
Kərəm Mustafayev təltif olunan, mükafat alan, əməyi dəyərləndirilən hər bir şəxs adından Ali Baş Komandana və Ali Məclisin Sədrinə minnətdarlıq edib, bundan sonra da qarşıya qoyulacaq hər bir tapşırığı uğurla yerinə yetirəcəklərini bildirib.


“Biz bu zəfəri digər işğal altında olan torpaqlarımızda da qeyd edəcəyik”.

Zabit Rəşad Əliyev minnətdarlıq edərək deyib: “Uzun illərdir işğal altında olan Günnüt kəndinin nəzarətə götürülməsi bizim döyüş ruhumuzu daha da artırıb. Biz fəxr edirik ki, bu əməliyyatda iştirak etmişik. Düşmənin yaşayış məntəqələri və mühüm strateji yolları nəzarətimiz altındadır. Şəxsi heyət istənilən tapşırığı yerinə yetirməyə hazırdır. Biz bu zəfəri Şuşada, Laçında, Kəlbəcərdə və digər işğal altında olan torpaqlarımızda da qeyd edəcəyik”.
Ali Məclisin Sədri Günnüt əməliyyatında iştirak edən əsgər və zabitlərə hədiyyələr təqdim edib.
Sonra Ali Məclisin Sədri Günnüt kəndində və ətraf ərazilərdə yerləşən postlarda olub, əsgər və zabitlərlə görüşüb, xidmətin təşkili ilə maraqlanıb. Ali Məclisin Sədri əsgər və zabitlərə hədiyyələr təqdim edib.
Sonra ön xətdə yerləşən digər postlarda şəxsi heyətlə görüşən Ali Məclisin Sədri göstərdikləri şücaətə görə əsgər və zabitləri təbrik edib, onlara təşəkkürünü bildirib.
Sonra Ali Məclisin Sədri işğaldan azad edilən Günnüt kəndində olub, ərazidə müdafiənin təşkili və mövqelərin möhkəmləndirilməsi barədə tapşırıqlar verib.

Ön xətdə şəxsi heyət üçün lazımi şərait yaradılır
Ali Məclisin Sədri dayaq məntəqələrində xidmət aparan hərbi qulluqçularla görüşüb. Daha sonra o, bölük mərkəzində şəxsi heyətlə görüşüb, onlara hədiyyələr təqdim edib.
Məlumat verilib ki, ön xətdə şəxsi heyət üçün lazımi şərait yaradılır. Postlarda və bölük mərkəzlərində yeni yataqxana və xidməti binaları inşa olunur. Eyni zamanda ərazidə yeni yollar çəkilir, postlar arasında rahat əlaqə təmin edilir.
Ali Məclisin Sədri tikinti işlərini həyata keçirən heyətlə görüşüb, çətin dağlıq şəraitdə xidmətin nümunəvi təşkili üçün yaratdıqları şəraitə görə onlara təşəkkür edib.
Ali Məclisin Sədri Qızılqaya yüksəkliyində və müşahidə məntəqəsində olub, mövqelərimizin vəziyyəti ilə tanış olub.
Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev Ali Məclisin Sədrinə müdafiənin ön xəttində xidmətin təşkili haqqında məlumat verib.
Qeyd olunub ki, Əlahiddə Ümumqoşun Ordu müdafiə zolağının Vəlidağ, Kömürlüdağ istiqamətində Axsal dağı, Qızılqaya dağı, Yağargərdik dağı, Bağırsaq dağı və Həsənqulubağ sahəsində ön xəttin dövlət sərhədi boyu əlverişli mövqeləri ələ keçirib. 26 kilometr məsafəni əhatə edən əməliyyat nəticəsində 7 kilometrədək dərinlikdə əlverişli yüksəkliklər ələ keçirilib. Qızılqaya yüksəkliyinin ən böyük strateji əhəmiyyəti İrəvan-Yexeqndzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna ordumuza nəzarət etməyə imkan verməsidir. Ərazinin etibarlı müdafiəsi, bölmələrin manevr qabiliyyətinin yüksəldilməsi və təminat-təxliyə məqsədilə 50 kilometr yeni yol çəkilib, 60 kilometrdən artıq yararsız yollar isə bərpa edilib. Strateji əhəmiyyətli Arpaçay Su Dəryaçasının taktiki cəhətdən etibarlı mühafizəsinin təşkili üçün ətrafdakı hakim yüksəkliklərdə yeni müdafiə mövqeləri qurulub. Müdafiə rayonunun qorunmasının təşkili məqsədilə ərazidə qısa müddətdə mühəndis-istehkam tədbirləri görülüb, postlar arasında dayanıqlı rabitə əlaqəsi yaradılıb, yeni səngərlər qazılıb. Ön xətdəki mövqelərlə yanaşı, dayaq məntəqələrində də etibarlı müdafiə sistemi yaradılıb.
Ali Məclisin Sədri müdafiənin təşkili sahəsində həyata keçirilən tədbirlərin davam etdirilməsinin vacibliyini bildirib, müdafiə mövqelərinin möhkəmləndirilməsi barədə tapşırıqlar verib. Gətirilmiş müxtəlif ərzaq məhsulları hərbi hissənin anbarına təhvil verilib.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Qarabağa qanunsuz səfər edən Avropa Parlamentinin üzvü Albaniyada ifşa olunub
13.11.2018
“Ermənistan KTMT-yə etibarsız, hörmətdən düşmüş üzv kimi qəbul olunur”
12.11.2018
“Ermənistan beynəlxalq hüququn fundamental prinsiplərini pozub”
08.11.2018
“Ermənistanın qeyri-konstruktiv mövqeyi danışıqlarda tərəqqinin əldə edilməsinə əsas maneədir”
07.11.2018
“Ermənistanın Azərbaycan ərazilərini işğaldan azad etməkdən başqa çıxış yolu yoxdur”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10474

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info