“Azərbaycan cəmiyyəti çətin sınaqdan şərəflə çıxa bildi”
Tarix: 06.07.2018 | Saat: 00:11:00 | E-mail | Çapa göndər


Müxalifətin isə qəzadan yararlanmaq cəhdi iflasa uğradı

Məlum olduğu kimi, bir neçə gün öncə Mingəçevirdəki İstilik Elektrik Stansiyasında baş vermiş qəza nəticəsində ölkəmizin enerji təchizatında bəzi problemlər yarandı. Əslində, belə hadisələrdən dünyanın inkişaf etmiş ölkələri belə, sığortalanmayıb. Hətta qısa bir xatırlatma da edək ki, illər öncə ABŞ və Kanadada qəza baş vermişdi və bu zaman 50 milyondan çox insan 5-6 gün müddətində işıqsız qalmışdı. Azərbaycanda isə belə gözlənilməz hadisələr, təbii fəlakətlər baş verəndə insanların həmrəylik, bir-birinə yardım edərək, sözün həqiqi mənasında, qəhrəmanlıq göstərməsi belə ağır durumlardan az itkilərlə çıxmağımıza səbəb olur. Yəni təkcə dövlət qurumlarının öz işinin öhdəsindən layiqincə gəlməsi deyil, ümumilikdə insanlarımızın da yardımsevər olması, çətin anlarda bir-birinə əl tutması da belə çətin, ağır durumlardan alnıaçıq çıxmağımıza səbəb

Dövlət qurumlarından danışarkən artıq meqapolisə çevrilən paytaxtımızda nəqliyyatın iflic olmaması üçün bu sahəylə bağlı məsələlər vaxtında və doğru şəkildə tənzimləndi. Bakı Nəqliyyat Agentliyi dərhal operativ tədbirlər gördü, xətlərə yeni avtobuslar çıxarıldı, sərnişinlərə böyük diqqət və qayğı göstərildi. Bakı Metropoliteni də öz ərazisində məlum qəzanın nəticəsi kimi ortaya çıxan bəzi problemləri aradan qaldırmaq üçün metronun fəaliyyətini müvəqqəti dayandırdı və tunellərdə qalan insanları sağ-salamat, heç bir problem yaşanmadan çıxarmaq mümkün oldu. Bundan başqa, polis, FHN işçiləri, səhiyyə işçiləri də bu günlərdə ağır rejimdə çalışaraq insanlara yardım göstərdilər, hətta bəziləri əlavə iş rejimində çalışdılar. Qısası, bütün dövlət qurumları bu ağır vəziyyətdə çox çevik davrandılar, böyük peşəkarlıq göstərdilər. Amma bütün bu məsələlərin fonunda hər şeyi qara görən müxalifət, xaricdə fəaliyyət göstərən bir qrup mühacir və digər antiazərbaycan qüvvələrə bağlı olanlar proseslərə yenə “qara eynəklə baxdılar”.
Ümumiləşdirilmiş formada desək, müxalif düşərgəni təmsil edənlər dərhal sosial şəbəkələrə axışaraq yazırdılar ki, guya, hökumət proseslərə çevik reaksiya vermir. Halbuki Prezident baş vermiş qəzadan dərhal sonra göstəriş verdi və Xüsusi Dövlət Komissiyası yaradıldı, dövlət başçısının tapşırığına uyğun olaraq müvafiq qurumlar operativ şəkildə qəzanın nəticələrinin aradan qaldırılmasına başladı. Bəzi ağzıgöyçəklər yenə də yazmağa başladılar ki, guya, vətəndaşların həyatı təhlükəyə atılıb, yardımlar olmur. Amma, yuxarıda da qeyd etdiyimiz kimi, birinci növbədə vətəndaşlarımızın həyatı qorundu, insan tələfatına yol verilmədi və çox qısa zaman kəsiyində elektrik enerjisi təminatı bərpa olundu.
Əli Kərimli və tərəfdarları, söyüşcül dəstənin üzvləri, “Oyan”, “yat”, “fırlan” və s. adlarla, guya, hərəkat yaratdıqlarını iddia edənlər, Xədicə İsmayıl kimi jurnalist adına ləkə gətirənlər, bu sınaq müddətində özlərini elə apardılar ki, sanki illərdir ölkədə xaos yaranmasını gözləyən, pusquda duran fürsətcillər idilər. Əllərinə fürsət düşdü, gah dezo yaydılar, gah məsələləri şişirdib, guya, haradasa kiminsə istidən, diqqətsizlikdən, susuzluqdan öldüyünü iddia etdilər, gah da ki, guya, ölkəmizi ciddi təxribatların gözlədiyini bəyan etdilər. Türkiyədə zəlzələ olarkən müxalifət hakimiyyətlə əlbir olaraq müəyyən müddətə siyasəti kənara qoyduqlarını göstərdi, xalqa yardım istiqamətində əllərindən gələni etməyə hazır olduğunu ortaya qoydu. Yəni belə situasiyalarda məmurundan tutmuş adi vətəndaşına, iqtidarından tutmuş müxalifətinə hər bir təbəqə, hər kəs ümumi işə töhfə vermək üçün əlindən gələni edir, bunu bacarmadıqda isə, ən azından işə mane ola biləcək artıq hərəkətlər, bəyanatlar, təxribat xarakterli çağırışlar etmirlər. Axı belə süni gərginlik yaratmaq nəyə və kimə lazım idi? Yəni, doğrudanmı, bizim müxalifətdə olanlar xalqın belə çətin anında özlərinə siyasi dividend qazanmağa cəhd edirlər? Hər şey 90-cı illərin əvvəllərində olduğu kimi qalıbmı? Təəssüf ki, bu cür düşüncə tərzi həmin xaotik vəziyyətin hökm sürdüyü illərdə olduğu kimi, indi də bu adamların beynində qalır.
Sonda qeyd edək ki, Azərbaycan cəmiyyəti belə neqativ düşüncəli qrupların, düşərgənin çağırışlarına heç vaxt reaksiya verməyib. Xalq daim çətin durumlarda Prezidentin, öz hökumətinin, dövlətinin ətrafında sıx birləşməyə hazır olduğunu nümayiş etdirdi. Ölkə başçısı da xüsusi olaraq vurğuladı ki, Azərbaycan cəmiyyəti bu çətin sınaqdan şərəflə çıxa bildi. Prezident iki gün öncə keçirilən müşavirədə dedi: “Azərbaycan vətəndaşlarına göstərdikləri dəstəyə, anlayışa və vətəndaş həmrəyliyinə görə təşəkkür edirəm. Azərbaycan vətəndaşları bu məsələ ilə bağlı böyük məsuliyyət, böyük vətəndaş həmrəyliyi göstərdilər. Bütövlükdə Azərbaycan cəmiyyəti bu çətin sınaqdan şərəflə çıxa bildi. Azərbaycan cəmiyyəti çox yetkin cəmiyyətdir və Azərbaycanda, sözün əsl mənasında, vətəndaş həmrəyliyi mövcuddur”.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”
12.11.2018
“Ümid edirik, Paşinyan anlayır ki, Paris Sülh Forumundakı çıxışı Ermənistanın xarici siyasəti ilə tamamilə ziddir”
12.11.2018
MDR kanalı: Almaniyadakı erməni mafiyası bütün ölkə ərazisinə səpələnib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info