İran Hörmüz boğazını bağlayır: neft tankerlərinin keçməsinə icazə verilməyəcək
Tarix: 06.07.2018 | Saat: 00:42:00 | E-mail | Çapa göndər


İranla nüvə sazişini imzalamış dövlətlərin xarici işlər nazirləri bu gün Vyanada ABŞ-ı qıcıqlandıracaq qərar qəbul edə bilər

Merkel: “Biz artıq Avropa İttifaqı və ABŞ arasında ticarət müharibəsinin cizgilərini görürük”

İran neftinin satışına maneələr olacağı təqdirdə Hörmüz boğazından neft tankerlərinin keçməsinə icazə verilməyəcək. Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəis müavini İsmayıl Kövsəri deyib. O bildirib ki, İran neftinin satışına maneələr yaradılacağı təqdirdə onlar Hörmüz boğazından digər ölkələrin neft tankerlərinin keçməsinə icazə verməyəcək. Xatırladaq ki, ABŞ Xarici İşlər Nazirliyinin Siyasi Planlaşdırma direktoru Brian Hook ötən günlərdə keçirdiyi mətbuat konfransında İrana qarşı təzyiqlərin məqsədinin bu ölkənin neft gəlirlərini sıfıra endirərək Tehran rəhbərliyinin bölgədəki siyasətini dəyişdirməsini təmin etmək olduğunu bildirib: “Hədəfimiz İran rejiminə qarşı təzyiqi artıraraq neft satışlarını sıfıra endirməkdir. Bunun qlobal bazara təsirini ən aşağı səviyyəyə endirmək üçün çalışırıq. Lakin qlobal səviyyədə kifayət qədər neft ehtiyatının olduğuna şübhəmiz yoxdur. İran strategiyamız rejim dəyişikliyinə deyil, iranlı liderlərin bölgədəki strategiyasını dəyişdirməyə istiqamətlənib. İranın neft gəlirlərini sıfıra endirmək istəyirik”. İran Prezidenti Həsən Ruhani isə ABŞ rəsmisinin bu sözlərinə münasibət bildirərək deyib: “Bu, əsla, real olmayacaq boş sözlərdir. ABŞ səlahiyyətlilərinin bu açıqlamaları enerji və ticarət üzrə bütün beynəlxalq qaydalara ziddir”. Qeyd edək ki, ABŞ müttəfiq ölkələr və şirkətlərdən İrandan neft idxalını noyabrın 4-dək dayandırmağı istəyib. ABŞ-dan bir heyətin bu həftə Orta Şərqdə fərqli ölkələrə səfər edərək İran neftinə yönələn sanksiya qərarına dair danışıqlar aparması gözlənilir. Qeyd edək ki, Avstriyada rəsmi səfərdə olan İran prezidenti Həsən Ruhani deyib ki, İranın Qərb dövlətləri ilə imzaladığı nüvə razılaşmasına sadiq qalması üçün iqtisadi maraqları təmin olunmalıdır. Avstriya Federal prezidenti ilə keçirilən birgə mətbuat konfransında H.Ruhani qeyd edib ki, nüvə razılaşması İran, Avropa İttifaqı və həmçinin bütün dünya üçün mühüm əhəmiyyət daşıyır. Onun hökuməti ABŞ-ın iştirakı olmadan da bu sazişə riayət etmək niyyətindədir. Bunun üçün əsas şərt, İranın həmin razılaşmadan mənfəət əldə edə bilməsi və iqtisadi maraqlarının təmin olunmasıdır. Prezident Aleksander Van der Bellen ABŞ-ın tətbiq etdiyi sanksiyaların dolayısı yolla Avstriya şirkətlərinə də zərbə vurduğunu bildirib və ölkəsinin, eləcə də Avropa İttifaqının bu sazişin qüvvədə qalması üçün çərçivə şərtlərə əməl olunmasına çalışdığını vurğulayıb. Dövlət başçısı qeyd edib ki, Vyanada imzalanmış saziş nüvə silahlarının yayılmasının qarşısının alınmasında əsas rol oynayır və mühüm diplomatik uğur kimi BMT Təhlükəsizlik Şurası tərəfindən yekdilliklə təsdiqlənib. Sazişin imzalandığı ölkə kimi Avstriya özünü onun qüvvədə qalmasına cavabdeh hiss edir. Beynəlxalq Atom Enerjisi Agentliyi indiyədək hazırladığı 11 hesabatda İranın nüvə razılaşmasına riayət etdiyini açıqlayıb: “Nüvə sazişi İranla münasibətlərdə mövcud olan problemləri həll etmək üçün nəzərdə tutulmayıb, lakin bunun üçün pəncərə açıb”. Qeyd edək ki, İranla nüvə sazişini imzalamış dövlətlərin (ABŞ istisna olmaqla) xarici işlər nazirləri bu gün Vyanada toplanmalıdırlar. Görüşün əsas məqsədləri sırasında nüvə sazişinin qüvvədə saxlanması və sazişdən birtərəfli qaydada çıxan ABŞ-ın danışıqlara cəlb edilməsi yollarının müzakirəsidir. Amma ABŞ-ın danışıqlara cəlb edilməsi indiki halda mümkünsüz kimi görünür. Məsələ ondadır ki, ABŞ İranın neft satışının qarşısını almaq üçün əməli addımlar atmağa başlayıb. Səudiyyə Ərəbistanı İranın neft satışının qarşısını alandan sonra bazarda yaranan kəsiri doldurmağa hazır olduğunu elan edib. Bu məsələdə qərarlı olan ABŞ Avropanın maraqlarını nəzərə almır. Tramp administrasiyasının ardıcıl qəbul etdiyi qərarlar da bunu təsdiqləyir. Avropa buna görə də İranı dəstəkləyir. Buna nə qədər gücü çatacaq, bu, başqa məsələdir. Amma fakt odur ki, Avropa nüvə sazişindən çıxmayıb. Almaniyanın kansleri Angela Merkelin son bəyanatı vəziyyətin nə qədər kritik olduğunu göstərir. CNN-in xəbərinə görə Merkel Avropa İttifaqı və ABŞ arasında ticarət savaşına işarə edib: “Biz artıq Avropa İttifaqı və ABŞ arasında ticarət müharibəsinin cizgilərini görürük. Avropa İttifaqı və ABŞ arasında ticarət müharibəsi mümkündür. Belə bir ssenari Vaşinqtonla rüsumlarla bağlı münaqişənin ağırlaşması nəticəsində gerçəkləşə bilər. Avropadan idxal edilən avtomobillərə əlavə gömrük vergisinin tətbiqi müzakirələri daha da sərtləşdirə bilər. Biz artıq ticarət müharibəsinin cizgilərini görürük”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info