“Ermənistan Sərsəng su anbarını humanitar və ekoloji terror vasitəsinə çevirib”
Tarix: 07.07.2018 | Saat: 00:17:00 | E-mail | Çapa göndər


Bu gün Ermənistan silahlı qüvvələri tərəfindən Ağdərə rayonun işğalı günüdür. Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ağdərə və ətraf kəndlərin işğalının 25-ci ildönümü ilə əlaqədar açıqlama yayıb. Açıqlamada bildirilir ki, 7 iyul tarixində Azərbaycanın Tərtər rayonunun tərkibinə daxil olan Ağdərə və ətraf kəndlərin işğalından 25 il ötür: “Məlum olduğu kimi, Ermənistan tərəfindən Azərbaycana qarşı hərbi təcavüzə başlayana qədər Ağdərə Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin 5 rayonundan birinin inzibati mərkəzi idi. 1989-cu ildə SSRİ tərəfindən aparılmış əhalinin son siyahıya alınmasına görə, rayonun 14 kəndində 14 min azərbaycanlı əhali yaşayırdı. Ərazidə zəngin daş kömür, əhəngdaşı, qızıl və mis yataqları, qurğuşun, sink yataqları, habelə Tərtər çayı üzərində Sərsəng su elektrik stansiyası var idi. Rayonun 75059 min hektar ərazisi (rayonun ərazisinin 44 faizi) nadir və qiymətli ağac növləri olmaqla meşə massivləri ilə örtülü idi. Ağdərənin köklü Azərbaycan əhalisinin tam etnik təmizləməsi ilə müşayiət olunan işğalı nəticəsində Azərbaycan xalqına məxsus mədəni irs talan edildi, xüsusiyyətləri saxtalaşdırıldı və infrastrukturu dağıdıldı. Bu sırada qəsdən erməniləşdirmək məqsədilə alban xristian irsinin şah arxitektura əsərlərindən olan XIII əsrə aid Gəncəsar məbəd kompleksi saxtalaşdırılmış formada təmir edilib. Bu qeyri-qanuni əməllər tarixi reallığın saxtalaşdırılması və Qarabağın etnik tərkibinin dəyişdirilməsi siyasətinin davamıdır. Bu prosesin bariz nümunələrindən biri 1978-ci ildə Şıxarx kəndində İranın Marağa şəhərindən 200 erməni ailəsinin Qarabağa köçürülməsinin 150 illiyi ilə əlaqədar ucaldılmış abidə idi. Lakin Ermənistanın təcavüzünün başlamasından sonra ermənilərin həmin ərazilərdə yaxın tarixdə peyda olmasını xatırladan bu abidə məhv edildi”.
Bəyanatda bildirilir ki, Ermənistan və işğal olunmuş ərazilərdə yaradılmış qondarma rejim ötən 25 il ərzində Ağdərənin sərvətlərinin talan edilməsi üçün qeyri-qanuni əməllər həyata keçirir: “Bu xüsusda xarici hüquqi və fiziki şəxslərin də cəlb edilməsi ilə ərazinin təbii mineral resursları qeyri-qanuni şəkildə və vəhşicəsinə talan edilir. İşğal altında qalan Sərsəng su anbarının texniki təhlükəsizliyinin təmin olunması üçün zəruri diqqət ayırmır və bu da nəticə etibarilə Tərtər çayı boyunca yerləşən çoxsaylı Azərbaycan yaşayış məntəqələri üçün təhlükə yaradır. Sərsəng su anbarı ilə əlaqədar yaranmış vəziyyətə görə ciddi narahatlıq Avropa Şurası Parlament Assambleyasının 2085 (2016) saylı qətnaməsində ifadə olunmuşdu. 1976-cı ildə tikilmiş Sərsəng su anbarı ətrafda yaşayan insanların və kənd təsərrüfatının su ilə təmin edilməsi üçün nəzərdə tutulsa da, bu əraziləri işğal etdikdən sonra Ermənistan su anbarını humanitar və ekoloji terror vasitəsinə çevirib. Ermənistan qəsdən qış aylarında anbarı açaraq ətraf ərazilərin su altında qalmasına şərait yaradır, suya ehtiyac duyulan isti aylarda isə onun istifadəsinə imkan vermir. Nəticə etibarilə, insanların su təminatı və kənd-təsərrüfatı fəaliyyəti, ərazinin bio-müxtəlifliyinin məhv olması və torpağın quruluşunu dəyişməsi üçün ciddi təhlükələr yaranır. Cenevrə Konvensiyaları və əlavə protokollar, 1966-cı il Mülki və siyasi hüquqlar və İqtisadi, sosial və mədəni hüquqlara dair beynəlxalq pakt, BMT Baş Assambleyasının 64/292 saylı 28 iyul 2010-cu il tarixli qətnaməsi və digər beynəlxalq sənədlərdə sudan istifadə insan hüquqlarının tərkib elementi kimi təsbit edilib. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində təsbit olunduğu kimi beynəlxalq ictimaiyyət Azərbaycanın ərazilərinin işğalını pisləyir və işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Yalnız bu istiqamətdə təxirəsalınmaz addımların atılması Ermənistan-Azərbaycan münaqişəsinin siyasi həlli və azərbaycanlı məcburi köçkünlərin öz doğma yurdlarına, o cümlədən Ağdərəyə və ətraf kəndlərə qayıtmasına əsas yarada bilər. Ermənistanın süni şəkildə Azərbaycan ərazilərinin işğalına əsaslanan status-kovunu davam etdirmək cəhdləri ciddi gərginliklərə səbəb olur ki, bunun da məsuliyyəti tam şəkildə Ermənistanın üzərinə düşür”.

“Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü planlaşdırılır”

ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov isə bildirib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü planlaşdırılır. O, bu barədə APA-nın Moskva müxbirinə açıqlamasında deyib. İ. Popov bildirib ki, həmsədrlər, hələlik Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər hansı açıq bəyanatlardan çəkinirlər: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin incəliyini nəzərə alaraq Minsk qrupunun həmsədrləri, hələlik bu mövzu ilə bağlı hər hansı açıq çıxışlardan çəkinirlər”.
İ. Popov həmsədrlərin bəyanatının Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin planlaşdırılan görüşünün yekunundan sonra veriləcəyini qeyd edib: “Düşünürük ki, nazirlərin görüşünün keçirilmə vaxtı yaxın vaxtlarda açıqlana bilər”.

BQXK rəsmisi Qarabağ münaqişəsi nəticəsində yaranan humanitar problemlərdən danışıb

Bu arada Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Müdafiə Nazirliyi və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyi ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində seminar keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, müxtəlif qoşun növlərindən olan zabit heyətinin iştirak ilə keçirilən tədbirdə çıxış edən BQXK-nın Azərbaycandakı nümayəndəsi İlahə Hüseynova müharibənin getdiyi ölkələrdə əməliyyatlar zamanı davranış qaydaları, beynəlxalq hərbi qanunvericilik və normalar haqda danışıb.
O, təşkilatın komponentləri, fəaliyyətləri və rolları barədə danışıb, eyni zamanda neytral, müstəqil və qərəzsiz bir qurum olan BQXK-nın müstəsna humanitar missiyasının müharibə və digər zorakılıq halları qurbanlarının həyat və ləyaqətlərini qorumaq və onlara yardım göstərməkdən ibarət olduğunu vurğulayıb.
BQXK-nın Azərbaycandakı nümayəndəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində yaranan humanitar problemlərin aradan qaldırılması, eləcə də beynəlxalq humanitar hüququn təbliği və tətbiqi ilə bağlı məsələlərə də toxunub.
Görüşdə, həmçinin şəxsi heyətə mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün qabaqlayıcı tədbirlərin görülməsi, yaralananların qorunması, münaqişələr zamanı mülki şəxslərə dəstək verilməsi, hərbi əsirlərlə rəftar qaydaları barədə məlumat verilib.

“Ordularımızın qüdrətlənməsi və hər zaman bir-birinin yanında olması milli təhlükəsizliyimiz üçündür”

Yeri gəlmişkən, Milli Ordumuzun 100 illik yubileyi və güclənməsi qardaş Türkiyə rəsmiləri tərəfindən də böyük sevinclə qarşılanır. Türkiyəli professor, Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri olmuş Mustafa Vəkiloğlunun qohumu İbrahim Yıldırım Azərbaycan Ordusunun 100 illiyi ilə əlaqədar keçirilən möhtəşəm hərbi parad barədə fikir və mülahizələrini bölüşüb: “Azərbaycan və Türkiyə bundan sonra da bir yerdə olmalı, eyni inkişaf hədəflərinə doğru irəliləməlidir. Bir yerdə olmağımız özlüyündə güc deməkdir”. O bildirib ki, Türkiyənin “Solo Türk” və “Türk Ulduzları” aviaqruplarına daxil olan təyyarələrin Bakı buxtası üzərində nümunəvi uçuşları tarixi bir hadisədir. Azərbaycan və Türkiyənin bütün məsələlərdə məramı xoşniyyətlidir. Ordularımızın qüdrətlənməsi və hər zaman bir-birinin yanında olması milli təhlükəsizliyimiz üçündür.
Professor fikirlərini belə tamamlayıb: “Tərəqqi dövlətlərimizin siyasətində əsas istiqamətdir. Hər zaman sülh tərəfdarı olmuşuq. Səmimilik və qonaqpərvərlik xalqlarımızın gözəl xüsusiyyətlərindəndir. Lakin bütün bunlar rahat gələcək üçün yetərli deyil. Ölkələrimizin və xalqlarımızın təhlükəsizliyinin təminatı ordularımızın qüdrətindən asılıdır”.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Ermənistan işğal altında saxladığı Azərbaycan torpaqlarında mədəni irsi tamamilə məhv edib”
20.11.2018
Ermənistanın işğalçılıq siyasətinin yaratdığı təhlükələr NATO-nun gündəmində
19.11.2018
“Bako Saakyanın Fransaya və ABŞ-a səfər etməsi ATƏT-in Minsk qrupunun fəaliyyətinə ləkədir”
16.11.2018
Natali Qule: “Fransa çox ehtiyatlı olmalıdır”
15.11.2018
“Antropoloji dəlillər ermənilərə yox deyir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info