Azərbaycan Diasporuna Dəstək Fondu diaspor təşkilatlarının güvəndiyi mənbə olacaq
Tarix: 10.07.2018 | Saat: 02:14:00 | E-mail | Çapa göndər


“Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılması diasporun inkişafını gücləndirəcək”

Diaspor üzvləri üçün son günlərin ən xoş xəbəri Prezidentin fərmanı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılmasıdır. Bu Fondun yaradılması diasporun inkişafına böyük təkan verəcək. Şübhəsiz, bundan sonra diasporda əhəmiyyətli şəkildə keyfiyyət dəyişkənliyi özünü büruzə verəcək. Diaspora bu münasibətin dəyişməsi, ayrıca diasporlararası münasibətlərə də effektiv təsir göstərəcək. Eyni zamanda diasporun Vətənə, dövlətə, eləcə də DİDK-ə inam və sevgisi daha da artacaq. Ümumi olaraq diaspor təşkilatlarına Fond tərəfindən dəstəyin göstərilməsi diaspor hərəkatını yeni müstəviyə çıxaracaq.
Bir çox diaspor üzvləri Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılması ilə bağlı sevinclərini bizimlə bölüşüblər. Türkiyədə Azərbaycan Qadınları Mədəniyyət Mərkəzi Dərnəyinin sədri Cəvahir Əhmədova “Palitra”ya bildirdi ki, belə bir Fondun yaradılması diasporun inkişafını gücləndirəcək: “Bu gün xaricdəki bir çox diaspor təşkilatlarımız öz hesabına fəaliyyət göstərir. Bu təşkilatların fəaliyyəti, layihələri ilə yanaşı, ofis və kommunal xərclərinin ödənilməsi çətinlik yaradır. Xüsusən, Türkiyədəki təşkilatlarımız, bu baxımdan, daha çox əziyyət çəkirlər. Ona görədir ki, bu gün Türkiyədə bəzi təşkilatların artıq adı var, özü yoxdur. DİDK-nın tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılması belə təşkilatların aktivliyini artıra bilər”. Cəvahir Əhmədovanın fikrincə, Prezident tərəfindən bu fərmanın imzalanması DİDK-nın rəhbərliyinin dəyişilməsinin müsbət nəticəsidir.
Azərbaycan-Amerika Qadın Cəmiyyətinin və Nyu-York Azərbaycan Evinin rəhbəri Minəvvər Vahabova da DİDK-nın fəaliyyətində baş verən müsbət dəyişiklikləri sevinclə qarşılayıb: “Bu bizim, xaricdə yaşayan və uzun illərdir diaspor fəaliyyəti ilə məşğul olan azərbaycanlılar üçün gözəl bir müjdə olmuşdur. Komitənin yeni təyin olunmuş sədri gənc və bacarıqlı Fuad Muradov Komitənin strukturunda xeyli dəyişiklik etmiş, diaspor təşkilatlarına yeni imkanlar yaratmışdır. Son günlərdə isə Vətəndən daha bir gözəl xəbər aldıq. Cənab Prezident İlham Əliyevin fərmanı ilə DİDK-nın tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondu yaradılmışdır. Biz xaricdə yaşayan diaspor nümayəndələri bu Fonddan böyük dəstək gözləyirik. Əlbəttə ki, biz də öz növbəmizdə Komitəyə və həmçinin Fonda əlimizdən gələn yardımı etməyə hazırıq”.
Minəvvər Vahabovanın sözlərinə görə, Azərbaycan diasporu gənc olsa da, artıq müxtəlif ölkələrdə müəyyən fəaliyyətlə məşğuldur: “Biz Vətənimiz Azərbaycan naminə uzun illərdir əlimizdən gələn fəaliyyəti göstəririk və DİDK-dan mənəvi dəstəyə böyük ehtiyacımız var. Komitənin rəhbərliyində və strukturunda baş verən dəyişikliklər bizə böyük ümidlər verir. Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılması isə diaspor təşkilatlarının güvəndiyi bir mənbənin yaranması deməkdir. Artıq biz Vətənimizin tanınması, mədəniyyətimizin, tariximizin, incəsənətimizin, mətbəximizin bütün dünyaya çatdırılması yolunda gördüyümüz işlərdə daha da inamlı və əzmli olacağımıza bir daha söz veririk. Vətən uğrunda bu günə qədər könüllü olaraq necə xidmət etmişdiksə, bundan sonra da fəaliyyətimizi davam edəcəyimizə əmin olduğumuzu bildiririk”.

“Azərbaycan Diasporuna Dəstək Fondu bu sahədə problemlərin aradan qaldırılmasında mühüm rol oynayacaq”

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədr müavini Murad Cəfərov isə bizimlə söhbətində dedi ki, son illərdə Prezident İlham Əliyevin Sərəncamı ilə daha çox ehtiyac duyulan sahələrə dövlət yardımının artırılması üçün publik hüquqi qurumlar yaradılır: “Bu qurumlar bir çox sahələrdə mövcud olan problemlərin aradan qaldırılmasında mühüm rol oynayırlar. Dövlətimizin diaspor təşkilatlarından gözləntiləri fonunda az təminatlı diaspor liderləri ilə daha yüksək hədəflərə çatmaqda problemlər var. Bu gün dünyanın müxtəlif ölkələrində çox aktiv Azərbaycan diaspor təşkilatları fəaliyyət göstərir. Heç kimə sirr deyil ki, bu təşkilatlarının qurulmasında və fəaliyyətində daha çox ziyalılar, aztəminatlı soydaşlarımız öndə olurlar. Təəssüf ki, böyük pullar qazanan xaricdəki soydaşlarımız diaspor işinə çox az maraq göstərirlər. Konkret, UABD-ni götürsək, biz bu günə qədər yaşadığımız ölkədə öz imkanlarımız daxilində Azərbaycan adına bir çox müsbət işlərə imza atmışıq. Bura bazar günü məktəblərinin açılması, dərs vəsaitlərinin hazırlanması və nəşri, azərbaycanlı müəlliflərin kitablarının təqdimatı, milli bayramların təşkili, Xocalı qətliamı, Dağlıq Qarabağ həqiqətlərinin Ukrayna mediasında davamlı işıqlandırılması, təşkilatımıza məxsus internet saytın fəaliyyəti, qəzet çapı, internet TV-nin yaradılması və ən başlıcası ofisin və bütün bu işləri görə biləcək ən azı üç-dörd nəfər işçinin saxlanılması daxildir. Məsələn, bir diaspor təşkilatını ofissiz, həmin ofisi isə hüquqşünassız təsəvvür etmək çox çətindir. Və yaxud da ofisin “qaynar xətti”ndə günün iş saatlarında bir nəfər oturması mütləqdir. UABD-nin ofis imkanları ilə yaxından tanış olan həm DİDK-nın məsul əməkdaşları, həm də Azərbaycandan gələn deputat və jurnalistlər bu faktı açıq-aydın təsdiq edə bilərlər. Bütün çətinliklərə baxmayaraq, biz son 5 ildə bu qaydada işləyirik”.
O qeyd etdi ki, Azərbaycan Diasporuna Dəstək Fondu bu sahədə problemlərin aradan qaldırılmasında mühüm rol oynayacaq: “Nizamnaməsində də qeyd olunduğu kimi, yeni yaranan Fond ümumdövlət və ictimai əhəmiyyət kəsb edən fəaliyyətlə məşğul olacaq. Fondun fəaliyyətinin məqsəd və istiqamətləri çox aydındır. Burda Azərbaycanda həyata keçirilən islahatların və əldə olunmuş nailiyyətlərin dünyaya bəyan edilməsi, ölkənin mənafelərinin müdafiəsi, milli-mənəvi dəyərləri qoruması və tanıtması kimi məsələlər mühüm yer tutur. Hansı ki, dar çərçivədə də olsa, biz bu kimi işlərlə məşğul oluruq. Görünür, kifayət etmir və daha qlobal işlərə imza atılması nəzərdə tutulur.
Fondun fəaliyyətində xarici ölkələrdə Azərbaycan diasporunun formalaşmasına, mütəşəkkilliyinin möhkəmlənməsinə, azərbaycanlıların lobbiçilik fəaliyyətinin güclənməsinə və Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporları ilə əlaqələrin genişlənməsi də var. Eyni zamanda azərbaycanlıların yığcam yaşadıqları ölkələr və regionlarda ana dilində məktəblərin və Azərbaycan mədəniyyət mərkəzlərinin açılmasına və fəaliyyətinin təşkilinə dəstək davamlı olacaq”.
UABD-nin sədr müavini dedi ki, indiki halda bu işləri davamlı görə bilmirlər: “Çalışırıq ki, hər sahə ilə bağlı müvəqqəti də olsa, kiçik bir iş görək və görürük də... Məsələn, Ukraynanın bir neçə universitetində “Azərbaycan guşələri” yaratdıq, amma daha yaxşı olardı ki, bütün ali məktəbləri əhatə edək. Və yaxud da könül istər ki, ana dilində məktəblər təkcə Kiyevdə, Dneprdə, Nikolayevdə, Jitomirdə, Sumıda, Xarkovda deyil, həm də başqa şəhərləri əhatə etsin.
UABD olaraq DİDK-nın yeni rəhbərliyinin bütün bu işləri yüksək səviyyədə görəcəyinə inanırıq. Artıq bu istiqamətdə bir sıra işlər görülüb, problemlər arxada qalıb. Ümid edək ki, ötən bir neçə ildə itirdiklərimizi qarşıdakı bir neçə ayda bərpa edəcəyik”.

“Fondun yaradılması fəaliyyət göstərən diaspor təşkilatları üçün güclü təkan olacaq”
Niderland-Azərbaycan Evinin sədri Elxan Mirhəşimli də Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılmasını yüksək qiymətləndirdi: “Bu, fəaliyyət göstərən diaspor təşkilatlar üçün güclü təkan olacaq. İllərdir diaspor təşkilatları maliyyə dəstəyi olmadan çalışıblar. Prezidentin bu fərmanı yerində verilmiş lazımlı bir qərardır. Bu dəstək informasiya müharibəsinin aparılmasında düşmənimizə güclü zərbə endirə bilərik. Dövlətimizin xarici siyasətinin qorunmasında da bu dəstəyə ehtiyac var idi. Bu sahəyə bizə dəstək verən hər kəsə öz minnətdarlığımı bildirirəm”.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
07.12.2018
Qulam İshaqzai: “Azərbaycan insan hüquqlarının qorunması sahəsində çox fəaldır”
07.12.2018
“Fərqliyik, bərabərik” adlı filmin təqdimatı olub
07.12.2018
Könüllülərin həmrəylik festivalı keçirilib
07.12.2018
Səttar Mehbalıyev növbəti müddətə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti seçilib
07.12.2018
Lökbatan qəsəbə sakinləri ilə növbəti səyyar görüş

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
2 Emil Rasimoğludan yeni şeir
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib
5 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info