“Dövlətin maraqlarına qarşı radikal çağırış edənlər cəzalanmalıdır”
Tarix: 10.07.2018 | Saat: 23:48:00 | E-mail | Çapa göndər


İlqar Orucov: “Bu, dövlətimizə qarşı yönəlib və dövlət orqanları lazım olan addımları atmalıdır. Bu məsələdə güzəştə getmək olmaz. İctimai maraq, dövlətin marağı bunu tələb edir”

Son günlər ölkəmizdə baş verən hadisələr bir daha göstərdi ki, Azərbaycan vətəndaşı üçün dövlətin maraqlarının qorunması çox vacibdir və insanlarımız hər zaman dövlətinin yanındadır

İctimai maraq və dövlət maraqlarının təmin olunması hər bir dövlət üçün mühüm əhəmiyyət kəsb edir. Qloballaşma dövründə ictimai və dövlət maraqlarının təmin olunmasının əhəmiyyəti artdığı kimi, onun reallaşdırılması da çətin olur. Müasir dövrün şərtləri, dünyada baş verən siyasi böhranlar, münaqişələrin artması, beynəlxalq hüquqa əməl olunmaması, dövlətlərin müxtəlif maraq qrupları vasitəsilə digər dövlətlərin daxili işlərinə qarışması tendensiyasının çoxalması dövlətin maraqlarının qorunmasını çətinləşdirir. Artıq siyasi leksikonumuza daxil olan “yumşaq güc” amilindən istifadə edən müxtəlif qruplar dövlətlərin daxili işlərinə müdaxilə edir və bunun üçün müxtəlif sosial qruplardan, QHT-lərdən, media orqanlarından və həyatımızın ayrılmaz hissəsinə çevrilən sosial şəbəkələrdən istifadə edirlər. Ona görə də cəmiyyətin maraqlarını ifadə edən ictimai institutlar dövlətin maraqlarının təmin olunması sahəsində aktiv rol oynamalıdır. Bu həm daxili, həm də xarici platformalarda fəaliyyəti əhatə edir. Dövlət daxildə ictimai marağı ifadə edən müxtəlif sektorların inkişafını maliyyələşdirməklə onların maraqlarını təmin etmiş olur. Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun, QHT-lərə Dövlət Dəstəyi Şurasının və digər fondların yaradılması ilə dövlət həmin sahələrin inkişafına dəstək verir. Dövlət cəmiyyətin maraqlarının təmin olunması üçün müxtəlif layihələr həyata keçirir, ictimai maraqların təmin olunmasını prioritet siyasət hesab edir. Dövlət başçısı tərəfindən həyata keçirilən siyasətin məntiqi nəticəsidir ki, qeyri-hökumət təşkilatları, azad medianın yaradılması, insan haqlarının səmərəli şəkildə müdafiəsi ilə bağlı ciddi uğurlar əldə edilib. Dövlət ictimai maraqların təmin olunması, cəmiyyətin ehtiyaclarının ödənməsi üçün vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin genişlənməsi, daha da peşəkarlaşması üçün onlara dəstək verir. Bununla da ictimai maraqların təmin olunmasında nə qədər maraqlı olduğunu ortaya qoyur. Burada “qızıl orta”nın tapılması son dərəcə mühümdür.

İctimai institutlar dövlətimizin maraqlarına qarşı yönələn təhdidlərə qarşı müxtəlif platformalarda mübarizə aparmalıdır

Dövlət ictimai maraqların təmin olunması üçün ardıcıl siyasət həyata keçirdiyi kimi, dövlətin marağı da tələb edir ki, ictimai institutlar, vətəndaş cəmiyyətinin ayrı-ayrı sektorunu əhatə edən qurumlar ölkəmizə, dövlətimizin maraqlarına qarşı yönələn təhdidlərə qarşı müxtəlif platformalarda mübarizə aparsınlar. Kifayət qədər həssas bir regionda yerləşməsinə baxmayaraq, böyük siyasi-iqtisadi uğurlara imza atan Azərbaycan üçün ictimai-dövlət maraqlarının təmin olunması çox aktualdır. Onu da nəzərə almaq lazımdır ki, torpaqlarımızın 20 faizi Ermənistan tərəfindən işğal edilib və dövlətimiz daim erməni lobbisi və onların himayədarlıq etdiyi müxtəlif qruplar tərəfindən hədəfdədir. Dövlətimizin müstəqil siyasətini qəbul etmək istəməyən dairələr də daim müxtəlif platformalarda ölkəmizə qarşı siyasət həyata keçirirlər. TANAP, Cənub Qaz Dəhlizi kimi qitə və dünyanın enerji xəritəsində öz yerini tutan enerji layihələrini reallaşdıran Azərbaycanın bu uğurları və dünyada qazandığı siyasi nüfuzunu, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında artan rolunu həzm edə bilməyən həmin dairələr müxtəlif qruplardan yararlanaraq ölkəmizin maraqlarına qarşı mübarizə aparırlar. Avropa Parlamenti, Avropa Şurasında olan müəyyən qruplar, erməni lobbisi və onun çətiri altında olan QHT-lər, media orqanları həmin mübarizənin ön xəttində dayanırlar. Nə yazıq ki, ölkəmizdə olan bəzi üzdəniraq radikal qrup və xaricdə yuvalanan “sapı özümüzdən olan baltalar” - “iaşə müxalifəti” də Azərbaycan dövlətinin maraqlarına qarşı mübarizə aparan erməni lobbisi ilə eyni səngərdədir.

“Azərbaycan cəmiyyəti çox yetkin cəmiyyətdir və Azərbaycanda, sözün əsl mənasında, vətəndaş həmrəyliyi mövcuddur”

Amma son günlər ölkəmizdə baş verən hadisələr bir daha göstərdi ki, Azərbaycan vətəndaşı üçün dövlətin maraqlarının qorunması çox vacibdir və insanlarımız hər zaman dövlətin yanındadır. Vətəndaşın dövlətlə həmrəyliyi, çətin anlarda heç bir təxribata getməyərək dövlətinin yanında olması cəmiyyətin maraqları ilə dövlətin maraqlarının üst-üstə düşdüyünü göstərməklə yanaşı, vətəndaşların dövlətin maraqlarının qorunmasında nə qədər həssas olduğunu və həmin dairələrin çirkin məqsədlərinə çata bilməyəcəyini təsdiq edir.
Enerji sistemində yaranan fasilə ilə əlaqələr fors-major situasiyanın ortaya çıxmasına baxmayaraq, vətəndaşlar Prezidentin və dövlətin yanında oldu, dövlət başçısına olan güvənini ortaya qoydu. Dövlət başçısı enerji sistemində yaranan problemlə bağlı keçirdiyi müşavirədə bu məqamı qeyd edərək bildirdi ki, Azərbaycan vətəndaşları bu məsələ ilə bağlı böyük məsuliyyət, böyük vətəndaş həmrəyliyi göstərmişlər: “Bütövlükdə Azərbaycan cəmiyyəti bu çətin sınaqdan şərəflə çıxa bilmişdir. Fürsətdən istifadə edərək, bütün Azərbaycan vətəndaşlarına göstərdikləri dəstəyə, anlayışa və vətəndaş həmrəyliyinə görə təşəkkürümü bildirmək istəyirəm. Bilirəm ki, vətəndaşlar bir-birlərinə kömək göstərmişlər. Bu, bir daha onu göstərir ki, Azərbaycan cəmiyyəti çox yetkin cəmiyyətdir və Azərbaycanda, sözün əsl mənasında, vətəndaş həmrəyliyi mövcuddur”. Təəssüflər olsun ki, hər zaman olduğu kimi, günümüzdə də Azərbaycanın inkişaf səviyyəsindən, güclənməsindən narahat olan antimilli qüvvələr təxribatlar törətməyə, insanlar arasında hakimiyyətə qarşı inamsızlıq yaratmağa, dövlətçiliyin əsaslarını sarsıtmağa çalışırlar. Azərbaycan vətəndaşlarının öz dövlətinə olan sevgisi, onun daha da qüdrətlənməsi və müstəqil siyasi xəttin davam etdirilməsi üçün nümayiş etdirdiyi iradə hər zaman belə təxribatların qarşısının alınmasında müstəsna rol oynayıb.

“Bu insanların məqsədi müstəqilliyimizə qəsd hazırlamaq, ölkədəki stabilliyə zərbə vurmaq, çaxnaşma yaratmaqdır”

Azərbaycan Gənc alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov “Palitra”ya açıqlamasında qeyd etdi ki, dövlətimizin uğurlarını həzm edə bilməyən qüvvələr var: “Hələ ilin əvvəlindən başlayaraq müxtəlif Avropa ölkələrində məskunlaşmış, xüsusi qüvvələr tərəfindən idarə olunan bir çox milli satqınlar yeni texnologiyaların imkanlarından istifadə edərək dövlətimizə qarşı informasiya terroruna start verdilər. Azərbaycan xalqı nə baş verdiyinin fərqində idi və cəmiyyət bu nankorlara yerini göstərdi - “söyüş terroru” birmənalı olaraq rədd edildi. Həmin qüvvələr Azərbaycan xalqının birliyi qarşısında diz çökdülər. Seçkilər ərəfəsində Azərbaycan cəmiyyəti yekdilliyini, dövlətçiliyə sadiqliyini bir daha sübut etdi. Uduzmuş, iflasa uğramış antiazərbaycan qüvvələr xalqdan növbəti zərbəni aldı. Yeni informasiya məkanlarından, sosial şəbəkələrdən çirkin məqsədləri üçün istifadə edən həmin qüvvələr, xaricdə olan milli satqınlar və onların daxildəki təəssübkeşləri dövlətimizin uğurları artdıqca, xalq birliyini, dövlətin maraqlarının yanında olduğunu gördükcə daha da azğınlaşırlar.
Əks fikrə, arqumentə görə opponentlərinə şiddət yağdıran, istənilən bir bədbəxt-məişət hadisəsini siyasi müstəvidə silaha çevirən bu insanların məqsədi müstəqilliyimizə qəsd hazırlamaq, ölkədəki stabilliyə zərbə vurmaq, çaxnaşma yaratmaqdır. İyulun əvvəlində Mingəçevir İstilik Elektrik Stansiyasında baş vermiş qəza və Gəncədə icra başçısına qarşı terrordan sonra həmin qüvvələrin dövlətə qarşı çağırışları ciddi düşünməyə əsas verir. Bu məsələlərlə bağlı dövlət orqanları ciddi araşdırma aparılır, proses Prezidentin nəzarətindədir. Xalq da təxribata getməyərək dövlətin yanında yer aldı, həmrəylik nümayiş etdirdi. Elektrik stansiyalarındakı qəzalardan heç bir dövlət sığortalanmayıb və bu cür qəzalar ən inkişaf etmiş ölkələrdə belə, baş verir. Dövlət də, xalq da həmrəylik göstərərək çətin situasiyadan üzüağ çıxdı.
Amma bu məsələdən siyasi hadisə kimi istifadə edərək, dövlətə, sabitliyə qarşı mübarizə aparmaq, ən azı, siyasi əxlaqsızlıqdır. Saxta profillərlə nə qədər yazmaq olar?! Bu adamlar nə yeyib-içirlər ki, bu qədər iftiralar, söyüşlər, təhdid dolu statuslar paylaşa bilirlər? Sosial şəbəkələrdə gününü keçirən və yüzlərlə saxta profillərin sahiblərinin çörəkləri haradan gəlir? Dövlətin maraqlarına qarşı radikal çağırış edənlərə qarşı qanun çərçivəsində ən sərt qərarlar qəbul edilməli, onlar cəzalanmalıdırlar”.

“Önəmli olan odur ki, xalq təxribat törətmək istəyənlərə qarşı barışmaz və sağlam mövqe ortaya qoya bilir, dövlətin yanında olduğunu nümayiş etdirir”

İlqar Orucov qeyd etdi ki, bu qədər çətin bir dövrdə, dünyada gedən siyasi proseslərin dağıdıcı təsir dalğasının fonunda ölkəmizdə ictimai və dövlət maraqlarının üst-üstə düşməsinin, dövlətçiliyin qədrini bilən, onu qoruyan, çiyinlərini bu ağır, məsuliyyətli və şərəfli yükün altına verən cəmiyyətin formalaşmasının şahidi olduq: “Vaxtilə müstəqilliyin ilk illərində bütün sahələrdə mövcud olan xaosu indi ağıllı bir cəmiyyət əvəz edib. O cəmiyyət ki, onun hər bir zümrəsi və bütövlükdə Azərbaycan insanı dövlətçiliyin, müstəqilliyin dəyərini anlayır.
Cəmiyyətdə artıq dövlətçilik məfkurəsi ətrafında monolit birlik formalaşıb. Ola bilsin ki, hansısa bədbəxt hadisədə, lap deyək ki, Mingəçevir İES-dəki qəzada səhlənkarlıq olub. Amma Prezidentin sərəncamı ilə müvafiq Dövlət Komissiyası formalaşdırılıb və nəticələrindən asılı olaraq günahı olanlar cəzalanacaq. Amma önəmli olan odur ki, ajiotaj yaratmaq üçün pusqu quranlara, bədbəxt hadisələrdən siyasi şou düzəldərək təxribat törətmək istəyənlərə qarşı xalq barışmaz və sağlam mövqe ortaya qoya bilir, dövlətin yanında olduğunu nümayiş etdirir”. Ekspert bildirdi ki, Gəncədə baş verən hadisə ilə bağlı yenə də xaricdə oturmuş bir qrup milli satqın, həmin saxta profillər sosial şəbəkələrdə qanlı olaya, cinayətə haqq qazandırmaqla təhrikedici çağırışlar səsləndirməkdə davam edirlər: “Təəssüflər olsun ki, cəmiyyətdə xarici havadarlardan asılı olan bədxahlar, siyasət hoqqabazları var. Məhz həmin “qaranlıq” gecədə bu kəmfürsətlər qınlarından çıxaraq iyrənc çağırışlarla sosial şəbəkələrdə “qəhrəmanlıqlar” etməkdə idilər. Gəncə şəhərindəki kriminal olayı, terroru təbliğ etmək, dəstəkləmək dəhşətli faktdır. Onlar az olsalar da, mövcuddurlar və hədəfləri dünyanın ən stabil və kriminal cəhətdən nümunə göstərilən ölkələrindən biri olan Azərbaycanda sabitliyi pozmaqdır. Bu, dövlətimizə qarşı yönəlib və dövlət orqanları lazım olan addımları atmalıdır. Bu məsələdə güzəştə getmək olmaz. İctimai maraq, dövlətin marağı bunu tələb edir”.
Anar Miriyev





 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10142

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info