“Aprel döyüşləri Ermənistanın çürük və laxlamış sütunlarını daha da sarsıtdı”
Tarix: 11.07.2018 | Saat: 00:17:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyev, həmişəki kimi, Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Ermənistanın işğalçılıq siyasətini pisləyib.

Dövlət başçısı Ermənistanda 20 il ərzində kriminal, korrupsioner, qaniçən, oğru, yalançı hakimiyyətin tam iflasa uğradığını deyib: “Mənim dediklərimi indi erməni xalqı deyir. Mən bir neçə dəfə ən mötəbər kürsülərdən, BMT kürsüsündən Ermənistanın əvvəlki hakimiyyətini ittiham etmişdim. Demişdim ki, bu, kriminal xunta rejimidir, indi bunu erməni xalqı deyir. Demişdim ki, bu, korrupsiyaya qurşanmış oğru rejimidir, indi bunu erməni xalqı deyir. Demişdim ki, bu rejim öz xalqının qanını içir. Bu gün biabırcasına hakimiyyətdən qovulmuş Sarkisyan rejimi, əslində, Ermənistanın dövlətçiliyinin iflasıdır. Çünki əgər müstəqilliyinin 26 ilində, onun 20 ili bu hakimiyyət altında keçmişdisə, onda bu dövlətin hansı müsbət cəhətləri var?! Ermənistan uğursuz dövlətdir”.
Dövlət başçısı bildirib ki, Ermənistan dövlətçiliyi iflasa uğrayıb: “Onların qəhrəmanları, onların generalları oğrulardır, onların ordusu oğru ordusudur. Bunu indi Ermənistan xalqı görür və Ermənistan hakimiyyəti deyir. Haqq-ədalət öz yerini tapdı və 20 il Ermənistana rəhbərlik etmiş oğru, kriminal rejim tam biabır olaraq siyasi səhnədən qovuldu. Deyə bilərəm ki, bu rejimin çökməsində bizim də rolumuz olub, onu mən şişirtmək istəmirəm, bunu biz, necə deyərlər, öz adımıza çıxmaq istəmirik. Ancaq o da həqiqətdir ki, bizim apardığımız siyasət nəticəsində Ermənistan onlara gəlir gətirə biləcək bütün layihələrdən məhrum edildi. Biz onlara qarşı təcrid siyasətimizi uğurla aparmışıq və heç kimdən çəkinmədən mən bu barədə dəfələrlə Azərbaycan ictimaiyyətinə və xarici tərəfdaşlarıma demişəm. Nə qədər ki, torpaqlarımız işğal altındadır, biz Ermənistana qarşı təcrid siyasətimizi aparacağıq. Bu siyasət nəticəsində Ermənistan iqtisadi iflasa uğradı. Ermənistanın iqtisadi perspektivləri, demək olar ki, yoxdur. Bu ölkəyə investisiya qoymaq istəyən çətin ki, tapılsın. Bu ölkənin demoqrafik vəziyyəti acınacaqlıdır. Mən dəfələrlə demişəm ki, Ermənistandan hər il minimum 50-60 min insan köç edir. İndi bunu yeni hökumət təsdiqləyir. Yəni bu təcrid siyasətimiz öz rolunu oynadı, biz Ermənistanı bütün regional layihələrdən təcrid etdik. İqtisadi perspektivi olmayan ölkədə inkişaf da olmaz, sərmayə də qoyulmaz, insanların əhvali-ruhiyyəsi də yaxşı səviyyədə olmaz”.

“Ermənistanı ağır vəziyyətə salan onların işğalçı siyasətidir”

Prezident qeyd edib ki, iki il bundan əvvəl Aprel döyüşləri də Ermənistanın o çürük və laxlamış sütunlarını daha da sarsıtdı: “Aprel döyüşləri Sarkisyan rejiminə elə böyük zərbə oldu ki, onlar iki il ərzində bu zərbədən özünə gələ bilmədilər və əlbəttə, uzun illər yaratdıqları mif, - guya onların ordusu güclü ordudur, - darmadağın edildi. Biz bu mifi məhv etdik. Uzun illər ərzində təmas xəttində qurduqları “möhkəm istehkam”ı bir neçə gün ərzində darmadağın etdik və bu da Ermənistan cəmiyyətində böyük məyusluq yaratdı. Ona görə Ermənistanın başına gələn bu hadisələr labüd idi, məntiqli idi. Həm kriminal rejim tərəfindən aparılmış antimilli siyasət, həm Azərbaycanın apardığı inamlı siyasət, o cümlədən bizim inkişaf dinamikamız, bax bunun əsas səbəbkarı oldu. Çünki Ermənistan əhalisi yaxşı bilir ki, Azərbaycan hansı yüksək zirvəyə qalxa bilibdir: ölkə daxilindəki sabitlik, inkişaf, beynəlxalq əlaqələr, iqtisadi inkişaf, ordu quruculuğu, sosial məsələlərin həlli. Bizim aramızda yerlə-göy qədər fərq var və bu, bir daha göstərdi ki, Ermənistanı bu ağır vəziyyətə salan onların işğalçı siyasətidir. Əgər işğal olmasaydı, Ermənistan da bizim təşəbbüsümüzlə icra edilən layihələrdə yer ala bilərdi. Onlar da başqa ölkələr kimi, bizim imkanlarımızdan faydalana bilərdilər və əlbəttə ki, onların iqtisadi vəziyyəti bu gün yaxşı ola bilərdi. O kriminal, 20 il ərzində erməni xalqının qanını içən oğru rejimin siyasəti nəticəsində onlar bu vəziyyətə düşdülər. Ümid edirəm ki, Ermənistanın yeni hökuməti kriminal rejimin səhvlərini təkrarlamayacaq, münaqişənin həlli ilə bağlı konstruktiv mövqe tutacaq və münaqişə tezliklə həllini tapacaq, ölkəmizin ərazi bütövlüyü bərpa ediləcək”.

“Azərbaycanın ərazi bütövlüyünə dəstək artır”

Prezident İlham Əliyevin sözlərinə görə münaqişənin həllinin bir yolu var: işğalçı qüvvələr işğal edilmiş torpaqlardan çıxarılmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra olunmalıdır: “Bu qətnamələr qüvvədədir və bu qətnamələrdə açıq-aydın göstərilib ki, - əgər kimsə bunu unudubsa, xatırlada bilərəm, - erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Bu qətnamələr qüvvədədir və qüvvədə olacaq. Ona görə bu münaqişənin həlli bu qətnamələrin icrasından asılıdır və əlbəttə ki, Azərbaycan öz prinsipial siyasətini aparacaq.
Qeyd etdiyim kimi, beynəlxalq əlaqələrimiz möhkəmlənir, Azərbaycanın ərazi bütövlüyünə dəstək artır. Demək olar ki, bir çox ölkələrlə imzaladığımız sazişlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunması tezisi öz əksini tapır. Əməkdaşlıq etdiyimiz beynəlxalq təşkilatlarla da təmaslar əsnasında daim bu mövzu qaldırılır və bizim siyasətimiz böyük dəstək alır. Dağlıq Qarabağ bizim əzəli tarixi torpağımızdır və biz ərazi bütövlüyümüzü bərpa etməliyik. Bu istiqamətdə çox böyük işlər görülüb. Xalqa bu barədə müntəzəm olaraq məlumatlar verilir, mənim hərbi hissələrə çoxsaylı səfərlərim mətbuat tərəfindən işıqlandırılır, əldə etdiyimiz texnikanın göstərilməsi müntəzəm olaraq təşkil edilir. Əlbəttə ki, bizim hərbi potensialımızın əyani sübutu ötən ay keçirilmiş hərbi paraddır. Paradda Azərbaycan Ordusu nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirmişdir. Bizim Ordumuz maddi-texniki, silah-sursat, texnika ilə təchizat baxımından aparıcı ordular sırasındadır və hərbi parad bunu göstərmişdir.
Eyni zamanda, Ordumuzun döyüş qabiliyyəti çox yüksək səviyyədədir və bunu yaxın tarix göstərib. 2016-cı ilin Aprel döyüşləri və qazandığımız böyük qələbə, 2018-ci ilin mayında Naxçıvan əməliyyatı və minlərlə hektar torpağın işğalçılardan azad edilməsi - bütün bunlar Azərbaycan Ordusunun döyüş qabiliyyətini göstərir. Qarşı tərəf bunu bilir və onların bu gün beynəlxalq təşkilatlara müraciəti, əslində, öz məğlubiyyətlərinin etirafıdır. Əgər səndə güclü ordu varsa niyə beynəlxalq təşkilatlardan yardım istəyirsən? Niyə Azərbaycandan beynəlxalq təşkilatlara şikayətlər edirsən? Sən bu torpaqları xarici dövlətlərin dəstəyi ilə işğal etmisən”.
Yeri gəlmişkən, müşavirədə “AzerGold” QSC Azərbaycan ərazisində mövcud perspektivli əlvan metal yataqlarının işlənilməsində və istismara verilməsində kompleks yanaşma tətbiq edir. “AzerGold” sədri deyib ki, Prezident İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Respublikası Baş Prokurorluğu ilə Azərbaycan Respublikasının işğal altında olan ərazilərində əlvan metalların qeyri-qanuni hasilatı ilə bağlı erməni və xarici şirkətlərin fəaliyyətinə hüquqi qiymətin verilməsi prosesinə başlanılıb.

Aleksandr Duqin:
“Qarabağ Azərbaycanın ərazisidir”
Bu arada Ermənistandakı hökumətyönlü KİV-lərdən biri, 1in.am saytı Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqinlə müsahibə yayıb. A.Duqin müsahibədə bu yaxınlarda Azərbaycan Ordusunun 2016-cı ilin aprelində işğaldan azad etdiyi Cocuq Mərcanlıya səfəri ilə bağlı sualı da cavablandırıb: “Hər şeydən əvvəl, siz bilməlisiniz ki, Rusiyanın fikrincə, təkcə Qarabağ ətrafındakı beş rayon deyil, həm də bütün Qarabağ Azərbaycanın ərazisidir. Bu beynəlxalq hüquqda da təsbit olunub. Və düşünürəm ki, mənim ölkəmin Azərbaycan torpağı kimi tanıdığı əraziyə baş çəkməyim təbiidir. İkincisi, bu Lələtəpənin şəhərətrafına səfər idi. Bunu heç cür hər hansı hərbi məqsədlərlə baş çəkmək adlandırmaq olmaz. Mənim əlimdə silah yox idi və mən hərbi əməliyyatlarda iştirak etməmişəm. Sadəcə, anlamaq istəyirdim ki, bu ərazidə nələr baş verir, onlar nə dərəcədə dağıdıcıdır, nə qədər təhlükəlidir və sonrakı hadisələr necə inkişaf edə bilər. Və təkrar edirəm: biz bu əraziləri Azərbaycan torpağı kimi tanıyırıq və istənilən Rusiya vətəndaşının orada olması tamamilə normaldır...”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Ermənistan işğal altında saxladığı Azərbaycan torpaqlarında mədəni irsi tamamilə məhv edib”
20.11.2018
Ermənistanın işğalçılıq siyasətinin yaratdığı təhlükələr NATO-nun gündəmində
19.11.2018
“Bako Saakyanın Fransaya və ABŞ-a səfər etməsi ATƏT-in Minsk qrupunun fəaliyyətinə ləkədir”
16.11.2018
Natali Qule: “Fransa çox ehtiyatlı olmalıdır”
15.11.2018
“Antropoloji dəlillər ermənilərə yox deyir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info