Heç bir qüvvə Azərbaycanda ciddi sınaqlardan çıxmış xalq-iqtidar birliyini sarsıda bilməz
Tarix: 11.07.2018 | Saat: 13:31:00 | E-mail | Çapa göndər



İyulun 10-da Gəncə Şəhər İcra Hakimiyyətinin inzibatı binası qarşısında bir qrup radikal tərəfindən asayişin pozulmasına cəhd edilməsi bir daha göstərdi ki, bir neçə gün əvvəl törədilən terror hadisəsi təsadüfi deyil və bəzilərinin təqdim etməyə çalışdığı kimi, məişət zəminində baş verməyib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.
Deputat deyib ki, bu hadisə antiazərbaycançı güc mərkəzləri tərəfindən təşkil edilmiş məqsədyönlü terror hadisəsidir və Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa yönəlib. Baş vermiş terror hadisəsindən dərhal sonra sosial şəbəkələrdə və bəzi internet resurslarında terrorçudan zərərçəkən obrazının yaradılmasına cəhdlərin olması, uzun illərdir Azərbaycana qarşı ermənilərlə birlikdə fəaliyyət göstərən xaricdəki passiv terrorçuların birdən-birə fəallaşması, separatçı Əlikram Hümbətovun terrorçunun hüquqlarını müdafiə komitəsi yaratması və sair kimi hadisələr belə qənaətə gəlməyə əsas verir ki, bütün bunlar bir mərkəzdən əlaqələndirilən və ölkəmizdə xaos və qarşıdurma yaratmağı qarşılarına məqsəd qoyan ermənipərəst mərkəzlərin əvvəlcədən planlaşdırdıqları hadisələrdir. Son məqsəd Yaxın Şərqin müsəlman ölkələrinə tətbiq edilən idarəolunan xaos siyasətini Azərbaycana transfer etməklə ölkəmizi terror poliqonuna çevirmək və beləliklə, Dağlıq Qarabağ problemini birdəfəlik unutdurmaqdır. Ancaq hadisələrin inkişafı göstərdi ki, bu məkrli planı Azərbaycanda həyata keçirmək heç də o qədər asan məsələ deyil. Çünki hər şeydən öncə Azərbaycanda funksional dövlət institutları, kifayət qədər səmərəli fəaliyyət göstərən mərkəzi icra hakimiyyəti orqanları və nəhayət, əmin-amanlığı təmin etməyə qadir olan hüquq mühafizə orqanları var. Ən əsası isə Azərbaycanda artıq ciddi sınaqlardan çıxmış xalq-iqtidar birliyi mövcuddur. Elə ölkəmizdə sabitliyin əsasında da Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan xalqının iradəsi dayanır. Kim bu iradəyə qarşı çıxacaqsa mütləq layiqli cəzasını alacaq. Çünki xalqımız bir daha ötən əsrin 90–cı illərinə, vətəndaş müharibəsinə, torpaqlarımızın itkisi ilə müşahidə olunan xaosa qayıtmaq istəmir və buna heç vaxt yol verməyəcək.
Bu gün güclənən Azərbaycan heç vaxt indiki qədər öz ərazi bütövlüyünü bərpa etməyə yaxın olmayıb. Azərbaycan Ordusu heç vaxt indiki qədər nizamlı, döyüş qabiliyyətli və indiki qədər həm texniki təchizat, həm də döyüş hazırlığı baxımından düşmən ordusundan bu qədər üstün olmayıb. Xalqımızın düşmənlərini də narahat edən elə budur. Ona görə də ölkəmizdə yeni vətəndaş müharibəsi, yeni terror poliqonu yaratmağa çalışırlar. Ancaq Azərbaycan polisi bir daha sübut etdi ki, o, öz canı bahasına olsa belə, dövlət və millət qarşısında şərəfli vəzifəsini yerinə yetirməyə hazırdır. İyulun 10–da radikal dini qruplara qarşı polisimizin qətiyyətli davranış nümayiş etdirməsi, cəmiyyətimizi xaosa sürükləməyə çalışan qaragüruhu qısa müddətdə zərərsizləşdirməyi bacarması antiazərbaycançı mərkəzlərə verilən layiqli dərs olmaqla, hər bir Azərbaycan vətəndaşının da ürəyində fəxarət hissi yaratdı. Hər bir vətəndaş bilir ki, onun təhlükəsizliyinin və asayişinin qorunmasını təmin edən hüquq mühafizə orqanları var. Terrorçuların istənilən cəhdi uğursuzluğa məhkumdur. Bu gün hər bir vətəndaşın tələbi və istəyi ondan ibarətdir ki, Azərbaycanı suriyalaşdırmaq istəyən radikallara qarşı qətiyyətlə mübarizə aparılsın və onlar ən ciddi şəkildə ədalət mühakiməsi qarşısında cavab versinlər. Ona görə də hüquq mühafizə orqanlarımız tərəddüd etmədən cinayətkar ünsürləri dərhal cəzalandırmalıdırlar. Bu, Azərbaycan cəmiyyətinin sosial sifarişi və tələbidir.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info