Müxalifət cinayətkarları niyə müdafiə edir?
Tarix: 11.07.2018 | Saat: 23:57:00 | E-mail | Çapa göndər


Gəncədə cinayət törədənlər cəmiyyət tərəfindən kəskin şəkildə qınanılır. Bu hadisəyə müxtəlif don geyindirən müxalif qüvvələr isə hələ də öz inadkarlıqlarındadırlar, bu cinayətkarları müdafiə etməkdə davam edirlər. Məsələ burasındadır ki, Gəncədə iki polis zabitini amansızlıqla qətlə yetirənlərin şəxsiyyəti müəyyənləşib və hər iki nəfərin əvvəllər də cinayətlər törətməsi bəlli olub. Amma buna rəğmən yenə də bəzi qüvvələr onları cəmiyyətə “mələk” kimi sırımağa çalışırlar.
Məlumat üçün bildirək ki, qanlı cinayəti törətməkdə şübhəli bilinən iki nəfər - Gəncə şəhər sakinləri 1988-ci il təvəllüdlü, əvvəllər qəsdən adamöldürmə və soyğunçuluq cinayətlərinə görə məhkum olunmuş Rəşad Məmmədəli oğlu Böyükkişiyev və 1988-ci il təvəllüdlü Fərrux Xəqani oğlu Qasımovdur. Rəşad Böyükkişiyev iki dəfə mühakimə olunub. 2007-ci ildə öz anasının qətlində təqsirli bilinərək 7 il müddətinə həbs edilib. İkinci dəfə isə artıq Rusiyada məhkəmə qarşısında durub və oğurluğa görə 1,5 il həbs cəzası alıb. İkinci şübhəli Fərrux Qasımov da kriminal aləmin nümayəndəsidir. Onun qardaşı Ramin Qasımov hazırda 6 saylı islah düşərgəsində həbsdədir. 2016-cı ildə o, xuliqanlıq zəminində ağır bədən xəsarətləri yetirdiyinə görə 7 il müddətinə həbs edilib.
Məsələnin digər arzuolunmaz tərəflərindən biri budur ki, bu xaos yaratmağa hesablanmış olaylardan sonra internetdə polis əməkdaşlarını öldürməyə səsləyən təxribatçı qeydlər də yayılmağa başladı. Belə məlumatlardan birinin müəllifi Mahir Bayalıyev adlı şəxsdir və o yazır: “Qardaşlar, polis əməkdaşlarını öldürməyin vaxtı çatıb. Silahlı dəstələr yarada bilsək, qələbə bizimdir. Birləşmək və polislərin dərsini vermək lazımdır”. Bu məlumatın dərcinin ertəsi günü Mahir Bayalıyev Ağsuda mənzil kirayələyən keçmiş arvadı Samirə Bayalıyevanı bıçaqlayıb. Doğrudan da sosial şəbəkələrdə məmurları öldürməyə, küçələrə tökülüşüb təxribatlar törətməyə çağıranların necə insanlar olduğunu görəndə, adam dəhşətə gəlir... Başqa sözlə, Gəncədəki iğtişaşların bütün iştirakçıları kriminal elementlərdirlər və onlar din pərdəsi altında gizlənirlər.
Elə onlara dəstək verib özünü siyasətçi sayanlar da az aşın duzu deyillər...
Yunis Səfərovun törətdiyi cinayətdə olduğu kimi, iki polis əməkdaşının qətlə yetirildiyi məlum hadisə baş verdikdən dərhal sonra da radikal dini, siyasi səhifə və saytlar, müxalif qüvvələr mitinqə çıxanları, hadisəni törədənləri, az qala, “qəhrəman” elan etməyə başladılar. Avropadakı “iaşə müxalifəti” və onların rəhbərlik etdiyi internet kanalları bu işdə daha çox fəallıq göstərdilər. Görəsən, bu günlərdə xüsusi canfəşanlıq göstərən bu qüvvələr niyə radikalların əməllərinə haqq qazandırırlar? Biz dövlətçiliyimizə qarşı radikalların həmrəyliyini görürük, “iaşə müxalifəti”nin bu işdə daha çox fəallıq göstərməsi, yüz nəfərin meydana çıxmasını xalq üsyanı kimi təqdim edib, cinayətkarları qəhrəmanlaşdırması isə, həqiqətən də, ciddi məqamlardan xəbər verir. İdeoloji təxribatlar üzrə peşəkarlaşan müxalifət nümayəndələri Nardaran olaylarında olduğu kimi, çox təəssüf ki, Gəncədəki bu kriminal hadisələr zamanı da ictimai fikri çaşdırmağa çalışdılar. Azərbaycan elə bir geosiyasi məkanda yerləşir ki, ölkəmizin inkişafı və yürütdüyü müstəqil xarici siyasət bir sıra maraqlı qüvvələri daim narahat edib. Bu səbəbdən də ölkəmizin ilbəil qüdrətlənməsi xaricdə və daxildə olan pozucu qüvvələr tərəfindən narahatlıqla qarşılanıb. İndiki halda baş verən olaylara dəstək verənlər və kriminalı insanların həyat tərzinə çevirməyə çalışanlar məsuliyyətlərini ya anlamırlar, ya da ki, onlara verilən tapşırıqları icra etmək, ideoloji təxribatla məşğul olmaq məcburiyyətindədirlər. Doğrudan da, sual yaranır, ictimai asayişi qoruyan şəxslərə-polis əməkdaşlarına qarşı qəddar cinayətə necə bəraət qazandırmaq olar, axı? Hazırda çox həssas vəziyyət yaranıb və sosial şəbəkələrdəki müzakirələrdən də görünür ki, cəmiyyətimiz belə olayları kəskin şəkildə qınayır. Bu həssas vəziyyətdən istifadə edib siyasi dividend qazanmaq istəyənlər, heç şübhəsiz ki, sonda peşman olacaqlar. Gəncə hadisələri Azərbaycan dövlətinə və dövlətçiliyinə qarşı qəsd, düşünülmüş məkrli oyun cəhdidir, müxalifət isə bu olaylardan öz maraqları üçün istifadə etməyə çalışır. İndiki halda isə bütün cəmiyyət, xalq, vətəndaşlarımız milli dövlətçilik ətrafında daha sıx birləşib və istənilən təxribat, terror, kriminal hadisələr və onlara verilən dəstəyə həmrəyliklə cavab verməyə hazırdır...
Tural Tağıyev






 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Yaxın zamanlarda Slovakiyanın Azərbaycanda səfirliyinin açılması nəzərdə tutulur
13.11.2018
Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10459

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info